adalet.az header logo
  • Bakı 17°C
11 Sentyabr 2017 14:51
12344
ƏDƏBİYYAT
A- A+

Özünü yaradıcılığına köçürən sirli yazıçı...

Aqata Kristi - detektiv roman pərəstişkarlarının yaxından tanıdığı bir addır. Özündən geriyə tam 66 roman və 150 qısa hekayə buraxan məşhur yazıçının həyatı da eynən romanları qədər sirlidir


Tənhalıqla keçən uşaqlıq illəri…

1890-cı il sentyabrın 15-də Devonşir qraflığında anadan olan Aqata ailədə üçüncü övlad idi. Kütbeyin, astagəl olduğuna görə valideynləri onun həyatda heç nəyə nail olmayacağını düşünür və ən yaxşı halda uğurlu ailə həyatı quracağına inanırdılar. Gələcək yazıçının uşaqlıq illəri tənhalıq içində keçib - dostları yox idi, bacısı və qardaşı ondan yaşca çox böyük idilər, ilk təhsilini isə evdə almışdı. Bu, bir tərəfdən onun fantaziyasını stimullaşdırır, digər tərəfdən isə cəsarətsizliyini artırırdı.Uşaqlığında heyvanlarla oynayıb, kitab oxuyan və hekayələr yazmağa çalışan Aqata, hələ 11 yaşında ikən atasının ölümü ilə üzləşir. Bu dəhşətli itki onu ağır dərəcədə sarsıdır.

Musiqi ilə yaxından maraqlanan Aqata 15 yaşında bu sahədə təhsil almaq üçün Fransaya göndərilir.

Burada bir müddət piano dərslərində təhsil alsa da əslində musiqiçi olmaq istəmədiyini fərq edir və evinə geri qayıdır. Bu vaxtlarda yazmağa heç ara verməyən Aqata, 1912-ci ildə hava korpusunun leytenantı Arçibald Kristiyə aşiq olur. Onlar evlənmək istəyirlər. Amma qarşıda müharibə var idi. Nişanlısı Fransaya cəbhəyə yollanır, Aqata isə hərbi hospitalda pulsuz adi xadiməçi kimi işləyir, sonra tibb bacısı, daha sonra isə əczaçı köməkçisi olur. Toyları 1914-cü ilin dekabrında, Arçinin qısa məzuniyyəti zamanı olur.


İlk əsəri

Burada yaşadığı zaman müddətində oxuduğu detektiv kitablardan təsirlənən Aqata Kristi özü də bu tərz hekayələr yazmağa qərar verir.

Aqata "Staylsda sirli hadisə” ilk detektiv romanını böyük bacısı ilə mərcə girərək yazır. Bacısı iddia edirdi ki, yaxşı detektiv yazmaq çətindir. Aqata kitab yazsa da, uzun müddət nəşr elətdirə bilmir. Romanını çap etməyi altı nəşriyyat rədd etsə də, yeddincisi razılaşır.

"Staylsda sirli hadisə” adlı ilk romanı 1920-ci ildə çap edilir. Yalnız 2 min nüsxə satılır, yazıçı kiçicik qonorar - 25 funt-sterlinq alır. Romanın işıq üzü gördüyü vaxt Rosalind adlı qızları dünyaya göz açır.


Məhz bu dövrdə yeni bədii qəhrəmanlar - məşhur xəfiyyə Erkül Puaro və onun sadiq köməkçisi - kapitan Qastinqs meydana gəlir. Öz "Avtobioqrafiya”sında Kristi baş qəhrəmanın prototipini uzun müddət seçməyindən yazırdı. Uzun şübhələrdən sonra seçimini müharibə dövründə İngiltərəyə gələn belçikalı qaçqın üzərində saxlayır. Qəhrəmanın kriminal sahədə biliklərinin səbəbi əvvəllər müfəttiş olması ilə izah olunurdu. Yalnız qəhrəmanın yaş seçimində Aqata yanılmışdı. İlk romanda yaşlı adam kimi göstərilən qəhrəman yazıçının uzun yaradıcılıq karyerasında elə bu yaşda da qalır.

Yaddaqalan Aqata adı

İstefada olan polkovnik Kristinin ailəsi maddi problemlərlə üzləşdiyindən, Arçi həyat yoldaşına problemlərini həll etmək üçün növbəti romanını yazmağı təklif edir. "Sirli düşmən” adlı kitabı 1922-ci ildə çapdan çıxır. Aqata düşünür ki, qadın detektiv yazarı oxucular tərəfindən yaxşı qarşılanmayacağından özünə başqa təxəllüs götürsün. Amma naşir onun öz adının saxlanmasına təkid edir. Çünki Aqata adı nadir və yaddaqalan idi.

Yaradıcılıq uğurlarını davam etdirən yazıçı 1925-ci ildə anasını itirir.

Evliliyi də çökmək üzrəydi. Belə ki, yoldaşı başqa bir qadınla eşq macərası yaşayırdı. Bir gün Aqata həmin ilin dekabrında, soyuq bir qış gecəsində kimsəyə bir şey söyləmədən yoxa çıxır. Bir neçə gün keçdikdən sonra maşını göl kənarında qəza törətmiş vəziyyətdə tapılır.

Bu hadisədən sonra ortaya çıxan Aqata, olanlar haqqında heç bir şey söyləmir.


Sirli hadisə

Sonrasında isə ərinin sevgilisini öldürməyi planlaşdırdığı, qəza etdiyi üçün yaddaşını itirdiyi kimi xeyli söz-söhbətlər gəzməyə başlayır. Əslində bu yaşanan sirli hadisə bir növ Aqatanın və romanlarının reklamını edirdi. Kim bilir bəlkə də bu yoxa çıxmağın arxasındakı məqsəd yazacağı sirli hekayələr üçün münbit bir şərait idi…

Kristi güclü qadın idi və 1926-cı ildə baş verən hadisələr onun iş qabiliyyətinə təsir eləmədi. Arxeologiya da onun bir məşğuliyyəti idi. Roman yazmağa davam edən Kristi iki ildən sonra Bağdada qazma işlərinə yollanır. 1930-cu ildə indiki İraq yaxınlığında arxeoloji qazıntılar zamanı o, sonradan London universitetinin professoru olacaq Maks Mellounla tanış olur. Onlar arasında sevgi bir anda alovlanır. Aqata 40 yaşında, Maks isə ondan 14 yaş kiçik idi. İki aydan sonra onlar evlənir və ömürlərinin sonuna qədər birgə yaşayırlar. Həmin il o, "Vikarinin evində ölüm hadisəsi” romanını yazır. Bu əsərdə Aqata ilk qadın həvəskar detektiv personajını - miss Marplı yaradır.


Xoşbəxtliyə gedən yol…

40-cı illərdə Aqata bir sıra romanlar, radio və teletamaşalar, film ssenariləri yazır. İstedadlı yazıçının belə intensiv yaradıcılığı ayrılıqla izah edilirdi. Çünki həyat yoldaşı İkinci Dünya müharibəsi illərində Türkiyə, Suriya və Misirdə qalır. Aqata isə ölkəsinin çətin günlərində, yaşlı olmasına baxmayaraq, yenidən hospitala işləməyə gedir. Bu dövrdə o, iki əsərinin əlyazmasını bank seyfində saxlayır: "Pərdə” - Erkül Puaronun son işi və "Miss Marplın son təhqiqatı”. Onun hərəkətini izah edən bir neçə versiya var idi. Bəziləri düşünürdülər ki, Aqata onu bezdirən iki qəhrəmanından yaxa qurtarmaq istəyir. Amma əsl izah onun əsərlərilə birgə seyfə qoyduğu vəsiyyətnaməsində idi. Müharibə illərində Aqata müəllif hüququ və yaxınlarının taleyini düşünürdü. Ölümündən sonra "Pərdə” əsərindən gələn gəlir qızına, ikinci əsərin gəliri isə ərinə qalmalı idi.

Yazıçı 1976-cı il yanvarın 12-si vəfat edir. O, öz avtobioqrafiyasını bu sözlərlə bitirir: "Yaşadığım həyat, mənə bəxş olunan sevgi üçün Allahıma təşəkkür edirəm..."

Aqata Kristinin müəllifi olduğu əsərlər 2 milyarddan artıq nümunədə satılmış və dünyanın 103 dilinə tərcümə edilmişdir. O, Böyük Britaniyanın simvollarından birinə çevrilib. Onun əsərləri İncil və Şekspirin əsərlərindən sonra ən çox satılan əsərlər hesab olunur.


Aqata Kristinin düşündürücü fikirləri:

Qadın və kişi arasındakı bağlılıq əvvəl illüziyadan başlayır. Siz dünyada hər şey haqqda eyni fikrə malik olduğunuzu düşünürsünüz.

Vaxt- çox qeyri müəyyən anlayışdı. Kiməsə o çox uzun gəlir, kiməsə isə tam əksinə.

Əgər sirri ikidən çox adam bilirsə, o artıq sirr deyil.

Qadınlar gözləyə bilmirlər, bunu yadda saxlayın.

Cinayət səhnəsini bərpa etmək detektivin məqsədidi. Faktları ardıcıl sıralamaq lazımdı,kartdan ev düzəldərkən kartları düzdüyünüz kimi.

Qorxuram ki, bu qədər müşahidədən sonra insan təbiətindən yaxşı heç nə gözləməyə dəyməz.