adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Sentyabr 2017 18:38
17958
DÜNYA
A- A+

Türk ordusunda S-400 raketləri

Türkiyə prezidenti R.T. Ərdoğan Rusiyadan "Triumf” C-400 zenit raket kompleksinin alınması ilə bağlı müqavilənin imzalandığını bildirib. Bu barədə Moskvada nəşr olunan "Kommersant qəzeti yazır. Qəzetin məlumatına görə söhbət 2 milyard dollarlıq müqavilədən gedir. Hələlik, Türkiyəyə kredit verilməsi və texnologiyanın transferi məsələləri həll olunmayıb. Bu istiqamətdə danışıqlar davam edəcək. Sövdələşmə axıradək baş tutsa, Türkiyə Rusiya və Çindən sonra S-400 kompleksinə sahib üçüncü, NATO üzvləri arasındasa ilk və yeganə ölkə olacaq.

Türkiyənin "Hürriyyət” qəzetisə R.T.Ərdoğana istinadən yazır: "Mənim bildiyim qədər, bizim dostlarımız artıq C-400-lə bağlı müqaviləni imzalayıblar. Rusiya bizə kredit verəndən sonra bu proses davam edəcək. Mən də, prezident Putin də bu işin baş tutmasında israrlıyıq”. Putinin hərbi-texniki məsələlər üzrə köməkçisi Vladimir Kojin də SİTA-nın müxbiri ilə söhbətində müqavilənin imzalandığını təsdiqləyib. Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətdən isə "Kommersant”a bildirilib ki, Rusiya kontraktın həyata keçirilməsinə hazırdır. Ancaq hərbi texnologiya və xidmətlərin ixracı ilə məşğul olan "Rusoboroneksport” aksioner cəmiyyəti bu barədə hər hansı fikir söyləməkdən yayınıb.

"Kommrsant” yazır ki, 2008-ci ildən sonra bu, Moskvayla Ankara arasında imzalanan ən mühüm silah müqaviləsidir. Həmin vaxt Türkiyə Rusiyadan tank əleyhinə "Kornet-Э” adlı raket kompleksi almışdı. Növbəti anlaşma isə 2013-cü ildə, Türkiyə hava hücumundan müdafiə sistemleri almaq üçün 4 milyard dollarlıq tender elan etdiyi vaxt baş tuta bilərdi. Lakin bu tenderi müqavilənin dəyərini 3,44 milyard dollara qədər azaldan, üstəlik, texnologiyanı quraşdırmaq üçün türklərin özlərinə verməyə razılaşan Çin udmuşdu (hərçənd, son əsas müqavilə imzalanmadı). Moskva isə "Antey-2500” sisteminin satışı ilə bağlı uğursuzluğunu siyasi motivlərlə əlaqələndirmişdi.

"Kommersant” yazır ki, Rusiya-Türkiyə hərbi əməkdaşlığı 1990-cı illərdə başlayıb və indiyə kimi yalnız PDM-80 zirehli maşınlarının və Mi-17 vertolyotlarının, eləcə də onların ehtiyat hissələrinin alqı-satqısı ilə məhdudlaşıb. Lakin 24 noyabr 2015-ci ildə Suriya-Türkiyə sərhəddində türk qırıcı təyyarəsinin rus bombardımançı təyyarəsini vurmasından sonra tam şəkildə son qoyulan hərbi-texniki əməkdaşlıq 2016-cı ilin axırlarında yenidən bərpa olundu.

"Kommersant” özünün hərbi-diplomatik mənbələrinə istinadən qeyd edir ki, C-400 müqaviləsi prezidentlər Putin və Ərdoğan arasında keçirilən yüksək səviyyəli görüşlərdə əldə olan siyasi razılaşmaların nəticəsidir. Bu ilin mart və may aylarında baş tutmuş ikitərəfli görüşlərin əsas mövzularından biri bu olub. Hər iki liderin yekdil siyasi iradəsi olmasaydı, bir ildən də az müddət ərzində belə bir müqavilənin imzalanması mümkün ola bilməzdi. Həmin mənbələrdən də verilən məlumatlara görə Türkiyə müdafiə nazirliyi artıq 2 milyardlıq müqaviləni imzalayıb. Müqayisə üçün deyək ki, Çinlə 1,9 milyardlıq müqavilə 3 illik gərgin danışıqlardan sonra imzalanmışdı. Hərbi-texniki əməkdaşlıq üzrə Federal xidmətdə isə mövzunun həssaslığını nəzərə alaraq türklərlə müqavilənin detallarını açıqlamaqdan imtina etsələr də, onun Rusiyanın geosiyasi maraqlarına uyğun gəldiyini bildiriblər. Bu təkcə Moskva ilə Anqara arasında yox, həm də Rusiya ilə NATO üzvü arasında imzalanmış ən böyük kontraktdır.

Lakin mütəxəssislərin fikrincə kontraktla bağlı tam həllini tapmamış məsələlər də var. Birincisi, imzalanmış müqavilədə Türkiyə tərəfinə veriləsi kredit barədə heç nə qeyd olunmur. Görünür, bu məsələni ayrıca nüzakirə etmək lazım gələcək. İkinci, daha ciddi məsələ Türkiyənin C-400-lərin hazırlanıb quraşdırılması prosesini öz ərazisində, özü də maksimum lokallaşma səviyyəsində həyata keçirmək istəyidir. Rusiya xüsusi xidmət orqanları bunun qəti əleyhinədir. Onlar NATO üzvü olan bir ölkənin texnologiya transferinə çıxışı olmasını məqsədəuyğun saymırlar. "Bu birbaşa bizim milli təhlükəsizlik məsələmizdir”- deyə güc nazirliklərindən birinin yüksək çinli məmuru qəzetə bildirib. Lakin o əlavə edib ki, yüksək səviyyədə siyasi iradə olarsa lokallaşma olacaq, ancaq xeyli məhdud çərçivədə.

ABŞ-dan isə gözlənilən mənfi reaksiya özünü ləngitməyib, onlar öz narahatlıqlarını türk rəsmilərinə çatdırıblar. Bir müddət əvvəl müdafiə naziri Ceyms Mettis bəyan etmişdi ki, Rusiya HHM sistemləri nə NATO sistemlərinə, nə də kollektiv müdafiə prinsiplərinə uyğun deyil. Türkiyəli həmkarş Fikri İşıq da öz növbəsində bildirib ki, onun idarəsi S-400 -lərin NATO-nun HHM sistemləri ilə uyğun gəlmədiyinin fərqindədir. Ancaq NATO hərbi alyansının öz üzvülərinə qarşı belə bir tələbi yoxdur..


İNFORMASİYA ŞÖBƏSİ