adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
13 Sentyabr 2017 17:05
21385
SİYASƏT
A- A+

Lapşin: Öz əməlimdən səmimi peşmançılıq hissi keçirirəm

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 11 sentyabr tarixli sərəncamı ilə əfv edilmiş İsrail vətəndaşı Aleksandr Lapşin dövlətimizin başçısına minnətdarlıq məktubu göndərib.

Adalet.az Azərbaycan Prezidentinin saytına istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə 3 il azadlıqdan məhrum edildiyini xatırladan A.Lapşin məktubunda yazır: "Bu gün xəbər tutdum ki, Siz mənim əfv edilməyim barədə sərəncam imzalamısınız. Buna görə Sizə hədsiz minnətdaram. Yəqin ki, ömrümdə heç bir hadisəni bu dərəcədə səbirsizliklə gözləməmişdim”.

Öz əməlindən səmimi peşmançılıq hissi keçirdiyini bildirən A.Lapşin qeyd edir ki, Dağlıq Qarabağa gedərkən onda həmin regionda və onun ətrafında baş verən hadisələr barədə mötəbər məlumat olmayıb. İndi isə Qarabağın əzəli Azərbaycan torpağı olduğuna və olacağına dair təkzibedilməz faktlara malikdir. O, ümid etdiyini bildirir ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla tənzimlənəcək.

Məsuliyyətsiz hərəkətlərinə görə bir daha peşmançılıq hiss keçirdiyini vurğulayan və göstərilən humanistliyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən A.Lapşin məktubunu bu sözlərlə tamamlayır: "İcazə verin, Sizə, Sizin ailənizə, bütün Azərbaycan xalqına uzun ömür, cansağlığı, daha artıq firavanlıq və işğal edilmiş ərazilərinizin tezliklə azad olunması arzularımı bildirim”.