Tələsən qızları unutmaq olmur

OĞUZ AYVAZ
31226 | 2017-09-12 14:57

Metrodan çıxmışdım. Əlində kitabları, başında qırmızı, pırpızlı papağı olan qız məni görəndə yerindəcə quruyub qaldı. İndi sual verəcəksiniz ki, bu qız kimdir? Səninlə nə işi ola bilər? Niyə quruyub qalır? Bəlkə, elə bilərsiz ki, mənim yaraşığıma təccüblənib? O zaman gəlin başdan başlayaq.

Onu təxminən altı il əvvəl isti yay günlərinin birində görmüşdüm. Əlləri kirli, saçları dağınıq, gödəkçəsi köhnə və tozlu. Qara iri gözləri ilə gülür, mənə baxırdı. Bilmirəm niyə onunla rastlaşmışdım? Ancaq bu hal xoşuma gəlirdi.

Daha sonra aramızda münasibət yaranmağa başladı. Vaxtaşırı onu görməyə gedirdim. Hətta yanında belə onun üçün darıxırdım. Anlaşılmaz hisslərin, duyğuların içimdə baş qaldırdığını duyurdum. Onun səsi mənim üçün dünyadakı bütün səslərdən daha gözəl, daha ahəngdar səslənirdi.

Günlər keçdikcə həyat gözlərimdə cənnətə çevrilirdi. İçimdə tərifsiz sevinclər doğurdu. Günəş, torpaq, insanlar, heyvanlar gözlərimdə inanılmaz dərəcədə gözəl görünürdü. Artıq mən onu sevdiyimi dəqiqləşdirmişdim. Ona qarşı duyduğum hissləri sevdiyim qız da bilməli idi. Bu onun təbii haqqı idi. Nəhayət, ona bir məktub yazdım. Nə yazmışdım, xatırlamıram, ancaq onu bilirəm ki, səmimi sözlərimi ona çatdırmışdım. Güman edirdim ki, cavabı müsbət olacaq. Ancaq sən saydığını say, gör fələk nə sayır.

Onun yaşadığı qəsəbədən ayrılmışdım. Günlərcə ondan xəbər gözləyirdim. Darıxırdım. Nəhayət, cavab gəlmişdi.

"Sən çox yaxşı insansan. Səninlə çox istərdim nəsə alınsın. Ancaq məndə sevgi hissləri ölüb. Bağışla, amma sənə ümid vermək istəmirəm. Sağ ol!”

Bu soyuq sətirlərdə özümü narahat hiss etdim. İnanmaq istəmirdim. Yox! Yox!

Yaxınlıqdakı dükandan içki alıb əkin yerinə getdim. Bir ağacın kölgəsində kədərimə içdim. Gecəni xatırlamıram, deyəsən orada sızıb qalmışam. Səhər küçə iti üstümü iyləyirdi. Gözlərimi açanda itin məsumluğu məni qorxutmadı. Onu qucaqlayıb hönkürdüm.

Avqust ayının son günü qəsəbədən ayrıldım. Qardaşım, bacım məndən narahat idilər. Günlərcə heç kimlə kəlmə kəsmədim. Susqunluğum heç nəyə çarə verməsə belə sanki özümü cəzalandırırdım. Bakıya yol aldıq.

Bakı gözlərimdə küsəyən bir uşağa bənzəyirdi. Ya da mənim gözlərimdə elə görünürdü. Bilmirəm. Aylarca sevdiyim qızı unutmağa çalışırdım. Alınmırdı. Bəzi gecələrsə sanki onun səsini eşidirdim. Qarşılıqsız sevgi həyatımı pessimist, bədbin, rəngsiz hala çevirmişdi.

- Aa... sən?

- Necəsən?

- Təsadüfə bax.

- Çox qəribədir!

Gözlərinin içinə baxdım. Hardasa oxumuşdum ki, belə edəndə qızlar səni sevir. Məni çox sorğu-suala tutdu. Onun bütün cümlələri sualla bitirdi.

- Dərsə gedirsən?

- Yox

- Bəs niyə tələsirsən?

- Gülümsünür. Mən onsuz da, həmişə tələsirəm.

Sonra gəlib-keçən adamlara baxırıq. İkimiz də nə deyəcəyimizi bilmirik. Elə bil aramızdan qara bir ilan keçib. Heç sağollaşmağa da imkan olmur. O, əlini havada yelləyib, sakitcə uzaqlaşır. Mən ardınca baxıram. Birdən dostumun zarafatla dediyi sözlərini xatırlayıram: "Tələsən qızları unutmaq olmur".


TƏQVİM / ARXİV