adalet.az header logo
  • Bakı 13°C
20 Sentyabr 2017 15:18
27771
MƏDƏNİYYƏT
A- A+

“Aşıq Ədalətlə bağlı həyata keçirmək istədiyimiz planlar çoxdur” - Aşıqlar Birliyi

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Nəsibov ötən həftə 78 yaşında dünyasını dəyişdi.

El sənətkarı vəsiyyətinə uyğun olaraq, ata-baba yurdu Qazaxda dəfn olundu.

Qeyd edək ki, "Ruhani”, "Yanıq Kərəm”, "”Qaraçı”, "Naxçıvani”, "Ürfani”, "Divani” və s. kimi xeyli sayda saz havalarının möhtəşəm ifaçısı olan Aşıq Ədalət nəinki Azərbaycanda, eləcə də bütün türk dünyasında sevilir.

Azırbaycan Aşıqlar Birliyi hələ sənətkarın sağlığında dövrün ustad aşıqlarına ithaf etdiyi kitablar seriyasında Aşıq Ədaləti də unutmamışdı. Maraqlıdır, aşıqların cəm olunduğu qurum dünyasını dəyişən ustadın xatirəsini yad etmək, ruhuna ithaf olaraq nə kimi tədbirlər və layihələr həyata keçirəcək?

Modern.az-a bu barədə açıqlama verən birliyin katibi Musa Nəbioğlu Aşıq Ədalətlə bağlı gələcəkdə bir çox planların olduğunu bildirib:

"Ədalət Nəsibov təkcə yubileydən-yubileyə, yaxud da ancaq xatirə günündə xatırlanacaq sənətkar deyil. Ədalət Nəsibov kimi sənətkarlar heç zaman ölmürlər, sadəcə, məkanlarını dəyişirlər. XX əsrin ortalarından sənətə gələn bu böyük sənətkar Azərbaycan aşıq sənətinin çox böyük simasıdır. Dünyanın bir çox ölkələrində mədəniyyətimizi ləyaqətlə təmsil edərək, özünün ecazkar və bənzərsiz ifası ilə sazımızın şöhrətini daha da ucaldıb. Özündən sonra zəngin irs və böyük bir məktəb qoyub. Ədalət Nəsibov eyni zamanda Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü idi, Birliyin 1 nömrəli üzvlük vəsiqəsini də məhz o daşıyırdı. Bütün bunlar da sübut edir ki, bu böyük sənətkar heç zaman unudulmayacaq. Onunla bağlı görüləcək tədbirlərə gəlincə isə, demək istəyirəm ki, bir neçə ay bundan əvvəl - özünün sağlığında Aşıqlar Birliyinin layihəsi olan "Günümüzün ustad aşıqları" seriyasından ayrıca bir kitabı ona həsr etdik. Allaha şükür ki, bu kitabı özü də gördü və bəyəndi. Bundan sonraya gəlincə isə bir daha qeyd edirəm ki, Ədalət Nəsibov yalnız hansısa əlamətdar günlərdə deyil, hər zaman xatırlanacaq. Onunla bağlı kitablar nəşr olunacaq, xatirə gecələri keçiriləcək.. Ümumiyyətlə, Ədalət Nəsibovla bağlı gələcəkdə həyata keçirmək istədiyimiz planlar çoxdur. Bunların hamısını sadalamasam da, inşallah, zaman-zaman hamısı reallaşacaq”.