adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Sentyabr 2017 13:41
21250
ƏDƏBİYYAT
A- A+

ZEYNİN TOYU

TAYİB SALİH

Sudan yazıçısı Tayib Salih (1929-2009) XX əsr ərəb ədəbiyyatının məşhur nümayəndələrindən biridir. Onun tematik trilogiya hesab edilən "Zeynin toyu”, "Quzeyə köç mövsümü” və "Bender şah” əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub və böyük rəğbət qazanıb. Bu əsərlərdən bəzi fraqmentləri Mehman Cavadoğlunun tərcüməsində Adalet.az-ın oxucularına təqdim edirik.


Zeynin anası şayiə buraxmışdı ki, onun oğlu müqəddəsdir, allahın övliyalarından biridir. Zeyn əl-Hüneylə dostlaşandan sonra bu şayiə beyinlərdə daha dərin kök saldı. Əl-Hüneyn özünü allaha ibadətə həsr eləmiş bir zahid idi. O altı ay bu kənddə ibadət eləyib oruc tutdu, sonra bardağını və canamazını götürüb səhraya yollandı, altı aydan sonra yenidən geri döndü. Bu müddətdə onun harda itib-batdığını, nə işlə məşğul olduğunu heç kim bilmirdi. Əl-Hüneyn haqqında qəribə əhvalatlar danışırdılar. Bir də görürdün kimsə onu guya hansısa bir vaxtda Merovada gördüyünə and içdiyi zaman başqa birisi də and-aman eləyirdi ki, həmin vaxt onunla Kərmədə rastlaşıb. Halbuki bu iki şəhər arasında altı günlük yol var idi! Deyilənə görə, əl-Hüneyn ancaq yer üzünü dolaşa-dolaşa allaha ibadət eləyən zəvvarlarla, necə deyərlər, gəzərgi möminlərlə dostluq edirdi.

Əl-Hüneyn kənd sakinlərindən tək-tük adamla kəlmə kəsərdi. İlin altı ayı hara getdiyini soruşanda heç bir cavab verməzdi. Onun nə yediyini, nə içdiyini də bilən yox idi. Uzun yola çıxanda da özüylə yeməyə heç nə götürməzdi.

O, kənddə yalnız bir nəfərlə, Zeynlə xoş davranır, ona diqqət göstərir, onunla söhbət eləyirdi. Zeyni yolda görən kimi qucaqlayır, başından öpür, onu allahın xoşbəxt bəndəsi adlandırırdı. Zeyn də əl-Hüneynin gəldiyini görəndə gic-gic danışığına son qoyar, cəld yaxınlaşıb onu qucaqlayardı. Əsl möcüzədir! Əl-Hüneyn Zeyn gildən başqa bir kimsənin evində yemək yemirdi. Zeyn onu öz anasının yanına aparır, arvada yemək hazırlamağı, çay, kofe verməyi əmr eləyirdi. Sonra əl-Hüneynlə saatlarla oturub söhbət edir, deyib-gülürdü. Bütün kənd bu dostluğun sirrini öyrənməkçün qır-saqqız olub ondan yapışır, Zeynsə hamıya eyni sözü təkrar eləyirdi: Əl-Hüneyn onu kutsal adam adlandırıb. Bundan artıq nə istəyirsiz?

Zeyn çox adamla bu cür dostluq eləyib – bütün kəndin fağır, miskin saydığı kar Oşmanla, təkgöz Musayla, anadangəlmə şikəst, üst dodaqsız və sol tərəfi iflic vəziyyətdə doğulmuş Büheytlə. Zeynin belə adamlara yazığı gəlirdi. Bəzən görürdü ki, Oşman sahədən başında bir şələ şaxla gəlir. Tez ona tərəf qaçaraq zarafatlaşır, gülür və şələni alıb öz başına qoyurdu. Və ya hansısa bir kənd qızı – onlar, axı, hər şeydən qorxan olurlar – yolda bir qadın və ya kişiylə rastlaşan kimi canına qorxu düşür, bədəni tir-tir əsir. Elə bil qarşısındakı hansısa bir vəhşi heyvandır. Ancaq həmin qorxacaq qız Zeyni görən kimi üzünə təbəssüm qonur, qırt toyuğun qaqqıltısı kimi sakit, ürkək gülüşlə gülür. Yaxud Musa. Onun adını kənddə heç kim xatırlamır, hamı onu Taygöz çağırır. O, yaşının ahıl çağındadır. Görəndə adamın ürəyi qan ağlayır – qoca çox ləng, çətin yeriyir. Ağır, məşəqqətlərlə dolu bir həyat yaşayıb. Lap qədim vaxtlardan kənddəki varlı bir adamın qulu olub. Hökumət bütün qullara azadlıq verəndə, Musa öz ağasının yanında qalmağa üstünlük verdi. Bu ağa çox xeyirxah adam idi, ona hörmət edir, mərhəmət göstərirdi. Qocalıq Musanı haqlasa da, zavallının nə bir yaxın adamı, nə də başını soxmağa balaca bir ev-eşiyi var idi. Artıq bir kimsəyə də gərək deyildi. Xarabalıqlarda gəzir, gizlənir, yiyəsiz köpəklər kimi həyət-bacaların künc-künarlarında dolaşır, birtəhər keçinirdi... Gündüzlər dalda-bucaqlarda fırlana-fırlana yeməyə nəsə axtarır, ovxantı, qır-qırıntı yığır, uşaqlar da onu it kimi ora-bura qovurdular. Zeynin qocaya yazığı gəldi, ona palma çubuqlarından koma hördü, sağmal bir keçi bağışladı. Səhərlər ayaqüstü ona baş çəkib gecəni necə keçirdiyini soruşur, gün batandan sonra cibləri dolu xurmayla, qoynu dolu tikələrlə gəlir, nəyi var hamısını qocanın qucağına boşaldırdı. Bir az çay, bir neçə dilim qənd, bir ovuc kofe gətirdiyi vaxtlar da olurdu... Taygöz Musadan soruşanda ki, Zeynlə bu dostluq hardandır, qocanın gözləri yaşla dolur və deyirdi: "Bizim Zen tək mənim dostum deyil ki, onu çoxları sevir. Qardaş, sevgi, istək onun təbiətindədir...” Zenin bu xeyirxah əməlləri kənd camatını getdikcə daha çox mat qoyurdu. Nədi, o, allahın yerdəki peyğəmbəridir? Bəlkə tanrının adəm sifətində yer üzünə göndərdiyi mələkdir. Bəlkə tanrı bu mələyi göndərməklə öz qullarına xatırlatmaq istəyir ki, böyük ürək sahibi olun, çünki böyük ürək hər yerdə, Zeyn kimi gülməli birisinin köksündə də, sinənin ən dərin qatlarında da qərar tutanda döyünməyə qadirdir. İnsanlar bunu görür və başlarını yellədərək deyirlər: "Allahım, sən öz sirrini zəif, üzgün bəndələrində gizlədirsən!” Ancaq bu vaxt Zeynin öz səsi də yüksəlir, kəndin üzərində pərvazlanır: "Siz ey suda boğulanlar, ehe-ey, azad olunanlar! Məni bağladılar...” Və bununla da bu müqəddəs obraz dağılır, külə dönür. Ordan Zeynin əvvəlki obrazı yenidən baş qaldırır – insanların öz təsəvvürlərində yaratdıqları, onların ürəyinə yatan əvvəlki obrazı...

Hər şey sanki beləcə öz axarına düşüb gedirdi. Ancaq bu yaxınlıqda gözəl, qanışirin, ox kimi iti gözlü bir qız yaşayır və sən demə, bu qız boşboğaz, dəlisov, avara Zeynin hərəkərlərini izləyirmiş. Bir dəfə o, Zeyni adəti üzrə qadınlarla şit-şit zarafat etdiyi, onları güldürdüyü yerdə haqladı və söydü: "Ağzının suyunu axıtmaqdan, naqqallıq eləməkdən bezmədin? Yaxşısı budur ki, gedib bir işlə məşğul olasan!” Bunu deyərkən qızın gözəl sifətində alışan bir cüt gözlər Zeynin qəlbini yandırıb-yaxdı. O, gülməyini saxladı, xəcalətdən başını aşağı saldı, yan-yörəsinə yığışmış bir sürü qadından ayrılıb öz işinin dalınca getdi.

... Əminə qulaqlarına inanmadı. Süd satan Həlimədən az qala onuncu dəfə soruşdu: "Deyirsən, kiminlə evlənir?” Həlimə də onuncu dəfə təkrar elədi: "Hə də , Nuamayla”.

Mümkün deyil. Axı, doğrudan da qeyri-mümkündür! Görünür, qız ağlını tamam itirib. Nuama Zeynə ərə gedir? Qəzəbdən Əminənin ürəyi sinəsindən çıxırdı – sən bir işə bax? O iki ay bundan qabaq qürurunu tapdalayaraq, özünü həddindən artıq alçaldaraq Nuamanın anasının yanına getdiyini yaxşı xatırlayırdı. Axı o, həmin gündən, bəli-bəli həyatındakı o ağır gündən sonra and içmişdi ki, ömrü boyu onunla, Səidiyyəylə kəlmə də kəsməyəcək. Əminənin anası vəfat eləmiş, kəndlərindəki bütün qadınlar ona başsağlığı verməyə gəlmişdilər. Təkcə Səidiyyədən başqa. Nə olsun ki, onun anası vəfat eləyən gün Səidiyyə heç yerli-dibli kənddə yox idi. O, xəstəydi və bütöv bir ay Merov xəstəxanasında hərəkətsiz uzanıb qalmışdı. Merovdan qayıdanda bütün qadınlar ona baş çəkməyə getdilər. Əminədən başqa hamı. Hə. O vaxt qadınlar iki dəstəyə bölünmüşdü. Bir qismi hər şeydə Səidiyyəni müqəssir bilir, israr edirlər ki, Əminə gilə gedib başsağlığı vermək onun borcuydu – çünki ölüm xəstəlikdən ağır dərddir. Qadınların yarısısa Səidiyyənin ətrafında birləşmişdilər – deyirdilər ki, Əminənin anası hər halda ən ahıl yaşına çatmışdı və sağ adam ölmüş adamdan daha çox diqqətə layiqdir. Elə bir hay-küy qopdu ki, artıq kələfin ucu itdi. Hər tərəf öz dediyinin üstündə durdu və Əminə Səidiyyə ilə ünsiyyətdən qaçdı, Səidiyysə onunla danışmaqdan birdəfəlik imtina elədi.

İki ay bundan qabaqsa Əminənin oğlu anasına and verdi, aman dilədi ki, gedib üzrxahlıq eləsin və Naumaya elçi düşsün! Qadın qürurunu tapdalayır, özünü o qədər alçaldır ki, durub gedir Səidiyyənin həyətinə. Səhər saatlarıydı, ocaqda kofe qaynayır, stolun üstunə fincanlar, şəkər və başqa lazım olan şeylər düzülüb. Səidiyyə onu çox soyuq qarşılayır, kofe içməyə xala xətrin qalmasın dəvət eləyir. Əminə əvvəlcə imtina eləyir, Səidiyyə də gözlənildiyi kimi təkid etmir. Bu da ki, necə deyərlər, adama qapının dalını göstərmək kimi bir şeydir. Ev sahibi dil götürüb demədi ki, allahın nemətidir, bəxtinə düşüb, öz ayağınla gəlib üstünə çıxmısan, bir fincan iç. Bir kəlmə də olsun bu cür söz söyləmədi! Ancaq Əminə oğlu Əhməd və onun qızı Nuama haqqında Səidiyyə ilə danışmağa özündə güc tapdı.

Əvvəlcə sıxıldı, sifəti haldan-hala düşdü və nəhayət, ürəyində onu bu qədər aşağıladığına görə oğlunu lənətləyirərək titrək səslə danışmağa başladı. Həlimə danışır və deyirdi: "Səidiyyə, mənim bacım... Mən həqiqətən and içmişdim ki, ömüm boyu sizə ayaq basmayım. Deməli, sən yeganə adam idin ki, mənim evimə gəlmədin, anama görə təsəlli vermədin. Möminlər xeyirxah və mərhəmətli olurlar. Mən səni bağışladım, bacım. İndisə mən bir vacib işə, oğlum Əhmədə görə sənin yanına gəlmişəm. Əbu Əhməd, elə deyəsən, mən də, bəli biz istəyirik ki, Nuama Əhmədin arvadı olsun!” Bunları deyib qurtardıqdan sonra qadın hiss elədi ki, dili ağzında kötüyə dönüb, boğazı quruyub, büzüşüb. Təxminən iki dəfə öskürdü – əlləri əsməyə başladı. Səidiyyəsə cavabında heç nə demədi, bir söz də söyləmədi! Heç olmasa, bircə kəlmə nəsə danışsaydı, Əminə bir qədər toxtayar, bu dəhşətli vəziyyətdən az da olsa yaxa qurtarardı. Ancaq Səidiyyə həmişə ona yuxarıdan aşağı baxıb, onu özündən aşağı səviyyəli adam sayıb. O özü gözəl, boy-buxunlu qadındır – həm sifəti qəşəngdir, həm də qəddi-qaməti. Onun açıq, təmiz sifətinə baxanda yeddi qardaşının var-dövlətini, atasının geniş torpaq sahələrini, mal-mülklərini hiss etmək mümkündür, hələ ərinin palmaları, bağ-bağatı, inək və digər mal-qaraları hesabdan deyil. Bu qadının üç uşağı məktəb oxuyub, hökumət işində çalışır. Qızı gözəldir, oğlanlar onu görən kimi qır-qaqqız olub yapışır, əl çəkmək istəmirlər, kimi dindirsən haqqında xoş sözlər danışır. Qadının özünün artıq qırxdan çox yaşı var, ancaq təzə yetişmiş ərlik qıza oxşayır. Düzdür, azdanışandır, ancaq nə olsun, niyə indi ağzına su alıb oturub, nəsə demir, bir kəlmə də danışmır? Nəhayət, Səidiyyə öz uzun kipriklərini qaldırıb qəribə, anlaşılmaz nəzərlərlə Əminəyə baxdı. Bu baxışlarda nə qəzəb, nə nifrət, nə tənə, nə də iltifat var idi. O, titrəmədən, həyəcan keçirmədən sakit səslə dedi: "Bütün xoş işlər allahın istəyilə gerçəkləşir. Son söz evin kişisinə məxsusdur. Gələr, çatdırarıq”.

Əminə bütün olub keçənləri bir daha yadına saldı: üzrxahlıq elədilər ki, guya Nuama hələ ərə getməkçün balacadır, yaşı azdır. Ancaq indi özləri onu Zeynə, kəmağılın, ağzıayrığın birinə verirlər. Bu qədər düz, təmiz adamların arasından elə bir bu Zeyni seçdilər?! Əminə dərhal başa düşdü, bütün varlığıyla hiss elədi ki, bu işin mayasında şəxsən onu qəsddən təhqir eləmək, heysiyyatına toxunmaq dayanır.

Südsatan Həliməsə Əminənin gözlərinin bərəldiyini, bəbəklərinin qanla dolduğunu görüb, büsbütün titrəməyə başladı. Arvad hələ də ona süd süzüb-süzmədiyini hiss eləməmişdi. Ancaq Əminənin qabına süd süzmüşdü, indi bir az da əlavə edib dedi:

-Di, özünü ələ al, qonşu... Al, bir az da artıq süzdüm, əsəbləşmə!

İllər durmadan ötüb keçir, Nilin suları da öz növbəsində nəhəng bir pəhləvanın qəzəblə dolan sinəsi kimi qabarırdı.Su daşıb səhra yarğanlarına çatınca, yaylaların kənarlarındakı evlərin kandarını sakitcə doldurunca əvvəlcə sahilboyu at oynadır, əkin yerlərini basırdı. Gecələr qurbağalar müxtəlif ahənglə quruldayır, şimal tərəfdən nəm, canına şeh hopmuş külək əsir və özüylə qəribə qoxu gətirirdi. Havadan həm akasiya güllərinin və cənnət bananının ətri, həm çürümüş ağacların, rütubətdən doymuş qüvvətli, bərəkətli torpağın iyi, həm də ağır-ağır ləngər vuran dalğaların qumun üstunə tulladığı iylənmiş balıqların ufunət qoxusu hiss olunurdu.

Ayın tam bədirləndiyi gecələrdə çayın üzü aydın, nəhəng bir güzgüyə çevrilir, xurma ağaclarının budaqları onun şüşə kimi hamar səthi boyu qaçışırdı. Su insan səsləri və musiqi sədalarını xeyli uzaqlara yayırdı. Hardasa iki mil kənarda toy şənliyi keçirilir, qışqırıq və hay-küy səsləri, titrək təbil gubbultusu, lütenlərin cəhcəhi və bəy tərifləri elə aydın eşidilirdi ki, sanki hər şey qonşu evdə baş verirdi...

Bol sulu Nil nəfəsini dərir.

Bir gün oyanırsan ki, Nilin qabarmış sinəsi təmiz çöküb. Su adacıqlardan çəkilərək sakitləşib, şərqdən qərbə doğru yayılan öz əvvəlki məcrasına qayıdıb. Günəş səhərlər bu sulardan çıxır, axşamlar da elə ordaca qüruba çəkilirdi. Baxdıqca geniş ərazilər boyu uzanan bərəkətli, par-par yanan, canki cilalanmış torpaq sahələri adamın gözünü oxşayırdı. Öz təbii axarına qayıdıb sakitləşən sel suları yerin üstündə günəş şüalarının altında işıq saçan hamar cığırlar açmışdı. Torpağın qoxusu mayalanma dövrünü keçirən xurma ağaclarındakı bahar tozcuqlarının ətri kimi azğınlaşır, adamın canına işləyir, acgözlüklə burun deşiklərinə dolurdu. Torpaq şişmiş, ağırlaşmış, sakitləşmişdi, ancaq hiss edirsən ki, onun bətni böyük bir sirr saxlayır. O, azğın bir ehtiras libasına bürünərək öz ağasıyla çoxdan gözlədiyi görüşə hazırlaşan qadına oxşayırdı. Zahirən sakit görünsə də, içəridə, lap dərinliklərdə damarlarda axan suyun, həyat və bərəkət suyunun uğultusu və coşqusu var idi. O artıq mayalanıb, gərilib – doğuşa hazırdır. Parıltı saçan tiyə onun qarnını yarır – budur, məstlik anı, sancılar, sovqat. Yarılan boşluqda toxum cücərir. Ana öz bətnindəki gələcək həyat dölünü necə şəfqətlə, hərarət və məhəbbətlə qoruyursa, yerin təki də buğda, arpa, paxla toxumlarını elə qoruyur.

Torpaq bətnində bəsləyib yetişdirdiy cücərti və bar-bəhrəsini dünyaya gətirərkən yarılır.

Nuama yaşının erkən çağlarını, uşaqlıq illərini yaxşı xatırlayır. Anasının yanına gələn qadınlar bəzən onu dizlərinin üstündə oturdur, çiyinlərinə dağılmış sıx saçlarını əlləriylə oynadır, sığallayır, üzündən, dodaqlarından öpür, körpəni qıdıqlayır, qucaqlayıb bərk-bərk sinələrinə sıxırdılar. Bütün bunlar qızın xoşuna gəlmir, daim onların qolları üstündə tərsinə çevrilirdi. Ancaq bir dəfə iri, enli caynaqlarıyla onun bədənini qucaqlayan kök bir qadının qarşısındakı tam gücsüzlüyüyü səbəbindən o çox atılıb-düşdü. Qadının caynaqları vəhşi heyvan çənəsi kimi uşağın bədənində yumulur, onu götürüb şişman, iri budlarına qısırdı. Bütün bədəni güclü, boğucu bir qoxu saçırdı. Nuama onun qucağından düşmək üçün ilan kimi qıvrılır, ancaq qadın onu sinəsinə sıxır, ətli dodaqlarını qızın balaca çöhrəsinə sürtərək boynundan, yanaqlarından öpür, acgözlüklə bu təravətli bədəni iyləyirdi. Nuama var gücüylə onun sifətinə bir yumruq ilişdirdi.Qadın özünü itirdi, qorxdu, əllərini araladı və Nuama balıq kimi sürüşüb yerə düşərək otaqdan çıxıb qaçdı...

Nuama böyüyəndən, uşaqlıq dövrünü adlayandan sonra istər kişilər, istərsə də qadınlar nəzərlərini ondan çəkmirdilər, qız öz yoluyla sakitcə getdiyi yerdə yanından ötənlərin başı onun ardınca çevrilirdi. Nuama öz gözəlliyinə önəm vermirdi.

Atasının onu Quranı öyrənmək üçün yerli kuttaba[1] getməyə məcbur eləməsini qız yaxşı xatırlayır. Nuama orda oğlanların arasında yeganə qız idi. Bir ay ərzində yazmağı öyrəndi, Qurandan surələr oxuyan yaşca böyük oğlan uşaqlarına qulaq asır, eşitdiklərini yadında saxlamaq üçün öz-özünə təkrar eləyirdi. Bir müddətdən sonra özü Quran oxumağa, böyük şövqlə və həzzlə onu əzbərləməyə başladı. Ordakı ayrı-ayrı ayələr qəlb oxşayan xoş müjdələr kimi qızın çox xoşuna gəlirdi. "Ər-Rəhman”, "Məryəm”, "ət-Tariq” surələrindən yadında qalanlar onu çox həyacanlandırırdı. Əyyub haqqında oxuyarkən hiss eləyirdi ki, qəlbinə dərin bir kədər çökür. "Budur, biz onun yanına gəldik, onun və onun kimi adamlar, onlarla da Rahma, bizlərdən biri” ayəsinə çatanda onu büsbütün böyük, məstedici hisslər bürüyürdü. Rahmanı öz təsəvvüründə qeyri-adi gözəlliyə malik, ərinə sədaqətli olan bir qadın kimi canlandırırdı. Valideynləri onun adını Rahma qoysaydılar necə də yaxşı olardı! O, böyük qəhrəmanlıqlar göstərmək, fədakarlıqlar etməyin arzusunda olsa da bunları necə, nəyin naminə eləməli olduğunu bilmirdi. Ancaq bir gün özünü qurban vermək vaxtı gələcək, böyük fədakarlıq anı yetişəcək! Onun içində daim bu cür qeyri-adi, anlaşılmaz hisslər yaşayırdı – "Məryəm” surəsini oxuyandasa həmin hisslər daha da alovlanırdı. Nuama ciddi bir qız kimi özünü bu hisslərlə tərbiyə eləmişdi. Məsuliyyət hissi onun xarakterinin əsas cizgisinə çevrilmişdi.

Nuama ev işlərində anasına yardımçı olur, hər şeyi onunla müzakirə eləyir, atasıyla böyüklərə aid olan ciddi mövzulardan söhbət salır və bəzən onu dalana dirəyir. Qardaşlarından biri onu təhsilini davam etdirməyə məcbur eləyir. Özündən iki yaş böyük olan həmin qardaşı deyir: "Bəlkə həkim oldun, ya da vəkil”. Ancaq o bu yolu seçmək istəmir.

Sifətinə tam bir ciddi görkəm verərək qardaşına deyir: "Məktəbdə oxumaq, boş şeydir. Oxumaq və yazmağı bacarmaq, Quranı və duaları bilmək kifayətdir”. Qardaşı gülür və deyir: "Bu gün-sabah ilahi sevgi qarşına çıxıb, sənə elçi düşəcək və... bütün bu dediklərindən imtina eləyəcəksən!” Ümumiyyətlə, ailənin bütün üzvləri onun gələcəyilə bağlı müəyyən qorxu hissi keçirdiklərini gizlətmirlər. Yaxşı başa düşürlər ki, olduqca ciddi və sakit görkəmi, ox kimi iti baxışları olan bu qızın içində onlara aydın olmayan çox mübhəmlər gizlənir.

Nuamanın on altı yaşı olanda anası onunla oğlanlardan danışmağa başladı. Əlbəttə, qızının əri olmağa yarayan, yəni həm varlı, həm də savadlı, həm qəşəng, həm də ata-anası onun nəslinə tay olan oğlanlardan. Nuamasa, sadəcə, çiyinlərini çəkməklə kifayətlənir, heç nə demirdi. Əminə Səidiyyənin yanına gəlib Nuamanın Əhmədlə evlənməsindən söz açanda Səidiyyə ona demişdi: "Əlbəttə, son söz evin kişisinə məxsusdur”. Ancaq ana öz qəlbinin dərinliyində yaxşı bilirdi ki, son söz qızı Nuamaya məxsusdur. Onun rəyini öyrənmək lazımdır. Osa çiyinlərini çəkir və deyirdi: "Yox bir! Elə danışırsan ki, sanki toya bir gün qalıb!” Mübahisə eləməyin heç bir faydası yox idi, üstəlik, Səidiyyənin özünün də Əminəylə quda olmaqdan ötrü gözü artmırdı.

Bir müddət keçdi, evə İdris adlı bir oğlan ayaq açdı. Kənddə çox qız ona ərə getməyi arzulayırdı. Oxumuş adam idi: ibtidai məktəbdə müəllim işləyirdi. Quzu kimi sakit, həlim xasiyyəti var idi, adamlarla çox nəzakətli davranırdı. Hərçənd, qohum-qardaşlarının heç biri yerli sakinlər deyildi, ancaq İdrisin atası çalışqanlığı və xoş rəftarıyla camaat arasında hörmət və nüfuz qazana bilmışdı. Nuamanın atası hacı İbrahim, anası Səidiyyə və qardaşlarının üçü də İdrisə qarşı xoş, isti münasibət bəsləyirdilər. Ancaq Nuama bu məsələylə bağlı fərqli düşünürdü. Eşidən kimi çiyinlərini dartdı və dedi: "Yaramır!” Oh, həmin vaxt qızıyla söhbət edən hacı İbrahim necə əsib-coşdusa, əvvəlcə qızına bir yaxşı sillə ilişdirmək istədi, ancaq gözlənilmədən fikrindən vaz keçdi. Qızın qəfil dəyişən sifətindəki hansısa sərt cizgi və ya ifadə onun içindəki qəzəbin üstünə su tökdü. Bəlkə gözlərinin ifadəsi, sakit qətiyyəti, yoxsa ötkəmlik? Sanki kişi hiss elədi ki, onun qızı tərs, inadkar deyil, üsyankar deyil, onu bu addımları atmağa təhrik edən özünün haqlı olduğuna və heç kimin onu seçdiyi yoldan döndərməyə gücü çatmayacağına bəslədiyi hədsiz daxili inamıdır. Həmin gündən etibarən evdə, ümumiyyətlə, bir kimsə Nuamanın evlənməsi barədə kəlmə də kəsmədi.

Nuama özünə qapandığı, öz fikirləriylə təkbətək qaldığı vaxtlarda evlənməklə bağlı beynində müxtəlif fikirlər dolaşır, qız hiss eləyirdi ki, bu izdivac qəflətən, heç gözləmədiyi bir yerdən gələcək. Allahın öz qullarına göndərəcəyi axirət günü kimi gələcək. İnsanların dünyaya göz açması, qəfil xəstələnməsi və yaxud ölümü kimi gələcək. Ağ Nil[2] necə daşıb fırtına kimi torpağın üstünə hücum çəkirsə, xurma ağacları necə öz vaxtında məhsul verirsə, buğda necə cücərir, yağış necə yağırsa, ilin fəsilləri labüd şəkildə bir-birini necə əvəz eləyirsə, o cür gələcək. Yəni, hələ o, doğulmamışdan, hələ böyük Nil öz nəhəng məcrasıyla dünya boyu sərilməmişdən, tanrı hələ bütün bu yer üzünü və onun üstündəkiləri yaratmamışdan əvvəl gizli lövhələrin birində allahın ondan ötrü yazdığı alın yazısı kimi gələcək. Belə şeylər haqqında düşünərkən Nuama nə bir sevinc, nə qorxu, nə də ümidsizlik hiss eləyidi. O, sadəcə olaraq, nə vaxtsa çiyinlərinə düşəcək böyük məsuliyyəti hiss edirdi: fərqi yoxdur, bu tez, yoxsa gec baş verəcək. Vilayətdəki bütün yaşıdları, rəfiqələri böyüyüb ərsəyə çatan kimi öz arzuları və xəyallarında nə vaxtsa bir axşam atını qapının ağzına bağlayıb içəri girən, onu qaçırdıb uzaqlara, möcüzəli bir dünyaya aparacaq, xoşbəxt və təhlükəsiz bir həyata qovuşduracaq gözəl bir atlının obrazını yaradırdı. Ancaq Nuama öz təsəvvürlərində belə romantik mənzərələr qurmurdu. Nuama yaşa dolduqca özüylə birlikdə qəlbində bol su kimi aşıb-daşan və nə vaxtsa hansısa kişiyə ərməğan edəcəyi bir sevgi böyüdürdü. Bəlkə bu, arvad-uşaqlı, evli bir kişi olacaq və o həmin kişinin ikinci arvadı olacaq. Nə bilmək olar, bəlkə də elə gənc, gözəl, savadlı bir oğlan, yaxud da kənddəkilərin hamısı kimi kərki vurmaqdan əlləri qabarlamış, bütün günü tarlalarda işləməkdən, ləklərin arasında gəzməkdən ayaqları cadarlamış, sifətinə baxanda adamın ürəyini göynədən zavallı, sadə bir əkinçi oldu. Qoy, lap Zeynin özü olsun!.. Hər dəfə Zeyn haqqında düşünərkən Nuamanın qəlbini səmimi hisslər bürüyürdü. Yəqin ki, yalnız analar öz uşaqlarına bu cür hisslər bəsləyə bilərlər. Qızın qəlbində cücərən bu hissə başqa bir hiss də qarışırdı: canıyananlıq. Onun təsəvvüründə Zeyn yetim, kimsəsiz, daim qayğıya ehtiyacı olan bir uşaq idi.

Hər halda Zeyn onun dayısı oğluydu. Və ümumiyyətlə, bu canıyananlıqda qeyri-adi bir şey yox idi!

Zeyn gecələr harda itib-batır, nə işlə məşğul olur – anası bu barədə heç nə bilmir. O bir yerdə cöcüş tutmayan narahat ruh kimiydi. Harda toydur, Zeyn orda hazırdır, ya təlhiylilərin arasında ağacların altında yatır, ya da köçəri quzlara qoşulub gah cənuba, gah da şimala üz tutur. Onu nə soyuq, nə qasırğa, nə də məcrasından çıxıb sahili basan Nil qorxudur. Qeyri-adi həssaslığı nəticəsində neçə mil aralıdan qopan qadın çığırtılarıni dərhal eşidir. Paltarını çiyninə atır və üz tutur səs gələn tərəfə. Qəfildən qum təpələrinin arxasından gözqamaşdırıcı işıq sayrışır – bu Omdurmandan gələn maşındır, şosseylə şütüyür. Kabinədən çölə boylanan sərnişinlər bədənini bir az qabağa əyərək, gözlərini yerə zilləmiş hansısa cılız bir fiqurun qumluqla yol ölçdüyünü görür. O, tələsə-tələsə şərqə doğru gedir. Sərnişinlər diqqətlə baxırlar – budur, Zeyn. Görünür, o tərəfdə toydur. Ya yanından keçərkən qışqıra-qışqıra ona nəsə deyir, ya da maşını saxlayıb öcəşirlər. Beləcə o, addımlayır, arxasınca da maşın karvanı. Qadın çığırtısı, hay-həşirisə getdikcə daha yaxından və aydın eşidilir. Budur, Zeyn artıq qadınların səslərini ayırd eləməyə başlayır, kimin qışqırdığını bilir. İşıqlar daha da gurlaşır, orda toplaşan adamların kölgələri gah uzanır, gah qısalır, sanki ruhlar vadisində şeytanlar rəqs eləyir. Toyda oynayanların ayaqları altından qopan toz dumanı elə bil işıq şüalarına ilişib qalaraq göydə fırlanır. Birdən tanış olan bir səs gecənin bağrını yarır. "Ey, toy əhli, dayanın! Hə, rəqqaslar! Toya Zeyn gəlib!” Zeyn tullanır, sanki amansız bir tale, qəzavü-qədər kimi göydən enir... və rəqqasların sırasında öz yerini tutur. Onu görən kimi hamı bir nəfər kimi coşur. Bəli, məhz Zeyn burdakı adamları ruhlandırır, onlara təzə nəfəs gətirir, güc verir. Artıq toyun səsi büdün mahalı bürüyür, adamlar onu cuşə gətirir: "Bir az da şən, bir az da cəld! Lap on nəfərə dəyər!” Qadınların dəstəsində xoş mahnı səsləri kəsilir, işıqlar söndürülür, sübhün açılmağına az qalmış adamlar evlərinə dağılışır, Zensə başını ya bir daşa, ya hər hansısa bir ağacın kötüyünə söykəyərək dərhal quş kimi rahat, yüngül yuxuya gedir. Ta azan vaxtınadək şirin-şirin yatır, müəzzinin adamları sübh namazına səsləyən səsi eşidilən kimi yerindən atlanıb qalxır, evlərinə yollanır, anasını yuxudan durquzur ki, ona çay hazırlasın.

Bir səhər müəzzin azanını verdi, ancaq Zen qayıtmadı. Günəşin doğuşu ərəfəsində səma şərqə doğru qızarmağa başladı, gün bir adam boyu yüksəldi, Zensə qayıtmadı. Anasının sol tərəfi yüngülcə ürpəşdi – bu xoş əlamət deyildi. Qadın qəti əmin idi ki, bədəninin sol tərəfində bu cür titrəyiş baş verirsə, deməli, onun özünə, ya da yaxınlarından kiməsə nəsə bir bədbəxtliklə üz verib. O, Zeynin dayısı gilə getmək barədə fikirləşirdi. Bu vaxt qapının arxasında, pəyədə yüngül bir tərpəniş hiss elədi, böyük pəyə qapısının cırıltısını eşitdi. Sonra bərk bir gurultu qopdu və qadın qəflədən öz qarşısında dəhşətli bir mənzərə gördü. Necə qışqırdısa, Nuamanın atası hacı İbrahim onun səsini eşitdi. Kişi dörd ev o yana öz evində xalçanın üstündə oturub səhər kofesi içirdi. Bütün həyət kişi və qadınlarla doldu, arvadlar Zenin huşunu itirmiş anasını götürüb apardılar. Camaat yenə iki hissəyə bölündü: bir hissə ananın dalınca getdi, qalanlarsa sipər kimi Zeynin ətrafına düzüldü. Onun başı yaralanmış, demək olar ki, düz gözünə kimi uzanan çapıq açılmış, sinəsi, köynəyi, tumanısa qana boyanmışdı. Adamlar başlarını təmiz itirmişdilər. Nuama aralıda səssiz duraraq, gözlərini Zeynin üzünə zilləmişdi: bu gözlərdə zərrə qədər qəzəb yox idi, bu gözlərdə böyük bir şəfqət və ağrı var idi.

-Həkim... – deyə hacı İbrahim dilləndi.

Bu sözlər odun üstünə tökülən su təsiri yaratdı – qadın qışqırtıları dərhal kəsildi. "Həkim!” – Məchub qışqırdı. "Həkim!” – Əbdül-Hafiz çığırdı. Əhməd İsmayıl eşşəyin belinə tullanıb həkim dalınca getdi...

Zeyn iki həftə Merovdakı xəstəxanada yatıb geri qayıdanda, yumru sifəti işıq saçır, paltarı ağlıqdan bərq vururdu. Güləndə adamların matı-qutu qurudu! Ağzındakı sapsarı saralmış iki yöndəmsiz dişin izi-tozu da yox idi. Əvəzində üst çənəsinə başdan ayağa kimi göz qamaşdıran ağ dişlər düzülmüşdü. Alt çənəsini bəzəyən bu cür düz və hamısı bir boyda dişlərsə sanki sədəfdən yonulmuşdu. Zeyn bir başqa adam olmuşdu. Və onu qarşılayan camaatın tən ortasında dayanmış Nuamaya elə gəldi ki, Zeyn heç də axmaq-zad deyilmiş...

O, uzun müddət özünün Merov səfərindən başqa heç nə barədə danışa bilmirdi. Başına gələnləri köhnə dostları Məhcuba, Əbdül-Hafizə, Əhməd İsmayıla, Həməd Vad ər Rəisə, Ət-Tahir ər Rəvvasiyə, dükançı Səidə danışması ona xüsusi ləzzət verirdi.

-Qardaşlar, elə mən ora çatan kimi dərhal paltarımı əynimdən dartıb çıxartdılar və təmiz paltar geyindirdilər... Büsbütün şəkillərlə bəzənmiş çarpayı! Süd kimi ağappaq mələfələr, necə gözəl adyallar! Xalçanınsa üstündə adamın ayağı sürüşürdü!..

-Qurtar bu adyallardan və xalçalardan! – deyə Məhcub ona sürtüşməyə başladı. – Gör, dağarın necə yekəlib, ora nə doldurublar elə?

Zeynin çənəsi əsdi, dodağı titrədi – sanki dadlı yeməklər düzülmüş ziyafət masasında oturmağa hazırlaşırdı!

-Aha! Aha! Merov qospitalındakı yeməklər əsl ziyafət yeməkləridir! Məgər burdakılar yeməkdir? Orda adama bir az balıq da verirlər, yumurta da, ət də, nədi o, toyuq da...

Məhcub yenə onun sözünü kəsdi:

-Deyirsən, qospitalda hər şeydən bir az yeyirlər? Bəs sən orda qarnını necə doydururdun?

Zeyn qəsddən ağzını gen açaraq güldü. O, təzə dişlərinin hamısını göstərmək üçün bu cür gülməyi əvvəlcədən məşq eləmişdi:

-Tibb bacısı tanış idi, bax belə! O bu məsələlərlə şəxsən məşğul olurdu!

-Aman allah! Allahdan başqa tanrı yoxdur – deyə Əbdül-Hafiz qışqrıdı. – Səninki hər yerdə gətirir, yaramaz! Deməli, gedib orda tibb bacısıyla dilxoşluq eləmisən?

Güclə içində boğduğu gülüşdən Zeynin bütün bədəni silkələndi:

-Oh!.. Oh!.. o səninçün kənd gəlini deyil!

Bu məqamda, nəhayət, Ər-Rəvvasi də dözmədi, mübahisəyə qarışdı – bu vaxta kimi o, sakitcə söhbətə qulaq asır, heç nə demir, yalnız gülürdü.

-Peyğəmbər və əsabələri köməyin olsun! Oh, Zeyn, bizə o qız haqqında danış.

Zeyn kiminsə ona qulaq asdığından qorxuya düşən adam kimi ətrafa göz gəzdirdi, səsini alçaldıb dedi:

-Nədi, gədə, allaha and içirəm ki, onun orda bütöv bir təsərrüfatı var!..

Bu yerdə söhbət bir müddət kəsildi – hamı dostcasına qəhqəhə çəkib gülməyə başladı. Nəhayət, Həməd Vad ər-Rəis özündə güc tapıb, içindəki gülüşü birtəhər boğdu və dedi:

-Sən onunla nə yapmısan, sınıq çənbər?

Zeyn sanki son sualı eşitməmiş kimi davam elədi:

Hə-ə!.. Qardaş, gözəl qız idi, Omdurmandan. Əsl arvad!

Ər-Rəvvasi Zeynə tərəf yaxınlaşdı və sualı başqa cür qoydu:

-Di, yaxşı, sən nə gördün, onun orda nə təsərrüfatı var?

-Nədi, mən kor-zadam, bəyəm? Burnumun altını görmürəm? – deyə Zeyn fikirləşmədən cavab verdi.

Bu cavab Məhcubun xoşuna gəldi. O, Vad ər-Rəisə baxdı:

-Bəsdir, gic-gic danışdın! Bu barədə bir dəfə dedilər, bəsdir!

Zeyn qımışdı, sifətində eyhamlı təbəssüm oynadı. O, əllərini başının arxasına qoydu, bir balaca arxaya dartındı və yavaş-yavaş sözünə davam elədi:

-Qardaşlar, deməli, siz bilmək istəyirsiniz ki, mən onunla ey... eyy... neyləmişəm, hə?...

-Peyğəmbərə and verirəm, Zen – deyə Vad ər-Rəis acgözlüklə dilləndi. – Danış di, tez ol, danış görək, sən onunla neyləmisən?

Zeynin sifəti şişmanlaşdı. Danışmaq üçün ağzını açar-açmaz... Səidin dükanındakı böyük fənərin işığı onun dişlərində bərq vurdu. Elə həmin anda əqrəb çalmış adam kimi ayaqları üstə tullandı.

Əhməd İsmayıl da yerindən tullandı, onun dalıncasa Məhcub, Ət-Tahir ər-Rəvvasi və Həməd Vad ər-Rəis...

-Tut onu! – deyə Əbdül-Hafiz var gücüylə bağırdı.

Məgər belə məqamda Zeynə güc gəlmək olar? O bir göz qırpımında çağrılmamış qonağı tutdu, başı üzərinə qaldırdı və var gücüylə yerə çırpdı! Üstünə tullanıb, boğazından tutdu...

Hamı Zeynin üstünə atıldı. Əhməd İsmayıl sağ qolundan yapışdı, Əbdül-Hafiz sol qolundan tutdu. Ət-Tahir ər-Rəvvasi əlini büküb onun qarnının altına soxdu, Həməd Vad ər-Rəis ayaqlarından yapışıb itələməyə başladı. Bu vaxt tərəzidə nəsə çəkən dükançı Səid iş-gücünü bir kənara tullayaraq yerindən sıçrayıb qalxdı və Həməd Vad ər-Rəis kimi Zenin ayaqlarından tutdu. Heyhat! Hamısı birlikdə nə qədər əlləşdisə, onun öhdəsindən gələ bilmədi...

Zeynin möhkəm bədənində heç kimin üstün gələ bilməyəcəyi nəhəng, dəhşətli bir güc var idi. Kəndin bütün sakinləri bunu bildiklərinə görə onunla toqquşmaqdan qaçırdılar. Doğmaları, yaxınları əllərindən gələni edirdilər ki, o öz gücündən kiməsə qarşı istifadə eləməsin. Bir dəfə sahədə tərs bir öküzün Zeynin üstünə yeriməsini xatırlayanda hələ də adamların ürəkləri lərzəyə düşür. O, öküzün buynuzlarından yapışıb saman dərzi kimi yuxarı qaldırdı, silkələdi və heyvanın yekə cəmdəyini sınmış qabırğalarıyla birlikdə yerə çırpdı. Qəzəbindən zəncir gəmirdiyi günlərin birindəsə bütöv bir akasiya ağacını qarğıdalı saplağı kimi dartıb kökündən çıxartmışdı. Bəli, bu cılız bədəndə yenilməz, həqiqətən qeyri-insani bir gücün yatdığını hamı bilirdi. İndi qurban kimi Zeynin əlinə düşən Seyfəddininsə artıq axırı çatmışdı!.. Ani olaraq səslər bir-birinə elə qarışdı ki, heç nə ayırd eləmək mümkün deyildi: "Bu eşşək oğluna bax, mən indi onun canını alacam!” "Eşşək oğlu” – bu, Zeynin kişilərin ünvanına söylədiyi ən sərt söyüş idi. Əbdül-Hafiz qorxudan titrəyən, zəifləyən bir səslə qışqırırdı:

-Peyğəmbərə and verirəm, Zen! Allah xətrinə, burax onu, Zen!..

Məchub taqətsiz halda söyürdü. Ordakıların arasında yaşca ən balacası və nisbətən güclüsü Əhməd İsmayıl idi ki, onun da fərasəti yalnız dişlərini bərk-bərk Zeynin dalına ilişdirməyə çatdı.

Ət-Tahir ər-Rəvvasi də öz gücüylə ad çıxarmışdı. Balıq tutmaq üçün gecələr sərbəst şəkildə Nili o baş-bu başa üzüb keçir, yarım saata kimi suyun altında qalır, nəfəsi kəsilmirdi. Ancaq onun gücü Zeynin gücüylə müqayisəyə belə gəlməzdi.

Birdən hay-küyün, qarmaqrışıqlığın içində Seyfədinin boğazının xırıltısını eşitdilər, baxdılar ki, artıq onun ayaqları göydə yellənir, sanki havanı döyəcləyirdi.

-Qurtardı! – deyə Məhcub bağırdı. – Meyit.

O bunu demişdi ki, hamısının arxasından sakit, ciddi bir səs eşidildi.

-Zeyn... Mənim bəxtiyar balam... Qoy, allah sənin üzünü güldürsün!

Zeynin barmaqları öz-özünə aralandı, Seyfəddin hərəkətsiz kötük kimi yerə sərələndi. Qəfil Əl-Hüneynin səsini eşidən altı nəfərin hamısı ayağa qalxdı, Zeynin qeyri-adi itaətkarlığı onları heyrətə salmışdı. O, bir göz qırpımında dikəlib əvvəki yerində durdu, həm də bunu elə etdi ki, sanki çətinliklə dayaq verib güc-bəla saxladığın uçan bir divar qəfildən qayıdıb öz yerinə oturdu. Ani olaraq araya dərin sükut çökdü – qorxu, çaşqınlıq, ümid hisslərinin qarışdığı sükut! Bir az keçmiş hamı özünə gəldi və Seyfəddini xatırladı. Başlar ona tərəf əyildi və Məhcub sevincdən titrəyən səslə dedi:

-Allaha şükür! Allaha şükür!



[1] Müsəlman kəndlərində ibtidai məktəb.

[2] Ağ Nil – Nil çayının Sudanın ərazisində sol qolu əl Qəzəl çayı ilə birləşdiyi yerdən paytaxt Xartuma qədər olan hissəsi. Çayın Xartumdakı ağzı Mavi Nil adlanır (tərcüməçi).


Yazının əvəllini BURADAN oxuya bilərsiniz