Mən məktəbə getməkdən niyə qorxurdum?

OĞUZ AYVAZ
148843 | 2017-09-15 11:31
Atam hər yay bizi kəndə dincəlməyə yollayırdı. Məktəb vaxtı yetişmişdi. Nənəmin ətəyindən yapışıb məktəbə getmirəm deyə mızıldanırdım.

- Mən kənddə qalmaq istəyirəm. İnəklərlə, qoyunlarla dostlaşmışam, şəhərə getmək istəmirəm. Burda qalıb çoban olacam. – deyirdim.

Atam sözlərimi ciddiyə almırdı. Başa salırdı ki, oxumalısan. Gözlərimi yumub atamın illər öncəki görüntüsünü xatırlayıram. Zil qara saçları, səliqəli pencəyi, bozumtul ipək parçadan şalvarı. Parıltı dolu gözləri. Qaşları çat-çat, deyəsən mənə görə əsəbidi. Axı mən oxumaq istəmirəm, kənddə qalıb nənəmlə sonsuzadək yaşamaq istəyirəm. Doğurdan da nənəmin nəvələri arasında ən qorxağı, ən miskin uşağı mən idim. Bəlkə də buna görə nənəm ən çox məni sevirdi...

Atam inadıma baxmayaraq əlimdən tutub məni Tiflisə apardı. Atamın əllərində güc, sevgi, cəsarət vardı. Ancaq onun əlindən tutanda qorxmurdum. Qorxaq olduğuma görə də bacımla bir sinfə qoymuşdu məni. Ki arxamda dayağım olsun. Halbuki qardaşımdan da, bacımdan da yaşca böyük idim. Nə olar ki, uşaq bir az qorxaq, bir az da kədərli olanda?

Tiflisdəki azərbaycan sektorunda bacımla ilk dərs günümüz dumanlı görüntüdə yadıma düşür. Səhər tezdən anam üçümüzü də şıq geynidirb-keçindirmişdi. Qarşıda bizi uzun məktəb illəri gözləyirdi. Məktəbin qarşısı uşaqlarla, analar-atalarla dolu görünürdü. Biz gələn kimi göy tutuldu. Yağış yağmağa başladı. Səlləmə yağış məktəbin həyətindəki adamları tez-bazar siniflərə doldurdu.

Uşaqlarla tanış olduq. Utancaq olduğumdan qızların üzlərinə baxa bilmirdim. Bacımla birinci partada oturduq. Bacım zirək, ağıllı qızdı.


Tiflisdə məktəb illəri xatirəmiz cəmi 2 il müddətində qaldı. Biz məktəbdən ayrılan günü bütün sinif uşaqları, o cümlədən müəllimlərimiz belə gözyaşı tökdülər. Getməməyimiz üçün anama dil-ağız elədilər, ancaq atam işindən istefa vermişdi. Buna görə Azərbaycana qayıtmalıydıq...

TƏQVİM / ARXİV