İlk zəng

NİCAT NOVRUZOĞLU
46239 | 2017-09-16 00:10
15 sentyabr ölkəmizdə bilik günü kimi qeyd olunur. İlk zəng gününz mübarək!

Mənim də övladım bu il 1-ci sinfə qədəm qoydu. Allah bütün balalara qismət eləsin. Yola saldım Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səudiyyə İnkişaf fondu tərəfindən tikilmiş 308 №-li tam 
orta məktəbə.

Bu il daha nikbinik. Çünki ilimiz təhsildə keyfiyyət ilidir. Hətta bununla əlaqədar müvafiq fəaliyyət planı da təsdiq olunub. Bu sevindiricidir.

Bu gündə bir başqa hiss də var. Valideyn kimi məsuliyyət bir az da artdı. Həmçinin yük də. Yük arta-arta gedir. Amma bu yük o yüklərdən deyil. Zövq ala-ala çəkəcəyik bu yükü. Təki yükümüz təhsil yükü olsun.

Yükü çiyinlərimə təzə qaldırmışdım ki, məni batırıb saldı öz məktəb illərimə. 1-ci sinfə necə getdiyim yadımda deyil. Heç onu yadıma salacaq şəkillərim də yoxdu. Çünki o vaxt nə şəkil çəkən çağırırmışdılar, nə də ki lentə alan. Ölümsüzləşdirən olmurdu o günləri.
Mən 1-ci sinfə Sədrəddin Bayramov adına Ağdam şəhər 1 nömrəli orta məktəbində getmişəm. İlk sinif rəhbərim də Sənubər müəllimə olub. Çox istəyərdi məni. Mən də həmçinin. Məktəbimizin adını daşıyan Sədrəddin çayda boğulan iki uşağı xilas edib özü həlak olmuşdu. Dəyişmişdi dünyasını. Bu cənnət şəhərdən o biri cənnətə getmişdi. Məktəbimizin məktəblisi idi. Bu səbəbdən məktəbimiz onun adını daşıyırdı.
1 nömrəli şəhərdə sayılıb-seçilən məktəblərdən idi. Həm təhsilində, həm də sərgüzəştlərində. Davakarlığıdakı öz yerində. 1 nömrəlinin qarşısından keçəndə gərək fikir verəydin özünə, yığışdıraydın özünü.

Bitirə bilmədim bu məktəbi. Qoymadı ermənilər. Yağdırdı rayonumuza "qrad"larını. Məktəb bağlandı. Pərən-pərən düşdü sinif yoldaşlarım. Dağılışdılar ölkənin müxtəlif yerlərinə. Bütün məktəb xatirələrimiz də yarımçıq qaldı. Bitmədi.

11-ci sinfi isə Ağdamın Evoğlu kənd orta məktəbində bitirdim. Çünki ora qrad biz məktəbi bitirəndən sonra düşdü.

O günləri xatırlayanda bu günümüzə şükür edirsən. Şükürlə yanaşı insan həm də qürurlanır. Bu qüruru bizə həm müstəqilliyimiz, azadlığımız, həm də ölkədə yaranmış sabitlik verir. Azərbaycanın himn sədaları altında məktəb önündə dayanmaq artıq bir qürurdur, şərəfdir.

İnşallah övladlarımız bu şərəfi anlayacaq və öz təhsilləri ilə o himni qazanan insanların ruhlarını həmişə şad edəcəklər.

TƏQVİM / ARXİV