İradə TUNCAY: GÜVƏNDİYİMİZ DAĞLAR

İRADƏ TUNCAY
63189 | 2017-09-07 16:54

Yasamal tərəfdə Bakının hündür səmtlərindən görünən təpələr Qafqaz sıra dağlarının ən son halqalarıdır. Qafqaz dağları Taman yarımadasından başlayır, Abşeron yarımadasında bitir. Məqsədim sizə coğrafiya dərsi keçmək deyil. Dilimizdə belə bir ifadə var - "Arxanda dağ kimi dayanmışam". İndi kimsə Yasamal tərəfə qalxıb üzünü şəhərə çevirsə, ürəklə deyə bilər ki, arxasında Qafqaz dağları dayanıb. Düzdür, bu gün Qafqazın yerli əhalisi olan bizlər bu dağa çox da güvənə bilmirik. Çünki bu məkanın təzə yiyəsi hələ müəyyənləşməyib. Qafqaz uğrunda böyük dövlətlərin savaşı gedir. Siyasi xəritələr dəyişir. Amma sən demə, təkcə siyasi yox, fiziki anlamda da dəyişmələr ola bilərmiş. Bu yaxınlarda xarici telekanallardan birində yerşünas-geoqraf alimlərin söhbətini izlədim. Söhbətin məğzi bundan ibarət idi ki, Yer kürəsi yeni coğrafi dövrə qədəm qoymaq üzrədir. Beynimi nə qədər qurdaladım mezozoy və kaynazoydan başqa era yadıma düşmədi. Mezozoyda dinozavrlar yaşayıb, kaynazoy indi bizim yaşadığımız eradı. Maraqlıdır, yeni era bizə nə dəyişiklik vəd edir? Yaxın milyon ildə nələr ola bilər?

Məndə belə bir təəssürat var ki, yaşadığımız dövr Yer kürəsinin indiyə qədər keçib gəldiyi inkişaf yolunun bütün özəlliklərini özündə cəmləşdirib. Ətrafımızda dinozavrlar da var, birhüceyrəlilər də, həşaratlar da. Güclülər zəifləri yeyir. Uyğunlaşa bilib rəngdən rəngə düşə bilənlər xata-bəlanı öz üstlərindən sovuşdura bilirlər. Kaynazoyun son dövrü insanın yaranıb formalaşdığı dövrdü - antropogen. Alimlər yəqin ki, elmi araşdırmalara əsaslanıb fikir yürüdürlər - yeni dövr yeni yaranacaq məxluqatların adı ilə adlandırılacaq. Siz bilən nə ola bilər?

Alimlərə qulaq asdım, əvvəl-əvvəl söhbət mənə ləzzət elədi. Fikirləşdim ki, tarixi, ictimai-siyasi dəyişmələrdən fərqli olaraq bu metomorfozlara böyük, əjdaha dövlətlər müdaxilə eləyə bilməyəcək. Yəni seçki deyil saxtalaşdırsın, üsyan deyil yatırtsın, çevriliş deyil eləsin. Yer kürəsində gedən təbii proseslərdi, yavaş-yavaş öz axarı ilə gedəcək. Amma bir az dərindən düşündükcə gördüm ki, vəziyyət ingiliscədi. Yəni dünyanı idarə eləyən qüvvələr ingilis olduğundan hər hansı dəyişmə onların xeyirinə olacaq. Otuz ildən çoxdur ki, laboratoriyalarda yetişdirilən klonlar, mutantlar yeni dövrün canlıları olacaq kimi görünür. Və kim zəmanət verə bilər ki, ətrafımızda gördüyümüz, hər gün salamlaşıb hal-əhval tutduğumuz klon deyil. Kim zəmanət verə bilər ki, bura elçi, səfir, missioner adı ilə gələnlər mutant deyil. Böyük dövlətlər bütün eksperimentləri, təcrübələri bizim üstümüzdə keçirirlər. Bütün xəstəlikləri, bütün dərmanları bizim üstümüzdə yoxlayırlar. Çox ola bilər ki, yeni dövrün məxluqatlarının ətraf mühitə uyğunlaşmasını da bizim vasitəmizlə öyrənsinlər.

Dedim ki, dövrümüz əvvəlki coğrafi dövrlərin özəlliklərini saxlamaqdadır. Mezozoyda dinozavrlar yaşayıb, kaynazoyda bizlər. Onlardan çoxmu fərqlənirik? Robot düşüncəli, dinozavr iştahalı, buqələmun xislətli canlılar yeni dövrün canlıları sayıla biləcəkmi? Zəmanənin rejim, formasiya dəyişmələrinin şokundan hələ özümüzə gələ bilməmişik. Hansı dəyişikliyin bizə xeyiri olub ki? Alimlər deyirlər yeni dövr gəlir. Bir təskinlik var - fərziyyələrə görə, dinozavrlar, mamontlar çox yekə olduqlarından məhv olublar, bir dövrdən o biri dövrə keçə bilməyiblər. Yəni nə demək istədiyimi anladınız. Bəzi hallarda xırım-xırda olmağın da faydası var.

Təbiətdə baş verən kataklizmlər - zəlzələlər, vulkanlar böyük dağları-dərələri, yarğanları da yaradır, kiçik təpələri də. Qayıdaq yenə Yasamal dağlarına. Hündür, başı qarlı, əzəmətli dağlarla müqayisədə bu təpəciklərin nə gözəlliyi gözə görünür, nə də yaşıllığı. Amma söykəndiyi, arxalandığı dağlar var. Ona görə də bu təpələrə təpə yox, sıra dağlar deyirik, böyük dağların xırda zəncirləri, arxalı dağlar. Sonra qulağıma bir məsəlin əks-sədası gəlir - "Arxalı köpək qurd basar". İt olanda nə olar, itin də gərək yiyəsi olsun. Heç sahibi ilə birlikdə gəzən qarnıtox itlərin görkəminə fikir vermisiniz? Ya da zibilliklərdə eşələnib sümük axtaran, uşaqların daş-kəsəklə vurub şikəst elədikləri yiyəsiz itlərə diqqət eləmisiniz? Onların gözlərinə baxmısınız? Bu gözlər sizə heç nəyi xatırlatmır ki? Baxımsız qalıb, saralıb-solan ağacları, sahibinin od-alov altında qoyub qaçdığı tənha yiyəsiz evlərin pəncərəsini xatırlatmır ki? Xaraba kəndləri, şəhərləri, viranə qəlbləri, ürəkləri xatırlatmır ki? Alçaq dağları yaratdığını zənn edən bir məmurun buz baxışları ilə üzləşib, nazlı-ədalı katibənin qəbul otağından kor-peşman qayıdanda heç özünüzü bu itlərin yerində hiss eləməmisiniz ki? Bütün cansız əşyalar da, canlı varlıqlar da yiyəsiz olanda bir-birinə oxşayır.

Son vaxtlar təkcə alimlərin yox, siyasətçilərin də çıxışlarını intensiv izləyirəm. Görünən budur ki, Yer kürəsi həm də yeni dünya müharibəsinin astanasındadır. Özü də bu dəfə siyasətçilər öz tarixi səhvlərini düzəldəcəklər. Bundan öncəki iki böyük müharibə Avropanın ərazisində gedib, indi Şərqi yerlə-yeksan edəcəklər. Özü də toy-bayramla. Əfqanıstana birinci bombanı Ramazan bayramında atdılar, İraqa Novruz bayramında, Qurban bayramında padşahlarını asdılar, yəqin bu Novruzda da İrana bomba payı göndərərlər. Suriyanın da durumu məlum... Neçə illərdi Şərq yiyəsiz itlərin durumundadı. Hərə bir daş atır. Neçə milyard əhalisi olan bu böyük planetdə yaşamağa yer, içməyə su tapmayan, vətənində vətənsiz qalan millətlərin hayqırtısını heç kim eşitmir. Super millətlərin super maraqları üzündən qaçqın düşərgələrində yaşayıb öz halal haqqını tələb edənə terrorçu deyirlər. Böyük dövlətlərin də, böyük adamların da prinsipi budur. Amma günlərin bir günü qaralar da zəncirini qırıb yaşam haqqını istəyə bilər. Tale birinə süpürgə verir, birinə hakimiyyət. Amma bəzən taleyin ironiyası yerdəyişmələr də edir. Çinin sonuncu imperatoru bir vaxtlar taxtda oturduğu sarayın həyətini süpürməyə məhkum olunmuşdu. Günlərin birində onun da güvəndiyi dağlara qar yağdı. Allahım, niyə kimsə ibarət almır?

Abşeronda bitən-qurtaran Qafqaz dağlarının son zəncirlərinə baxıram. Böyük zirvələrin ətəyinə yapışıb sıralanan təpələr nədənsə mənə qoluzorlu adamın çoxsaylı qohum-əqrəbasını xatırladır. Amma vulkanik proseslər davam edir. Təbiətdə də, cəmiyyətdə də. Sahibsiz, yiyəsiz itlərə daş atmayın, dağlara bəzən qar da yağır.

 

2007, mart

 

TƏQVİM / ARXİV