adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Sentyabr 2017 15:33
45992
MƏDƏNİYYƏT
A- A+

RƏMİŞİN AŞIQ ƏDALƏTDƏN BİR XATİRƏSİ

Rəmiş Ağdamda toydaymış, toyun şirin vaxtı kimsə «Yanıq Kərəmi» sifariş verir. Rəmiş uyub özuyçün , Kərəmlə birlikdə düşüb Əslinin arxasınca. Çalır, çalır, çalır… birdən özünəməxsus bir ədayla gitaranı atır bir tərəfə, oturur maşına, ağdamlılar demiş, üzü Güləbədinə, düz Qazaxa, təxminən 220 kilometr.

Nəhayət, çatır Qazaxa, maşını sürür düz Aşıq Ədalətin qapısına. Darvazanı döyür, Aşıq Ədalət çıxır, görür Rəmiş.

- Ayə, ay qıvlasız, xeyirdimi?

Rəmiş qolundan tutub oturdur maşına:

- Otur, otur!

Sonra sürür Qarayazı meşəsinə. Deyir:

- Ustad, Kərəmi Ağdamda yana-yana qoymuşam, nə qədər elədim söndürə bilmədim. Bir Yanıq Kərəmi çal, Kərəm də sönsün, mən də.

Aşıq Ədalət başını bulayıb deyir:

- Ayə, sazı götürməmişəm axı?!

- Ə, sazsız səni neynirəm, niyə götürməmisən?

Aşıq Ədalət gülüb deyir:

- Ayə, eşitməmisən, dəli dəlini görəndə dəyənəyin yanına sıxar?!

Təbii ki, Ədalət əmi «yanına» demir, mən belə yazmaq zorundayam.

Bir dəfə də Rəmişdən soruşurlar ki, ay Rəmiş, toyda bu «Yanıq Kərəmi» oynayırlar ey, buna nə təhər baxırsan?

Rəmiş:

- Çalan elə çalır. Oğul istəyirəm görüm, Ədalət əmi çalanda oynaya bilərmi?

Rəmiş mənə (bir az da məndən küsüb) zəng edib dedi ki, bəs Ədalət əmi rəhmətə gedib, ustadın ailəsinə mənim adımdan qəzetdə bir başsağlığı ver.

Mən də başsağlığını Rəmişin adından belə verdim.

Aşıq Ədalət və Rəmiş dastanı barədə yaxın nömrələrdə.