adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
11 Sentyabr 2017 15:30
12188
ƏDƏBİYYAT
A- A+

ZEYNİN TOYU

TAYİB SALİH

Sudan yazıçısı Tayib Salih (1929-2009) XX əsr ərəb ədəbiyyatının məşhur nümayəndələrindən biridir. Onun tematik trilogiya hesab edilən "Zeynin toyu”, "Quzeyə köç mövsümü” və "Bender şah” əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub və böyük rəğbət qazanıb. Bu əsərlərdən bəzi fraqmentləri Mehman Cavadoğlunun tərcüməsində Adalet.az-ın oxucularına təqdim edirik.

- Xəbərin var, xəbərdən? – deyə süd satan Həlimə Əminədən soruşdu. Əminə, adətən, səhərin gözü açılmamış özünü Həliməyə çatdırsa da, vur-tut bir kırşlıq[1] süd alırdı.

- Zen evlənməyə hazırlaşır!

Bardaq az qala Əminənin əlindən düşəcəkdi. Ona süd tökmək istəyən Həlimə bunu hiss elədi və əlini saxladı...

Səhər tezdən orta məktəbin həyəti bomboş idi, şagirdlər dağılışıb siniflərə doluşmuş, hər tərəfə sakitlik çökmüşdü. Birdən uzaqda bir oğlan göründü. O, köynəyinin ətəyini qoltuğunun altına yığıb qaranəfəs qaçırdı, ancaq sinif qapısının kandarına çatar-çatmaz, sanki kötüyə dönüb yerində dondu – dərsi inspektorun özü keçirdi!

-Ay, sənin, yaramaz, uzunqulaq qoduq! Niyə gecikmisən?

Ət -Tureyfin gözlərində hiyləgər işartılar oynaşdı:

-Əfəndi, xəbəriniz var, xəbərdən?

-Qırışmal, nə xəbər, hansı xəbər?

Uşaq zərrə qədər də olsa, özünü itirmədi və onun bu arsız görkəmi inspektorun qəzəbini bir az da artırdı. Oğlan buna fikir vermədi, gülməkdən özünü zorla saxlayaraq üdüləməyə başladı:

-Birisi gün Zen evlənir!

Heyrətdən inspektorun çənəsi sallandı. Dəcəl və dəlisov Ət-Tureyfisə bu dəfə töhmətlə canını qurtardı...

Abd ac-Səməd yanaqları pörtmüş halda şeyx Əlinin dükanına yaxınlaşdı. Açıq-aydın görünürdü ki, hirsindən zəncir gəmirir.

Mebel alverçisi şeyx Əli bir aydır ki, ona olan borcunu qaytarmağı uzadırdı. Bu gün, nəyin bahasına olursa-olsun, Abd əs-Səməd pulunu ondan qopartmaq istəyirdi.

-Əli! Elə bil axı, dedin ki, mən səndən hələ də öz pullarımı geri almamışam... Yoxsa, necə?..

-A-a!.. Hacı Abd as-Səməd! Bəs necə, bəs necə! Allah səni saxlasın! Otur, sənə bir piyalə ayran gətirim.

Yox e, can-ciyər, qoy cəhənnəm olsun sənin ayranın! Dur, sandığını aç, mənim pulumu ver, yoxsa səninlə başqa cür danışacam. Başa düşdün?

Şeyx Əli tüpürdü. Böyük bir iş öncəsi bu cür tüpürmək onun adətiydi.

-Hələ bir otur görüm. Sənə təzə xəbər deyəcəm.

-Yox e, qaqaş! Sənin yeni xəbərlərinə qulaq asmağa mənim vaxtım-zadım yoxdur. Sənin dabbaqda gönünə bələdəm, yenə də başımın altına yastıq qoymaq istəyirsən. Pulları bura qoy, görüm.

-Canın haqqı, yox. Budur bax, sənin pulların hazırdı. Sən bir yanını yerə qoy, qulaq as. Mən indi sənə Zenin evlənməyinin bütün tarixçəsini danışacam.

-Kimin evlənməyinin?

-Zenin

Abd as-Səməd əlləriylə başını tutub dükanın yerinə çökdü, matı-qutu qurudu, sanki dili birdəfəlik batdı. Onun bu halına baxa-baxa öz bic fəndindən və bu fəndin nəticəsindən zövq alan şeyx Əlinin bütün vücudu başdan-ayağa işıq saçmağa başladı. Nəhayət, Abd as-Səmədin dili açıldı.

-Oy, Allah! Allahdan başqa tanrı yoxdur və Məhəmməd onun rəsuludur! Şeyx Əli, qoy, peyğəmbər özü sənin başına ağıl qoysun. Bu nə sözdü sən danışırsan?..

Həmin gün Abd as-Səmədin pulları geri qayıtmadı.

Artıq günortaya yaxın bu xəbər hamının ağzında dolaşırdı. Zen kəndin ortasında, quyunun ağzında dayanıb, qadınların səhəngini suyla doldurur və həmişə olduğu kimi onları güldürürdü.

Uşaqlar ətrafda qaynaşır, ara-sıra bir ağızdan oxuyurdular:

-Zen-bəy! Zen-bəy!..

Zensə gah xırda daşları onlara tərəf tulazlayır, gah qızların ətəyindən dartır, gah da barmağının ucuyla arvadları böyrünü dümsükləyir və ya onların döşlərindən yapışırdı... Uşaqlar gülüşür, arvadlar aldıqları zövq və nəşənin təsirindən qiyyə çəkir, bütün bu hay-küy və mərəkəsə, Zeynin və yaxud kəndçisayaq desək, sadəcə, Zenin bu dünyaya təşrif gətirdiyi gündən etibarən bu yerlərdən əskik olmayan şən gülüş səsləri və çılğın qəhqəhələrin arasında itib- batırdı.

Məlum məsələdir: uşaqlar doğulur və həyatı qışqırtıyla qarşılayırlar. Ancaq deyirlənə görə – anası və doğuşu qəbul edən qadınlar da buna zamindir – Zen qədəmlərini dünyaya basar-basmaz hər tərəf onun gur gülüş səslərinə qərq oldu. Elə həmin vaxtdan bu günə kimi də hey gülür. Gülə-gülə böyüdü, ərsəyə çatdı. Ancaq ağzını ayıranda görürsən ki, vur-tut iki dişi var: biri yuxarıdan adamın gözünə girir, o biri aşağıdan ağarırdı. Anası and-aman edir ki, bu ağız nə vaxtsa düppədüz, inci kimi ağappaq dişlərlə doluydu. Bir dəfə arvad oğlunu da yanına alıb qohumlarına baş çəkməyə gedəndə uşağın altı yaşı var idi. Günəşin qürub çağı onlar şayiələrə görə guya hələ də insanların yaşadığı hansısa bir xarabalığın yanından keçirdi. Birdən Zen getdiyi yerdəcə qəfil dayandı, sanki yerə mıxlanıb qaldı, bir an sonrasa qızdırma içində titrəyə-titrəyə qışqırmağa başladı...

Həmin axşamdan sonra o, uzun müddət yatağa düşdü, sağalıb ayağa durandasa artıq dişlərinin hamısı çıxıb tökülmüş, bir diş yuxarıda, biri də aşağıda qalmışdı.

Onun uzunsov sifəti, aydın seçilən girdə almacıq sümükləri, müxtəlif istiqamətlərə uzanan çənəsi, yumru alnı var idi. Daim qıpqırmızı olan balaca gözləri çox dərindəydi, sanki üzündə iki çuxur açılmışdı. Sifətində bir dənə də tük yox idi – nə qaşı, nə də kipriyi. Yetkinlik yaşına çatanda da nə bığları çıxdı, nə də saqqalı.

Bu sifətin altında çox uzun bir boyun var, hələ uşaqlıqdan tay-tuşları "zürafə” deyə onu cırnadırdılar. Bu uzun boyun güclü və enli çiyinlərin üstündə durmuşdu. Bir sözlə, bütün bədəni üçbucağı xatırladırdı, əllərisə meymun qolu kimi uzun idi. Çox böyük ovcundan dimdüz uzanan barmaqlarının ucunda iti, uzun dırnaqları var idi – o heç vaxt dırnaqlarını kəsməzdi. Sinəsi batıq, beli bükük, ayaqları durna ayaqları kimi uzun idi. Enli və yastı pəncəsi büsbütün köhnə yara və çapıqlarla doluydu. Ayaqqabı geyinməyi qətiyyən xoşlamayan Zen bu yaraların hamısının tarixçəsini yaxşı xatırlayırdı. Məsələn, sağ ayağının topuğundan baş barmağına kimi uzanan bu iri yara haqqında Zeyn belə danışırdı: "Qardaşlar, bu yaranın öz tarixçəsi var...” Hər dəfə də elə burdaca Məhcub onun sözünü kəsirdi: "Nə tarix-zad, a düşük? Yəqin ki, oğurluğa gedəndə görüblər, tikanlı zopayla vurublar?” Bu sözlər Zeynin çox xoşuna gəlir, canına yağ kimi yayılırdı. Dalı üstə tirtap uzanır, şaqqanaq çəkir, dabanlarını yerə döyəcləyir, ya da ayaqlarını göyə qaldırıb özünün daha çox eşşək anqırtısına oxşayan qəribə, qeyri-adi qəhqəhələriylə aləmi başına götürürdü. Bu elə təsirli, sirayətedici bir gülüş idi ki, bütün ətarafdakılar da leş-leşə yerə sərilir, qarnını tutaraq, gözləri yaşaranadək şaqqanaq çəkir, uğunub özlərindən gedirdilər.

Bir azdan Zeyn artıq toxtayır, özünə gəlir, köynəyinin ətəyilə üzündəki göz yaşlarşnı silir və inildəməyə başlayır: "Oh, oh... oğurluğa gedibmiş!..”

Məhcubsa onu yenidən qızışdırırdı:

-Sən onda nə oğurlamağa getmişdin? Yəqin, yağlı bir tikə ələ keçirtmək üçün otaq-otaq fırlanırmışsan?

Zen üz-gözünün yaşını silib qurtarmağa macal tapmamış yenidən qəhqəhə çəkir, gülüş səsləri ətrafı bürüyürdü. Nəhayət, Məhcubun dediyi hamıya çatır: Zeynin nəsə dadlı bir şey qamarlamaq üçün kiminsə evinə girməyində qeyri-adi nə ola bilər ki?! Axı o əsl qarınqululudur, əlinə düşəni içəri ötürmək fürsətini fövtə verən, bundan ötrü heç nədən çəkinən deyil!

Toyda stollar açılır, adamlar onun ətrafında dövrə vurub oturur. Bu zaman tay-tuşları Zeynin onların yanına düşməməsi üçün əvvəlcə yan-yörəyə göz gəzdirir, sonra əyləşirdilər. Yaxşı bilirdilər ki, qarınqulunun gözlərini bərəldərək yeməklərə baxması kifayətdir! Heç kimə bir tikə saxlamayacaq!

Əbdül-Hafiz üzünü ona tutub deyir:

-Bəlkə Səidin toyunda durquzduğun hoqqadan danışasan?

Osa gülməkdən boğula-boğula cavab verir:

-Nə hoqqa-filan! Allaha and olsun ki, nə çırpışdırmışdımsa o yaramaz İsmayıl məni qovarkən son tikəsinə kimi salıb itirdim.

Necə olmuşdusa Səidin toyunda yemək paylamağı Zeynə etibar eləmişdilər. O, kişilərin əyləşdiyi divanla[2] qadınların biş-düşlə məşğul olduğu tukal[3] arasında ora-bura qaçırdı. Tukaldan divana gedərkən bir müddət ayaq saxla və... döşünə yatandan nə qədər istəyirsən tıx getsin. Bir də görürdün qonaqların stoluna, demək olar ki, tam boşalmış boşqablar qoyulurdu. Əhməd İsmayıl duyuq düşüncə Zeyn düz üç dəfə bu hoqqanı durquzmuşdu. O, Zeynin dalınca düşdü və yarı yolda gizlənib onu pusmağa başladı. Zeyn dayanır, qızardılmış toyuq olan qabın qapağın qaldırır... və ləzzətdən gözləri qıyılır. Elə toyuğun yağlı budlarından təzəcə yapışıb ağzına aparmışdı ki... Oy, bir mərəkə başladı ki, gəl görəsən. Əhməd İsmayıl onu bəs deyincə şillə- təpiyə qonaq elədi! Belə...

Ancaq Məhcub yenə ondan əl çəkmir: "Sən bizə nə nağıl danışırsan, a dilənçi? Sən nə oğurlamağa getmişdin?” Zeyn çox hörmət bəslədiyi bu dəstənin necə səmimi şəkildə qulaqlarını şəkləməsini, yerlərini rahatlamasını, ayaqlarını altlarına yığmasını, əllərini dizlərinin altına soxmasını, oturub yırğalanmasını seyr edir.

-Deməli, keçən yay, xurma yetişən vaxtlarda mən cakiyanın [4] yanında dayandım. Gecə... oğlan... bərq vuran ay... Köynəyimi çıxardıb çiynimin üstünə atdım – qaranlıqda onu geyinmək nəyə lazımdır? Və evlərə doğru aşağı düşdüm. Kəndin qırağındakı qumluğa çatanda eşidirəm ki, arvadların çal-çağırı, qışqır-bağırı ətrafı başına götürüb.

-Hə-hə, düzdü, - Məhcub dedi. – Onda Bəkrinin toyuydu.

-Belə, – Zeyn davam eləyir. – Dedim, gedim görüm nə məsələdir. Sən demə, Təlhinin toyundakı adamlar idi, şənlənirmişlər. Bir az da irəli getdim – ordasa tam bir mərəkə, ərəsat: arvadların hay-küyü, çığır-bağırı, rəqslər... Mən də, əlbəttə, ilk olaraq fikirləşdim ki, baxım görüm özümə yeməyə nə tapıram.

Elə bu vaxt toydakı adamlar məhz bunu gözləyirmiş kimi qəhqəhə çəkə-çəkə çığır-bağır salmağa başladılar.

-Ancaq arvadlar, – Zeyn davam eləyir, – mənə bir tikə ət verdilər, onu yeyib üstündən də nəsə çox acı bir şey içdim...

-Deməli, sənə suyla qarışdırılmamış təmiz araq[5] veriblər – deyə Məchub dilləndi.

-Yox, – Zeyn dedi, – araq yox. Nədi, yoxsa sən elə bilirsən mən araq-zad tanımıram? Qulaq as, deyim. Mən nəsə elə bir şey içdim ki, düz başıma vurdu. Sonra tukaldan çıxdım... Evə girdim. Arvad – bir yığın. Və – üfunət! Ətir, yağ qoxusu, rayihə, büxur – nəfəs almaq mümkün deyildi! Nəfəs gedirdi, gəlmirdi. Hətta Talağıma and olsun ki, məni bu iy sərxoş elədi.

-Talaq üçün arvadı hardan tapdın? – deyə Əbdül-Hafiz güldü.

Zeyn bu sözləri danzına da almadı, fikri-zikri danışdığı əhvalatın yanındaydı.

-Hə... Düz ortada gəlini gördüm. Qəşəng, iri qız idi. Ətirli, ənlik-kirşanlı. Geyimi, bər-bəzəyi, şax-şaxı – baxdıqca barmaq yala!

Bu yerdə o qəfil susur. Balaca gözlərini həmsöhbətlərinin sifətlərdə gəzdirə-gəzdirə ağzını elə aralayır ki, dimdik dişlərinin ikisi də görünür. Hövsələsi daraldığı üçün yerində qurdalanan Məhcubsa Zeyni qızışdırır:

-Di, tez ol, sonra nə oldu?

-Sonra mən, deməli, gəlinlə əyləndim.

Bunu dedi və qurbağa kimi yerindən tullandı. Məclisdəkilər çığıır-bağır salmağa başladıar. Zeynsə şaqqanaq çəkərək, qarnı üstə uzanır, dabanlarını yuxarı qaldırıb yellədir, sanki milçək qovurdu. Sonra ağzı yuxarı çevrilib gülə-gülə dedi:

-Aha! Onu tutub dodaqlarını dişlədim!

Məhcub bərkdən allahın adını çəkib, əfv dilədi. "Tfu sənə, gör nə danışır, – dedi. – Bağışla, tanrım”.

-Hələ bir dalına qulaq as, gör bundan sonra nə mərəkə qopdu. Arvadlar zingildəməyə, əl-qollarını yellətməyə, gəlin var gücüylə anqırmağa başladı. Bir sözlə, evdə bir çaxnaşma başladı ki, gəl görəsən. Birdən kimsə bıçaqla üstümə atıldı!.. Necə tullandım, necə daban əlli altı götürüldümsə, öz evimizin kandarına çatınca bir dəfə də olsun çevrilib arxaya baxmadım.

Bu yerdə Zeyn birdən oturdu, yerini rahatladı, özünə xas olmayan ciddi görkəm alıb Məhcuba tərəf çevrildi:

-Qulaq as, qardaş. Sən qızın Alviyanı mənə verirsən, yoxsa necə?

Məchubsa sanki hər şeyi əvvəlcədən düşünərək, götür-qoy edibmiş kimi ona çox ciddi və inamlı cavab verdi:

-Mənim qızım sənin qismətindir. Bax, burda yığışan adamların qarşısında sənə deyirəm: taxılını biçərsən, xurmalarını yığarsan, satıb pul eləyərsən, sonra danışıb razılaşarıq.

Bu vədlər Zeynin ürəyincə oldu. O susdu. Qaşlarını tərpətdi, dodaqlarını sıxdı – sanki Alviya ilə keçirəcəyi gələcək günlər, ailə həyatının çətinlikləri, gündəlik qayğıları, arvadı, uşaqları barədə düşünməyə başladı.

-Əlbəttə! – dedi. – Qardaşlar, şahid olun. Bu adam öz sözünü dedi. Yaxşı, ya pisdir – sabah fikirləşmək gecdir!

Və bütün dostlar – Əhməd İsamayıl da, Ət-Tahir ər Rəvvasi də, Əbdül-Hafiz də, Həməd Vad ər-Rəis də, dükançı Səid də birdən dilləndilər. Dedilər ki, Məhcubun verdiyi sözə şahiddirlər. Madam, söz verildi, qurtardı, deməli, toy olmalıdır, çünki allahın istəyi belədir.

...Zeynlə Məhcubun qızı Alviyanın sevgi tarixçəsi o vaxt oğlanın sonuncu məhəbbət tarixçəsiydi. Bir, ya iki ay keçəcək, həmişəki kimi bu əhvalat Zeyni bezdirəcək və yeni bir tarixçə başlayacaq. Ancaq indi o yalnız Alviya haqqında düşünür, onun adıyla yatır, onun adıyla dururdu. Hər gün günorta çağı tarlada kərkinin üstünə əyilir, geri dartınır, tər üzündən sel kimi axır və birdən əlindəki işini atıb bərkdən anqırmağa başlayır:

-Məni Məhcubun həyətinə bağladılar.

Qonşu tarlalarda onlarla adam kərkini bir kənara tullayır, yerə mıxlanmış kimi düppədüz dayanıb ona qulaq asır. Gənclər mehribancasına gülüşür, Zeynin əyləncələrindən cana doymuş qocalarsa, dilxor-dilxor donquldayırlar:

-Başı xarab gədə, o nə deyir, nə çərənləyir? Buna bax, bu da ayğır oldu!..

Gün yerə doğru əyilir, tarla işləri sona çatır, camaat evə gedir. Zeyn gənclər dəstəsinin başında addımlayır. Yeniyetmələr, balaca qızlar böyür-başında fırlanır, gülüşür, osa lovğalanır, özünü dartır, sir-sifəti işıq saçır, birinin çiynini şappıldadır, digərinin üzünü çimdikləyir. Tullana-tulana gedir, ceyran kimi sanki havada süzür. Yolun kənarında bir kötük və ya kol görən kimi üstündən tullanır. Ara-sıra var gücüylə anqırır, səsi günəş batandan sonra dincliyə qovuşmuş, sükuta qərq olmuş kəndin kənarlarında əks-səda verib dalğa kimi ətrafa yayılır.

-Urru-ruk! Ey, siz, suda boğulanlar! Ey, azad insanlar!.. Məni dərz kimi Məhcubun həyətində bağladılar!..

İlk məhəbbət Zeyni çox tez, cinsi yetişkənlik dövrünə xeyli qalmış haqlamışdı. Onda onun on üç-on dörd yaşı olardı, arıq və cılız, qurumuş çubuğa oxşayan bir uşaq idi. Haqqında kimin nə söyləməsinə baxmayaraq, çox əla, qeyri-adi zövqü olduğunu hamı bir nəfər kimi etiraf eləyirdi. Zeyn həmişə kəndin ən gözəl, ən şirin, ən gülərüz, ən zərif danışıq qabiliyyəti olan qızlarına vurulur. Kənd omdasının[6] qızı Azzənin gözəlliyi on beş yaşı tamam olanda aşkara çıxdı. O uzun müddət davam eləyən quraqlıqdan sonra yağan yağışın altında yuyulmuş sütül palma kimi işıq saçırdı. Dərisi biçinqabağı qarabaşaq zəmisi kimi qızılı, incə cizgiləri olan təzə-tər sifətindəki iri gözlərisə qara rəngdəydi. Uzun, qara kipriklərini elə ehmalca qaldırırdı ki, istənilən adamın canına od salırdı. İlk dəfə kənd cavanlarının diqqətini Azzənin gözəlliyinə cəlb eləyən də məhz Zeyn oldu. Bir dəfə omdanın öz əkin sahəsini becərməyə göndərdiyi bir topa kişinin başı üstündə dolaşan da onun səsiydi. Xoruzun sübh banını xatırladan bu qaba və xırıltılı səs car çəkirdi: "Lütfükar və saf insanlar, ayılın! Ey günahları bağışlanmış günahsızlar, siz hardasınız?! Omdanın qızı Azzə sanki qızılı rəngli dərzdir! Zeni eşmə iplə omdanın həyətinə bağlayıblar...”

Bu həyasızlıqdan camaat diksindi, omda acıqlı baxışlarını Zeynə yönəltdi, içi qəzəbdən kükrədi. Elə bu an hamı Zeynin hasarın başından uzanan, qurudulmuş keçi dərisinə oxşayan çox yöndəmsiz fiqurunu omdanın qızı Azzəylə yanaşı görüb bir ağızdan qəhqəhə çəkdi. Omdanın qəzəbi sösdü. O, qızarmış gözləriylə palmanın kölgəsindəki oturacağın üstündə oturub, camaatı işləməyə tələsdirirdi. Omda təmkinli, ciddi adam idi, nadir hallarda gülərdi, ancaq indi Zeynin sözlərinə bərkdən şaqqanaq çəkərək güldü və qışqırdı: "Zeyn!.. Gecəyarısına kimi belini ikiqat əyib işlə, səni Azzəylə evləndirək”. Omdanın yanında dayananlar yenidən gülüşdülər, Zeynsə susdu. Onun sifəti ciddi, dalğın görkəm aldı. Ancaq əlindəki kərki özü də hiss eləmədən tərpənməyə, daha tez-tez və ağır-ağır qalxıb enməyə başladı...

O vaxtdan bir ay keçsə də Zeyn özünün Azzaya olan məhəbbətindən və atasının qızını ona verəcəyi barədəki vədindən başqa heç nədən danışa bilmirdi. Omda onun hisslərindən necə yararlanmağı bilirdi: Zeyn hətta cinlərin, əcinələrin nəfəsini kəsən bu ağır işlərin öhdəsindən gəlməkçün əsl möcüzə yaradırdı. Aşiq olmuş oğlan adamın dilini ağzından çıxardan, hətta daşları çatladan qızmar istinin altında çiyninə qoyduğu dolu su qablarıyla ora-bura qaçır, vurnuxa-vurnuxa omdanın bağını suvarırdı. Və yaxud iri bir baltanı əlində tutub yellədir, ağacı kökündən kəsib odun doğrayırdı. Gah da orda-burda görünüb-itir, omdanın eşşəkləri, atları və danaları üçün yem yığırdı. Həftədə bir dəfə Azza oun üzünə gülümsəyir və bu zaman sevincdən dünya gözündə nura boyanırdı. Ancaq bir ay keçəndən sonra kəndə xəbər yayıldı ki, Azza həkim Əbu Əşarın köməkçisi işləyən öz dayısı oğluna adaxlanıb... Bu xəbər elə bil Zeydi təəccübləndirmədi, o bir kəlmə də dinib-danışmadı. Sadəcə, özünə yeni bir sevgi tapdı.

Bir gün kənd Zeynin qışqırtısına oyandı: "Quz tayfası məni bağladı!” Bu dəfə onun leylisi Sudanın şimalında, Nil çayının hər iki tərəfində məskunlaşmış bədəvi tayfasından olan bir qız idi. Onlar Kababiş və Dər Həmrədən Kordafendəki Həvadir və Miryasab[7] düşərgələrinə köç edirdilər. Su qıtlığı olan mövsümlərdə bu tayfalar bütün mal-qarasıyla birgə su dalınca Nil çayının sahillərinə doğru üz tuturdular. Bəzən elə il olur ki, göydə bir çimdik də bulud görünmür və quraqlıq bütün ilboyu davam edirdi. Onda təmiz məhv olmaq təhlükəsi qarşısında qalan həmin tayfalar tək-tək ailələr halında Diyar Şankiyə və Bədriyyədəki su mənbələrinə səpələnir, vadidə məskən salırdılar. Köçərilərin böyük hissəsi orda çox qalmır, çətinlikləri yola verəndən sonra gəldikləri yerə qayıdırlar. Bəzilərinisə Nil vadisindəki oturaq həyat daha çox cəlb etdiyinə görə həmişəlik orda məskunlaşırdılar. Bax, ərəblərin quz tayfası beləcə yaranıb. Bu bədəvilər uzun illərdir əkib-becərilən həmin sahil zolaqlarına bağlanıb qalıblar: onlar pendir və yağ satır, qoyun saxlayır, odun və kömür tədarük edir, xurma yetişəndəsə palma sahiblərinin yanında işləyir və buna görə yaxşı pul alırlar. Yerli sakinlərlə ailə qurmur, özlərini xalis, təmiz ərəb, yerlilərisə qaba, yontalanmamış kəndçi sayırlar. Ancaq Zeyn bu səddi aşmağı bacardı. Oğlan bir yerdə dayanıb cöcüş tuta bilmir, bütün günü ayaqları onu kəndin bu başından digər başına datıb aparırdı. Və bir dəfə də həmin ayaqlar bu səfil sərsərini təsadüfən quz ərəblərinin yanına gətirdi. O sanki nəsə itirmiş adam kimi çadırların başına dolanırdı. Çadırdan çölə, gün işığına bir qız çıxdı və öz gözəlliyilə Zeyni məftun elədi – oğlan durduğu yerdəcə donub qaldı. Bu qız onun haqqında eşitmişdi – Zeynin şöhrəti quz ərəblərinə də gəlib çatmışdı. Qız güldü, onunla məzələnmək qərarına gəldi. "Zeyn, –dedi, – sən mənimlə evlənərsən.” Oğlan bir anın içində ağlını itirdi, qızın gözəlliyi onu tilsimlədi, nitqinin şirinliyi onu ovsunladı, sonrasa var gücüylə qışqırdı: "Məni bağladılar, lütfükar insanlar!..” Bütün daxmaların qapılarından, çadırların deşiyindən başlar onlara tərəf boylandı. Qızın anasısa çölə çıxdı və qışqırdı: "Sənin orda, o dərvişin yanında nə itin azıb?” Qızın qardaşları Zeynin üstünə cumdu və... o qaçmalı oldu. O gündən etibarən bədəvi gözəli Həlimə Zeynin azğın ehtirasının hədəfinə çevrildi. Bu ehtiras yalnız qızın toyundan sonra soyudu.

Həmişə olduğu kimi, adamlar Zeyndən onun gözəlliyi haqqında eşitdilər və varlı kəndlilər, adlı-sanlı, qibtəediləsi cavanlar ona elçi düşmək üçün valideynlərini dilə tutmağa çalışdılar.

Ancaq sonda o, kənd qazısının oğluna ərə getdi.

Kənd omdasının qızının ərə getməsi, onun ardınca da Həlimənin toyu Zeynin həyatnda dönüş nöqtəsi oldu. Qız anaları, nəhayət, onun gücünün nədə olduğunu başa düşdülər: o, oğlanların diqqətini qızlarına cəlb eləmək üçün gur səsli bir şeypur idi. Və Zeyn qızların oğlanlardan gizlədildiyi, patriarxal münasibətlər sisteminin hökm sürdüyü bu cəmiyyətdə əsl Sevgi peyğəmbəri oldu. Bu sevginin ətri gah bir yerdən, gah başqa yerdən yayılmağa başladı. Sevgi həmişə ilk dəfə onun ürəyini fəth eləsə də, orda dayanıb durmur, kiminsə özgə birisinin qəlbinə köçürdü. Zeyn sanki eşq carçısıydı, sevgi toxumu səpən əkinçiydi, məktub daşıyan poçtalyon idi. Onun sifətinin dərinliklərində qərar tutmuş kiçik gözləriylə gözəl bir qıza baxmağı kifayət idi – qızın nəyisə, hansı cəhətisə onu məftun edəcəkdi. Bəlkə məhəbbət elə budur? Və birdən Zeynin keyləşmiş qəlbi bu sevgidən göynəyir, uzun ayaqları onu kəndin bu başından o biri başına sürüyür, sahibini itirərək azan it kimi gah burda peyda olur, gah başqa yerdə görünürdü... Dili sanki gicişir, dayanmadan qız haqqında danışır və qızın adı Zeynin heç ayağı dəyməyən yerlərdə də ucadan hallanmağa başlayırdı. Bir də görürdün ki, artıq kənddə bütün qulaqlar şəklənir, bütün baxışlar itiləşirdi. Gözünü açmağa macal tapmamış, hansısa alicənab bir atlının əlləri uzanaraq, qızın qolundan yapışır. Toy başlayanda Zeyni axtarmağa da ehtiyac qalmır, o artıq iş başındadır. Bardaq və dolça yiyələri onu əhatəyə alır – su doldurmaq lazımdır. Bir az sonra əlində balta meydanın ortasında görünür – canı-dildən odun doğrayır. Və yaxud ən yaxşı halda mətbəxdə qadınların yanında fırlanır, dili gicişir, qadınlarsa ona ara-sıra ləziz loxmalar tullayırdı: əlinə almağıyla aşırmağı bir olurdu! Dayanmadan, ara vermədən eşşək anqırtısına oxşayan gic gülüşüylə hey qəhqəhə çəkirdi... Deməli, artıq yeni bir sevgi macərası başlayır. Ən maraqlısı da onun bu macəraya necə ürcah olması və dəyişmədən, necə vardısa elə o cür də onun içindən çıxmasıydı. Eyni gülüş və naqqallıqlar zərrə qədər də olsa səngimir, arıq ayaqları onu künc-bucağa dartmaqdan usanmırdı.

Doğrudur, sevgi sarıdan bəxtinə məhsuldar, bərəkətli illər düşmüşdü. Onun qarşısında kəndli anaların dili topuq çalırdı, onu evə dəvət eləyir, doyunca yedirdir, çay-kofe içirdirdilər. Elə ki, Zeyn bu evlərdən birinə girən kimi, dərhal ona stol açır səhər yeməyi və ya nahar verirdilər: qablar, kasalar, yeməklər – adamın gözləri dörd olurdu! Əgər səhər çağıdırsa nanəli çay, yox əgər günortadırsa südlü tünd çay gətirirdilər. Dəxli yoxdur, istər səhər olsun, istərsə də axşam, çaydan sonra mütləq darçınlı, hilli, zəncəfilli kofe verirdilər.

Zeynin yaxınlıqdakı evlərin birində olduğunu eşidən qadınlar dərhal ora cumur, onunla dingildəşir, dilxoşluq edirlər. Əlaltdan dirsəkləriylə qızlarını dümsükləyir, gözlərinin ucuyla Zeyni göstərirdilər: yaxın dur, gicbəsər, salamlaş... Zeynin ürəyinə od salan, həyətdən çıxarkən adı dilindən düşməyən qızın anası xoşbəxt anaydı. Həmin qız bir, uzağı iki aya özünə adaxlı tapırdı. Elə Zeyn də öz yeni statusunun mahiyyətini tez anladı, anaları saf-çürük eləməyə, onların səhər yeməyinə və ya nahara dəvətlərinə cavab verməzdən əvvəl düşünməyə, götür-qoy etməyə başladı.

Bəli... Bütün bunlar beləydi. Ancar bu vilayətdə bir qız var idi ki, Zeyn heç vaxt onun haqqında boş-boş çərənləmir, artıq-əskik danışmırdı. Qız onu uzaqdan öz mənalı, ciddi baxışlarıyla izləyir, oğlansa onu bir az yaxından görən kimi susur, naqqallığı və zarafatı bir kənara qoyur, qəfil harasa yox olaraq ilim-ilim itir, onun yolunu boşaldırdı...



[1] Kırş – Sudan funtunun yüzdə biri.

[2] Divan burda müsəlman evlərində kişilər üçün nəzərdə tutulmuş qonaq otağı mənasındadır.

[3] Müsəlman evlərində yalnız qadınlar üçün nəzərdə tutulan otaq.

[4] Sakiya – Quyudan su çıxartmaq üçün qurğu, dolamaçarx.

[5]əllif məhz "araq” yazır. Görünür, spirt mənasındadır.

[6] Kəndxuda

[7] Sudanın Şimal Qərbindəki yerlər.