URUDU SEVDİRƏN İŞIQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
59188 | 2017-08-29 11:10

Bu yazını 2 il öncə, yəni 2015-ci il avqustun 23-də yazmışdım. Mənim üçün son dərəcə doğma olan Flora Xəlilzadənin doğum gününə qardaş hədiyyəsi idi bu yazım. Ürəyi Qarabağ nisgili ilə döyünən hər kəs üçün avqustun 23-ü ağrılı-acılı bir gündür. Füzulinin, Cəbrayılın işğal günüdür avqustun 23-ü. Neynəyək ki, biz doğum günümüzü seçə bilmirik. Flora bacım da Urud nisgillidi, Şuşa həsrətlidi. Taleyin bir naxışı da doğum gününün avqustun 23-ü olmasıdı. Bu il isə avqustun 23-də "Qarabağ” futbol klubumuz tarix yazdı. Ona görə də həmin ad günü yazısını təkrar çap etdim. İstədim ki, bacıma hədiyyə olsun.

Zamanın sürətinə əsəbləşirəm. Hətta imkanım olsa bu əsəbi topa, tüfəngə çevirib zamana tuşlayaram. Amma neyləyim ki, ən böyük hakim Zamandı - söz də ondadı, səlahiyyət də!!! Mən isə olsa-olsa ən yaxşı halda bu zamanın havasını duyan, ifasını dinləyən və bir də ona qarşı əl-qol atmaq istəyi ilə yaşayan bir Allah bəndəsiyəm. Ona görə də gücüm daha çox özümə, qələmimə və bir də ürəyimə çatır. Sonda həmin o güc özümü qələmə təslim edir, ürək də qələmin dəftəri, kitabı kimi öz pıçıltısını təkrar özünə köçürür. Bu yazılanı isə həmin o ürəyin çevrəsində olanlar, onu duyanlar, onu anlayanlar və nəhayət onun yanğısına yananlar oxuya bilirlər. Necə ki...

Onu lap çoxdan tanıyıram, az qala tələbəlik illərindən. Onda da elə bu cür idi - səmimi, mehriban, hər kəsə qarşı diqqətli və bir az da hamıdan çox sözün üstündə əsən... Onu oxumaq və bir də ona nəyisə oxutmaq çox qəribə nüanslardı. Amma neyləyim ki, mən oxumağı və oxutmağı onun parametrləri ilə uyğunlaşdıra bilmişdim. Necə deyərlər, ipin ucunu tapmışdım. Bilirdim ki, bu xanım yazını oxuyanda öncə adına fikir verir, diqqət yetirir, sonra səhifələyir. Gözünün ucu ilə abzaslara baxır. Və o gözucu baxdığı məqamlarda nəsə diqqətini çəkdisə, deməli, o yazının bəxti gətirdi. Başlayacaq onu oxumağa. Oxuyub qurtarana kimi də əlindəki qələmlə ya yazının kənarındakı ağ yerə nə isə işarə qoyacaq, ya da ki, stolunun üstündəki vərəqə nə isə qeyd edəcək. Sonra əlini uzadacaq telefona. Tanıdı-tanımadı müəllifə öz münasibətini bildirəcək. Yazıya görə təşəkkür edəcək... Bir də o, imzasını özünə doğmalaşdırdığı və həmin imzalardan təzə nə isə gözlədiyi üçün o imza sahibinin yazısını oxuyacaq. Necə deyərlər, vay ondadı ki, gözlədiyini tapmasın, axtardığını görməsin. Onda əlini telefona uzadacaq. Bir böyük ərklə, bir böyük ürəklə içində olanları, ürəyindən keçənləri telefonun o biri başına çatdıracaq... Mən bunları həyatımda dəfələrlə görmüşəm, eşitmişəm. Ona görə də bu fikirləri bilgisayara diqtə edəndə heç bir narahatlıq hissi keçirmirəm. Axı adam bildiyini, gördüyünü yazanda daxilən rahat olur. Bax, mən də indi beləyəm. Çünki ONDAN yazıram! Mənə sözü, publisistikanı, şeiri, mətbuatı sevdirən Bacımdan! Üstəlik mənim ruh bacım mənə Urudu da sevdirib. Onun Urudlu günləri mənim yaddaşıma köçüb. Hərdən elə bilirəm ki, mən də o kənddə doğulmuşam, mən də o bulaqların suyundan içmişəm. Mən də o təndirin fətirindən, o kirkirənin qovudundan dadmışam... Kəklikotu çayından, özü də samovarın dibində oturub doyunca içmişəm. Elə burdaca kiçik bir haşiyə çıxım. Mən hərdən "qan çəkir" ifadəsinə, "torpaq çəkir" deyiminə yaman çox inanıram və bunu öz həyatımdan çıxış edərək deyirəm. Özüm Dağlıq Qarabağda doğulsam da, anam Dərələyəzdən - qanında-canında, südündə mənə doğulduğu o torpaq, ordakı qohum-əqrəba sevgisini gətirmişdi... O yerlər həmişə mənə həm uzaqda yaşayan əzizlərim kimi, həm də həmişə ağrı-acının, didərginliyin, yurdsuzluğun canlı şahidləri kimi doğma olubdu. Görünür bu, həmin o torpaq, qan çəkmək deyimini mənə hopdurub, və mən faciələr yaşamış bir elin, bir elatın bütün taleyini oxuya-oxuya, öyrənə-öyrənə və nəhayət özüm də həmin o prosesdən keçərək o yurdun söz-sənət adamlarını özümə bir köynək yaxın bilmişəm. Hər halda bunun üçün yəqin ki, məni qınamazlar. Çünki böyük söz, böyük ürək harda yazılmağından, harda döyünməyindən asılı olmayaraq elə böyükdü. Bax, mənim bacımın ürəyi kimi!.. Və onun misralarındakı bu gerçəyin özü kimi:

Bülbül idim, gülzarım yox,
Öz tayım yox, öz yarım yox.
Vətənimdə məzarım yox,
Mən də belə bir qəribəm.


Bir dəfə telefonuma zəng vurdu. Özünəməxsus səsi ilə, kövrəkliyi ilə məni danladı. Mənim "Bəxtəvər ipəkqurdları, Ölür evinin içində" misraları ilə başlayan şeirimi oxuyub ağladığını və hətta:

- Əbülfət, çəkil bir kənara ancaq şeir yaz, özü də belə şeirlər! - dedi. Və sonra da mənim durumumu özü qiymətləndirib əlavə etdi:

- İndi kimdi şeirlə yaşayan... Şeir indi çörək deyil axı... Evə çörək gətirmir axı! - dedi.



Bəli, mənim bacım nə yazırsa və nədən yazırsa, ona ürəyini, duyğlarını hopdurur. Onun publisistikası başdan-başa səmimiyyətin rəngləridi. Mənə elə gəlir ki, Flora Xəlilzadə səmimiyyət rəssamıdı. Yazdığını oxucuya sözlə təqdim edir. Amma diqqətli oxucu o sözün arxasında tabloları da görür. Özü də Flora Xəlilzadə ancaq ürəyinin dediyini, ancaq duyğularının tələbat hissini ortaya qoyduğu ünvanı oxucu qarşısına çıxarır. O hamıdan yazmır, o hər şeydən yazmır. Amma o hamını və hər şeyi yazısında ifadə edir, oxucuya çatdırır. Kitab rəfində bacımın mənə bağışladığı və bir-birindən dəyərli avtoqrafları ilə zəngin kitabları var. O, özünü daha çox publisist sayır. Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Cavidin, Səməd Vurğunun dəlisi olan bacım bu gün Ramiz Qusarçaylını da sevə-sevə oxuyur. Ümumiyyətlə, onun diqqətindən söz, misra yayınmır. Üstəlik, mənim bacım həm də insan sərrafıdı. Adamları, xüsusilə yazı adamlarını sözlərindən tanıyır, o sözlərlə o müəlliflərin içlərini görür, əxlaqlarını dəyərləndirir. Mən dəfələrlə etdiyimiz söhbətlərdə onun həyatsevərliyinin, dərdə müqavimət göstərmək məharətinin qarşısında susmuşam.

Çünki mən onun iç dünyasının necə alovlandığını, daxilən necə qorrandığını və tüstünü də öz içində boğub saxladığını, heç kimin qarşısında sınmadığını bilirəm və bu keyfiyyətlərinə görə onu bir az da çox istəyirəm. Onda bir xanım qüruru var... onda bir Azərbaycan xanımının dəyanəti, dözümü var... onda ailəyə olan azad və bugünlə səsləşən, amma mentalitetləri tapdalamayan çox geniş bir yanaşma, hətta mən deyərdim gözəl bir aura var. Bu hər kəsdə yoxdu, bunu hər kəs özündə formalaşdıra bilmir. Amma Flora Xəlilzadə özü öz üzərində işləyə-işləyə həm də ətrafındakıları buna vadar edir. Onun çevrəsindəkilər onunla yanaşı durmaq üçün öz üzərlərində işləyirlər. Bax, böyüklük budur! Bax, öyrətmək üsülu burdan keçir!..

Bəli, 1955-ci ildə Urudda doğulan Flora Xəlilzadə indi ömrünün 60-cı ilini Bakıda xəyalındakı Urudla, ətrafındakı doğmalarla qeyd edir. Mən bu qənaətdəyəm ki, bacımın ad günündən bir-iki gün sonra işıq üzü görən bu yazı gecikmiş təbrik sayıla bilər. Amma bir şey var ki, mən ona ünvanladığım bu beş-üç cümləni onun tanıdığı ürəyin diqtəsi ilə yazıram və əminəm ki, ürəyimin sözünü və səsini bacım qəbul edəcək. Çünki bu söz və bu səs ona indi dayandığı ucalığın fonunda Urudda 100 yaşı qeyd etmək istəyini çatdırır, arzusunu ifadə edir. Əminəm ki, Flora Xəlilzadənin sözlərindən tutub gəzdiyim, gördüyüm Urudda onunla yanaşı addımlayan doğmalardan biri də mən olacam. Ad günün mübarək, Bacım!

... Və bir də sənin oğlun Bəhruza yazdığın məktubdakı yolu birlikdə keçəcəyik:


Ümidim də, pənahım da bilirsən,
Yurdum boyda çiliklənmiş şüşədi.
Qəlbdən gələn ahımı da bilirsən,
O ellərə gedən yolum Şuşadı!


Əbülfət MƏDƏTOĞLU


TƏQVİM / ARXİV