ANA SƏHİFƏ / YAZARLAR

Qazaxda necə buddist oldum?

21361    |   2017-09-05 15:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda göydən od yağmağa başladığı günlərdə şəhərdən qaçmağa qərar verdik. Axşam çantalarımızı hazırlayıb düşdük istidən buxarlanan küçələrin canına. Səfərimiz qatarla olacaqdı. Uşaq yaşlarımdan qatarla uzaqlara getməyi xoşlamışam. Qatarın taqqa-taraq səsi qəsəbələri, ağacları səndən getdikcə uzaqlaşdırır, qaranlığın bətnində yoxa çıxardır…


Həyat yoldaşım, qardaşımla birgə idik. Dənizlə mən gecə yarısına kimi qatarın dəhlizindəki pəncərədən boylanırdıq. Gördüyümüz ala-qaranlıq, boz rənglər film kadrı kimi tez-tez ötüb-keçirdi. Səkilərdə işıq dirəkləri gördükcə fit səsləri boş dəhlizə yayılırdı. Adamların hamısı yatırdı. Xəfif xorultular da qatarın bəstələdiyi musiqi səsinə qarışırdı…


Dənizin yuxusu gözündən tökülürdü. Yerinə gedib yuxuya tilov atdı. Mənsə hələ də pəncərədən hərəkətdə olan həyata tamaşa edirdim.

Səhər günəşin işıqları gözümü qamaşdırdı. Gözümü ovuşdura-ovuşdura ayaqlandım. Kupedəkilər yuxunun son dayanacağındaydılar. Əlimi əlimə vurub, "Qalxın çatırıq” deyə qışqırdım. Səhərlər qışqırmaq, bağırmaq adətimdir. Bağırmasam ayıla bilmirəm. Xasiyyətim batmasın. Camaat mənə bir xeyli dəli kimi baxdı...

Bələdçinin səsi qatarın dəhlizlərində gəzişirdi: Qazaxa çatırıq! Vağzalda bizi gənc yazar Hikmət Orhun qarşıladı. Mədəniyyətin beşiyi Qazaxda da bürkü idi. Şəhərin mərkəzi tərəfi tünlük görünürdü. Yaxınlıqdakı Mütəfəkkirlər parkında bir neçə çayxana vardı. Qocalar, cavanlar domino, nərd oynayırdılar. Çay içəni, siqareti-siqaretə calayanı, deyinəni, söhbətləşəni kim. Hikmətdən soruşuram bu qocalar necədə şirindilər. O isə əlini havada yellədib dillənir:

- Ayə, bunlar səhər, axşam burda oturub keçmişdən danışırlar. Bir günorta yeməyi üçün evlərinə gedirlər.

Çayımızı içib düşdük şəhərin canına. Bakıdakı bürkü Qazaxa transfer olunmuşdu. Paltarımız bədənimizə yapışır, tez-tez alnımızın tərini silirdik.


Qazax Müəllimlər Seminariyası tərəfə üz tuturuq. Qeyd edim ki, 19-cu yüzilin axırları, 20-ci yüzilin əvvəllərində Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında Qori Müəllimlər Seminariyasının yetişdirdiyi kadrların əvəzsiz rolu olub. Qori Müəllimlər Seminariyası fəaliyyət göstərdiyi 42 il ərzində 250 müəllim hazırlayıb. Bu məzunlar arasında Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Firidun bəy Köçərli, Ə.Seyidov, S.Vəlibəyov, Teymur bəy Bayraməlibəyov, Y.Qasımov, M.Ə.Xələfov və başqa onlarla böyük şəxsiyyətlər olub. Dəyərli təhsil ocağının qarşısında bir neçə foto çəkdirib, yolumuza davam etdik.

İstilərə dözməyib, qərara gəldik ki, göl tapıb çimək. Çaylı kəndinə üz tutduq. Təpələrin ətəyində balaca bir meşəlik gözə çarpırdı. Günəş gözümüzü deşir, suda sərinləməyə tələsirdik. Ağacları, kolları keçib gəldik şırhaşır axan çaya. Günün qızmar vaxtı, buz kimi su. Paltarlarımızı dəyişib suya atıldıq. İlk öncə üşütmə keçdi canımızdan, sonra isə ilıq sərinlik gəldi. Gözümüzü yumub suyun üzərinə uzandıq, düşüncələrimizi qəfəsdən uçurtduq. İlahi, əsl hüzur bu idi? Yoxsa ruhumuzun qanad çırpmağımı idi?

Suyun üzərində buddistlər kimi oturub, gözlərimizi yumduq. Bu an heç nə düşünməməliydik. Biz niravanada olaq, sizlər buddanın bir əhavaltına nəzər yetirin:


Bir dəfə səhər tezdən bir nəfər Buddadan Tanrının olub olmadığını soruşur. Budda sakitcə:
- Tanrı yoxdur, heç vaxt da olmayıb. Belə axmaq fikirləri başından çıxar, deyir.
Günorta bir başqası yaxınlaşıb soruşur:
- Tanrı varmı?
Budda cavab verir:
- Tanrı var, həmişə də olub. Axtar tapacaqsan.
Axşam bir başqası yaxınlaşıb eyni sualı verir. Budda təmkinlə adamdan yanında oturmasını xahiş edir. Hər ikisi gözlərini yumur və susurlar. Bir neçə saatdan sonra o şəxs Buddaya təşəkkür edib gedir.
Şagirdlərindən biri Buddaya yaxınlaşıb heç bir şey anlamadığını bildirir. Onda Budda deyir:
- Birinci şəxs Tanrıya inanırdı. Sadəcə öz inancını təsdiq etdirmək istəyirdi. Ancaq bütün inanclarda səhvlər var. İkinci şəxs Tanrıya inanmırdı. O da öz inancının təsdiqini istəyirdi. Üçüncü şəxs isə Tanrını axtarırdı. O istəyirdi ki, mən ona Tanrını anladım. Mən isə sadəcə ondan yanımda oturmasını xahiş etdim. Və heç bir şey baş vermədi.

Budda Tanrıya inanırdı. Tanrının var olduğunu da hər kəsdən yaxşı bilirdi. Amma o heç kimə Tanrını nişan verib göstərmirdi. Heç kimə də Tanrının adından vədlər vermirdi. O hansısa möcüzə ilə də özünü isbatlamağa cəhd etmirdi. O sadəcə Tanrıya gedən yolu göstərirdi. Kimin bu yolu gedib getməməsi isə şəxsin özündən asılıdı.

Əslində bu prinsip qanunauyğunluqdu. Tanrı hər kəsi faili-muxtar yaratdığı üçün seçmək imkanını da elə insanın özünə vermişdi. İnsanın bütün iztirabları da məhz seçmək imkanlarına sahib olmasından yaranırdı. Amma ədalətli olanda bu idi. Ona görə də Budda heç kimə Tanrını nişan vermir və onun adından yararlanmırdı. Hər kəs Tanrını özü tapmalı və ona qovuşmalıydı. 


Meditasiya etməyə çalışdığım an həşəratlar çılpaq qollarımdan dişləyir, nirvanaya çatmaq arzumu ürəyimdə qoyurdu. Gözümü açanda hər yer ağappaq rəngə boyanmış, sanki nağıllar aləminə düşmüşdüm. Buna görə, günəşə xüsusi təşəkkür də etdim!

Göy üzü, isti hava, axar su, yamyaşıl ağaclar, balıq qoxusu, çəyirtəkələr bütün bunlar həyatı olduğu kimi bütöv, möhtəşəm göstərirdi...

Qazaxın küçələrindəyik. Qədim bir evin yanından keçirik. Qardaşımla futbol haqqında mübahisəmiz düşür. Çinar ağacının yanında dayanır. Deyirəm, əgər dediyim doğru çıxsa başına daş düşsün. Qəfil çinarın budağı qırılıb qardaşımın başına düşür. Hamımız şaqqanaq çəkib gülürük. Göyə baxıb, Tanrıya dodaqaltı pıçıldayıram: yaxşı ki, daş düşmədi!


İstilərin əlindən Qazaxdan da qaçmalı oluruq. Növbəti stansiyamız Gəncədir. Gəncədə də heç bir tanışımız yoxdu. Sadəcə macəra axtarmaq üçün çantalarımızı belimizə bərkidirik. Ancaq sən saydığını say gör istilər nə deyir?! Gəncədəki isti daha da betər, daha da dözülməz idi. Guya buranın da görməli yerlərini gəzəcəkdik. Ayaqlarımız istilərə dözə bilmirdi. Günümüzü bada verməmək üçün fikrimizi dəyişdik. Şəkiyə gedək! Ora mütləq ki, sərin olacaq! Hələ yağış da yağacaq! İslanıb, üşüyəcək, bir-birimizi qucaqlayacağıq!

ardı olacaq…



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-10-20
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK