adalet.az header logo
  • Bakı 19°C
12 Sentyabr 2017 23:32
7458
GÜNDƏM
A- A+

HƏQİQƏT: memarı yaşadan əməlləridir

"Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq hər şeydən çox, təhsilə fikir verməlidir, təsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır".

Heydər Əliyev

Biliksiz adam okenda azan yelkənsiz gəmiyə bənzər,
Ya sahilə çırpılıb parçalanar, ya da tufana düşüb batar...
Pifaqor

İnsan vaxt axarından keçdikdə qəribə hisslər yaşayır. Sanki əqrəblərin vaxt ayrıcına çatması ilə qeyri-adi, həm də xoş əhval gətirən nə isə qəribə hadisələr baş verəcək. Bəlkə də insanın Tanrıya ən çox yaxın olduğu anlar onun zaman ayrıcında yaşadığı anlardır. Hər insanda - tarixçi olsa da, olmasa da, çevrilib geriyə baxmaq ehtiyacı olur. İnsan yaşadığı həyatı, içində ömür sürdüyü zaman kəsiyini, mənsub olduğu xalqın, millətin keçmişini yada salmaq, xatırlamaq istəyir.
Rektor Cəfər Cəfərovun apardığı islahatlar nəticəsində bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elm və təhsilin inkişafında qazandığı tarixi naliyyətləri heç kəs inkar edə bilməz. Daş kitabədə zəmanəmizə çatmış məşhur bir ifadə var: "Dünyaya bəxş etdiklərimizlə əbədiləşdik". Bu müdrik sözləri zamanın sınağından çıxaran onun nüvəsinə hopmuş mahiyyətidir. Həmişə tədqiqat obyekti olan şəxsiyyətlər haqqında danışmağın özü onsuz da çətindir. Və başlıcası Azərbaycan təhsil sistemində həllini gözləyən problemə həyatını həsr etmiş insanın obrazı, sözə çevirdiyin fikirlərin içindən aydın görünməlidir.
Tarix insanın əqidəs, inamı uğrunda mübarizəsidir. Klassiklər isə obrazlı şəkildə belə deyirlər: "Hamı fikirləşir ki, insan olmaqdan artıq olmaq mümkün deyil. Əksinə, insan olmaqdan az da olmaq olmaz".
Professor Cəfər Cəfərovun ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir standartlara uyğunlaşdırılması üçün qısa bir muddət ərzində apardığı quruculuq işlərini, onun inkisafı üçün gördüyü dəyərli işlərin uğurunda əsgər fədakarlığı ilə mübarizə aparmaq; bu elə insan olmaq mərtəbəsinə çatmaq deməkdir.
Bu gün innovativ layihələri ilə seçilən ADPU istər akademik, istərsə də infrastruktur bazasını möhkəmləndirir və bu təhsil ocağının yeniliklərə hazır olduğu artıq təsdiqlənib. ADPU üçün yenilənmə, yeni dövrün çağırışlarına doğru irəliləmək indi prioritet olub. Ümumiyyətlə, təhsil sistemi real praktikanı qabaqlamalıdır. Məhz bu yanaşmanın nəticəsidir ki, hazırda ADPU yeniliklərlə seçilir, bir çox istiqamətlər üzrə flaqman kimi çıxış edir.
Hazırda universitet bir sıra beynəlxalq layihələrdə iştirak edir və akademik proqramlarını təkmilləşdirir. Universitet akademik çevrədə böyük nüfuza malikdir və bakalavr pilləsi ilə yanaşı magistr və doktorantura səviyyəsində də çoxspektrli tədris proqramı təqdim edir. Bu gün yeni-yeni əməkdaşlıq platformalarına çıxış əldə olunub. Başlıca məqsəd təhsilin yeni tələblərə uyğun formalaşdırılması və bugünkü təhsil sisteminə uyğun kadrların yetişdirilməsindən ibarətdir. Cəfər müəllim daim qeyd edir ki, universitetin təhsil keyfiyyətini onun məzunlarının karyera uğurları göstərir. Aydın məsələdir ki, məşğulluq bu gün dünyanın bütün ölkələrini narahat edən problemdir. Ona görə də rektor Cəfər Cəfərov Pedaqoji Universitetin professor-müəllim heyəti qarşısında daim belə bir sual qoyur: universitetimizi bitirən gənclər öz karyeralarında nə qədər uğur əldə edə bilirlər və bu uğurların əsasında nə dayanır? Eyni zamanda bu sualın çözülməsi üçün də çıxış yolunu göstərir: "Yüksək nizam-intizam, şəffaf təhsil sistemi və obyektiv qiymətləndirmə ilə yanaşı, fənlər də yüksək səviyyədə tədris olunmalıdır".
Cəfər müəllimin böyük amalından biri odur ki, tələbələrimiz ən azı bir xarici dili yüksək səviyyədə mənimsəsinlər. Bu, onlara müxtəlif elm sahələri ilə bağlı xarici dillərdə olan ədəbiyyatlarla tanış olmağa, daha geniş spektrdə bilik və bacarıqları mənimsəməyə imkan yaradır.
Universitetin siyasəti ondan ibarətdir ki, milli iqtisadiyyatın, daha doğrusu bizim təhsil sistemimizin tələb etdiyi peşəkar mütəxəssislər hazırlasın. Bunu uğurla həyata keçirmək üçün ADPU-nun "Tədrisin idarə olunması və tədris texnologiyaları mərkəzi"nin direktoru, dosent Sənan Əliyevin göstərişi əsasında təlim proqramları müasir tələblərə uyğun olaraq daim yenilənir və yeni dövrün çağırışlarına uyğunlaşdırılır.
Nüfuzlu xarici universitetlərdən mütəxəssislər mühazirələr üçün mütəmadi olaraq universitetimizə dəvət olunur. Tədris prosesinin tərkib hissəsi kimi 2016-2017 tədris ilinin yaz semestrinin imtahan sessiyasını normal mənəvi-psixoloji şəraitdə, şəffaf və obyektiv keçirmək üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılmışdır. Yaz semestrinin imtahan sessiyasında imtahanların yazılı və test sistemi ilə aparılmasına nəzarəti təmin etmək məqsədilə nəzarətçi müəllimlər və imtahan rəhbərləri təyin olunmuş, eyni zamanda imtahan prosesində mümkün narazılıqların araşdırılması məqsədilə fakültələr üzrə apelyasiya komissiyaları yaradılmışdır. İmtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi, imtahanların gedişində yarana biləcək mənfi halların qarşısının alınması, yol verilən nöqsanların vaxtında aradan qaldırılması, imtahanların gedişi ilə bağlı daxil olan ərizə, şikayət və təkliflərin çevik araşdırılması və vətəndaşların müraciətlərinə vaxtında baxılmasını təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılmışdır. İmtahanqabağı kollekviumlar fənn müəllimləri tərəfindən və kompüter vasitəsilə keçirilmişdir. İmtahanların keçirilmə müddəti tədris planlarına və tədris prosesinin qrafikinə uyğun tərtib edilmiş və təsdiq olunmuş cədvəl üzrə aparılmışdır. Bakalavriat səviyyəsində I tədris ilinin tələbələri üçün yazılı formada, II-IV tədris ilinin tələbələri üçün isə spesifik fənlər istisna olmaqla, imtahanlar kompüter vasitəsilə test üsulu ilə, magistratura səviyyəsində isə imtahanlar yazılı şəkildə aparılmışdır. Semestr və dövlət imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədilə universitet üzrə İmtahan qrupu yaradılmış, bütün imtahanlarda şəffaflığın və obyektivliyin təmin edilməsinə nail olunmuşdur.
Onu da qeyd etməliyik ki, universitetin tələbələri haqqında hərtərəfli məlumat İnformasiya Bazasına toplanır və hər il yeni qəbul olunan tələbə haqqında məlumatlar yenilənir. Mərkəzin əsas missiyası tələbələrin intellektual və mədəni inkişafı və peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi üçün layihələr həyata keçirməkdən və universitetin çoxsaylı məzunları ilə daim əlaqə saxlamaqdan ibarətdir. ADPU-nun ayrı-ayrı strukturlarının təşəbbüsü ilə tez-tez təşkilatların, şirkətlərin, xarici ölkələrin nümayəndələri ilə tələbələrin görüşləri keçirilir, müxtəlif sahələrə dair təlimlər, treyninq və seminarlar təşkil olunur. Universitetimiz pedaqoji təcrübəsinin ən yüksək səviyyədə təşkili üçün tədbirlər də görür. Bu mənada Bakı şəhərinin müxtəlif ən qabaqcıl orta məktəbləri seçilir və təcrübəli pedaqoqların rəhbərliyi altında tələbələr sınaq dərsləri aparırlar.
ADPU-da müasir tədris laboratoriyaların qurulması istiqamətində işlər aparılır. Belə ki müasir laboratoriyalar bu günün tələbidir. Ona görə də Cəfər müəllim bu istiqamətdə yenilənməni, maddi-texniki bazanın möhkəmləndirilməsini daim diqqətdə saxlayır. Oda məlumdur ki, zəngin kitabxana tədrisin keyfiyyətinə təsir edən amillərdəndir. Bu mənada rektor Pedaqoji Universitetin kitabxana fondunun daim zənginləşməsinə də diqqət yetirir. Eyni zamanda dünyanın aparıcı nəşriyyatlarının elmi və informasiya resurslarının ən böyük aqreqatorları olan şirkətlərlə əməkdaşlıq əlaqələri qurulur, bu əməkdaşlıq nəticəsində universitetin professor-müəllim heyəti, tələbələri müxtəlif sahələrlə bağlı mövcud ədəbiyyatlarla, eləcə də yeni çap olunan kitablarla tanış olmaq imkanlarını genişləndirəcəklər.
Xalqımızın və dövlətimizin ali pedaqoji təhsildən gözləntiləri böyükdür. Yeni dövrün müəllimi təhsil, tərbiyə, inkişaf texnologiyalarından baş çıxarmalı, düzgün diaqnozlaşdırma, proqnozlaşdırma, layihələşdirmə, informasiyavermə, təşkiletmə, qiymətləndirmə, nəzarətetmə və korreksiya funksiyalarını bilməli, tədqiqatçılıq keyfiyyətinə malik olmalıdır. Ümumiyyətlə, Cəfər müəllim qeyd edir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin yetişdirdiyi müəllim aşağıdakı keyfiyyətlərə malik olmalıdır: "müəllim şagirdləri təkcə elmi xarakterli informasiyalarla məlumatlandırmamalı, eyni zamanda onların cəmiyyətin ən dəyərli üzvlərinə çevrməyi bacarmalıdır; müəllim-şagirdləri öz şəxsi nüfuzu ilə deyil, özündə təlim və tərbiyə qanunauyğunluqlarını əks etdirən müddəa və qaydalarla özünə tabe etməyi bacarmalıdır; müəllim şagirdlərdə özünə inam və tələbkarlıq hisslərini formalaşdırmalı və inkişaf etdirməlidir; müəllim vicdanla icra etdiyi vəzifənin ön planında kəmiyyət deyil, keyfiyyət dayanmalıdır; müəllim yüksək səviyyəli pedaqoji və psixoloji xüsusiyyətlər ilə seçilməlidir. Tədqiqatçılıq bacarığı olmayan müəllim bu keyfiyyətləri öz şagirdlərinə aşılaya bilməz. Müasir məktəbin müəllimi yaradıcı olmalı, dərs dediyi şagirdin inkişafını bütün mərhələlər üzrə görməyi bacarmalı, onların şəxsiyyət kimi formalaşmasını düzgün istiqamətləndirməlidir".
Səriştəli gənc müəllimlərin hazırlanması üçün ADPU-da yüksək səviyyəli professor-müəllim heyəti formalaşmalıdır. Professor Cəfər Cəfərov tərəfindən ADPU-da reallaşdırılan yeni seçim qaydaları məhz bu məqsədə xidmət edir. Seçki prosesini təşkili və onun həyata keçirilməsində "İnsan resusları departamentinin" müdiri hüquq üzrə fəlsəfə doktoru Aftandil Bayramov da çox böyük xidmətlər göstərir. Məhz qeyd olunanların nəticəsidir ki, 2017-2018-ci tədris ili üçün ali təhsilin bakalavriat səviyyəsində 259 nəfər abituriyent 500 və 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Bu, qəbulun 12,6% -ni təşkil edir. Müqayisə üçün bildirək ki, 2016-2017-ci tədris ilində bu göstərici 115 nəfər (5,3%) olmuşdur. Ötən ildən fərqli olaraq isə bu il 2 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. 2017-2018-ci tədris ili üçün "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasına qəbul olunanların 50,2%-i, "Riyaziyyat və informatika müəllimliyi" ixtisasına qəbul olunanların 48%-i 500 və 500-dən çox bal toplayıb. ADPU-nun 5 filialı üzrə 18 nəfər 500 və 500-dən çox, 1 nəfər isə 600-dən çox bal toplayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetində insan resurslarının inkişaf etdirilməsi istiqamətində islahatlar və mütəxəssislərin seçilməsinə yeni, müasir yanaşmalar davam edir. Məqsəd ADPU-da keyfiyyətli təhsil imkanlarının yaradılması, sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması, yüksək biliyə malik peşəkar və müasir mütəxəsissləri işə cəlb etməkdir. Bu baxımdan, ADPU-da bütövlükdə ölkəmizin ali təhsil sistemi üçün yeni və mütərəqqi sayılan növbəti addımın atılması da diqqətəlayiqdir. Belə ki, ADPU-da vakant fakültə dekanı və kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edilib. Müsabiqənin şəffaf və obyektiv aparılmasını təmin etmək məqsədilə tərkibinə tanınmış, təcrübəli və nüfuzlu pedaqoq-alimlərin daxil olduğu 27 nəfərdən ibarət Komissiya yaradılıb.
Zaman dəyişdikcə təfəkkürlər, dünyagörüşlər, dünyanın mahiyyəti və mənası haqqında fikirlər də dəyişir, təzələnir. Cəfər müəllim böyük təşkilatçılıq işinə, yaradıcı fəaliyyətinə görə qazandığı uğurları kürsüyə çevirib bir çoxları kimi lovğa-lovğa danışmaq yolunu seçmədi. Biz inanırıq ki, Cəfər fenomeni həmişə diqqət mərkəzində olacaq. Sevənlər onu böyük yolun davam etdirilməsi naminə islahatçı kimi, sevməyənlər də uğurlarından bəhrələnmək naminə öyrənəcəklər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun adının qarşısında müxtəlif titullarla bərabər nə vaxtsa BÖYÜK İSLAHATÇI sözüdə yazılacaqdır. Bax bu bir həqiqətdir. Professor Cəfər Cəfərov təşkilatçı, idarəçi və islahatçı kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixinin həqiqətidir. Həqiqət isə bütün nisbiliklərə baxmayaraq tarixin sınaqlarından üzü ağ çıxır.

ELNARƏ MEHBALIYEVA, Kimya və biologiya fakültəsinin dekanı, Biologiya üzrə fəlsəfə doktoru, dosent
ƏLİ ZALOV, Analitik və üzvi kimya kafedrasının müdiri, Kimya üzrə elmlər doktoru, dosent