adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Sentyabr 2017 14:11
17706
ƏDƏBİYYAT
A- A+

ZEYNİN TOYU

Sudan yazıçısı Tayib Salih (1929-2009) XX əsr ərəb ədəbiyyatının məşhur nümayəndələrindən biridir). Onun tematik trilogiya hesab edilən "Zeynin toyu”, "Quzeyə köç mövsümü” və "Bender şah” əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub və böyük rəğbət qazanıb. Mehman Cavadoğlu bu əsərləri Azərbaycan dilinə tərcümə edib. Adalet.az həmin tərcümədən bəzi parçaları öz oxucularına təqdim edir.

Bir il ərzində kənddə baş vermiş bütün möcüzəli hadisələr imama güclü təsir eləmişdi. Kənd camaatının fikrinə görə o çox inadkar, zəhlətökən və zəvzək adam idi. Ürəyinin dərinliyində hamı ona nifrət eləyir, onu kənddə faydalı, düz-əməlli işlə məşğul olmayan yeganə adam sayırdılar. Torpaq əkib-becərmir, ticarətlə məşğul olmurdu. Yeniyetmə uşaqlara dərs deməklə dolanırdı. Bundan ötrü hər evdən, həyətdən ona xərac ödənilirdi ki, camaat da bunu canını dişlərinə tutaraq verirdi. İmamın obrazı insanların gözündə hörümçək kimi əski, köhnə şeylərlə assosasiya olunurdu. Adı gələndə adamın yadına elə şeylər düşürdü ki, xatırlamasan yaxışıydı: dəfn, axirət dünyası, namaz. Adını eşidən hər kəs hansısa yaxın bir adamının ölümünü, ya da qış dövründəki namazı xatırlayırdı: ayaqları soyuq suyla yumaq, isti yataqdan şaxtanın ağuşuna tullanmaq, tutqun sübh qaranlığında məscidə sürünmək. Br-r! Əgər sən məscidə həqiqətən də dua etməyə, namaz qılmağa gedirsənsə, onda hələ dərd yarıdır. Yox əgər, deyək ki, Məhcub, Əbdül-Hafiz, Əhməd İsmayıl, Ət-Tahir ər-Rəvvasi və ya Həməd Vad ər-Rəis kimi namaz qılmayan "dikbaş”lardan birisənsə, onda səni sanki oğrun-oğrun qonşunun arvadına göz qoyan adam kimi hər səhər qarışıq, həyəcanlı hisslər bürüyür. Məhcubdan imam barədə soruşsan deyəcək: "Çətin adamdır. Oturub kəlmə kəsmək mümkün deyil”. Bu o deməkdir ki, onlara tay adam deyil, ona baş qoşmağa, vaxt ayırmağa dəyməz. Onu nə əkin-biçin, nə əkinçilər, nə suvarma qaydaları, nə gübrə, nə məhsul yığımı, nə də məhsulun özü maraqlandırırdı. Qətiyyən vecinə deyildi ki, Əbdül-Hafizin qarpız sahəsində məhsul var, ya yox, Vad ər-Rəisin bostanındakı qarpız kiçikdir, yoxsa iri? Lobyanın bir ərdəbi[1] bazarda neçəyədir. Soğanın qiyməti düşdümü. Xurma ağaclarında tozlanma niyə gecikir. Bu cür işlərdən qətiyyən başı çıxmır və onlara baş qoşmaqdan zəhləsi gedirdi. Ancaq onun da maraq dairəsində olan xeyli məsələlər var idi ki, bunlar kənddə çox az adamı maraqlandırırdı. O, radio və qəzetlərdəki yenilikləri izləyir, müharibənin olub-olmayacağıyla bağlı mübahisə eləməyi sevirdi. Ruslar güclüdür, yoxsa Amerikalılar. Nehru nə dedi, Tito nə danışdı. Kənddəkilərsə daha çox öz gündəlik işləriylə məşğul olan adamlar idilər, ümumi problemlər onları ilgiləndirmirdi. Bax, kənd camaatıyla imamın arasında yaranmış kəskin uçurumun əsas səbəbi də elə budur: həyata fərqli baxış. Adamlar imamı sevməsə də, daim ona ehtiyac duyduqlarını etiraf edirdilər. Məsələn, onun biliyini qiymətləndirirdilər. Zarafat deyil, adam ömrünün on ilini əl-Əzhar universitetində keçirib. Kimsə deyir: "İmam işsiz-gücsüz oturub” – dərhal da əlavə edirdi: "Ancaq, allaha şükürlər olsun ki, dilli-dilavərdir. Moizələrdə qiyamət günü və məhşər, cənnət və cəhənnəm atəşi, allah yolundan azmaq və tövbə haqqında öz təmtəraqlı, gurultulu nitqiylə camaatın ürəyinə od salaraq onlardan intiqamını alırdı. Bu nitq adamın canına zəhər kimi yayılırdı. Cümə namazından sonra məsciddən tutqun, bulanıq baxışlarla çlxan adama elə gəlirdi ki, sanki həyat dayanıb. Öz bağındakı xurma ağaclarının hərəsi bir cür cücərib. Baxırsan ki, ağacdır, vəssalam – adamın içində başqa heç bir təəssürat yaranmır. Hiss eləyir ki, özü qarışıq ətrafdakı hər şey yalnız tamaşadır, sevincli-kədərli bütün həyatı axirət dünyasına aparan körpüdən başqa bir şey deyil. Adam ani olaraq dayanır və özündən soruşur: bəs mən özüm bu axirət dünyasına necə hazırlaşmışam? Ancaq bir müddətdən sonra onun beyni yenə də bu dünyanın qayğılarıyla dolur, tez, gözlədiyindən də xeyli tez bir vaxt ərzində axirət lövhələri gözlərinin qabağından çəkilir, hər şey öz axarına düşür. Durub öz sahəsinə baxır və qəlbi ona var olmaq gücü verən əvvəlki sevinc hissləriylə dolur. Bununla belə, əksər insanlar fikrən yenə də onun yanına qayıdır, yenə də öz qəlblərində həmin qarışıq, ziddiyyətli hissləri yaşayırlar. İnsanlar onun yanına səsinə görə qayıdırlar – moizə vaxtı güclü, aydın, Quran oxuyarkən zərif, avazla, ölənlərin ruhuna dua edərkən təmtəraqla, kəbin kəsərkən məsələnin məğzinə varan və qətiyyətlə səslənən səsinə görə. Onun elə həqarətli, ötkəm baxışları var ki, sanki adamı vurur, inamını alıb özüylə aparır. Adam deyil, qəbirstanlıqdakı qübbəli məqbərədir.

İmama münasibətdə bütün kənd kəskin şəkildə müxtəlif düşərgələrə və qruplara ayrılıb. Heç kim onu adıyla çəğırmırdı, sanki adam deyildi, müəssisə idi. Nuamanın atası hacı İbrahim başda olmaqla hörmətli və ahıl adamlardan ibarət düşərgəyə mənsub olanlar imama iltifatla yanaşırdılar – doğrudur, azacıq şübhə toxumu səpilmiş bir iltifatla. Məsciddəki bütün namazlara qatılan bu adamların üzlərindən də hiss olunurdu ki, imamın söylədiklərini başa düşürlər. Hər cümə namazından sonra növbəylə imamı nahara dəvət edirdilər. Ramazan ayının axırında ona bayram hədiyyəsi və biş-düş gətirir, qurban bayramında canavar dərisi hədiyyə edirdilər. Əgər həmin vaxt kim oğluna, ya da qızına toy edirdisə pul və ya pal-paltardan, ayaqqabıdan nəsə bir şey verirdi. Ancaq İbrahim Od-Taha adlı yetmiş yaşlı bir nəfər istisnaydı. O bu ahıllar qrupuna qoşulmurdu, nə namaz qılır, nə oruc tutur, nə də nəzir-niyaz verirdi, ümumiyyətlə, imamı saya saymırdı.

Yaşı iyirmidən aşağı olan başqa bir dəstə imama qatı nifrət bəsləyirdi. Onların arasında hələ məktəbdə oxuyanlar da, kənddən harasa çıxıb getmiş və bir müddət sonra geri dönmüş, bir sözlə, görüb götürmüşlər də, sadəcə olaraq, qəlbləri qızğın həyat eşqiylə çırpınan və bu səbəbdən daim ölüm haqqında danışan birisini həzm eləyə bilməyənlər də var idi. Hamısı ya gizli şərab içən və gecələr kəndin kənarındakı əxlaqsızlıq vahəsinə baş çəkən dəlisovlar, ya dialektik materializm haqqında oxumuş və yaxud eşitmiş savadlı adamlar idilər. Bəziləri üsyankar təbiətlərinə görə itaətsizlik göstərir, bəziləri də qışın soyuğunda dəstamaz almağa tənbəllik edirdilər. Ən qəribəsi də buydu ki, həmin qrupa yaşı yetmişi ötsə də, hələ də şeir yazmaqdan əl çəkməmiş İbrahim Od-Taha başçılıq edirdi.

Üçüncü dəstə Məhcub, Əbdül-Hafiz, Ət-Tahir ər-Rəvvasi, Abd əc-Səməd, Həməd Vad ər-Rəis, Əhməd İsmayıl və Səiddən ibarət olan ən nüfuzlu qrup idi. İyirmi yaşlı Əhməd İsmayıl istisna olmaqla hamısının yaşı təxminən eyniydi – otuz beş-qırx arası. Əhməd İsmayıl yaşca xeyli balaca olsa da, məsuliyyət hissi və düşüncə tərzinin yaxınlığına görə onlarla oturub-dururdu. Bu adamlar öz təsir gücünə görə kəndin əsl sahibləriydilər. Hər biri başqalarından daha böyük torpaq sahəsi əkib-becərir, geniş ticarətlə məşğul olurdu. Hər biri arvad-uşaq sahibiydi. Kəndin bütün vacib, məsuliyyətli işlərinin başında onlar dururdu. Toyları onlar keçirdir, yasları onlar təşkil eləyirlər. Meyiti yuyur, qəbristanlığa aparır, dəfn edirlər. Qəbir qazır, su çıxardır, mərhumu qəbrə qoyur, üstünü torpaqlayırlar. Bundan sonra matəm xalçasının üstndə durub başsağlığı qəbul edir, adamlara bir fincan acı kofe verirlər. Nil daşanda, güclü daşqın hər yanı basanda suyun qabağına bənd çəkir, gecələr əllərində fənər gəzir, əkin sahələrinə baş çəkir, sel və daşqının vurduğu ziyanı qeyd edir, hesablayırlar. Hansısa bir qadın və ya qızın kiməsə abırsız baxışı haqqında eşidəndə onunla ciddi söhbət eləyir, abrını verir, lazım gələndə kötəkləyirlər. Dəxli yoxdur, kimin qızıdır. Yad bir adamın axşam çağı kəndin ətrafında dolaşdığını eşidən kimi onu harda lazımdır orda da saxlayıb dərsini verirlər. Omda vergi yığmağa gəlir onunla danışığa başlayırlar: bu çoxdur, bu daha münasibdir, busa, keçməz. Hansısa bir dövlət məmuru təsadüfən yolunu azaraq kəndə gəlib çıxırsa – onların işi-gücü elə bu cür yol azmaqdır! – həmun məmuru qarşılayır, salamlayır, bir dana, ya quzu kəsir, səhərlərsə özləri onunla danışır, mübahisə eləyir, hesablaşır və hər işi yoluna qoyurlar. Bir sözlə, başqa bir kimsəylə kəlmə kəsməyinə macal vermirlər. Kənddə məktəb, xəstəxana tikmək və aqrar kompleks yaratmaq məsələləri ortaya çıxanda da hər şeyi öz əllərinə aldılar. Podratçılar da, nəzarətçilər də, bütün işlərə birbaşa cavabdeh olan komissiya da özləridir. Ancaq nə etmək olar, imam onları xoşlamırdı. Xoşlamırdı, ancaq bilirdi ki, canı həmin dəstənin əlindədir. Axı, imamın məvacibini onlar verirdilər. Hər ayın axırında kənddən yığıb ödəyirdilər. Vacib və təcili iş dalınca kəndə gələn istənilən hökumət məmuru dərhal həmin dəstəni axtarırdı. Bilirdi ki, onlarla danışıb anlaşmasa işlərinin öhdəsindən gələ bilməyəcək. Ancaq hər bir hakimiyyət və nüfuz sahibi kimi onların da heç biri təkcə Səidin dükanı qarşısına yığışdıqları vaxtlar deyilsə, başqa heç yerdə öz şəxsi fikir və mülahizələrini ucadan söyləmirdilər. Məsələn, götürək imamı. Hamısı onu şərin özü sayır, ancaq bunu dillərinin ucuna belə gətirmirdi, Məhcub demiş, "hörmət və ehtiram”larını qoruyub saxlayırdılar. Onlar ibadət eləmir, ən yaxşı halda aralarından kimsə ayda bir dəfə günorta və ya axşam namazına gedir, sübh namazına getməyəsə ərdəmləri çatmırdı. Özü də məscidə imamın xütbələrinə qulaq asmaq xətrinə yox, onun məvacibini verməkdən ötrü gedirdilər. Həm də məscidə göz gəzdirirdilər ki, təmirlik bir iş var, ya yox.

Zeynsə özü təkbaşına ayrı bir qrup idi. O, vaxtının böyük hissəsini Məhcubun kampaniyasında keçirdirdi. Əslindəsə onların çiynində çox ağır bir yük idi. Üzləşdiyi bütün problemlərdə ona hayan olmağa, çətinliklərdən qorumağa çalışırdılar. Əgər başına bir iş gəlirdisə, bədbəxtliyə ürcah olurdusa, dərhal dadına çatmağa tələsirdilər. Onu öz doğma anasından da yaxşı tanıyır, gözlərini üstündən çəkmir, qayğıylarını əsirgəmirdilər. Onlar Zeyni, Zeyn də onları sevirdi. Ancaq imama münasibətdə Zeyn tam fərqli davanış sərgiləyirdi. Onunla kobud rəfar eləyir, uzaqdan görəndə yolunu dəyişirdi. Yəqin ki, imam Zeynin nifrət elədiyi yeganə adam idi: onun hər hansı bir məclisdə, sadəcə olaraq, iştirakı Zeyni özündən çıxarmağa kifayət idi. İmamı görən kimi əhvalı korlanır, qışqırır və onu düz sifətinəcə söyüb biabır edirdi. O, Zeynin qəzəbini çox böyük səbr və təmkinlə həzm eləyir, yalnız bəzi hallarda deyirdi ki, adamlar onunla qeyri-adi insan kimi rəftar eləyə-eləyə tifili korlayıblar. Nə olsun ki, mömin və mürvətli zahidlə yaxınmış? Boş söz-söhbətdir, mövhumatdan başqa bir şey deyil. Uşaqlıqdan yaxşı tərbiyə alsaydı, hamı kimi normal böyüsəydi. Kim bilr, bəlkə də?..

Ancaq, deyəsən, bir dəfə Zeyn öz diqqətli nəzərlərini düz onun sifətinə zilləyərkən imamın canına üşütmə düşmüşdü. Hamı bilirdi ki, Zeyn əl-Hüneynin seçdiyi şəxsdir, o isə müqəddəs bir zahiddir, içində mənəvi bir işıq, ruhunda təlatüm olmayan bir adama heç nədən bu boyda etimad göstərməzdi.

Hər halda "Əl-Hüneyn ili”ndə çox şeylər dərbədər oldu, öz yerini dəyişdi, daha bundan o yanası yox idi. Seyfəddinin "satqınlığı” və yaxud "peşmançılığı”, "de görüm, sən hansı düşərgədənsən” kimi söz-söhbətlər bəzilərini zəiflətdi, bəzilərini gücləndirdi. Axı, Seyfəddin vahənin qəhrəmanı, onun sadiq döyüşçüsü və başçısıydı. O, qoca dindarların düşərgəsinə keçəndə keçmiş dostlarının ürəyini qorxu hissi bürüdü.

Etiraf eləmək lazımdır ki, Seyfəddin zəngin miras sahibiydi və çox vaxt içki məclislərinin pulunu özü verirdi. "Vahə dostları” öz abırsızlıqlarını ört-basdır etməkdən, kənd camaatının gözündən yayındırmaqdan ötrü onu çox vacib bir şirma hesab edirdilər. Hamı Seyfəddinin dərdini çəkməklə, ona can yandırmaqla məşğul olduğu üçün onlara fikir verən yox idi. Bundan başqa, bəziləri onu əsl itaətsizlik və özbaşınalıq simvolu sayırdı. Ancaq o birdən-birə öz yolunu dəyişdi və hamının ayaqları altında yer silkələndi. Üstəlik, Seyfəddin keçmiş dostlarının bütün sirlərini bilirdi və bilgisindən onların özlərinə qarşı istifadə eləyərək, onların ən təhlükəli rəqiblərinə çevrildi. Seyfəddinin yanında olmaq imamın əl-qolunu açdı. Axı, şər və pozğunluq simvolu saydığı vahə onun başlıca qayğısına, dərd-sərinə çevrilmişdi. Öz moizələrində çox nadir hallarda bu mövzudan yan keçirdi. İndi, yəni Seyfəddin düz yola qayıdandan sonra imamın moizələri daha da sərtləşmiş, ürəyinə əlavə təpər gəlmişdi. Seyfəddin onun dlində xeyirin şər üzərindəki mütləq təntənəsinin nümunəsinə və rəmzinə çevrilmişdi. Yox, imam Seyfəddinin tövbə eləməsində ruhi-mənəvi aləmin hansısa gizli qanadının nümayəndəsi olan əl-Hüneynin başlıca rol oynaması fikrini yaxın belə buraxmırdı. İmam, ümumiyyətlə, bu "ruhi-mənəvi aləmin gizli qanadı” deyilən bir nəsnənin özünü belə yerli-dibli qəbul eləmirdi.

Mərkəzçi düşərgənin nümayəndələri – Məhcubun dəstəsi bu məsələdən o qədər də narahat deyildilər. Onlar vahəyə də, yeri gəlmişkən, elə imamın özünə də allah verən dərd, bəla kim baxır, əgər bəzi kənd cavanları həddindən çox içib başlarını itirməsələr, buna xüsusi əhəmiyyət vermirdilər. Təki orda baş verənlər həyatın təbii axarına təsir eləməsin. Onlar yalnız hansısa sərxoş dəliqanlının kənddə bir qadına ilişdiyini, yaxud hər hansı kişinin üstünə hücum çəkdiyini eşidəndə işə qarışırdılar. Bu zaman imamın üsullarından xeyli fərqlənən öz xüsusi metodlarına əl atırdılar. Kəndin qalan sakinləri onların vahəni dağıtmaq cəhdlərini dəstəkləsələr də, daha bunu imam kimi xeyirlə şərin əbədi mübarizəsinin sübutu saymırdılar. Bu yuvanın uçurdulması, ordakıların pərən-pərən salınması, sadəcə olaraq, onların canlarını lazımsız qayğılardan qurtarır, vəssalam.

Nəsə. Əsas məsələ odur ki, imam Seyfəddinə görə çox məmnun idi. Öz moizələrində onun adını çəkirdi. Elə danışırdı ki, sanki yalnız ona müraciət eləyirdi. Məscidə əl-ələ tutub bir yerdə girir, əl-ələ də ordan çıxırdılar. Əhməd İsmayıl onların yanaşı addımladığını görüb Məhcuba dedi: "Bədəvi imamın qulluğundadır”

Zeynin hacı İbrahimin qızı Nuamaya evlənməsiylə bağlı imamın öz xüsusi fikri var idi...

Məhcub Səidin dükanına girib qəpiyi stolun üstünə qoydu. Səid dinmədən pulu götürdü və rəfdən bir qutu matros[2] siqaretini əlinə alıb xırda mis pulla birlikdə Məhcubun ovcuna qoydu. O, siqareti yandırdı, bir-iki qullab sümürərək gözlərini səmaya doğru qaldırdı, qarşısına əkinə yararsız qumlu səhra çıxmış adam kimi duruxdu. Key-key dilləndi:

-Pleyadalar[3] dağılıb... Biçin yaxınlaşır.

Səid paçkaları yeşiklərdən çıxdardıb rəflərə düzməklə məşğul idi. Məhcub bir neçə addım irəli atıb dükanın qarşısında oturdu. Oturacaqda yox, düz qumun üstündə, fənərin işığının yalnız dilinin ucuyla çatdığı öz sevimli yerlərində. Hamısını birdən ağız-ağıza verib gülüşdükləri vaxtlarda işıq və kölgə növbəylə gah birinin, gah digərinin alnına qonaraq elə rəqs eləyirdi ki, elə bil dənizin dalğalarına baş vururdular. Bir müddət keçmiş adəti üzrə yorğun adamlar kimi ayaqlarını yalandan sürüyə-sürüyə Əhməd İsmayıl gəldi və dinməz-söyləməz Məhcubun yanında qumun üstünə sərildi. Sonra Əbdül-Hafiz və Həməd Vad ər-Rəis gülə-gülə yaxınlaşdılar, salam-kəlamsız keçib oturdular, onlar da gostlarının nəyə güldükləriylə qətiyyən maraqlanmadılar. Bu dəstənin üzvləri arasında belə davranış tərzi adi hal idi. Heç bir sualsız-filansız bir-birinə baxan kimi beyinlərində dolaşanları bilirdilər. Məhcub yerə tüpürüb dedi:

- Səid Sovanın məsələsini eşitmisiz?

Əhməd İsmayıl qarnı üstə döndü, sanki quma müraciət eləyimiş kimi dedi:

-Arvad, deyəsən, ondan boşanmaq istəyir.

Əbdül-Hafiz güldü və Səid Sovanın arvadının göz yaşları içində sahədə onun yanına gəlib boşanmaq istədiyini deməsini dostlarına nəql elədi. Soruşdum niyə, dedi ki, keçən gecə Səid onu acılayıb, "leş” adlandırıb, deyib ki, başqa arvadlar kimi ətirlənmirsən, üz-gözünü boyamırsan. Arvad da eləməyib tənbəllik, cavabını verib, o da sifətinə bir şillə vuraraq deyib: get, inspektorun qızlarından öyrən...

Bu vaxt Ət-Tahir ər-Rəvvasi gəldi, işıq süası düşməyən yerdə, qum təpəsinin arxasında yerini rahatlayıb oturdu.

-Bəlkə inspektora deyək onu qızlarının biriylə evləndirsin?

Əbdül-Hafiz bu sözləri sanki eşitməmiş kimi davam elədi: qadını sakitləşdirdim, evə yola saldım, söz verdim ki, gəlib onlara baş çəkəcəm, Səidlə danışacam. Həqiqətən, günorta onlara getdim. Ancaq çöl qapıda ləngidim, bağlıydı. Qulaq asdım, gördüm, Səidin qaqqıltısı gəlir, Səid arvadıyla şənlənir, oynayır, gülür. Eşidirəm ki, sanki qulaqlarını dişləyə-dişləyə arvadına deyir: ağla, bacıcığım, ağla!..

Bu yerdə hamısı birdən uğunub özlərindən getdi. Hərəsi özünə məxsus tərzdə gülürdü: Əhməd İsmayıl mırıltıyyla, Məhcub dilini marçldadaraq gülürdü. Əbdül-Hafiz uşaq kimi axıb gedirdi. Həməd Vad ər-Rəis bütün bədəniylə qıvrılır və ayaqlarını açlb-yumurdu. Ət-Tahir Ər-Rəvvasi güləndə iki əliylə başından tuturdu. Səidsə dükanda fırlanırdı, onun gülüşü mişar səsinə oxşayırdı, sanki odun mişarlayırdı.

-Ah, – Məhcub deyir. – Bu istidə o necə!..

Bax, onların söhbəti belə gedirdi. Fasilələrlə, müvəqqəti susqunluqla. Ancaq pauza elə -belə, boş yerdən yaranmırdı, pauza əslində söhbətin davamıydı. Kimsə qırıq bir ifadə söyləyirdi: "... o başa düşmür”. O biri araya söz qatırdı: "Fərsizin biri hakim kürsüsünü tutub”. Üçüncüsü əlavə edirdi: "Çoxdan sizə deyirdilər ki, onu komissiyadan qovun, yoxsa...” Bir başqası yekun vururdu: "Allahın köməkliyilə onun axırıncı ili olar”. Yanlarında kənar birisi olanda nədən söhbət getdiyini heç cür anlaya bilmir. Bu artıq onların fəndidir: elə danışırlar ki, sanki bərkdən düşünürlər, sanki başları bir ahənglə işləyir, sanki hamısı birlikdə böyük bir beyindir. Belə bir yeknəsək, darıxdırıcı söhbət gedir. Kimsə sözgəlişi hamısının təxəyyülünə hakim kəsilən hansısa ifadəni, ya olayı xatırladır qəfildən həyat oyanır, sanki samanlıqdakı qığılcım kimi alışırdı. Arxaya gərilib mürgüləyənlər dərhal bellərini düzəldir. Başqası özünü sahmana salaraq əlləriylə dizlərini tutur. Üçüncüsü bir az yaxına gəlir. Səid dükadan çıxır. Bir də görürsən ki, hamısı bir yerə cəmlənib, yanbayan dayanıb, sanki hansısa mərkəzə, hamısının beynində olan nəyəsə doğru axışaraq, bir-birlərinə qovuşub. Məhcub qabağa əyilir, Əhməd İsmayılın barmaqları quma sancılır, Vad ər-Rəis ovuclarıyla boynunu sıxır... Budur, həmin an çatır və onlar sanki dalğaların qoynunda çimirlərmiş kimi işıq və kölgə oyununda görünməyə başlayırlar. Səslər cingildəyir, mübahisə qızışır, söz çaxmaq daşından qopan qığılcım kimi ətrafa sıçrayır, cümlələr qırılır, hamısı tələsir, bir ağızdan qışqırırlar. Bu vaxt yad bir adam onları görsə, elə bilər ki, hansısa ədəbsizin, qanacaqsızın biridirlər... Elə onları bu cür fərqli vaxtlarda və məqamlarda görükləri üçün adamların onlar haqqındakı fikirləri də müxtəlifdir... Kənddə bəziləri, məsələn, bütün söhbətləri yalnız "ah”, "oh”, "artıq”, "yox e” və s. bu kimi nidalardan ibarət olan anlarda təsadüfən gəlib üstlərinə çıxanlar onları qaradinməz, azdanışan hesab eləyirlər. Bəziləri də uşaq kimi "güləyən” adlandırırlar, çünki məhz bu cür qəhqəhə çəkən vaxtda rastlarına çıxıblar. Taygöz Musa and içir ki, Məhcub bazara çatana kimi – bu, eşşəklə tam iki saatlıq yol deməkdir – onunla yoldaşı olub və bütün yol boyu ağzını açıb bir kəlmə də danışmayıb! Kənar adamların yanında özlərini əli-qolu bağlı hiss elədikləri üçün yanlarında yad adamların olmasını xoşlamırlar. Odur ki, camaat onların məclisindən qaçır. Zahirən adama elə gəlir ki, xasiyyət və davranışları baxımından hamısı bir-biriylə əkizdir, ancaq uzun müddət ünsiyyətdə olarkən başa düşürsən ki, dostların xeyli fərqli cəhətləri var və bu fərqli cəhətlər hər birinin özünəməxsus xarakter sahibi olduğunu göstərir. Əhməd İsmayıl yaşına görə hamısıdan daha çox şənlənməyə meyillidir və odur ki, hər hansı bir tədbirdə bir az çox içəndə, nəyinsə şitini çıxardanda sən deyən, sıxılıb-eləmir. Toyda hamıdan yaxşı rəqs eləyir. Əbdül-Hafiz adamlara, xüsusilə özləri kimi dəstə, güruh halında yaşamayan adamlara qarşı çox diqqətliydi. Onlar özləri, bəzən də camaat müxtəlif düşərgələrə bölünmüş qrupları məhz "güruh” adlandırırdı. Kiminsə evlənməsi, kiminsə atasının ölməsi, kəndin ucqar tərəflərində, digər başında yaşayanlardan kiminsə uzun səfərdən qayıtması xəbərini dostlarına birinci o çatdırırdı. Sonra hamısı bir qayda olaraq dəstə halında ya təbrikə, ya da başsağlığı verməyə yollanırdı. Bəzənsə, təklikdə məscidə gedir və bunu yoldaşlarından gizlətməyə çalışırdı. Ət-Tarix ər-Rəvvasi tez özündən çıxandır, özünün dediyi kimi "ehtiyac yarananda” hamıdan tez dəyənəyə əl atır və ya bıçaqdan yapışır.Səid hakimlər və rəislərlə hamısından yaxşı çənə döyməyi, höcətləşməyi bacarır. Qanunpərəstdir. Həməd vad ər-Rəisin qulağı qalmaqallı xəbərlərə qarşı çox həssasdır. O həmin xəbərləri kəndin künc-bucaqlarından toplayır, dostlarla bir yerə yığışdıqları məclislərdə zamanı yetişən anl açıb söyləyirdi. Məhcub onların arasında ən ciddi və bişmiş adam idi. Üstünü qalın qum basmış bir qaya idi: dərin qazsan çata bilərsən. Onun mətinliyi ağır dəqiqələrdə üzə çıxır. Belə vaxtlarda həm də yol göstərən olur, rəhbərə çevrilir. O əmr eləyir, qalanları yerinə yetirir. Bir dəfə mərkəzdən təzə inspektor gəlmişdi və onlar həmin inspektorla iki dəfə görüşmüşdülər. Danışdılar, dartışdılar və öz aralarında qərara gəldilər: yaramır. Bir aydan sonra iş dalana dirəndi, inspektor kiməsə şikayət edibmiş ki, guya Məhcubun dəstəsi kənddə hamını ələ alıb: xəstəxanada da, məktəb komissiyasında da, aqrar kompleks komitəsində də ancaq onların adamları oturub. İnspektorun belə bir sözü də qulaqlarına çatmışdı: "Məgər bu kənddə həmin guruhun üzvülərindən başqa adam yoxdur?” Öz aralarında məsləhətləşdilər və barışmaq qərarına gəlmişdilər ki, kimsə istefa verməyi təklif elədi. Yalnız Məhcub bu təklifə belə münüsibət bildirdi: "Adam bir yerdən başqa yerə getsə heç nə olmaz”. Bir ay keçmədi ki, inspektoru geri çağırdılar, yerinə başqasını göndərdilər. Bu necə baş verdi? Belə... Deməli, bəd ayaqda Məhcubun hansısa təsirli üsulları varmış.

Zeyn var səsilə söyməyə başlayanda onlar gülüşdülər:

-Ağıldan kəm! Eşşək oğlu!

O yaxınlaşdı və dostlara çataçarda bir dəqiqəlik yerində donub qaldı: ayaqlarını araladı, əllərini yanına saldı. Bu vaxt bədəninin yuxarı hissəsi işıqlandı, gözlərinə çökmüş qızartını hamı gördü.

-Xortdan kimi nə başımızın üstünü kəsdirmisən? – Ət-Tarix ər-Rəvvasi dedi. – Qanımızı içməyə hazırlaşırsan? Ya otur, ya da rədd ol!

-Zen bu gün sərxoş olmalıdı, – bunu da Əhməd İsmayıl dedi.

-Otur, nəfəsini dər! – Əbdül Hafiz yanlarında ona yer göstərdi.

-Deyirlər, bu gün omdanın çəpərinə dırmaşıb, – deyə Həməd Vad ər-Rəis onu zəhərlədi. – Görən, nə istəyirmış? Axı, o, qızını artıq ərə verib?

Zeyn Əbdül Hafizdən siqaret götürüb, kəlmə də kəsmədən oturdu, əsəbi halda hıqqanmağa başladı. Ət-Tarix ər-Rəvvasi özünü saxlaya bilmədi və güldü:

-Elə yox, kömürbasan! Sümür və içəri dart. Öyrənmək lazımdır, səfeh! Çəkməyi bacarmırsansa, siqareti niyə korlayırsan? Tüstünü bax, belə sümür. Elə bil əmirsən.

Zeyn, nəhayət, tüstünü içəri almağı bacardı, yanaqları şişdi və ağzından qatı duman buraxdı: duman bir an havada donub durdu, sonra nazik burumlarla havaya dağıldı və bir hissəsi gecənin zülmətinə qarışıb qaranlıqda yox oldu. Quz qəbiləsindən olan bir bədəvi dükana tərəf gəldi. Səid ona xıdmət göstərməkçün yerindən qalxdı.

-Beş ratl[4] qənd, yarım ratl çay, – deyə onlar dükandan gələn səsi eşitdilər.

-Bu ərəblər qazandıqları bütün kırşları qənd-çaya verirlər. – Əhməd İsmayıl dilləndi.

Bu vaxt Zeyn Səidə tərəf qışqırdı:

-Arvadına de, tünd südlü çay dəmləsin. Mütləq tünd olsun.

-Baş üstə, başçı – deyə Səid cavab verdi. – Səninçün tünd, südlü çay düzəldərik.

-O, başını dükandan içəri həyətə açılan pəncərəyə soxub əmr elədi:

-Tez bizim başçı üçün tünd, südlü çay hazırla!

Zen cana gəldi, səsi gümrahlaşdı:

-Mən kəndimizdə ən qoçaq kişiyəm, elə deyil?

-Əlbəttə, – deyə ət-Tahir sözləri uzada-uzada dedi.

-Bəs niyə bu eşşək oğlu gedib mənim dayıma deyir ki, Zen toyluq kişi deyil.

-Xaricilər bicliyi daha yaxşı bacarır. Belə bəlağətli ifadəni hardan tapıb? "Toyluq kişi deyil”!

-İmam səni qısqanır, – Vad ər-Rəis dedi. – Özünün ona meyli var.

-O mənim dayım qızıdır, ya yox? Qoy, gedib özünə qızı olan dayı tapsın! – deyə Zeyn qışqırdı.

-Növbəti cümə axşamı kəbin kəsiləcək – Məhcub qətiyyətlə dedi. – Bundan sonra, necə deyərlər, əlvida, rəqslər, dava-şava, boşboğazlıq. Eşıtdin, yoxsa yox?

Zeyn danışmağa söz tapmadı, susdu.

-Bunu sənə kim dedi? – deyə Ət-Tarix ət-Rəvvasi soruşdu.

-Qız özü dedi, – Zeyn cavabında donquldadı.

Məhcub yarımuzanmış vəziyyətdəydi. Ayaqlarını quma uzadaraq sağ qolu üstə dirsəklənmişdi. Bu kəlməni eşidər-eşitməz yerindən dik atıldı və qəddini düzəltdi:

-O özü dedi?!

-Aha. Səhər tezdən bizə evə gəlmişdi. Anamın yanında mənə dedi: cümə axşamı bizi evləndirəcəklər. Biz ər-arvad olacağıq. Bir evdə, birlikdə yaşayacağıq.

Heyrətdən Məchubun gözləri bərəldi və həyəcandan səsi titrəyə-titrəyə bərkdən qışqırdı:

- Hələ bir arvada bax! Sən bir fikir ver! And içirəm ki, əgər onun bacısı olsaydı mütləq arvadı boşayardım!

Sonra o, əlində çay gətirən Səidin üstünə atıldı:

-Eşitdin? Sən eşitdin, ya yox? Qız gedib özü ona deyib!

-Qız böyük ağıl sahibidir... Həqiqətən, bizim yaradanın gücü əlçatmazdır – deyə Səid bildirdi.

Hamı susdu. Yalnız Məhcub həyəcandan ovcuyla bir neçə dəfə budlarını döyəclədi. Sonra baxışlarını sağa-sola yönəldərək yenidən təşviş və şövqlə danışmağa başladı:

-Allaha and olsun ki, qız bədəni bərk xamır kimidir – ələ yapışmaz!

Zeyn həmişəki kimi səs-küy sala-sala, ağzını marçıldadaraq çayını içirdi. Birdən stəkanı bir kənara qoyub güldü:

-Məgər Əl-Hüneyn hamınızın qarşısında mənə demədimi ki, sabah sən kənddə ən yaxşı qızla evlənəcəksən? – O bunu dedi, sonra da toyda boğazlarını yırta-yırta bağıran, çığıran, qarıldayan qadınlar kimi var gücüylə qışqırdı: Urr-ruk, a-damlar! kəndçilər, boğ-ul-anlar! Zen-i bağladılar! Onu Nuama bağladı, hacı İbrahimin qızı Nuama bağladı!

O, qışqıra-qışqıra bunları dedi və ağzına su alıb susdu. Araya ölü bir sükut çökdü. Bu vaxt Seyfəddinin məscidin minarəsindən möminləri axşam namazına çağıran azan səsini eşitdilər. İmamın daha bir qələbəsi!

Dostların arasında yüngül bir canlanma başladı. Məhcub öskürdü, Əhməd İsmayıl qeyri-iradi olaraq ayaq barmaqlarını tərpətdi, Əbdül-Hafiz köks ötürdü, Ət-Tarix ər-Rəvvasisə yüngülcə arxaya çəkildi. "Şəhadət verirəm: allahdan başqa tanrı yoxdur”, deyə Səid müəzzinin ardınca burnunun altında donquldadı. Həməd Vad ər-Rəissə ovcunun içində olmayan qumu üfürürdü.

Azan səsi gələndə onlar məscidin həyətində dayanmış imamın çağırışını eşitdilər: "İbadətə gəlin! İbadətə gəlin!” – dostlar yerindən qalxıb şam eləmək üçün evə yollandılar. Yaxşı adamlar məsciddə birgə namaz qıldıqları kimi, onlar da Səidin dükanından düşən fənərin işığıyla kölgələnmiş bol, dolu podnosların ətrafında əyləşib birlikdə şam edirdilər. Yola saldıqları iş günü ərzində dəfələrlə alnının tərini silən kişilərə xas bir iştah və ləzzətlə yeyirdilər. Bu gün şama qızardılmış toyuq, gülxətmi şorbası, balaca küpədə bişirilmiş bamiya[5] var idi. Hər axşam onlardan hansısa biri ya bir quzu, ya da toğlu kəsirdi. Uşaqları daim əllərində dolu boşqablarla qaçıb gəlir, qabı yerə qoymağa macal tapmamış, baxırsan ki, bomboşdur. Axşamın bu çağı bütün günün zirvəsidir. Arvadları məhz buna görə səhər tezdən şər qarışana kimi çalışırılar. Onlara dərin mis kasalarda bulyon və enli yumru boşqablarda qovurma hazırlayır, yumşaq buğda çörəyiylə düyü və hamar dəmir təbəqələr üstə bişirilmiş nazik şirin qoğal verirdilər. Balıq, ət, tərəvəz, soğan, bir sözlə, nə gəldi fərqinə varmadan içəri ötürürdülər. Bu zaman əzələləri gərilir, ağızlarını tam açıb qırıq-qırıq və kobud şəkildə danışırdılar. Hay-küylə yeyir, xırçaxırçla çeynəyirdilər. Suyu lortuldadırdılar. Bərkdən gəyirir, su bardağını acgözlüklə başlarına çəkib hörtdədir, sonra dodaqlarını yalayırdılar. Bütün boşqablar boşalandan sonra çay gəlir, stəkanlara süzülür. Hərəyə bir siqaret yandırır, sümürür, ayaqlarını altlarından çıxardıb payəndazın üstünə sərilirdilər. Dostlar öz ibadətlərini başa çatdırır – şam yeməyini yeyib qurtarırdılar. Sonra elə rahat, elə inamla söhbət edirdilər ki, yəqin, imamın arxasındakı cərgədə çiyin-çiyinə dayanaraq gözlərini dualarının müstəcəb olduğu uzaqlara, tutqun işıq gələn müqəddəs nöqtələrə dikən ibadətçilər kimi məhrəm, xoş duyğular yaşayırdılar... Bu anlarda Məhcub yumşalır, dalğın baxışları lampa işığının qırıldığı, zülmətin başladığı solğun, qeyri-müəyyən yerlərdə süzürdü. İşığın sərhədləri hardadır? Qaranlıq necə çökür? Məhcub bu suallar qarşısında elə dərin sükuta qərq olurdu ki, nə qədər çağırsan cavab verməyəcək. Belə dəqiqələrdə Vad ər-Rəis bir kəlmə söyləyirdi: "Rəhmini bizdən əsirgəmə, allah! ..” Əhməd İsmayılsa başını yüngülcə çaya tərəf əyirdi – sanki ona qulaq asırdılar. Əbdül-Hafiz sakitlikdə barmaqlarını şaqqıldadlr, Ət-Tahir ər-Rəvvasi bütün sinəsiylə dərindən nəfəs alıb deyirdi: "dayan zaman, bizi öz qanadlarına götür!...”

Bu vaxt onlar nə hiss eləyirdilər? Həmin nöqtəyə yaxınlaşmaq? Yoxsa elə başa düşürdülər ki, bu nöqtə hardasa ortalarda qərar tutmuş tutqun, ölü nöqtədir, həyatın qurtardığı, insanın yolunun bağlandığı bir yerdir? Axı...



[1] 197.75 litrə bərabər ölçü vahidi.

[2] Qutunun üstündə dənizçi şəkli olan "John Players” markalı ingilis siqareti.

[3] Ulduzların Buğa bürcünə yığılması.

[4] Ərəblərdə ratl 450 qrama bərabər çəki vahidi.

[5] Bamiya – Əməköməci, balbay.


Yazının əvəllini BURADAN oxuya bilərsiniz