adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Sentyabr 2017 16:10
15761
SİYASƏT
A- A+

Milli Məclisdə deputatlara çağırış edildi: “Sinəmizi sipər etməliyik”

"Azərbaycanın ikinci dəfə müstəqilliyini bərpa etməsindən 26 il keçməsinə baxmayaraq, hələ də ölkəmizə qarşı təhdid və təhlükələr mövcuddur”.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov komitənin iclasında deyib.

Komitə sədri bildirib ki, növbəti il Azərbaycan dövlətçiliyinin 100 illiyi yüksək səviyyədə qeyd olunacaq.

"Azərbaycan ikinci dəfə müstəqilliyini əldə edib. 26 ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstərsə də, ölkəmizə qarşı təhdid və təhlükələr mövcuddur. Ona görə də ayaqda olmalıyıq”- deyə o vurğulayıb.

Deputat bildirib ki, son dövrlərdə bəzi beynəlxalq təşkilatlar, dövlətlər, lobbilər tərəfindən Azərbaycana qarşı müəyyən təxribat xarakterli addımlar atılır.

Bir neçə gün bundan öncə "Azəri-Çıraq-Günəşli” yatağı üzrə müqavilənin yenilənməsinə və müqavilə müddətinin 2050-ci ilədək uzadılmasına toxunan komitə sədri deyib ki, bu sazişin Azərbaycan üçün böyük əhəmiyyəti var.

"Bəzi güclər bu müqavilənin imzalanmasına mane olmağa çalışırdılar. Ancaq ölkə başçısı İlham Əliyevin səyi nəticəsində bu müqavilə imzalandı. Mənim düşüncəmə görə, bu müqavilə Azərbaycan üçün iqtisadi firəvanlıq vəd etməklə yanaşı, Azərbaycanın müstəqilliyinin qorunmasında müstəsna rola malikdir.

Bu müqaviləni Azərbaycanın müstəqilliyinin zirehi kimi dəyərləndirirəm. Bu müqavilənin mayası bax bundan ibarətdir. Çünki bu müqaviləyə qoşulan ölkələr Azərbaycanın müstəqilliyinə qarşı olan təhdidlər zamanı Azərbaycanın müstəqilliyini müdafiə emtəyə borcludurlar”.

R.Hüseynov bildirib ki, son günlərdə beynəlxalq təşkilatların, dövlətlərin və lobbi təşkilatlarının Azərbaycana təzyiqləri təsadüfi deyil. "Çünki Azərbaycanın inkişafı bu qüvvələrin xoşuna gəlmir və ona görə də bu inkişafın qarşısını almağa çalışırlar. Onlar Azərbaycanın zəif ölkə olmasında maraqlıdırlar. Odur ki, biz deputatlar da son həftələrdə və qarşıdakı aylarda ayaqda olmalıyıq.

Fəal olmalıyıq. Kimsədən təklif gözləmədən sinəmizi qabağa verib Azərbaycanı gözləyən təhlükəyə sipər etməliyik. Bu dövr bizim üçün sınaq dövrüdür və bu tarixi dövrdə ayaqda olub, bu təhlükəni sovuşdurmağa çalışmalıyıq”.(modern.az)