adalet.az header logo
  • Bakı 7°C
13 Mart 2013 11:09
7939
ƏDƏBİYYAT
A- A+

GƏLƏCƏYİN ŞƏFƏQİ

Bir institutun görə bilmədiyi işi Firudun bəy Köçərli təkbaşına görmüşdür.

Mir Cəlal

Firudun bəy ötən əsrin sonlarında yazmağa başladığı "Azərbaycan ədəbiyyatı tarixi materialları"nı 1908-ci ildə bitirmişdi. Aradan 10 ildən çox bir müddət keçirdi, lakin əsər işıq üzü görməmişdi. Özü demişkən, məcmuənin işi dərin quyuya düşmüşdü. Kim onu oradan çıxardacaqdı, bilmirdi. Əsər toz basa-basa qalırdı. "İnsafsız" naşirlər gah azlığını, gah da tapılmayacağını bəhanə edib, əsəri çap etmirdilər. Onun böyük səylə toplayıb yazdığı kitab haqqında Tiflisdə çıxan "Zaqafqazskoqe obozrenie" qəzeti (1908-ci il, 28 oktyabr № 36) yazırdı: "Məşhur müsəlman ədəbiyyatşünası Firudun bəy Köçərli Azərbaycan tatarlarının ədəbiyyatına dair irihəcmli əsərini yazıb qurtarmışdı...gMüəllif bu kitabın üzərində bir neçə il işləmiş və indiyə kimi heç kimə məlum olmayan çoxlu materiallar toplamışdır. Ancaq buna təəssüf edirik ki, cənab Köçərlinin əlində vəsaiti olmadığı üçün bu çox qiymətli əsərin nəşri bəlkə də uzun müddətə təxirə salınacaqdır".
O, ömrünün ən gözəl günlərini, qəlbinin, ürəyinin bütün hiss və həyəcanını bu əsərə vermişdi. Neçə şəhər, kənd və arxivləri gəzib, toza-torpağa bələnə-bələnə adı ədəbiyyat tarixinə bəlli olmayan el şairlərinin haqqında məlumat toplayıb ikicildlik kamil bir əsər yaratmışdır. İllərlə xalqı üçün çəkdiyi zəhmət, əziyyət heç kimə çatmadan məhv olub gedirdi. Yalnız maddi ehtiyac əsəri çap eləməyə imkan vermirdi. Hər dəfə Salahlının qocaman müəllimi Əhmədağanın sözlərini xatırlayanda, kədər və təəssüf hissiylə gülümsünürdü. Müəllimin maddi gəlirinin az-çoxluğundan söz düşəndə, görkəmli pedaqoq demişdi:
-Müəllim əməyi qatır quyruğudur, nə uzanır, nə güdəlir. Müəllimin bir şirin söhbəti, bir çayı bol olar. Kitabı çap elətdirə bilməmək Firudun bəyin ürəyinin başından bir nisgil kimi qalmışdı. Firudun bəy kitabının çapı üçün hara əl atdısa, bir faydası olmadı. Bu barədə Bakıda müəllim işləyən cavan şair dostu Abdulla Şaiq də çox təşəbbüs edirdi. Bütün ümidlərini Bakı naşirlərinə bağlayan Firudun bəy 1914-cü il noyabrın 12-də yazırdı:
"Əziz və möhtərəm bəradərin Mirzə Abdulla!
Allah sizi səlamət və xoşbəxt eyləsin ki, bəndənizi unutmayasınız. Kağız yazmamaqda qüsur etmişəmsə də, doğruluqla ərz edirəm ki, xatirimdən sizi çıxarmamışam. Tarixdə misli görünməmiş olan bu böyük müharibə tamam fikir və xəyalımı işğal edibdir, gecələr də rahat yata bilmirəm. Xahişim var ki, sentyabrın əvvəllərində bu zavallı əsərlərin çap olunmaq məsələsini sizin kimi dostların vasitəsilə bir növ düzəldə idim. Dava araya düşüb. Mane oldu. "Nicat" cəmiyyəti-xeyriyyəsinin mənim əsərlərimin çap olunması barədə ishar qıldığı təşəbbüsat və hüsniyyəti şayani-təqdir və təhsindir. Bu qədər bilsəniz ki, bu əsərin çap olunmasından mənim niyyətim pul qazanmaq deyil, ancaq ədəbiyyatımıza cüzi bir xidmət etməkdir. "Nicat" cəmiyyətinin şərtlərinə mən razı olaram və ümidvaram ki, mənim zəhmətlərim əvəzində cəmiyyət məni biçiz və məyus etməsin. Ancaq bu qədər var ki, kitabları dərc olunduqdan sonra satmaq mənə müşkül olacaq. Yaxşı olardı ki, bu təklifi "Nicat" öz öhdəsinə götürərdi. İki min beş yüz cild tələb olunduqdan sonra "Nicat" rada kitabları satıb, əvvəlcə öz xərcini götürüb, sonra mənim haqqımı əda eyləyə bilər. Amma yaxşısı və insaf ilə tutulası budur ki, kitabın bir hissəsi tutalım ki, yarısı və ya sülsi satıldıqdan sonra hasil olan məbləğ iki yerə təksin olunsun.  Bir hissəsi müsənnifə çatsın və yerdə qalan hissə çap olunma xərcinə sərf olunsun. Hər halda, bu barədə düzəlişmək asandır. Təki kitab yaxşı kağıza, gözəl və aydın hurufat ilə təb olunsun. "Nicat" cəmiyyəti-xeyriyyəsinin müdirini və s. üzvlərini yaxşı tanıyırsınız. Yəqin ki, onlar əmin və mötəbər adamlardır. Türkdə misal var ki: "İlan vuran ala çatından qorxur". "Nəşr-maarif" gözümü qorxudubdur. Baqi Allah amanında olasınız. Badi səbanın, mənim və Həcərin sizə və həmşirəmiz Rugiyyə xanıma və bəradərimiz  Tağı bəyə salamımız var. Uşaqların üzündən öpürük.

Həqiqi dostunuz Firudun Köçərli

Uzun süründürmələrdən sonra mənsəbi pul, amalı qazanc götürmək olan mətbəə sahibkarları onun kitabının satılmayacağını, onlara qazanc gətirməyəcəyindən ehtiyat edərək, kitabı çap etməkdən imtina etmişdilər.
1915-ci il oktyabrın 22-də Firudun bəy aldığı bəd xəbəri dostuna bildirirdi.
"Əziz bəradərin Mirzə Abdulla!
...Mənim əsərimin çapı yenə də təxirə düşdü. Neçə vaxt bundan müqəddəm Mehdi bəy Hacıbaba Bəyovdan bir məktub aldım. Yazmışdı ki, bu halda kağız baha qiymətə satılmağa görə, kitabların çapı davadan sonraya qaldı. Bu da mənim işlərimin gətirmədiyindəndir. Nə vaxt dava qurtaracaq, sülh olunacaq və kağızın qiyməti ucuzlaşacaqdır? Bunlar düzəldikdən sonra "Nicat"ın fikri və tədbiri nəyə mübəddəl olacaq, Allahü-ələm. Zakir xoş demiş:

Əfsus ki, islamın işi müşkülə düşdü,
Yox çarə dəxi səbirdən özgə belə düşdü.

Bari-bəndəni xatirinizdən çıxarmayasınız və gözəl məktublarınızla könlünü açasınız.

Müxlisiniz Firudun bəy Köçərli"

İkinci ir nisgil indi ondan da betər idi. Bu, onu fikirdən-fikrə salır, rahatlığını əlindən almışdı. Seminariya ləvazimatı hələ də Məşədi İbrahimin həyətində gizli saxlanılırdı. Nə gürcülər tərəfdən, nə də Qoridən gəlib-gedən, sorğu-sual edən yox idi. Firudun bəy əvvəlcə bu il Qazaxda seminariya açılacağı haqqında Tiflis qəzetlərinin birində elan vermək istədi, lakin ehtiyat elədi.
Bir az sonra Qafqaz təhsil dairəsinə yazdığı məktubun cavabı gəldi. Seminariyanın açılmasına rəsmi icazə verilirdi. Uşaq yığmaq üçün yeganə ümidi Qori seminariyasınsın keçmiş məzunlarına gəldi. Kimin harada olduğunu öyrəndi. Kəndlərə atlı göndərib xəbər verməkdən başqa çarəsi qalmadı. Salahlı qəriyyəsinin Əhmədağa Mustafayevə, Şıxlını Əli Hüseynova, İncə dərəsini Kəmərridə qız məktəbi açan Əhməd Seyidova, Ağstafa- Kəsəmən tərəfi Səlim Əfəndiyevə, Borçalı mahalını Mustafa Məmmədova tapşırdı.
Dilican nahiyyəsini isə özü götürdü. Hər il yay aylarını orada istirahət edən, ədəbiyyatımızın nümunələrindən mühazirələr oxuyan Firudun bəy oranın əhalisini yaxşı tanıyırdı. Bu nahiyyənin ir neçə kəndində özünü şəxsi dostları var idi.
Sentyabrın 10-da ilk dəfə bir neçə ailə gətirib öz uşaqlarını məktbə yazdırdı. Firudun bəy fikirləşirdi ki, əgər sentyabrın 20-nə kimi hər gün bu qədər uşaq qəbula gəlsə, o vaxta qədər ilk zəng çalınmalıdır.
Qazaxın bir neçə guşəsində elanlar asıldı. Sentyabrın 17-də ilk zəng çalındı. Uzaq dağ kəndlərindən ayağı kotğu çarıxlı, başı keçə papaqlı, əyinləri boz çuxalı kəndli balaları böyük bir ümidlə Məşədi İbrahimin həyətinə toplaşmışdı. Eyvanın dirəkləri rənglənmiş, divar isə çöldən yarıya qədər ağardılmışdı. Tərtəmiz sulanıb-süpürülmüş həyət bayramsayağı bəzədilmişdi. Hər qapının üstünə "hazırlıq sinfi", "tarix-coğrafiya", "musiqi otağı", "riyaziyyat sinfi" və başqa sözlər yazılmışdı. Uşaqların qarşısında təmiz və səliqəli geyimli müəllimlərdən Əhmədağa Mustafayev, Əli Hüseynov, Yusif Qasımov, Məhiş Hüseynov,  Süleyman ağa Qayıbov, Mahmud Yolçiyev, Nacıoğlu, Bəhri Əfəndi, Məcid bəy Şıxlinski, Mirzə Vəlizadə dayanmışdı. Aralarında yeganə qadır Badisəba idi. Təptəzə kostyumda özünü narahat hiss edən Firudun bəy gülümsünüb Badisəbaya dedi:
-Mənə bu təzə paltarı geyindirməsən olmazdı? Özümü çox pis hiss edirəm. Elə bilirəm hamı sənə və paltarıma baxır. Həyəcandan əlim-ayağım əsir. Belə getsə, mən uşaqlar qarşısında bir kəlmə də danışa bilməyəcəm. Deyirəm, Əhmədağaya söz verək qoy o danışsın. Onun müəllimlik təcrübəsi də məndən çoxdu, həm də hamımızın ağsaqqalıdı.
Badisəba səhərdən ərindən gözünü çəkə bilmirdi. Təzə kostyum ona doğrudan da gözəl yaraşırdı. O, otuz il əvvəl ilk dəfə Firudun bəyi bu rəng kostyumda görüb sevmişdi. Onda Qori seminariyasında bircə təhsil alan qardaşı İsmayıl ağa ilə Firudun bəy onlara tətilə  gəlmişdi. Şuşa uzaq olduğundan bəzən yay və qış tətilində Firudun bəyin evə getmək imanı olmurdu. İsmayıl ağa ilə Salahlıya gəlib dostugildə qonaq qalardı. Badisəbanın atası Mustafa ağa şair olmasa da, şairlik, şeirin məftunu idi. Mirzə Adıgözəlbəyin "Qarabağnaməsi"ni, Vaqifin şeirlərini, demək olar ki, əzbər bilirdi. Durub-oturub "Qarabağnamə"ni təriflər, belə əsərlərin misli-bərabəri olmadığından ağızdolusu söhbət açardı.
Firudun bəyin klassik ədəbiyyatdan araşdırmalarını dinlədikcə Mustafa ağa tez-tez onun söhbətlərinə müdaxilə edib:
-Yaz, oğul, bunların hamısını yazmaq lazımdır, - deyərdi. - Rəhmətlik Sədi deyib ki, elmə yiyələnən, lakin onu tətbiq etməyən yeri şumlayan, lakin onu əkməyənə bənzəyir. Bu gün bizə çatmasa da gələcək nəslimiz var, qoy onlara hədiyyə olsun.
Xəyalən ilk gənclik illərinə qayıdan Badisəbanın gözündə indi iyirmi iki yaşlı Firudun bəy təzə geyimdə necə də şən və gümrah idi. Eynilə bugünkü kimi. Ağsaqqal qohumları burda olmasaydı özü onun qalstukunu düzəldər, çiyinlərinə qonan nazik tozu silərdi.
-Yaxana yarpaq düşüb, onu götür.  Əhmədağaya da özün desən yaxşıdı, məncə razı olmaz.
Əhmədağa qocaldığından bir az ağır eşidirdi. Firudun bəy yaxınlaşıb üzünü qulağına tutub xeyli bərkdən:
-Ağa, deyirəm, uşaqlara "xoş gəlmisiniz"i siz desəniz yaxşı olardı.
-Yox, yox, Firudun bəy, nə danışırsan, bu bir  namlı-nişanlı gün olub Azərbaycan tarixində qızılı hərflərlə yazılacaq. Bu əvəzsiz xidmət sənindi, söz demək də  sənin borcundur.
Firudun bəyi Qazax camaatı kürəkən kimi yox, doğma oğlu, həmkəndlisi kimi sevirdi. Ötən əsrin 80-ci illərindən tez-tez gəlib-getməyə bu oba ona doğulduğunu Şuşası, Qarabağı qədər əziz idi.
Hələ 1909-cu ildə Şıxlı və Salahlı camaatı Qoriyə gedib ərizə ilə ona müraciət etmişdilər ki, dədə-babadan mal-qara otardıqları Qarayazı meşəsini knyaz Qolitsin özü üçün ov qoruğuna  çevirib. Mal-qaramızı saxlamağa yerimiz, örüşümüz yoxdu. Həmin ilin martında Firudun bəy "Tərəqqi" qəzetində "Dinmə, ver!" adlı kəskin məqalə ilə çıxış edib camaatın başına açılan bu oyunun müqəssiri knyaz Qolitsini ifşa etmişdi. Xalq Firudun bəyin yuxarı dairədəki hörmətini, sözünü kəsərini yaxşı bilirdi. Bu müraciət təsadüfi deyildi.
Firudun bəy irəli yeriyib şiş papaqlı valideynlərə, onların pambığı çıxmış sırıqlılarına ürək ağrısı ilə baxdı. Qarabağın, Göyçə və Borçalı mahalının bəyləri, bəyzadələri isə eyş-işrət məclisinə təşrif buyurmuşlar kimi yerli ağalarla bərli-bəzəkli ayrıca dayanmışdılar. Firudun bəy çənəsinə ağ kəpənək kimi qonmuş nazik saqqalına ötəri əl gəzdirdi. Bir anlıq nə danışacağını unutmuş kimi yenidən qalın qaşları altından hamıya nəzər saldı. "Sadə, çox sadə dildə danışmaq lazımdı", - deyə fikirləşdi. - Qoy dağların qoynundan enib gəlmiş rəiyyət də, çoban da məktəbin nə olduğunu başa düşsün. Kəndə qayıdanda qonşusunun, - nə eşitdin, nə gördün? - sualına ətraflı cavab verə bilsin.
-Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili milətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır,  hər kəs öz anasını və Vətənini sevdiyi kimi, ana dilini də sevir.
Bu da bir həqiqətdir ki, uşağın dilini açan anadırsa, ona təkan verən, millət və xalq üçün gərəkli edən məktəbir...
Əvvəlcə həyəcanla, tələsə-tələsə danışan Firudun bəyin danışığı get-gedə nəsihətamiz şəkil aldı. İndiyədək Sədidən, Hafizdən, məşhur rus pedaqoqu Uşinskidən oxuduğu, bildiyi müdrik, ağıllı kəlamları yadına salıb, yaxın-uzaq obalardan enib gəlmiş kəndliləri heyrətdə qoymaq istədi. Ani olaraq duruxub fikrini dəyişdi.
-Niyə uzağa gedirəm, - deyə fikirləşdi. Elə Üzeyir bəyin maarif haqqında dediyi kəlamlar daha anlaşıqlıdır. Bizim seminariyanın keçmiş məzunu Üzeyir bəy Hacıbəyov yazır ki, o yerdə ki, elm və maarif olmadı, orda zülm və istibdad hökm-fərman olar. Sizə baxarkən mən Azərbaycan xalqının günəşli gələcəyini təmin edəcək xoşbəxtlər nəslini görürəm. Oxuyun, balalarım, xalqın nicat yollarında ona dayaq durun!
Sonra müəllimlərdən Əli Hüseynov, Yusif Qasımov və Alay bəy Şıxlinskiyə söz verildi. Məktəbdə nizam-intizamın, təlim-tərbiyənin vacibliyindən danışan çıxışçılar qeyd etdilər ki, mütaliə və əxlaq normalarına hər şagird vicdanla əməl etsə, seminariyamız nümunəvi olar.
Camaat içindən uca boylu, sarışın bir kişi üzünü Firudun bəyə tutub:
-Bəy, - dedi, - qurbanın olum, bircə məni başa sal görüm, bu uşaqları ki, siz oxudacaqsınız, bunlar nə  yeyəcəklər? Hərçəndi, biz evdən bir az pendir, yumurta, çörək götürmüşük. Bu iki-üç günə ancaq çatar. Bir də ki, siz heç oxutmaq pulu da almırsınız. Bəs onda necə olacaq? Axı, mən hər gün Əskiparadan bura çörək gətirə bilməyəcəm?..
Firudun bəy ani olaraq duruxdu. Aram, bir qədər də kədərqarışıq səslə:
-Rəhmətliyin nəvəsi, - dedi, - sən deyinən, kaş bizə dəyib-toxunan olmasın. Yemək-içmək məsələsinə gələndə isə fikir eləməyə dəyməz. Boynumuza götürmüşük, demək nəyəsə arxalanmışıq. Əvvəla onu deyim ki, Qafqaz təhil komitəsi Popeçitelinin əmrilə Qoridə Azərbaycan şöbəsinə ayrılan vəsait öz qüvvəsində qalır. İkincisi də Müsavat hökumətinə məktublda müraciət edəcəyik seminariyaya yardım versinlər. Burası da sizə yaxşı məlumdur ki, dövlətin ayırdığı bu vəsait  ancaq kasıblar üçündür. Demək, seminariyamıza qəbula  gələn varlı balalarından təhsil haqqı alınacaq.

(ardı gələn sayımızda)
Şəmistan Nəzirli
istefada olan polkovnik-leytenant