ANA SƏHİFƏ / YAZARLAR

Şəkidən bizi niyə qovdular?

11369    |   2017-09-07 16:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Şəkiyə boş yer, Şəkiyə boş yerlər” – deyə sürücü avtovağzaldakı istidən bişən adamlara sarı qışqır-bağır salırdı. Biz yerimizi tutmuş, səbrsizliklə Şəkini xəyal edirdik. Avtobus demişkən, cəmi-cümlətanı bir yer boş idi, ancaq sürücü fəryad qoparırdı...

Bizi Şəkidə yazıçı Hədiyyə Şəfaqət qarşıladı. Çox gözəl, mehriban, qayğıkeş xanımdır. Qalmağa ev tapdı bizə. Ancaq çox bahalıydı deyə razılaşmadıq. Küçələrin canına düşüb ucuz mehmanxana axtarmağa başladıq. Hər yer bahalı və dolu idi. Çarəsiz ilk getdiyimiz yerə boynubükük qayıtdıq. Şəkili qadın qaranlıq darvazadan başını çıxardıb dilləndi:

- Hay indi mən sizi götürmürəm!

- Xala, cavanlıq səhvi etdik, buraxın bizi içəri.

Şəkili qadın minnətlə bizi içəri dəvət etdi. Üstəlik bir gün üçün dediyi 40 manatdan da 1 qəpik enmədi. Çar-naçar razılaşıb havasız otaqlarımıza keçdik. Hava demişkən, burda da bürkü idi. Deyəsən, bu yay bizim üçün cəhənnəm olacaqdı. Otaqlarda nə ventilyator, nə də kondisioner gözə dəymirdi. Gecə istidən düz-əməlli yata da bilmədik. Səhər tezdən ev yiyəsi yoldaşıma deyib ki, günorta evdən gedin, qonaqlarım gələcək. Bəs ay zalım balası bizim 24 saatımız var axı? Zatən bu qadının evində qalmaq bizim üçün işgəncə idi. Nə bir stəkan çay təklifi etdi, nə də yemək bişirməyimiz üçün şərait yaratdı. Günün-günorta çağında, qızmar istidə evdən ayrıldıq, daha doğru desəm qovulduq.

Şəkinin ecazkar, estetik küçələri, evləri, mədəniyyət ocaqları göz oxşayırdı. Adamlar şirin dilli, gülərüz amma, ancaq... Şəkidə nə qədər desən, Şəxi paxlavası dükanları vardı. Yəqin adamları buna görə çox şirindillidirlər. Qərara gəldik ki, Şəki camaatının evlərinə qonaq gedək. Yəni onları sınayaq! Bəs deyək ki, pulumuz bitib, yolda qalmışıq, bir gecə bizi qonaqlayın. Üz tutduğumuz ilk ev böyük imarəti xatırladırdı. Ürəyimdə sevindim ki, bizi göydə qonaq qəbul edərlər. Qapını döyüb, "ay ev yiyəsi” deyə səsləndim. Az keçmədi, başı şallı, orta yaşlı qadın darvazanın qapısında peyda oldu.

- Salam-əleyküm, biz yolda qalmışıq, pulumuz da yoxdu. Bizə bir gecəlik otaq verərsinizmi?

Şallı qadın əli üzündə bir xeyli fikirləşir...

- Otaqlarım da boşdu, nə verərsizniz?

- Pulumuz yoxdu axı...

Qadın yenə susur, düşünür...

- Yaxşı, sağ olun

- Sağ olun...

Elə bunu deyən kimi qadın qapını bərk-bərk örtüb gözdən itir. Başımızı bulaya-bulaya başqa qapıları döyürük. Mənzərə dəyişmir. Heç kim bizi evinə dəvət etmir.

Bəs nə oldu bizim qonaqpərvərliyimizə? Keçmiş zamanlarda Allah qonağını qapıdan qovmazdılar. Bizim adət-ənənəmiz nə tez unuduldu? Tez-tez də bizim milli adətlərimizdən, mental dəyərlərimizə qədər tərif edir, göylərə qaldırırıq! İnsanımız bu qədərmi öz məmləkətinin insanından ürkər, xofa qapılar?

Axı biz nə zaman səmimiyyətimizi, comərdliyimizi itirdik?

Ümumən ev tapa bilməyəndə adamlar məscidə üz tutur. Biz də yolumuzu Allahın evinə çevirdik. Az getdik, üz getdik, dərə-təpə düz getdik, gəlib çatdıq Şəkinin mərkəzindəki məscidə. İman gətirənlərdən birinin qarşısını kəsib molladan xəbər tuturam.

- Məscidin mollası hardadı, bilmirsiz?

- Molla yoxdu!

- Bəs molla əmi hara gedib?

- Nəbilim, vallah!

- Bu məscid səhərə kimi açıq qalır?

- Yox qardaş, gözətçi məscidin qapısını bağlayır

Elə bu an gözətçini tapıb, yanına yaxınlaşırıq.

- Salam, ağsaqqal

- Məsciddə bağlanar? Allahın evidi…

- Qardaş bizə belə tapşırıblar!

Nə qədər and-aman elədik, xeyri olmadı. Gözətçi bizi məscidə buraxmadı.

Məsciddə qalmaq arzumuz da gözümüzdə qaldı.

Axşam düşdükcə neyləyəcəyimizi, hara gedəcəyimizi qara-qara düşünürdük. Birdən qardaşımın ağlına bir ideya gəldi. Barmağını havada yellədib, dilləndi:

- Gedək internet klubda qalaq!

Bu fikir ağlımıza batdı. Şəkinin ala-bəzəkli, ecazkar evlərini, romantik işıq dirəklərini keçib internet klubu tapdıq.

Klubun qarşısı oğlanlarla dolub daşırdı. Yiyəsini çölə çağırdım ki, arxasınca beş nəfər də gəldi.

- Nə olub qardaş, dava edəcəyik?

Saqqalı oğlan qımışdı ki, bəs sizin qonaq olduğunuzu bilirik.

- Hardan? – deyə dilləndim

- Şortik geynmisiniz ona görə…

Hamımız şaqqanaq çəkib gülüşdük. Başınızı ağrıtmadan deyim ki, klubun yiyəsi gecə saat üçə kimi işlədiyindən bizi qəbul etmədi. Söhbət elədiyimiz vaxt gözümü açıb ətrafa baxıram ki, xeyli adam yığılıb bizə qulaq asır. Birdən orta boylu, gombul bir oğlan əlini qaldırıb, dilləndi ki, gəlin qonağım olun.

Ürəyimdə dedim, Allah göydən bizə baxdı, yoxsa gecənin bu vaxtı küçədə qalacaqdıq. Bu şəkili qardaş bizi evinə apardı. Yolda nə soruşsa yaxşıdı, nə qədər pul verəcəksən? Əlim üzümdə qalır, cibimdən 10 manat pulu çıxarıb, ovcuna basıram. Bəs ay insafsız sənki bizi qonaq aparırsan. Sən demə bu oğlan camaatın içində özünü göstərirmiş. Ki, səhər gəlib dostlarına özünün necə də qonaqpərvar olduğundan ağızdolusu danışsın. Nəysə gombul oğlanın evinə çatdıq. Hə, yadımdan çıxmamış, bunun bir də tər dəsmalı vardı boynunda. Tez-tez tərini silir, key-key adama baxırdı. Əl qərəz bunun evinə çatdıq. Evi görsəniz, deyərsiniz ki, a kişi burda it də durmaz. Ciddi deyirəm. İndi mən sizə bu evi təsvir edərəm. Hamam-tualet yoxdu, mətbəx qorxu filmlərində gördüyünüz o tozlu, həşəratlarla dolu bir yerdi, iki otağın ikisi də toz-torpaq, zir-zibil günündə. Çarpayıları kirli-pasaqlı, evin divar örtükləri ləkələrlə doludur. Adamın bu evdə ürəyi ağzından çıxıb, marafon yarışlarına qatılmaq istəyir. Mənzərə bizim ovqatımızı, istirahət zövqümüzü darmadağın edir. Bu gombul oğlan da özünü, Şəkini tərfləməkdən bezmir. Sağollaşıb otağımıza keçirik. Dan yeri ağarana kimi yata bilmirik. Ayaqlanıb, özümüzü küçəyə atmağa hazırlaşırıq. Gombul oğlan əsnəyə-əsnəyə bizi yola salır. Son sözü belə olur: Şəkiyə nə vaxt gəlsəz, mütləq bizdə qalın!

ardı olacaq…



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK