adalet.az header logo
  • Bakı 12°C

Xalid KAZIMLI: Bizim yanıq tətilçilər

XALİD KAZIMLI
480336 | 2017-08-31 11:22

Azərbaycanlı idmançıların Antalyada hoteldən qovulması hadisəsi o qədər tanış gəldi ki... Xəbəri oxuyanda elə bildim, bu, bir filmdir və mən ona bir-iki dəfə baxmışam. Personajlar da tanış idi - ləhcələrindən yerişlərinə qədər.

Söhbətə ikinci hissədən qoşulanları heyətlə yenidən tanış edək. Antalyada dincəldikləri hoteldə nadinclik edərkən qovulanlardan biri MMA döyüşçüsüdür, biri universal döyüşçüdür, dünya çempionudur, biri kikboksçudur, o biri də güləşçidir. "Qəhrəmanlar”ın adını bilə-bilə yazmıram ki, nə yalan söyləyim, gəlib redaksiyada bizi də döyərlər. Əllərindən gələn yeganə iş budur.


Bəs daima ölkəmizin bayrağını ucaltmaları, himnimizi arenada səsləndirmələri ilə fəxr edən idmançılar nə ediblər ki, qardaş ölkədə adımızı yerin dibinə soxublar, səsimizi də qısıq ediblər?


Gəncəlilər demişkən, heşnə, idmançılarımız hovuzun qırağında qollarına qolay olan turistləri götürüb suya atırmışlar, yeyib-içib şellənirmişlər, səs-küy salırmışlar, bir də tətil günlərinin ən vazkeçilməz hərəkətini edirmişlər - gözlərinə xoş gələn qadınlara sataşır, onlara cinsi birlikdəlik təklif edirmişlər.


Başqa ölkələrdən gələnlərin hamısı quşdur axı. "O cür geyinib hovuza, dənizə çimməyə gedir, demək, quşdur, bunun qardaşının, ərinin boyunu yerə soxum”; "Ə, qaqa, sən öl, hamısı valikdir, yaxınnaş, böyrünə düşüf gedəjək”; "”Ə, görmürsənmi, siqareti necə sümürür, cividi, sən öl, get danış, götürək aparaq"; "Nə olsun ki, böyründə əri var, peysər şeydi, davay, danışaq, onu yatırdıb, padruqasını da götürüf gəlsin” və sair və ilaxır.


Bunlar başqa ölkəyə, hətta öz ölkəmizdəki tətil məkanlarına gedən 18-58 yaşlı kişilərin təxminən 75 faizinin ritorikası və düşüncəsidir.


Bəli, bəyənmədiyimiz ərəblər Bakımıza hansı "saf” niyyətlə gəlirlərsə, bizimkilər də başqa ölkələrə eyni niyyətlə gedirlər və gedib oralarada rəsmən ayğıra dönürlər. Kim deyirsə, əllərindən bir iş gəlir, yalan deyir. Əksəriyyəti elə getdikləri kimi, yanıq-yanıq qayıdıb gəlir. Amma əmin olun ki, belələri olduqları şəhərdə, oteldə ölkəmizin, xalqımızın adını biabır edib qayıdırlar. Ərəblərdən təfavütümüz qalmır.


Bu sözləri havayıdan yazmıram. Bu gün tətildən qayıtmış adam kimi, özcə müşahidələrim əsasında yazıram. Hələ avqustun 20-da musavat.com-da Gürcüstanın tətil məkanı Kobuleti haqqında yazdığım yazıda belə bir abzas vardı: "Kobuletidə ölkəmizdən olan qonaqlar da çoxdur. Onların bir qismi ailəvi gəlib. Amma bir qismi də sırf, özləri demişkən, ”yeyib-içib şellənməyə" gələnlərdir. Beş bazburutlu kişinin istər dəniz kənarında, istərsə də hotellər küçəsindəki davranışları başqalarından fərqlənir. Onlar daha hay-küylüdürlər, daha sərbəstdirlər".


Oxuduğunuz kimi, dərinliyə varmamışam, mövzunun üstündən səthi keçmişəm. Amma "beş bazburutlu kişi”nin seksual partnyor tapmaq üçün nə oyundan çıxdıqlarını, axşamlar özlərini əyləncə məkanlarında necə aparmalarını, sümsünmə-sülənmələrini, az qala önlərinə çıxan hər qadına girişmələrini ətraflı şəkildə yazsam, kitab olar. Yenə əyləncə, macəra axtaran subay gəncləri bir qədər başa düşmək olar, amma yarı yaşına çatmış, adlamış adamların bu sayaq hərəkətləri bambılılıqdır və bu kənardan elə də görünür.


Uşaq da deyir, atam dincəlməyə gedib. Ta demir ki, atası gecə saat 3-ə qədər diskotekalarda, barlarda gözü ilə "əcnəbi quşları” manşırlayıb durur, arada cürət edib yaxınlaşır, qədeşlər demişkən, "otval” alıb yerinə qayıdır, pərtliyi keçincə başqa qadınlara ilişir, sonra bir daha, bir daha həmin cəhdləri edir.


Bizimkilər heç cür anlamaq istəmirlər ki, o biri ölkələrdən gələn qadınlar bizim qara qaşımıza, qara gözümüzə aşiq deyillər və tam əksəriyyətinin yanında bizdən də boylu-buxunlu, yaraşıqlı, yeri gəlsə, pullu erkəklər var.


Hər halda, Kobuletidə beləydi. Nəinki başqa ölkələrdən gələnlər, elə gürcü qızları özləri də şəhərin "Tarqovı”sında pullu azərbaycanlılara yaxınlaşıb xidmət təklif etmirdilər.


Bir axşam yanımda bir-biri ilə "qız tutmaq” mövzusunda yanıq-yanıq danışan iki həmvətənimizə dedim ki, qardaşlar, bura gələndə siz də bunlar kimi, öz sevgilinizi, yoldaşınızı gətirsəydiniz, belə iztirab çəkməzdiniz. Biri irişərək dedi ki, əmi, meşəyə odun gətirməzlər. Dedim, bəs bu boyda meşədə niyə odunsuz yanırsınız.


TƏQVİM / ARXİV