adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Sentyabr 2017 10:49
16259
ƏDƏBİYYAT
A- A+

İnsan ən vəhşi heyvandır

Bir qurd ovçular tərəfindən meşədə sıxışdırılır. Qurd meşədə ora-bura qaçsa da, arxasınca gələn ovçuları aldada bilmir. Canını qurtarmaq üçün durmadan qaçır, nəfəsi tükənmiş halda, heydən düşən qurd kəndliyə rast gəlir. Kəndli əlində yabası tarlasına tərəf gedir. Qurd kəndlinin qarşısında diz çökərək yalvarmağa başlayır:

- Ey insan, nə olar, mənə kömək elə, arxamca gələn ovçulardan qaçmaqdan taqətim qalmayıb. Kömək etməsən, tutub məni öldürəcəklər.

Kəndli bir az düşündükdən sonra əlindəki boş çuvalı açaraq qurdun bura girməsini deyir. Qurdu çuvala salıb ağzını bağlayır. Çuvalı çiyninə bərkidib yoluna düzəlir.

Bir neçə dəqiqədən sonra kəndli ovçularla rastlaşır. Ovçular kəndlidən bu tərəflərdə bir qurd görüb-görmədiyini soruşurlar. Kəndli "yox, görmədim", - deyir. Bir az keçir, gözləyir, ovçuların getdiyindən əmin olduqdan sonra çuvalın ağzını açaraq qurdu çölə buraxır.

Qurd:

- Çox sağ ol, mənə böyük bir yaxşılıq etdin.

Kəndli:

- Mən heç nə etmədim, deyərək tarlasında işləmək üçün yoluna davam edir.

Qurd kəndlini saxlayaraq deyir:

- Bir dəqiqə getmə. Xeyli vaxtdır ovçulardan qaçıram, aclıqdan yol yeriməyə halım yoxdur. Qüvvət toplamaq üçün nəsə yeməliyəm. Burada səndən başqa yemək yoxdu.

Kəndli gözləri bərəlmiş halda deyir:

- Elə şey olar? Mən sənin həyatını xilas elədim.

Qurd:

- Edilən yaxşılıqdan tez unudulan bir şey yoxdur. Mən də sağ qalmaq və yoluma davam etmək üçün səni yeməliyəm və etdiyin yaxşılığı unutmaq məcburiyyətindəyəm.

Bu söhbətdə kimin haqlı olduğunu anlamaq üçün qarşılarına çıxacaq üç canlıdan bu məsələdə kimin doğru olduğunu öyrənmək qərarına gəlirlər.

Az gedirlər, dərə-təpə düz gedirlər, qarşılarına birinci meşədə yaşlanıb, əldən düşmüş bir at çıxır. Əhvalatı ata nağıl edib cavabını soruşurlar. At dillənir:

-Mən illər boyunca sahibimin qulluğunda dayandım, arabasını çəkdim, çoxlu dayçalar doğdum və illər boyu gəzdirdim. Yaşlandıqdan sonra bir işə yaramadığımı görüb, məni burada tək qoyub getdi...

Bu cavab qurdun xeyrinə olduğundan sevinərək yola davam edirlər.

Qarşılarına çıxan itdən soruşurlar:

-Mən sadiqliyimin dəyərini görən bir sahib görmədim. İllər boyu qulluğunda dayandım, qoyun-sürülərini qorudum, yad adamları yaxına buraxmadım. Amma o məni hər gün vurdu, incitdi...

Qurd üzünü kəndliyə tutaraq deyir: Gördünmü?!

Kəndli çırpınaraq sonunun yaxınlaşdığını hiss edir və deyir:

- Axı biz üç canlıdan soruşacağımızı demişdik.

Yollarına davam edirlər. Bu dəfə qarşılarına tülkü çıxır. Kəndli və qurd hadisəni tülküyə danışırlar. Tülkünün qurda olan nifrəti burada özünü göstərir. Bic tülkü dilə gəlir, deyir hər şeyi başa düşdüm amma sənin ovçulardan qaçmaq üçün bu çuvala necə girdiyin heç ağlıma batmadı.

Qurd nə desə də tülkü inanmır. "Gözümlə görməsəm, inanmaram" - deyir.

Çox çək-çevirdən sonra qurd tülkünü inandırmaqdan ötrü çuvala girir. Qurdun çuvala girdiyini görən tülkü tez kəndliyə göz-qaş edir ki, çuvalın ağzını bağla. Kəndli çuvalın ağzını bağlayaraq əlinə bir daş alıb qurdu yaxşıca əzişdirir.

Kəndli sonra Tülküyə üzünü tutub deyir:

-Sənə minnətdaram, bu qurddan məni xilas etdin.

Tülkü:

-Sevərək etdim.

Bu an kəndlinin gözü tülkünün qalın, gözəl görünüşlü dərisinə sataşır. Özlüyündə düşünür ki, bu dərini satsam yaxşı pulum olar. Əlindəki daşı tülkünün başına vuraraq öldürür.

Sonra çuvalın içində olan qurdu təpiklə vuraraq deyir:

-Düz deyirsən Qurd, "Həyatda edilən yaxşılıqdan tez unudulan bir şey yoxdur".

Günümüzdə yaxşılıq edib, əvəzində pislik görən insanların sayı daha çoxdur. İnsanlar yaxşı ya pis olmağı özləri seçir. Edilən yaxşılığı unutmayaq!

Tərcümə etdi:

Sübhan Mahmudov