adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
12 Sentyabr 2017 23:34
25420
ƏDƏBİYYAT
A- A+

Masallıda möhtəşəm yubiley

Bu günlərdə Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Prezident təqaüdçüsü Şirvan Rəşid oğlu Əbilovun 85 illiyi qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Şirvan Əbilovun əmək və fəaliyyətinə həsr olunmuş videoçarxa baxıblar.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev yubilyarın əmək və fəaliyyətindən danışıb. S.Əliyev onun ömür yoluna səyahət edib. Göstərib ki, 1932-ci ildə Mahmudavar kəndində anadan olub, orta məktəbi Boradigahda bitiirib. İndiki Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil aldıqdan sonra müxtəlif vəzifələrdə çalışıb. Sonralar Masallı və Cəlilabad rayonlarında polis orqanlarında fəaliyyət göstərib. Rayonun Füzuli adına sovxozda direktor işləyib. Harda çalışıbsa, orda nüfuz qazanıb. 90-cı illərin əvvəllərində ölkədə yaranan özbaşınalığı, xaosu görüb Naxçıvana-Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə görüşməyi qərara alıb. Ulu öndər Yeni Azərbaycan Partiyasının təsis konfransında cənubdan gəlmiş Şirvan Əbilovun çıxışını bəyənmiş və onu partiyanın siyasi şurasına üzv yazılmasını şəxsən təklif edib. O rayona qayıdaraq cənub bölgəsində, Masallı rayonunda, doğulduğu Mahmudavar kəndində YAP-ın ilk təşkilatını yaratmağa nail olub. İndi YAP-ın Masallı Təşkilatı ölkənin ən qabaqcıl təkilatlarından biridir. Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev partiya veteranının ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətindən söz salaraq bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Şirvan Rəşid oğlu Əbilovun təltif edilməsi haqqında 23 avqust 2017-ci il tarixli Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə Şirvan Rəşid oğlu Əbilov "Tərəqqi" medalı ilə təltif edilib. Ş.Əbilov 2007-ci ildən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, nüfuzlu ziyalı, təcrübəli təşkilatçı, Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatının yaradıcısı, cənub bölgəsinin tanınmış ictimai xadimi, Prezident təqaüdçüsü Şirvan Əbilovun ömür yolu gənclərimiz üçün əsl örnəkdir. O, ləyaqətli, təkrarsız bir ömür yaşayıb, eli, yurdu üçün çalışan fədakar insandır. Yubiley tədbirində çıxış edən "Masallı ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətullayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Şahrza Ağayev, Mahmudavar dini icmasının sədri Vəkil Babayev, Əməkdar müəllim Musarza Mirzəyev, rayon ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, MƏSQ VT rayon təşkilatının sədri Məmmədağa Şiriyev, dövlət qulluğu veteranı, respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü İmran Əbilov və başqaları Şirvan Əbilovun respublikanın və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətindən, onun Vətənə, dövlətə, ulu öndərə, ölkə rəhbərinə sədaqətindən danışıblar.
Yubiley tədbirində Prezident təaqüdçüsü Ş.Əbilova Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Şirvan Əbilova həsr olunmuş şeirlər söylənilib.
Yazıçı-publisist, Azərbaycanın Əməkdar jurnalisti, Milli Məclisin deputatı Elmira AXUNDOVA "Heydər Əliyev: şəxsiyyət və zaman" (V hissə. "Ömrün Naxçıvan aşırımları". Bakı, "Ozan", 2013. - 736 s.) kitabında yazır ki, ... Heydər Əliyev konfransda çıxış edərək öz tərəfdarlarını var qüvvələri ilə ölkənin ərazi bütövlüyünü müdafiə etməyə, qanunlara tabe olmağa, ictimai-siyasi sabitliyi qorumağa, iqtidara qarşı sivil müxalifətdə olmağa, dövlətə qarşı mübarizə aparmamağa və ölkənin mənafelərini hər şeydən uca tutmağa çağırdı. Onun fikrincə, yalnız bütün bu prinsiplərə riayət etməyi bacaran adam Yeni Azərbaycan Partiyasının həqiqi üzvü hesab edilə bilər. Bu, Azərbaycanın son dərəcə müdrik, konstruktiv mövqe tutan və yüksək vətəndaşlıq nümunəsi göstərən ilk müxalifət lideri idi.
Maraqlıdır ki, Yeni Azərbaycan Partiyasının təsis konfransında iştirak etmək üçün Bakıdan Naxçıvana uçan ilk fəallar sırasında ölkənin cənub zonasından, daha dəqiq desək, mənə doğma olan Masallı rayonundan Şirvan Əbilov ad-soyadlı bir nəfər də vardı. Mahmudavar kəndindən olan Şirvan Rəşid oğlu sovet dövründə rayon partiya komitəsində, sonra DİN sistemində işləmişdi, bizim bəhs etdiyimiz dövrdə isə doğma kəndində sovxoz direktoru idi. 1991-1992-ci illərdə Heydər Əliyev tərəfdarlarının iqtidar tərəfindən təzyiqə məruz qalmasına baxmayaraq, Şirvan Əbilov böyük siyasətçi hesab etdiyi və respublikanın gələcəyini bağladığı insanın təmiz adını qorumağa yönəlmiş aksiyaların, demək olar ki, hamısında iştirak edirdi. O, Azərbaycan Ali Sovetinin qarşısında keçirilən mitinq və piketlərdə iştirak edir, Naxçıvana H. Əliyevi dəstəkləyən onlarca teleqram və məktub göndərirdi. Bir dəfə isə hətta Elçibəyə teleqram göndərmişdi: cənab prezident, siz Heydər Əliyevi Bakıya dəvət etməyə, onun zəngin təcrübəsindən və fenomenal qabiliyyətlərindən istifadə etməyə sadəcə borclusunuz.
Partiyanı yaradanlardan birinin - professor Əli Nağıyevin sözlərinə görə, o vaxt Şirvan Əbilov Lənkərandan olan Rəşadət Tağıyev və Məhrəməli Səlimovla birlikdə çox işlər görürdülər. Onlar hər həftə "Səs" qəzetinin 1000-1500 nüsxəsini cənub bölgəsinə aparıb H.Əliyev haqqında dərc olunmuş yazıları insanlara çatdırırdılar. Əlbəttə, o vaxt bu işləri görmək hər adamın işi deyildi...
H.Əliyevə müraciət imzalananda Şirvan Əbilovla əlaqə yarada bilmədik, buna görə H.Əliyevə ünvanlanmış müraciətdə Ş.Əbilovun imzası yoxdur. Təəssüflə qeyd edim ki, bəziləri imza etməkdən ehtiyatlanırdılar, amma Ş.Əbilov sonradan bizə narazılığını bildirdi ki, gərək mənim imzamı daxil edəydiniz.
Milli Məclisin deputatı Elmira Axundova "Heydər Əliyev: şəxsiyyət və zaman" kitabında daha sonra yazır: "Ona çox güclü təzyiq göstərirdilər, hətta həbs edəcəkləri ilə hədələyirdilər. Axırda Şirvan Əbilov ürək xəstəliyi tapdı. Bilgəhdə kardioloji sanatoriyada müalicədə olarkən Şirvan müəllim Naxçıvanda çevriliş cəhdindən xəbər tutdu. Bu yorulmaz insan bir müddət öz ağrılarını unudub, sanatoriyanın əməkdaşları və pasiyentlər arasında təbliğat aparmağa başladı. Nəticədə orada onun rəhbərliyi ilə təxminən yüz nəfərin iştirakı ilə etiraz mitinqi keçirildi. Heydər Əliyev Şirvan Əbilovun bu hərəkəti barədə parlamentin deputatı, Naxçıvana gəlmiş Eldar İbrahimovdan eşitmiş və Masallının bu cəsarətli sakininə onun səmimi təşəkkürünü çatdırmağı xahiş etmişdi.
Yeri gəlmişkən, Şirvan Əbilov Naxçıvana, Yeni Azərbaycan Partiyasının təsis konfransına gələndə Eldar İbrahimov onu həmin dövrdə Naxçıvan aeroportuna nəzarət edən silahlı "cəbhəçilərin" əlindən güclə xilas etdi. Onlar Naxçıvana gələnlər arasında yad adam görüb onu gözləmə zalına apardılar və qərəzli sorğu-suala tutdular: hörmətli cənab, siz haradansınız, Masallıdan muxtar respublikaya qədər bu uzun yolu nə üçün qət etmisiniz? Yaxşı ki, Şirvan müəllim aeroportdan Eldar İbrahimova zəng vurdu. Eldar İbrahimov "əsiri" azad edərək, onu mehmanxanaya apardı, ertəsi gün, noyabrın 20-də isə Naxçıvan parlamentinin rəhbəri ilə görüşdürdü.
O əlamətdar konfransda tədbirin lap axırında Şirvan Əbilov çıxış üçün söz istədi, Heydər Əliyev dərhal onu səhnəyə dəvət edərək, toplaşanlara bildirdi ki, bu adam Azərbaycanın bu qədər uzaq rayonundan konfransa gəlmiş yeganə şəxsdir. Şirvan müəllim çox qısa, lakin yaddaqalan nitq söylədi. Bu nitq Heydər Əliyevin çox xoşuna gəldi və o xahiş etdi ki, artıq seçilmiş Siyasi Şuraya şəxsən onun xahişi ilə daha bir nəfəri daxil etsinlər. Beləliklə, Şirvan Əbilov Siyasi Şuranın 51-ci üzvü oldu...
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyinə həsr edilmiş yubiley tədbirində o günləri belə xatırlayırdı:
"...1992-ci il noyabrın 21-də Naxçıvanda yığışmış insanlar əsl vətənpərvər, cəsarətli insanlar idi. Çünki o vaxt Azərbaycanda azad söz boğulurdu, Azərbaycanda senzura tətbiq edilirdi. Başqa fikirdə olan insanlar təqib edilirdi. Onlara qarşı fiziki təzyiqlər göstərilirdi, həbs olunurdular. Sərbəst toplaşmaq azadlığı qadağan edilmişdi. O ağır şəraitdə Naxçıvana gəlmək, Heydər Əliyevlə görüşmək belə, böyük qəhrəmanlıq hesab olunurdu. Ancaq bu insanlar, bu cəsarətli və vətənpərvər insanlar öz hərəkətləri ilə, əlbəttə ki, Yeni Azərbaycan Partiyasının yaradılmasında öz rolunu oynamışlar və bütövlükdə, Azərbaycanın o bəlalardan qurtarmasında və ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində fəal rol oynamışlar. Biz bunları unutmamalıyıq. O insanların fəaliyyətini yüksək qiymətləndirməliyik..."
Şirvan Əbilov öz "kiçik vətəninə" qayıdanda xoşagəlməz xəbər eşitdi: yerli hakimiyyət orqanları Əbilovun Naxçıvana getməsindən xəbər tutaraq onu sovxoz direktoru vəzifəsindən kənarlaşdırmışdı. Lakin bu hərəkət də onu qətiyyətindən döndərmədi. Artıq 1992-ci il noyabrın 28-də Əbilov öz doğma Mahmudavar kəndində Yeni Azərbaycan Partiyasının özəyini yaratdı, buraya 157 üzv və 335 rəğbət bəsləyən şəxs yazıldı. 1993-cü il fevralın 26-da isə Masallıda yeni təşkilatın təsis konfransı keçirildi. Təbii ki, rayon təşkilatının ilk sədri vəzifəsinə Şirvan Əbilov seçildi.
Eldar İbrahimovun xatirələrindən:
"Muxtar respublikada vəziyyət bir qədər sabitləşəndə təsis konfransının keçirilməsi tarixi təyin edildi: 21 noyabr - 1992-ci il. Konfransdan üç-dörd gün əvvəl Heydər Əliyeviç məni çağırdı.
- Eldar, - dedi, - tezliklə qonaqlar gələcək. Onları qarşılamaq, yerləşdirmək, yedirtmək lazımdır. Düşünürəm ki, bununla sən məşğul olmalısan.
(O vaxt H.Əliyev E.İbrahimovu baş nazirin birinci müavini və Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri təyin etmişdi - E.A.)
Bu tapşırığı Heydər Əliyev tərəfindən mənə böyük etimad kimi qəbul etdim.
Bakıdan 55 nəfər gəlməli idi, nümayəndələrin ümumi sayı isə 550 idi. Həmin 55 nəfərin yaşayış yeri, qidalanması və başqa məsələlərlə mən məşğul idim. Onların çoxu üçün geriyə bileti də özüm almışdım. Sonradan nümayəndələr onların Naxçıvana gəlişini və burada olmalarını belə yaxşı təşkil etdiyimə görə Heydər Əliyevin yanında mənə təşəkkürlərini bildirdilər.
- Mən kimə və nəyi etibar etdiyimi bilirəm, - deyə Heydər Əliyev cavab verdi. - Bir də ki, bu onun borcudur. O, bunu etməli idi.
Elə həmin konfransda mən Siyasi Şuraya seçildim.
Konfrans Cəlil Məmmədquluzadə adına teatrda keçirildi. Yadımdadır, çox soyuq idi, lakin Heydər Əliyev həmişəki kimi kostyumda əyləşmişdi. Səhnəyə elektrik qızdırıcısı qoymaq istədim, lakin o imtina etdi. Birinci sıralarda Rafael Allahverdiyev, Murtuz Ələsgərov, Qax rayonundan olan deputatımız Kərim Kərimov əyləşmişdi. O vaxt Naxçıvana gələnlərin hamısını qəhrəman hesab edirəm. Asya Manafovanı da, Siyavuş Novruzovu da.
Bu ərəfədə masallılı Şirvan Əbilov mənə zəng etdi:
- Eldar, tez gəl, məni öldürürlər.
O, aeroportda təyyarədən düşən kimi Xalq Cəbhəsi üzvlərinin əlinə keçmişdi. Onlar şübhəli hesab etdikləri hər kəsi tutub döyür, növbəti reyslə geriyə, Bakıya qaytarırdılar. Tez aeroporta yola düşdüm. "Cəbhəçilər" mənə hörmət edirdilər.
- Siz nə edirsiniz, bu adam bizə qonaq gəlib.
Mən Şirvan Əbilovu sözün tam mənasında onların əlindən qoparıb şəhərə gətirdim, mehmanxanada yerləşdirdim. Konfransın gedişində Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarının üzvləri seçiləndə Heydər Əliyeviç özü Şirvan Əbilovu Siyasi Şuraya məsləhət gördü, çünki ölkə nin uzaq cənub bölgəsindən Naxçıvana gəlmək üçün həqiqətən böyük cə sarət tələb olunurdu..."
Tədbirdə çıxış edən Prezident təaqüdçüsü Ş.Əbilov ona göstərilən qayğıya görə ölkə Prezidentinə, rayon rəhbərinə minnətdarlıq bildirib.
Tədbir Masallı incəsənət ustalarının iştirakı ilə keçirilən konsertlə başa çatıb.