adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Sentyabr 2017 11:53
33404
ƏDƏBİYYAT
A- A+

Yazarlar məktəbə getdiyi ilk günü necə xatırlayır? - SORĞU

Hər bir insanın həyatında dərin izlər buraxan anlar var. O anlar ki, sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Belə xatirələrdən biri də ilk dərs günü hesab olunan "Bilik günü"ndə yaşadığıqlarımızdır. Həmin gün yaşananlar sonralar kimlər üçünsə xoş, kimlər üçünsə kədərli xatirəyə çevrilir. Amma fərqi yoxdur, bu, bütün hallarda ən əziz xatirələrdən biri olur. Az insan tapılar ki, ilk dərs gününü, qayğısız, xoşbəxt vaxtlarını xatırlamasın.

Mənim bağım, baharım!
Fikri ziyalı oğlum!
Məktəb zamanı gəldi,
Dur, ey vəfalı oğlum!
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!

Bu gözəl misraları Mirzə Ələkbər Sabir demişdi. Bu gündən məktəbin ilk günü başladı. Bəs yaxşı yazıçılar, şairlər məktəbə getdiyi ilk günü necə xatırlayır?

Adalet.az mövzuyla əlaqədar yazarların münasibətini öyrənib.


Yazıçı Səfər Alışarlı: "6 yaşım olduğu üçün müəllim məni sinfə qəbul eləmək istəmirdi. Sonralar, özünün dediyinə görə, rəhmətlik mənim oxumaq həvəsimi görüb direktoru razı salıb. Nəsə məktəbli forması-zad yadıma gəlmir, hətta çantamın belə olub-olmamasını xatırlamıram. Şüşə çernelqabının əlimi möhkəmcə bulaşdırdığı, anamın vedrədən su tökərək onu sabunla yumaqda mənə kömək etdiyi və evimizədək yolun uzunluğunun məni yorduğu yadımdadı.”


Yazıçı Nəriman Əbdülrəhmanlı: "Nədənsə ilk məktəbə getdiyim gün yadımda o qədər aydın qalıb ki, xatırlayanda gözlərim yaşarır. Sentyabrın ilk günü, günəşli bir günüydü. Həyəcanımdan bütün gecəni yatmamışdım. Məni məktəbə rəhmətlik nənəm aparırdı. Yol elə bil bitmək bilmirdi. İlk dəfə parta arxasında oturanda az qala nəfəs almaq yadından çıxmışdı. İlk dərsimiz mənə lap nağıl kimi gəlirdi. Çox gözəl gün idi. Çox...


Şair Cəlil Cavanşir: "Çox yaxşı xatırlayıram. 1990-cı ilin 1 sentyabrında Oğuz rayonun Xaçmaz kəndində, 2 saylı orta məktəbdə birinci sinifə getmişəm. Birinci sinifdə məktəbimiz darısqal olduğu üçün bizə Xaçmaz kənd 2 saylı uşaq bağçasında yer vermişdilər. Sinif rəhbərimix Qiyam müəllim idi. Bütün müəllimlərimi, xüsusilə mənə oxumağı sevdirən ibtidai sinif müəllimim Qiyam müəllimi sayğıyla xatırlayıram. Ruhu şad olsun! Çox həvəslə məktəbə getmişəm. Valideyinlərim müəllim olduğu üçün məktəb mənim üçün arzulanan məkan olub. Əlifba kitabımı, ilk qələmimi, dəftərimi, çantamı, müəllimimin səsini hələ də xatırlayıram. Çətin, ehtiyac dolu, amma gözəl illər idi. Artıq 27 il keçir amma xatırlayanda hələ də kövrəlirəm. Artıq o məktəbin yerində böyük məktəb tikiblər. Daha gözəl, daha geniş. Amma sinif otaqlarım hələ də yuxuma girir.


Yazar Cavid Zeynallı: "Birinci sinfə getdiyim gün... Yaxşı xatırlayıram. Anam qonşunun bağından yığdığı güllərdən dəstə bağlayıb, məni məktəbə yol saldı. Özümdən böyük qonşu uşaqlarından eşitmişdim ki, məktəbi bitirənlər "Son zəng” günü bütün uşaqlara hədiyyə verirlər. Açığı, məktəbə də elə bu ümidlə getmişdim. Həmin təntənəli tədbir bu gün də gözümün qabağındadır. Məktəblə vidalaşan uşaqlar bir-birinin köynəyini yazır, deyib-gülür, gül dəstələrini gücləri çatdığı qədər göy üzünə atırdılar. On birinci sinfi bitirənlər hədiyyələri tanıdığı birincilərə verirdilər. Qonşuya, qohuma, dost uşağına... Mən kənarda dayanıb onlara yaxınlaşmağa utanırdım. Tərslikdən, məktəbi bitirən bir kimsəmiz də yox. Qəfildən əlində böyük maşın oyuncağı olan bir nəfər gülə-gülə mənə sarı gəldi. Başımı sığalladı, hədiyyəsini verib, gül dəstəsini əlimdən aldı. Gözümə inanmırdım. 25 il əvvəl yaşadığım o sevinci ifadə etməyə çətinlik çəkirəm. Və qəfildən elə bil zəlzələ oldu, yer-göy başıma dolandı. Həmin oğlanın səsi hələ də qulaqlarımdan çəkilməyib: - Maşını ver, səni səhv salmışam. Və maşını əlimdən alıb başqa uşağa yaxınlaşdı. Onu öpdü, qucağına aldı, gözdən itdi. Bir ilğım kimi. Xəyal kimi. İllər ötdü, mən böyüdüm. Özüm həmin məktəblə vidalaşan oğlanın yaşına çatdım. Bu dəfə mən hədiyyə verəcəkdim. "Son zəng”ə gedəndə 4 maşın almışdım. Hamısını da kənarda dayanan, utanıb-çəkinən uşaqlara verdim. Deyəsən, əllərini mənə sarı uzadıb utana-utana "sağ ol” deyən o balacalar illərin o üzündən keçib gələn mənim öz uşaqlığım idilər. Bir az utancaq, bir az qorxaq, bir az nisgilli. Və təsəllim bircə bu idi: heç kim onların hədiyyəsini əlindən alıb ilğım kimi, xəyal kimi gözdən itməyəcəkdi.


Şairə Sevinc Elsevər: "Anam məni hamının təriflədiyi bir müəllimin sinfinə qoymaq istəyirdi. O da sən demə, imkanlı ailələrin uşağını seçib götürürmüş. Müəllim məni aparıb qonşu müəllimin sinfinə qoyurdu. Anam gətirib zorla onun sinfində otuzdururdu. Bu vəziyyət məni çox kədərləndirmişdi. Öz-özümə düşünürdüm ki, mən yəqin başqa uşaqlardan pisəm, çirkinəm, ona görə müəllim məni istəmir. Ağlamışdım həmin gün. Halbuki çox böyük sevinclə hazırlaşmışdım məktəbə. Dərslərin başlamağına hələ bir neçə gün qalmış mənə aldıqları çantanı gecələr qucaqlayıb yatırdım. Üstündə dənizçi paltarı geyinmiş üç ördək şəkli vardı. Mənimçün dünyada hər şeydən vacib, hər şeydən dəyərli idi o çanta. İlk müəllimimsə ilk bilik günümü burnumdan tökdü.


Yazar Faiq Qismətoğlu: "O gün heç vaxt yadımdan çıxmır. Füzuli rayonunun Böyük Bəhmənli kəndində ilk dəfə məktəbə gedirdim. Məktəbin həyətində direktor Əvəz Əliyev və bizim müəllimiz olacaq Rza Rzayev dayanmışdı. Sözün düzü hər iksinin adını eşitmişdim və hər iksindən də qorxurdum. Məktəbə böyük qardaşım, rəhmətlik Qürbət müəllim məni aparmışdı. Ətrafımdakı uşaqların hamısı boynubükük durmuşdu. Mənsə qardaşımın əlindən tutub, sinfə girmək istəmirdim. İlk zəng çalındı. Biz birinciləri Rza müəllim sinfə apardı. Elə ağlayırdım ki, müəllim məni kiridə bilmirdi. Amma bu an ötəri oldu. Elə ki, Rza müəllimə öyrəşdik, o bizim boş damarımızı tutdu və hər şey yadımızdan çıxdı. O vaxt indiki kimi çanta yox idi. Anam rəhmətlik parçadan bir torba tikmişdi. Kitabları və çörəyi onun içinə yığrdıq. Bir dəfə də çörəyi sotlun üstünə qoyanda Rza müəllim mənə bərk təpindi. Dedi ki, müəllimin yanında çörək yemək olmaz. Bura oxumağa gəlirsiz, yeməyə yox. Bax beləcə hər gün hər şeyə öyrəşdik və alışdıq. O günlər mənim yaddaşıma elə həkk olunub ki, bu gün də birinciləri görəndə xəyalən həmin illərə və günlərə qayıdır, bizim üstümüzdə əziyyət çəkən, yarpaq kimi əsən Rza müəllimi, Əvəz müəllimi, Həqiqət müəllimi, Qəzənfər müəllimi xatırlayıram. Onların çoxu dünyalarını dəyişiblər. Amma hər an, hər dəqiqə bizim qəlbimizdə yaşayırlar.”


Trend İnformasiya Agentliyinin icmalçısı Arzu Nağıyev: "Bu günkü gün kimi yadımdadır. 1970-ci ilin sentyabrın biri. Rəhmətlik anam məni məktəbə apardı. Tovuz rayonu Bozalqanlı kənd orta məktəbi. Sonradan adı "Yusif Sadıqov” adına orta məktəb oldu və 1980-ci ildə qızıl medalla bitirdim. Məktəbə gedən gün dərs olmadı dedilər bir həftədən sonra olacaq. İlk müəllimim İsmayıl müəllim olub, Allah ona rəhmət eləsin. Həmin gün gözəl bir xatirə kimi yadımda qalıb...


Yazar Günel Natiq: "Sevincimin həddi-hüdudu yox idi. Ən çox ona görə ki, atamın iki ay əvvəlcədən aldığı və pişik kimi sığal çəkib qoruduğum qırmızı çantanın nəhayət ki, istifadə müddəti yetişmişdi. Onu da deyim ki, hələ 4-5 yaşım olandan atam hər yeni dərs ilində məndən 4 yaş böyük bacıma aldığı çantadan mənə də alırdı, yoxsa dava salıb ağlayırdım. Evin balacası və ərköyün olduğumdan valideynlərim və bacım mənə güzəştə gedirdilər. Mən də özümdən böyük çantanı arxama keçirib həyətdə şəstlə gəzib-dolaşırdım.

Sentyabrın biri anamla məktəbə yollandıq. Yolboyu qırmızı çantanı özüm daşıyır, əlimdən vermirdim. Sönra gül almaq təlaşı yadımdadır. Çünki gül dəstəsini son anda almışdıq. Mən qorxurdum ki, biz gecikərik və məni sinfə buraxmazlar. Anam məni sakitləşdirir və hər şeyin yaxşı olacağını deyirdi. Sonra dedilər ki, gül almasanız da olardı, amma mən sentyabrın 1-ini buketsiz və qırmızı çantasız təsəvvür edə bilmirdim.

Hər yeni dərs ilində həmin o sevinci, gərginliyi, təlaşı və bu hissləri bölüşdüyüm doğma insanları xatırlayıram. Və içimə bir xiffət çökür...


Şair Əsəd Qaraqaplan: "Bir sentyabr 1992-ci il. Birinci sinfə getdiyim gün. Balaca, toppuş, qarayanız, qıvrımsaç bir uşaq. Dəcəl və dinamik. Sinfimizdə 30-dan çox uşaq vardı. Onun da 20-dən çoxu oğlan idi. Elə ilk gündəcə sinifdəki oğlanların hamısını döymüşdüm: kiminin ağzı partlamışdı, kiminin gözü qaralmışdı, kiminin də başqa yeri əzilmişdi.

İlk A hərfini səliqəsiz alınıb deyə, o qədər pozub, təzədən yazmağa cəhd etdik ki, axırda "ana dili” dəftəri deşildi. Bizə elə gəlirdi, "yaza bilmirik” desək, dəftəri deşsək, müəllimə daha bizi məcbur etməyəcək.

Ama sən saydığını say, gör Məryəm müəllimə nə sayır. Əlindəki motal ağacının çubuğuyla israrla başımız üstündə durub dərs qurtarana qədər bacımla mənə düz 12 vərəq, yəni dəftərin hamısını dolurana qədər A hərfi yazdırdı. Biz də ilk yazı cəzamızı belə aldıq.


Yazıçı Kənan Hacı: "Məktəbə çox böyük həvəslə getmişəm. İlk dərs gününü maraqla gözləyirdim. Yadımdadır, məni məktəbə atam apardı. Bizi böldülər, mən Qasım müəllimin sinfinə düşdüm. Qasım müəllim bizə ədəbiyyatı sevdirdi. Onun sinfinə düşmək mənim üçün bir xoşbəxtlik idi. Şagirdləri o qədər böyük məhəbbətlə sevirdi ki, biz özümüzü evimizdəki kimi rahat hiss edirdik. Dərsi kimin yaxşı öyrənəcəyi üstündə bəhsə girirdik. İlk dərs günündə Qasım müəllim məni birinci partada oturtdu və bu mənim çox xoşuma gəldi. Sonralar həmişə onun mənə inamını doğrultmağa çalışırdım."


P.S. - Sorğunu keçirdiyim opponentləri dinləyə-dinləyə yaddaşımda ilk məktəb günüm işıqlandı: "Məktəbə getmək istəmirdim. Atama deyirdim ki, mən kənddə qalıb çoban olmaq istəyirəm. Məktəbə ilk dəfə Tiflisdə başlamışam. Adını unutduğum məktəb mənim üçün çox doğmadır. Bacımla bir sinfə qoymuşdular ki, qorxmayım. Tiflisdəki məktəbdən ayrılan günsü uşaqlar, hətta müəllimlər belə bizim getməyimizə ağlamışdılar.”