adalet.az header logo
  • Bakı 16°C

SÖZ RUHUN ÖLÇÜSÜDÜR

7350 | 2017-09-16 09:18
Vaqif İsaqoğlu,
Prezident
təqaüdçüsü
O, sözlə nəfəs alır, həm də sözə nəfəs verir. Sözün çəkisini hiss eləyir, rəngini görür, məna çalarlarını dərindən-dərinə duyur. Bu, onun vəzifəsidir, özü də müqəddəs bir vəzifəsidir. Bu "vəzifəni" ona Tanrı verib və o da Tanrının missiyasını vicdanla yerinə yetirir. Başqa cürə də ola bilməz, çünki Tanrı ona inandığına görə pıçıltılarını qələmə almağı həm də ona həvalə edib. Söhbət Vaqif Bəhmənlidən gedir.
Bəli, o, şeir yazmaq üçün dünyaya gəlib. Məhz ona görə də var-dövlətdən, vəzifədən heç vaxt dördəlli yapışmayıb, qələmdən yapışıb. Onun var-dövləti şeirləridi. Qələmindən damla-damla kağıza səpələnən sözlər isə qiyməti olmayan xəzinədi. Vaqif Bəhmənlinin qiyməti olmayan söz xəzinəsi onun çap etdirdiyi və oxuculara ünvanladığı kitablarında "gizlənib". Bu kitabların hərəsi bir dünyadır, Vaqif Bəhmənlinin dünyasıdı. Bu dünyanın qapısını açıb içəri boylanmaq istəyirəm. İstəyirəm ki, halal bir şairin halal qələmindən yaranan halal dünyasından söz açım. Söz aça biləcəyəmmi? Bilmirəm.
Vaqif Bəhmənlinin söz dünyası ağappaq nura bələnib. Onun İlahi nurdan yaranan söz dünyası söz ətrinə bələnib. Söz ətrini hava kimi ciyərlərimə çəkirəm, içim ağappaq işığa bürünür, ürəyim fərəhlə, sevinclə döyünməyə başlayır. Şairin söz dünyasının sehrinə düşdüyümü anlayıram. Həm də ovsunlanmış kimiyəm. Bu sehrdən, bu ovsundan çıxa bilmirəm. Sözlər, misralar "əl-ələ verib" məni öz əhatə dairəsində saxlayır. Sözlərin cazibə qüvvəsindən çıxmağın asan olmayacağını hiss edirəm.
Şairin söz dünyası ilə yaxından tanış olduqca heyrətlənməyə bilmirdim. Bilmirdim ki, sözün təsir qüvvəsi bu qədər güclü olar. Və mən şair sözünün gücünü, qüvvəsini, əzəmətini, hökmünü hiss etdikcə təəccüblənirdim. Niyə? Çünki Vaqif Bəhmənlinin sözünün gücü onun özündən güclüydü, sözünün kəsəri qılıncdan kəsərliydi, sözünün əzəməti dağdan əzəmətliydi. Görəsən onun sinəsində döyünən yumruq boyda bir ürəkdən süzülüb axan sözlər bu qədər gücü, bu qədər əzəməti, bu qədər itiliyi... haradan alırdı? Görəsən sözünün ağırlığı dağdan ağır olan şair bu sanballı, bu əzəmətli sözləri hansı ilahi qüvvədən alırdı? Deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, o dünyaya yazmaq üçün, sözlə oynamaq, sözlə əlləşmək üçün gəlib. Məhz ona görə də, o, anadan şair doğulub.
Şair adının yükü çox ağırdı. Həm də çəkiləsi mümkün olmayan dərdlər şair ürəyinə yığılır və orada cücərməyə başlayır. Bu dərdlər şair ürəyində cücərib boy atır, sonra da başlayır çiçəkləməyə. Çünki şair ürəyi xeyirxah olur. Xeyirxah ürəksə çiçəkləməyə bilməz.
Vaqif Bəhmənlinin ürəyində dünyanın hər dərdi var. Bu dərdi onun şeirlərində də boy göstərir.
Vaqif Bəhmənlinin ürəyində dünyanın hər sevinci var. Bu sevinci onun şeirlərində də duymaq mümkündür.
Şair ürəyində həm dərd, həm də sevinc yaşayır. Dərd sevincə, sevinc dərdə mane olmur. Mehriban dolanırlar.
Vaqif Bəhmənlinin ürəyində həm də təmiz sevgi var, ülvi məhəbbət var. Bu sevgi bütün insanlaradı, yurd yerinədi, Vətən torpağınadı. Vətənin hər qarış torpağını, hər qara daşını, quru çöpünü belə müqəddəs bilən şairin ürəyində bulaq kimi qaynayan sevginin tükənməyəcəyi bəllidir.
Ürəyinin "qapılarını" taybatay açan, hamını məhəbbətlə salamlayan, dost kimi əllərini sıxan şairin söz dünyasından söhbət açmağın məsuliyyətini də dərk edirəm. Çünki sözün məsuliyyətini bilən, sözü dərindən-dərinə duyan, bir sözü havayı işlətməyən Vaqifin söz dünyasından söhbət açmaq üçün gərək şairin sözü kimi özünü də duyasan. Şair ürəyinin döyüntülərini eşitmədən, qəlb çırpıntılarını duymadan onun söz dünyasından söhbət açmaq müşkül məsələdir.
Vaqif Bəhmənlinin sözü kimi ürəyi də təmizdir. Mən bu təmizliyi onun gözlərində gördüm. Dünya şairin gözlərində tamamilə başqa rəngdədir, başqa formadadır, başqa ölçüdədir. O, bu dünyanı hamı kimi yox, özü kimi görür. Onun gördüklərini şeirlərində mən də görə bildim. Gördüklərimi, duyduqlarımı yazmağa çalışacağam. Həm də çalışacağam ki, şair Tanrının pıçıltılarını qələmə aldığı kimi, mən də ürəyimdən gələn səsləri sözə çevirib, necə varsa, eləcə də vərəqlərə köçürüm. Həm də çalışacağam ki, sözünün istisinə qızındığım, özünün işığına üz tutduğum şairin könül duyğularını, yaşadığı hiss və həyəcanlarını, fikir və düşüncələrini... oxuculara ərz eləyə bilim. Yaxşı bir şairdən yaxşı söz demək üçün yaxşı-yaxşı fikirləşməli oldum. Özümü şairin söz dünyasına köklədim. Özü də saz kimi köklədim.
Vaqifin kitablarını bir-bir vərəqlədim. Hər kitab şair ruhunun toplusu idi. Bu toplularda milli bədii təfəkkürümüzün təzə qatlarını açan Vaqif Bəhmənlinin şirin illüziyalara uymadığını gördüm, sözün duyğu ölçüsünü, ictimai çəkisini dərindən bildiyini hiss elədim. Hiss elədim ki, minilliklərdən gələn Azərbaycan şeirinin ən gözəl yaradıcılarından biri ilə - sözün məna yükünü öz çiyninə götürən, qəlbinin ən ağrılı, ən doğma hisslərini bəyan edən, əsl söz sərrafı olan Vaqif Bəhmənli dünyasının işığına qərq olmuşam; qaranlıqda işığı görən, "isti" sözündə "sərini" duyan, zəhmətdə xoşbəxtliyi, əməkdə hünəri hiss eləyən bir insanla onun kitabları vasitəsilə ünsiyyət qurmuşam.
İnsanların səadəti, xoşbəxtliyi uğrunda gedən savaşda öz payını verən Vaqif Bəhmənlinin söz dünyasındayam.
Bu dünyada havada uçuşan səsləri eşidirəm. Sən demə çiçəyin də, yarpağın da, daşın da, torpağın da səsi varmış.
Mən bu səsləri eşidirdim. Eşidirdim ki, çiçək çiçəklə, daş daşla, yarpaq ağacla, sünbül torpaqla, torpaq günəşlə, qağayılar dənizlə pıçıldaşır. Onlar bir-birilə pıçıldaşaraq dünyanın işlərindən söhbət açırlar... Bu söhbətin nədən getdiyini şairin şeirlərində də eşitmək mümkündür. Bunun üçün gərək istək olsun. Özü də dəlicəsinə istək olsun və bu istəklə də misralarda "gizlənmiş" fikirləri, mənaları, fəlsəfi düşüncələri... axtarıb-tapmaq lazımdır.
SÖZÜN DƏ RUHU VAR

Vaqif Bəhmənli şairdir. Şair - xalq ruhunun ölçüsüdür.
Vaqif Bəhmənli söz adamıdır. Sözün də ruhu var. Ruhu olmayan söz, ölü doğulmuş uşaq kimidir, yaşaya bilməz. Vaqif Bəhmənlinin sözləri diridir, canlıdır, sanki ürəkdir, döyünür. Sadəcə olaraq bu döyüntüləri eşitmək lazımdır. Havada uçuşan səsləri eşitməyən, sözün ürək kimi döyündüyünü necə eşidə bilər?
Şair havada uçuşan səsləri həssaslıqla eşidir və çox asanlıqla o səsləri şeirə çevirə bilir.
O, sözlə ülfət bağlayıb, sözə könül verib və sözə o qədər ürəkdən vurulub, sözə o qədər dəyər verir ki, söz də onun bu sevgisinə, bu istəyinə etinasız qalmır, inci kimi ürəyindən süzülüb durna qatarı kimi ard-arda düzülür. Bu "durna qatarından" bir sözü ayırsan bu "durna qatarı"nın səfi pozular, sözlər sapı qırılmış mirvari dənələri kimi dağılar...

Ana, mənə adın qənim,
Qədrini bilmədim sənin.
Sən yolumda öldün mənim,
Yolunda ölmədim sənin.

Söz kəpənək kimi şairin ürəyindən uçub kağızın üstünə qonur və başlayır yaşamağa. Aylar, illər keçir və şairin sözü qocalmır, öz təravətini, şuxluğunu, gözəlliyini qoruyub-saxlayır. Yayın istisi, qışın şaxtası, payızın yağışı, Bakının küləyi...onun şeirlərini soldura bilmir. Dolu da yağsa, dağlar yerindən oynasa da onun şeirləri yaşayacaq, nəsillərdən-nəsillərə, dillərdən-dillərə keçib şairin özünü də yaşadacaq.
Vaqif Bəhmənli şeir yazmır, şeir onun ürəyində doğulur, özü də göyçək doğulur, məna dolu fikirlərlə doğulur.
Hər doğulan şeir, hər doğulan uşaq kimidir. Çirkini də olur, gözəli də... Şikəsti də olur, sağlamı da... Könül oxşayanı da, ürəyə xoş gələni də olur, xoş gəlməyəni də...
"Ağıllı" şeir, ağıllı uşaq kimidir, hamı tərəfindən sevilir.
Vaqif Bəhmənlinin poeziyası - təmiz ürək poeziyasıdır. Bu poeziyada gözəllik var, sevgi və məhəbbət var, həsrət var, ayrılıq var, qəm və kədər var. Onun hər şeiri sakit təbiətli, mülayim xasiyyətli insan kimidir. Çığır-bağır salmaz, heç kimin zəhləsini tökməz, xətrinə dəyməz, dindirsən dinər və səninlə könül söhbəti eləyər və bu söhbətdən mənəvi zövq alarsan, işıq selinə bürünərsən, bulaq suyu kimi durularsan, saflaşarsan, çünki Vaqifin şeirlərinin təsir gücü çoxdur və bu şeirlər adamın qolundan tutub xoşbəxt gələcəyə doğru aparır.
Şairin şeirlərini duymaq, hiss eləmək, misralardan "boylanan" məna və fikirləri açmaq o qədər asan olmasa da, çətin də deyil; çətini şairin söz dünyasına daxil olmaqdı, daxil oldunmu, hər şey gözlərin qarşısında gözəl bir mənzərə kimi açılacaq və sən özünü tamamilə başqa bir dünyada hiss edəcəksən. Onun dünyasında saflıq var, halallıq var, düzlük və təmizlik, dostluq və qardaşlıq, sevgi və məhəbbət var; şairin söz dünyasına daxil olanlar, ürəyində yuva salmış dərdin, qəmin yaz qarı kimi əridiyini hiss edəcək. Hiss edəcək ki, canına bir istilik yayılır. Bu istilik qorxunu, nifrəti, qəzəbi paxıllığı... yavaş-yavaş əritməyə başlayır. Qorxunun yerində igidlik, nifrətin yerində məhəbbət, qəzəbin, paxıllığın yerində mehribanlıq, xeyirxahlıq baş qaldırır. Bu gözəl hisslər ürəyini bürüdükcə dünyanın rəngi dəyişir və daha gözəl olur. Dünya gözəl olduqca yaşamaq da şirinləşir və yaşamağın gözəl olduğunu bir daha dərk eləyirsən.
Vaqif Bəhmənli bəlkə də tanıdığım yeganə şairdir ki, onun şeirlərinin arxasında maddiyyat yox, mənəviyyat dayanır. Onun nə özü, nə də sözü maddiyyata söykənməyib, mənəviyyata söykənib. Mənəviyyata söykənmək Tanrıya söykənmək deməkdir. Tanrıya söykənmək üçün gərək mələk kimi təmiz və saf olasan. Bu təmizliyi, bu saflığı əvvəlcə Vaqif Bəhmənlinin sözündə, sonra da özündə gördüm. Həm də əsl şair gördüm. "Şeir yazmağın siqaret çəkməkdən asan olduğu bir dövrdə" (Məmməd Araz), əsl şair olmaq zor işdir. Şair həm də xalqın ağrılarının ifadəçisidir. Xalqın ağrılarını Vaqif Bəhmənli də yaşayıb və yenə də yaşayır. Onun yaşadığı ağrılar şeirlərinə də hopub.

Ağlatma anamı, ağrı,
Bir də gördün yox olmuşam...
Ağrıtma canımı, ağrı,
Mən ki, səndən doğulmuşam!

Şair həm də xalqın sevincilə sevinir, kədəriylə kədərlənir və bu kədəri ürəyində gəzdirir. Xalqın kədəri sevincindən həmişə çox olub. Məhz ona görə də Vaqif Bəhmənlinin ürəyində kədər daha çox "məskunlaşıb".

Qəm dərin dəryadı gedib dərinə,
Sözün ağrısını yaxşı duyuram.
Sətirlər sonunda nöqtə yerinə
Bir damla qanlı göz yaşı qoyuram
- Mən belə yazıram şeirlərimi...

Və yaxud bu misralara diqqət yetirək:

Yağı çıxdı bağ-baxçamın döşünə,
Allah, bizdən nə qalacaq nişana?
Səni sıxım gül bağrımın başına,
Al-qanımda ya yarpaqla, ya çürü!..

Elim itdi, obam itdi, iraq oy...
En qoluma, kəllələr kəs, yaraq ol!
Qələm qardaş, kor gözümə çıraq ol;
Gün işığı itiyimi göstərməz!

(ardı gələn şənbə sayımızda)

TƏQVİM / ARXİV