ANA SƏHİFƏ / YAZARLAR

Vahiməli küçələrdə bizə bıçaq çıxardan kim idi?

21573    |   2017-09-24 16:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şəkidə dan yeri yenicə ağarır. Küçələr adamsız görünür. Mərkəzi parkda oturub kafelərdən birinin açılmağını gözləyirik. Küçə itləri yanımıza doğru gəlir, quyruq bulayırlar. Yoldaşım çantasından kəsilmiş çörək parçalarını ehmalca itlərin qarşısına qoyur. Sevinə-sevinə çörəkləri göydə qapırlar...

Dağların arxasından günəş yavaş-yavaş özünü göstərməyə başlayır. Günəşin şüaları Şəkinin prospektlərini, otellərini, səkilərini, tarixi evlərini işıqlandırır. İşıqlar çoxaldıqca insanlar da peyda olmağa başlayırlar. Əsnəyə-əsənəyə ayağa qalxıb gərnəşirik. Kafelərin birində səhər yeməyimizi yeyib, çantalarımızı belimizə bərkidib yolumuza düzəlirik.

Bu dəfəki səfərimiz adaşım Oğuz rayonunadır. Avtobus ağzına kimi doludu. Sürücünün kədərli gözləri uzaqlara tuşlanıb. Səssiz-səmirsiz siqaret sümürür. Adamlar da onun solğun bənizinə tamaşa edirlər. Pəncərədən dağları seyr edirəm. Yanımdakılar yuxulayır. Ağaclar, təpələr, çöldə otlayan atlar, inəklər film lenti kimi sürətlə ötüb keçir. Səmada buludlar çoxalır. Ürəyimdən selləmə yağış istəyi keçir...

Oğuz avtovağzalında bizi dostumuz İnanc təbəssümlə qarşılayır. Adı sizə qəribə gələ bilər. İncə, kübar bir qızdır. Atası bizim üçün oteldə 2 gecəlik məkan ayırmışdı. Oğuzluların necə qonaqpərvər olduğunu lap qabaqcadan öyrənmişdik. Otel yəhudi bir kişinindi. Çox mədəni, intellektual təsir bağışlayan otel sahibi bizə yüksək səviyyədə xidmət göstərdi. Açığı bu cür münasibəti gözləmirdik. Oğuzda hava öləzimişdi. Oteldə dincimizi alıb, çıxdıq gəzməyə.

Bu balaca rayon çox sakit, mülayim adamlarla zəngin bir yer idi. Həm də ki, yəhudi ailələri də Oğuzda məskunlaşmışdılar. Oğuzda bir ev diqqətimizi çəkirdi. Ağ eyvanlı, ağ pəncərəli, ağ pərdəli ev satılırdı. Qardaşımla bu evin qarşısından keçəndə kədərlənirdik ki, ev satılacaq. Çünki ev bizim çox xoşumuza gəlmişdi. İnanc bacısını da bizimlə tanış elədi. Birlikdə parka getdik. Qızlara qorxulu hekayələr danışır, gah da başıma gələn gülməli əhvalatları nağıl edirdim. Bir dəfə də axşam çörəyimiz yox idi. Qardaşımla düşdük Oğuzun kimsəsiz qaranlıq küçələrinin canına. Az gedik, düz getdik, qapqaranlıq bir küçəyə çıxdıq. Bu küçə vahiməli, ürküdücüydü. Səssiz-səmirsiz səkilər sükutun musiqisini bəstələyirdi. Ancaq musiqinin ritmi getdikcə ağırlaşır, qorxudurdu. Az irəlidə bir neçə oğlan sakit səs tonunda nəyisə müzakirə edirdilər. Onların başının üstündə közərən lampa işığı tez-tez yanıb sönürdü. Bu fraqmenti qorxulu bir filmdə görmüşdüm. Beynimdən bir fikir maşın kimi şütüdü. Bunlardan biri arxamızdan gələcək. Qorxmamalı, bacardığımız qədər soyuqanlı olmalıyıq - deyə düşündüm. Qardaşıma fikir verdim. Dünya onun vecinə deyildi. Gözləri aylı-ulduzlu səmada gəzirdi. Yanlarından ötüb keçdik. Arxadan bir oğlan tələsik gəlirdi. İşıqlaşan küçəyə tərəf döndük. Oğlan da bizim arxamızca. İçimdə dedim, bu bizə bıçaq zad çıxardacaq. Bizə yaxınlaşanda dilləndim ki, qardaş burda çörək zavodu hardadı? Dedi, elə mən də ora gedirəm. Küçənin tinində işıqlar daha da gurlaşdı. Oğlanın üzü aydın göründü. Üzdən eynən futbolçu Sabri Sarıoğluna bənzəyirdi. Bu oğlan istiqanlı, mehriban, canayaxın biri idi. Çörək zavodunun qapısı bağlıydı. İçəriyə səsləndik xeyri olmadı, qapını bərk-bərk döydük, səs çıxmadı. Bir müddət gözlədik. Qardaşım "açıl susam, açıl" deyən kimi dəmir qapı üzümüzə açıldı. Üçümüzdə qımışdıq. Çörəkçi oğlan narazı sifətdə çölə çıxdı. Salamlaşıb, bir siqaret alışdırdı.

- Bu yayın cəhənnəmində burda işləyənin ağlı yoxdu.

Çörəkçi oğlan deyinməyində olsun, biz də otelə tələsək. Ancaq bir şeyi də qeyd edim ki, bizi otelə taksi apardı. Bir qəpik də almadı.

Səhəri gün dostumuz Vüsal Oğuz otelə təşrif buyurdu. Bizi Xalxal kəndinə apardı. Elə bil nağıllar aləminə düşmüşdük. Dağın ətəyində şəlalə, şırhaşır axan çay, tər-təmiz hava bizi meyxoşlandırdı. Diqqətimi adamlar çəkdi. Heç biri təbiətin gözəlliyindən zövq almırdı. Hamı bir əldən telefonlarıyla selfi edir, dünyadan təcrid olurdular. Ərəblər burda da gözə dəyirdi. Şəhərdən qaçsaq da burda da ərəblərlə qarşılaşmışdıq.

Meşədə gəzərkən Vüsal Oğuz barmağıyla işarə edib yekə bir daş göstərdi. Dedik bu nədi? Cəlil Cavanşir (red. şair Cəlil Cavanşir) gətirib dedi. Qımışdıq. Ağacların nəfəsi, quşların cikkiltisi elə bil beynimizin içində səslənirdi. Sehirli aləmə düşmüdük.

Sağ olsun Vüsal Oğuz ki, bizi Oğuzun ən gözəl yerləri ilə tanış elədi, gəzdirdi.

Ancaq axşam olurdu, getmək vaxtıydı. Bu gecə Oğuzda son gecəmiz idi...

ardı olacaq...


İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK