adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
20 Sentyabr 2017 12:58
19979
ELM VƏ TƏHSİL
A- A+

UNEC rektoru prezident təqaüdçüləri ilə görüşüb

UNEC rektoru, professor Ədalət Muradov 2017/18-ci tədris ilində UNEC-ə qəbul olan 17 prezident təqaüdçüsü ilə görüşüb.

Adalet.az xəbər verir ki, qəbul imtahanlarında yüksək nəticə göstərmələri münasibətilə tələbələri təbrik edən rektor, onlara təhsillərində uğurlar arzulayıb.

Ölkənin hərtərəfli inkişafında savadlı və bacarıqlı gənclərin mühüm rol oynadığını vurğulayan Ə.Muradov tələbələrə peşəkar mütəxəssis olmaqla yanaşı, vətənini və millətini sevən layiqli vətəndaş kimi formalaşmağı tövsiyə edib. Prezident təqaüdünə layiq görülməklə və UNEC tələbəsi adını qazanmaqla onların öz yaşıdlarına örnək olduqlarını qeyd edib.

II ixtisas qrupu üzrə prezident təqaüdünə layiq görülənlərin 74%-nin UNEC tələbəsi olduğunu diqqətə çatdıran rektor bu tələbələrin Beynəlxalq İqtisadiyyat Məktəbini seçməsinin təsadüfi olmadığını bildirib: "Beynəlxalq İqtisadiyyat Məktəbi iki il öncə yaradılmasına baxmayaraq, ölkənin ən tələb olunan fakültəsi hesab edilir. Fakültənin ötən ilki məzunlarından 85%-i universiteti bitirəndən dərhal sonra işə düzəlib. Bundan başqa, Beynəlxalq İqtisadiyyat Məktəbinin Muhasibat uçotu ixtisası ACCA (The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) tərəfindən tam akkreditasiya qazanmaqla, tələblərə ACCA imtahanlarından azadolmalar təqdim edir”.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələblərin icrası istiqamətində UNEC-də həyata keçirilən yeniliklərdən söz açan rektor London Universiteti/London İqtisadiyyat Məktəbi və Monpelye Universiteti ilə uğurlu əməkdaşlıqdan bəhs edib. UNEC-də bu ildən icrasına başlanılan Universitet Daxili İki Diplom (UDİD) proqramı barədə məlumat verib. Bildirib ki, tələbələr UDİD proqramına qoşulmaqla 4 il ərzində iki ixtisasa yiyələnərək əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edəcəklər.

Tələbələrə elmi-tədqiqat işlərində, startap layihələrində fəal olmağı tövsiyə edən rektor onları beynəlxalq olimpiadalarda, konfranslarda iştirak etməyə, UNEC-in mübadilə proqramlarından faydalanmağa çağırıb.

Sonda prezident təqaüdçülərinə xatirə hədiyyələri təqdim edilib.