adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Sentyabr 2017 13:04
37726
MƏDƏNİYYƏT
A- A+

Bizi sonsuzluğa aparan tamaşa – REPORTAJ

Axşam olan kimi adamlar işdən çıxıb evə tələsir, dincəlmək, bir tikə çörək yemək istəyir. Dünən isə adamlar YUĞ teatrına tələsirdilər. Metroda, küçələrdə, prospektlərdə tünlüyün içində bəndənizdə tamaşaya tələsirdi. Havalar isti keçdiyindən paltarım bədənimə yapışmışdı, tər damcıları alnımdan eynəyimə süzülürdü. Baxmayaraq sürətimi azaltmırdım. Kukla teatrında sənət adamları bir-birinə qarışmış, iştahla söhbət edir, ara da bir də çöhrələrinə təbəssüm qonurdu. YUĞ teatrı Kuklaya sığınmışdı. Bu əlbəttə kədərli mənzərəydi, ancaq rejissor Gümrah Ömər hər zamankı kimi gülərüz, nikbin qarşıladı məni. İşıqlı adamların içində var-gəl edirəm: Ramiz Həsənoğlu, Qan Turalı, Rəşad Məcid, Ayxan Ayvaz, Hikmət Orhun, bizim Kafkamız Müşfiq Şükürlü və digər sənət adamları da burdadı. Hər kəsin kefi yaxşı görünür.


Robert De Niroya bənzəyən adam

Tünlüyün içinə qoşulub pillələrlə ikinci mərtəbəyə doğru addımlayırıq, əsgər misalı. Yerimi tutub gözümü səhnəyə dikirəm. Adəti üzrə YUĞ Teatrının direktoru Tərlan Rəsulov tamaşaçıları salamlayır. Tərlan müəllimi nə vaxt görsəm elə bilirəm Holivudun ulduzu, akyor Robert De Nironun təbəssümlü üzünü görürəm.

Daha sonra Gümrah müəllim tamaşaçıları salamlayır...

Qaranlıq, pıçıltılar... Birdən səhnə yavaş-yavaş işıqlanır. Gözəl akyorumuz Məmməd Səfa səhnədə dolaşır. Bir dəqiqə, burda hər şeyi dondururam, tamaşaçıları da elə aktyoru da. Sizə tamaşa haqda bir balaca məlumat verim.

Deməli, tamaşa yazıçı Kamal Abdullanın "Bir, iki, bizimki" pyesi əsasında hazırlanıb. Tamaşanın adı "Səsimi unutma”, rejissoru isə Gümrah Ömərdir.

Qısa məlumat eldə etdinizsə, gəlin tamaşaya qayıdaq, axı adamları dondurmuşam.


Tamaşa başlayır...

Bir kişi səhnədə dolanır, gəzir, qəfil səhnənin ortasında taxta çərçivədə gözəl aktrisamız Gülzar Qurbanova peyda olur. Duruşu, gözləri, estetikasıyla tamaşanın necə ağır, dramatik keçəcəyindən xəbər verir. Ağ saçlı kişi onu görəndə qaçır, digər yandan bir oğlan, bir qız da qarşısına çıxır, sonra onların içindən keçir, sanki kabus görür. Tamaşanı sizə əxz edim. Gülzar Qurbanova sarsılmış qadın rolundadır. Bu qadın o kişinin xəyalıdır. Onun xəyalına gəlmiş əzablı qadındır. Tamaşa bizi qaranlıq bir xəyala dəvət edir, sarsılmış yaddaşa səyahət edirik. Həmin ağ saçlı kişi onun həyatında başlıca rol oynayan adamdır. Uşaqlığından onu konfet adıyla aldadıb, vədlərinə, sözlərinə sadiq qalmayıb. Bir müddət keçib böyüyüblər, yollar kəsilib. Tale onları yenidən birləşdirir, ancaq kişi qadını yenə aldadır.



Bir-iki, bizimki...

"Bir-iki, bizimki” deyib qaçışan qız-oğlan uşaqları da əslində onların uşaqlığıdır.

Gizlənqaç oyununda uşaqların söylədiyi sadalamalardandır. Kamal Abdulla pyesin dramaturgiyasını bu sadalamanın üzərində qurub. Məktəb həyatında özü də bilmədən sevdiyi qızın-qadının xəyalı ahıl kişiyə baş çəkir, onu bu dünyadan alıb öz yanına uşaq vaxtı gizlənqaç oynayarkən gizləndikləri qaranlıqlara çəkib aparmaq istəyir.

Kişi tərəddüd edir, amma onu o qaranlıqlara çəkən qadınsa xəyal olduğu qədər gerçək olduğunu bilir...

Gülzar xanımın yaratdığı obraz tək sözlə şedevrdir. Mimikalarıyla, gözləriylə yaşadığı əzabı, ağrını tamaşanın dumanlı atmosferində bizlərə ötürür.


Səsimi unutma...

Məmməd Səfa müəllimin qəhrəmanı "Elədiyin bir işin heç vaxt peşmançılığını çəkmə. Yoxsa, yaşaya bilməzsən." deyir. Yaşamağı uzun bir yola bənzədir. Bu yolda keşməşlər, təlatümlər, əzablar, xatirələr bizə yaşamağı öyrədir.

Amma onu özü ilə aparmağa gələn qadını - Gülzar Qurbanovanın obrazı isə "Qorxma, gəl. Səsimi unutma. Səsimdən yapış..." deyərək o dünya ilə bu dünyanın arasında qalan yoldaşını özü ilə sonsuzluğa aparır.

Bir səhnə var ki, sözlə demək izahsızdır. Deməli, qadın kişinin onu aldatmağından, nankorluğundan deyinir və bu an kişi onu bağrına basır və "Mən də darıxmışam” deyir. Sükut çökür. Biz tamaşaçıların içində də bir anlıq hər şey donur, duyğulanırıq. Tamaşada psixoloji gərgin səhnələr də var. Belə ki, qadın qaranlıqdan qorxur, onun fəryadı, əzabı, səhnə işıqların tez-tez yanıb sönməsiylə cərəyan edir.


Tamaşa haqda rəy

Tamaşadan sonra teatrşünas Aliyə xanımın bu haqda yazısına diqqət çəkdim:

"Səsimdən yapış” deyə-deyə qadın kişini öz qaranlığına çəkir. Burada artıq fəlsəfə axtarmağın yeri var-qadın-bətn-qəbir-torpaq... İstəməz. İstəyən düşünsün, istəməyənin yadına salmayaq. Çünki, yeri olsa belə bunlar yuğçuların da çox sevdiyi Ramiz Rövşəndən bəri dəfələrlə işlənmiş yozumlardır. Gəlin, bunu elə burada unudaq: Beş, altı daşaltı!

Bir bölümlü yuğlama kişinin ölümü ilə başa çatır. Yəni axırda anlayırıq ki, bütün bu göstərilənlər Kişinin yuğlamasıdır. Amma finalda qədim yuğlamalarda olduğu kimi yeni həyat yüngüllüyü yox, bir yas ab-havası yaranır. Dramaturq səssizcə çiçəkləri pərt aktyorlara verir, başsağlığı verərcəsinə pıçıltıyla nələrsə deyir, dəfn sükutu kimi bir ağır sükutla zaldan çıxırıq...

Teatrın bir missiyası da bu günün gerçəkliklə çabalayan insanına özünə zaman kəsməyə imkanlar yaratmasıdır. Gəlib baxdın, özün haqda, yaşadıqların haqda düşündünsə, üstünə öz xəyalların töküldüsə, duyğulandınsa, hesab et ki, udmusan. Gərçi, sən də tamaşaçıdan çox istehlakçısan, uduzmaq yox, udmaq istəyirsən...”


Son

Qadın və kişini cavanlığını canlandıran qızla oğlanın arasındakı son dialoq da belə başa çatır:

Oğlan: - Ver, əlini. Hardadı sənin əlin? Titrəmə. Gəl, gedək.

Qız: - Yox, gəlmirəm, Qorxuram. Sən məni saldın bura.

Oğlan: - Ağlama. Gəl, dalımca. Səsimdən yapış...

Tamaşa sona çatır, alqışlar bundan xəbər verir...


Tamaşada əməkdar artistlər Məmmədsəfa Qasımov (Kişi), Gülzar Qurbanova (Qadın), aktyorlar Amid Qasımov (Oğlan səsi) və Ləman Novruzova (Qız səsi) çıxış edib.

Tamaşa YUĞ Teatrının yaradıcısı, ustad Vaqif İbrahimoğlunun ruhuna ithaf edilib.

YUĞ həmişə məni heyrətləndirən, mənəvi qidamı ödəyən nadir teatrlardandır. Hələ-hələ Güzlar Qurbanova kimi əjdaha aktrisamız da bu teatrın tamaşalarında rol alanda sevincim bir idisə beş olur.