adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

TALEYİNİN ŞAİRİ

6463 | 2017-09-16 09:30
Rafiq Yusifoğlu,
şair, Əməkdar mədəniyyət işçisi,
filologiya elmləri doktoru,
professor.

Ədəbiyyata XX əsrin yetmişinci illərində gələn, 25 il ədəbi fəaliyyətdə olan, vaxtsız dünyasını dəyişən, özündən sonra "::İydə çiçəyi"::, "::Üçtəpə bayatıları"::, "::Allı qız, ballı qız, xallı qız"::, "::Ağ saçların işığı"::, "::Qara ilə qaracanın nağılı"::, "::Deyə bilmədiyim sözlər":: adlı poeziya, "::Atlı oğlanlar":: adlı nəsr, "::Ölüsü ilə ərəbcə, dirisi ilə rusca":: adlı lətifələr kitabını, hələ çap olunmamış nə qədər əsərlər yadigar qoyub gedən istedalı şair, nasir, jurnalist, publisist Eldar Baxışın yaradıcılıq yolu zəngin, çoxşaxəlidir. O, hər şeydən əvvəl, öz taleyinin, bənzərsiz ömür yolunun şairi idi...
Eldar Baxış "Əli Qara oğlunun tabutu başında":: şeirini aşağıdakı misralarla bitirirdi:

Hövsələmiz çatacaqmı
səksən iki il oturub
bizi öldürəcək
o böyük ağrının
yolunu gözləməyə?

Poeziyası təpədən-dırnağa ağrıyla, əzabla yoğrulan, daima narahat Eldar Baxışın hövsələsi çatardımı 82 il o ağrının yolunu gözləməyə? Bu ağrı ömrünün qırx doqquzuncu baharında yaxaladı onu. Bu ağrı onun Müskanlı kəndindən başlayıb, Xırdalan qəbiristanlığında sona çatan ömrünün daimi yol yoldaşı oldu...g
Eldar atasını uşaq ikən itirmiş, yetimçiliklə böyümüş, ali məktəbi bitirmiş, Güzdəkdə müəllim, radioda, televiziyada redaktor, "::Səs":: qəzetində, radionun uşaq verilişləri redaksiyasında baş redaktor vəzifələrində işləmişdi.
Eldar özü ipə-sapa yatan adam olmadığı kimi, onun şeirləri də çevikdir, şıltaqdır, ancaq mərddir, inadkardır, döyüşkəndir... Eldar bir az Çili müğənnisi Viktor Xaraya bənzəyirdi, bir az fələstinli şair Muin Bsisuya, Mahmud Dərvişə, Nazim Hikmətə, Valexo Sassara, Sarı Aşığa, Qarsia Lorkaya, Məhəmməd Hadiyə, bir az da Səməd Behrəngiyə... Ancaq Əkrəm Əylisli demişkən, Eldar Baxış öz sözünün, öz qəlbinin, öz taleyinin şairi idi...g
Eldar Baxışın poeziyasında ən aparıcı mövzulardan biri də ölümdür. Bu da təsadüfi deyildi. Ata ölümündən tutmuş övlad ölümünə qədər, ona doğma olan şairlərin ölümündən tutmuş öz ölümünə qədər bütün ölümlər sınağa çəkmişdi onu. Bəlkə elə buna görə idi ki, son ucu ölümlü dünyaya həmişə ayıq, filosofanə bir nəzərlə baxırdı: "::Nəsə, nəsə çatmır bu yer üzündə, ölüm-itim çatır ancaq hamıya"::... "::Tale şeirləri":: - şairin qızı Şeydanın, oğlu Andayın, Qasım Qasımzadənin oğlu Fəxrəddinin nakam ömürlərinə həsr edilsə də, bu şeirlərin hamısı əslində ölüm haqqında fəlsəfi düşüncələri idi şairin. Viktor Xaranın, Muin Bsisunun, Məhəmməd Hadinin, Səməd Behrənginin... ölümündən yazanda da Eldar elə bil özünü şərəfli, ləyaqətli bir ölümə hazırlayırmış. "::Qara göz yaşları":: şeirindən: "::Qara torpaqdasan, ağ kəfəndəsən"::...
Eldar Baxış namuslu qələmi ilə özünü şərəfli ölümə hazırlamışdı. Bu qələm neçə-neçə ölməz şeirlərin, poemaların, nəsr əsərlərinin, publisist yazıların memarı idi...
Ömür qısa olsa da, söz uzundu... Şairin ömrü isə söz ömrü ilə ölçülür...
Həyatını xalqımızın azadlıq uğrunda mübarizəsinə, ədəbiyyatımızın inkişafına həsr edən bu namuslu, istedadlı qələm sahibinin yaradıcılıq nümunələri indi də öz aktuallığını saxlamaqdadır.
Yeni nəsil bu istedadlı qələm sahibini tanısın deyə onun həyatının müəyyən məqamları haqqında danışmaq ehtiyacı var... Eldar Baxış 1947-ci il iyun ayının 22-də Qubadlı rayonunun Diləli Müskanlı kəndində anadan olmuşdur. Atası Baxış kişini erkən yaşlarından itirən Eldar anası Şeyda xanımın himayəsində böyümüş, ev işlərində ona yardımçı olmuşdur. Hələ uşaq yaşlarından zəhmətlə məşğul olması onun xarakterini formalaşdıran başlıca amillərdən birinə çevrilmişdir. Öz uşaqlıq yoldaşları ilə Bərgüşad çayında çimən, balıq tutan Eldarın ürəyinə ilk poeziya qığılcımını salan da elə Qubadlının füsunkar təbiəti, dağları, meşələri, çayları, bulaqları olmuşdur.
İbtidai təhsilini öz kəndlərində alan Eldar sonralar bütün kənd uşaqları kimi öz təhsilini Qubadlıda - rayon mərkəzində davam etdirmişdir. Rayonun ayrı-ayrı kəndlərindən təhsil almaq məqsədilə Qubadlıya gələn uşaqlarla ünsiyyəti, təcrübəli müəllimlərdən dərs alması, mütaliəsi onun dünyagörüşünün yeni istiqamətdə formalaşmasına zəmin yaratmışdır. Hələ orta məktəbdə oxuyarkən Eldarın humanitar fənlərə marağı müəllimlərin diqqətini cəlb etmişdir. Tarixi hadisələrlə daha çox diqqət yetirməsi onun həyat yolunun axarını yeni istiqamətə yönəltmişdir. 1965-ci ildə Qubadlı qəsəbə orta məktəbini bitirən Eldar Baxış tərəddüd etmədən öz sənədlərini o zamankı Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə vermiş, yaxşı qiymətlər aldığına görə adı tarix fakültəsinin tələbələri siyahısına daxil edilmişdir. Bakı mühiti, universitet mühiti adi kənd uşağının bir şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynamışdır. Eldar o günlərin poetik əksini "::Gözünə döndüyüm Bakı şəhəri":: şeirində maraqlı, orijinal ştrixlərlə verə bilmişdir.
(ardı gələn sayımızda)

TƏQVİM / ARXİV