KİŞİ TİTULU

ƏBÜLFƏT MƏDƏTOĞLU
47779 | 2017-08-29 00:10
Bu xəbəri internetdə oxudum. İbad Hüseynov paylaşmışdı. Və gözlərimə inanmadım. Çünki onunla son görüşüm elə Ağcabədidə, Bayraq meydanında olmuşdu. O da izdihamlı tədibirə qatılmışdı, o da ön cəbhədə idi. Və tam səmimi etiraf edim ki, nədənsə həmişə onu ön cəbhədə axtarmışam. Bilmirəm, görkəmi, boyunun ucalığı buna səbəb olmuşdu, yoxsa həyatdakı yeri, özünün qazandığı nüfuzu... Amma mənə elə gəlir ki, boy-buxunu Allah versə də, Vətən sevgisi, Vətən əsgəri olmaq yolunu o özü seçmişdi. Ona görə də bir KİŞİ kimi, bir OĞUL kimi, bir ƏSGƏR kimi, bir KOMANDİR kimi həmişə öndəydi. Və bu da onun həm də tituluydu. Özünün səngərdə qazandığı KİŞİ TİTULU.

...Onunla ilk dəfə 1988-ci ilin oktyabr ayında görüşmüşdüm. Ağcabədiyə getmişdim. Və artıq bütün Qarabağ bölgəsi müharibənin daş dövrünü yaşamağa başladığından Ağcabədidə də bu hiss olunurdu. Adamlar bütün günü Dağlıq Qarabağdan və erməni iddialarından danışır, Qarabağdakı azərbaycanlılar yaşayan kəndlərin taleyini müzakirə edirdilər. Bax, bu ərəfədə Ağcabədidə qeyrətli oğullardan ibarət özünümüdafiə dəstələri də yaradılmışdı. Həmin dəstələrdən birinə də Ələsgər rəhbərlik edirdi. Elə burdaca vurğulayım ki, onun çöhrəsində, yerişində, duruşunda bir sərgərdə görkəmli vardı, komandir zəhmi var idi. Sonra iş elə gətirdi ki, onun barəsində mənə Xocavənd özünümüdafiə dəstəsinin komandiri Eyvaz Hüseynov da danışdı. Sonra bu söhbətə rəhmətlik İlyas Hüseynov öz fikirlərini əlavə etdi. Daha sonra "Azərbaycan bayrağı" ordenli İbad danışdı onun barəsində. Və beləcə, cəmi bircə dəfə gördüyüm Ələsgər Allahverənovun özümün ən yaxınlarımdan birinə çevrildiyini və mənim də onun üçün arzu edilən olduğumu anladım. Bax, beləcə başladı tanışlığımız və...

Sonra onu başının dəstəsiylə, lay divar oğlanlarla bir cərgədə gördüm. Əynindəki döyüşçü geyimi onun sərt baxışını, bəzən hisslərini gizlədən səngərin sərtləşdirdiyi çöhrəsi məni düşünməyə məcbur edirdi. Öz-özümə düşünürdüm ki, görəsən Ələsgərlə üzbəüz oturub hansısa bir fərqli mövzudan, məişətdən, siyasətdən, lap elə sevgidən danışmaq olarmı? Axı bu adam bütünlüklə zabitə çevrilib, əsgərə çevrilib, nəfəsi də barıt qoxuyur. Adamın ona uzanan əlini sıxanda da ovcunun arasında barmaqlarının bir-birinə necə kilidləndiyini duyursan. Mən butun bunları öz içimdə hər dəfə təkrarlayanda düşündüklərimə görə bəzən utanırdım da. Və öz-özümə deyirdim ki, Ələsgər torpağı düşünür, səngəri düşünür, bir saat sonra başlayacaq döyüşü düşünür. Mən isə onunla hansı mövzuda söhbət edəcəyimi, amma sən demə, Ələsgərin çox kövrək, çox nazik bir ürəyi də var imiş. O mənim düşündüklərimi göydə tuturdu. Sadəcə həmin mövzuların məqamı, vaxtı çatmadığından səbrlə gözləyirmiş və məni də gözləməyə məcbur edirmiş. Zaman gəldi ki, mən Ələsgərlə həmin mövzularda da söhbət etdim. Onun Hacıbədəlli kəndinə, bütövlükdə Ağcabədiyə, Qarabağa, həmçinin bütün Azərbaycana sevgisinin nə boyda olduğunu baxışlarından, sözlərindən oxumağa başladım.


İndiki kimi yadımdadı. Qarabağda, daha dəqiq desəm, Xocavənd rayonu ərazisində ağır döyüşlər gedirdi. Düşmən Xocavənd rayonunun Ağacabədiyə yaxın ərazilərini artıq işğal etmişdi, atılan mərmilərin səsi Ağcabədi ərazisində də eşidilirdi. Hətta bəziləri Ağcabədinin kəndlərinə də gəlib düşürdü. Ələsgərin komandiri olduğu dəstənin uşaqları heç nəyə baxmadan ailə-uşaqlarını düşünmədən səngərdə oturmuşdular. Xocavənd batalyonunun, Ağdam döyüşçülərinin tam ortasında. Atılan mərmilərdən biri səngərin üç addımlığına gəlib düşdü. Qəlpələr tozu-dumanı göyə bülənd elədi. Amma heç kim səngərdən çıxmadı. Üst-başına ələnmiş Vətən torpağını üstündən çırpıb tökən Ələsgər tez sağa-sola boylandı. Və uca səslə soruşdu:

- Hamı sağ-salamatdımı?

Bir anlıq səs gəlmədi. Bu, Ələsgəri sualı təkrarlamağa məcbur etdi. Sual yenə səsləndi. Bu dəfə özündən bir az aralıdakı əsgərin qan içində olduğunu gördü. Özünü ona doğru atdı. Ağır yaralanmışdı. 

Təcili həkimə çatdırmaq lazım idi. Onu qucağına alıb bir dalda yerə çəkdi və əsəbi şəkildə göstəriş verdi:

- Tez olun, iki nəfər təcili bunu xəstəxanaya çatdırsın!

Özü səngərə qayıtdı. Həmin an bəlkə də kimlərin ağlından gəlib keçdi ki, Ələsgər özü aparacaq yaralını. Amma o getmədi, özü döyüşçüləri ilə qaldı... özü səngərdə hamının gözü önündə dayandı.
Çox qəribədir ki, ordudan təxris olunandan sonra da o həmiş döyüş dostlarının önündə dayandı. Ağcabədi rayon Vətən Müharibəsi Veteranlar Birliyinin sədri olsa da, o, özünü keçmiş əsgərlərindən, müharibə veteranlarından fərqləndirmədi. Hətta mənim dəfələrlə Ağcabədidə olarkən dostlardan, tanışlardan aldığım məlumata görə, Ələsgər Əlican oğlu bir dəfə də olsun rayon icar hakimiyyəti başçısı Şahin Məmmədovdan özünün, ailəsinin şəxsi xahişini etməyib. Həmin döyüş dostları üçün rayon rəhbərliyinə üz tutub, onların problemlərini dilə gətiribdi. Onun rayonda təşkil etdiyi bütün tədbirlər, xüsusilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi futbol turniri, müharibə veteranları ilə gənc əsgərlərin görüşləri, həmçinin özünün rəhbərlik etdiyi idman dərnəkləri, döyüş dostları ilə birlikdə səliqəyə saldığı stadion, əsgər yoldaşlarının müxtəlif tədbirləri... bir sözlə, Ələsgər dincəlməyən, istirahətin nə olduğunu unudan, ancaq səngər dostları ilə nəfəs alan bir oğul idi.
Onun ölüm xəbəri bütün Ağcabədini, bütün müharibə veteranlarını ayağa qaldırdı. Bu qəfil xəbər şimşək kimi çaxdı. Ona görə də Ələsgər Əlican oğlunu son mənzilə böyük bir izdiham yola saldı. Bu izdihamın önündə onun döyüş dostları, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Xocavənd rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov, "Azərbaycan bayrağı" ordenli, məşhur kəşfiyyatçı İbad Hüseynov və bu rayonların rəhbər işçiləri, sayılan ziyalıları gedirdilər. Həmin o son mənzilin vida çıxışında Şahin Məmmədov üzünü izdihama tutub dedi ki, "Ələsgər evdən getmədi, Ələsgər eldən, Ağcabədidən getdi. Onun simasında şəxsən mən çox ləyaqətli, özünü, sözünü bilən, rayon üçün əlindən gələni etməyə hazır olan bir silahdaş itirdim, bir dost itirdim, bir əqidəli Kişi itirdim. Mən Ələsgərlə hər görüşümdə, hər söhbətimdə onun Ağcabədi üçün, Ağcabədinin abadlığı, inkişafı üçün necə canıyananlıqla təkliflər söylədiyini heç vaxt unutmayacam. İndi onun ruhu şəhid dostlarının ruhu ilə bir yerdədi. Torpağı canı qədər sevən Ələsgər torpağa qovuşdu. Məkanı cənnət olsun!"

Şahin müəllimin fikirlərinə qoşulan Eyvaz Hüseynov da Ələsgərlə birlikdə keçdikləri döyüş yolundan, səngər talelərindən danışdı. Və birmənalı şəkildə vurğuladı ki, Ələsgər şəhid oldu. Çünki o, hər bir şəhid dostu ilə, əsgər yoldaşı ilə birlikdə bu şəhidlik yolunu keçiblər. Və nəhayət, bu gün həmin zirvəyə yüksəldi. Vida mərasimində çıxış edən İbad Hüseynov isə vurğuladı ki, mən bir doğma qardaş itirdim. Çünki Ələsgər mənim üçün təkcə döyüş yoldaşı, müharibəni keçmiş kişi deyil. O həm də mənim güvəndiyim, sirrimi, sözümü bölüşdüyüm böyük qardaşım idi. Təəssüf ki, amansız əcəl onu məndən və onu sevənlərdən ayırdı. Amma bu cismani ayrılıqdı. Nə qədər mən yaşayıram, döyüş dostlarımız yaşayır, Ələsgər də yaşayacaqdı!..

Bəli, mən yazımın bura qədər olan hissəsinə bilə-bilə kövrək toxunmadım. Amma indi özümü saxlaya bilmirəm. Çünki Ələsgərin təkcə bir döyüşçü kimi yox, bir təşkilatçı kimi də, bir ailə başçısı kimi də nələrə qadir olduğundan xəbərdaram. Hətta onun bir əsgər atası kimi də hansı hissləri keçirdiyini çox gözəl bilirəm. Bax, həmin o hisslərdən bir məqam indi də gözümün önündədi. Ələsgər redaksiyamıza gəlmişdi. Bir az qayğılı idi. Hiss etdim ki, nə isə onu içdən narahat edirdi, danışmaq istəyirdi. Amma nəsə ona mane olurdu.

Söhbətə özüm başladım. Təbii ki, öncə ailəni, uşaqları soruşdum və bu söz onun tilsimini qırdı. Dedi ki, Əbülfət, Bəhruz əsgərdi. Onun yanından gəlirəm. Müqayisə etsək, hərbi hissədə çox şeylər səliqə-səhmandadı. Amma elə məqamlar var ki, o artıq komandirin vicdanından asılıdı, məsuliyyətindən asılıdı. Təəssüf ki, hamı öz borcunu başa düşmür.

Biz bu barədə xeyli söhbət etdik. Mən gözləyirdim ki, Ələsgər hərbi hisənin adını çəkəcək, komandirin adını deyəcək. Amma yox, demədi. Hətta mənə bildirdi ki, Bəhlula tapşırmışam, kişi kimi qulluq eləsin, hamıya nümunə olsun. Bilsinlər ki, Ələsgərin oğlu döyüşçü oğludu. Heç nədən qorxub çəkinən, çətinlikdən yayınan deyil.

Bax, belə bir ürəyin sahibiydi Ələsgər. O, bu gün hərbi xidmətədə olan Bəhlulu da yola salandan sonra görüşümüzdə dolayısıyla da olsa Bəhlula dediklərini ona da söylədiyni mənə xatırlatdı. Ümumiyyətlə, istər ömür-gün yoldaşı Nəhayət xanım, istər yeganə qızı Laləzar onun bütün ailəsi ilə birlikdə yumruq kimi birləşmiş bir məğrurluq simvoluydu. Bunu özümdən demirəm. Ağlıma gətirib yazmıram. Bunu onunla etdiyim söhbətlərdə duymuşdum. Hiss etmişdim ki, o, xanımına da, qızına da oğlanlarına güvəndiyi kimi güvənir. Ali təhsilli mühanədis olan Ələsgər həm də qurucu idi. İdeya ortaya qoymağı bacarırdı. Onun gənc idmançılara göstərdiyi qayğı və bu qayğının bəhrəsini görmək məqamlarını müşahidə etmişdim. Hətta bir dəfə millət vəkili Aqil Abbasla birlikdə həmin gənc idmançıların görüşünə getdik. Ələsgərin xahişi ilə millət vəkili Aqil Abbas onlar üçün müəyyən idman geyimləri, ləvazimatları almışdı. O boyda KOMANDİR, o boyda KİŞİ uşaqlar kimi, komandanın üzvləri kimi sevinirdi.

Və burda onu da vurğulayım ki, Ələsgər göstərilən diqqəti, qayğını heç vaxt unutmurdu. Hər dəfə ya Ağcabədidə, ya "Ədalət" qəzetinin redaksiyasında görüşəndə bir Allah şahiddi ki, o rayon rəhbərliyindən, xüsusilə icra başçısı Şahin Məmmədovdan çox razılıqla danışırdı. Bu da onu göstərirdi ki, Ələsgər haqq adamdı, halal adamdı, dürüst adamdı.

Bu yazını kağıza köçürdükcə mənə elə gəlir ki, Ələsgər indi mənimlə üzbəüz oturub. Söhbət edirik. Bir azdan sağollaşıb gedəcək. Və həmişəki kimi də çox böyük israrla soruşacaq:

- Qardaş, rayondan sənə nə göndərim? Ürəyin nə istəyir? Nəyə ehtiyac var?

İnanın ki, bu içdən gələn son dərəcə səmimi, son dərəcə ərkyana müraciət hər dəfə məni kövrəldirdi. Çünki doğulduğu yer işğal altında olan hər kəs üçün o müharibənin dəhşətlərini yaşayan, o səngərin barıt qoxusunu sinəsinə çəkən hər kəs doğmadı. Və mən Ələsgərin simasında özümün ən doğma adamlarımdan birini görürdüm. Amma neyləyim ki, düşmən gülləsindən qorxmayan, onun üstünə gedən Ələsgər Əlican oğlunu heç birimiz fələkdən qoruya bilmədik, yayındıra bilmədik. Savab işləriylə, xeyirxah əməlləriylə Ağcabədi rayonunun Hacbədəlli kəndində bu gün də xatırlanan Əlican kişiylə Laləzar ananın bizlərə qeyrət, şücaət, dəyanət, dözüm nümunəsi kimi bağışladıqları Ələsgəri amansız ölüm bizə çox gördü... aldı bizim əlimizdən... ailəsinin, doğmalarının əlindən. Amma ölüm sevinməsin! Ələsgərin adı Ağcabədinin tarixinə yazıldı... Ələsgərin adı onu tanıyanların ürəklərinə yazıldı... Ələsgərin adı Azərbaycan hərb tarixinə yazıldı. Bu, Ələsgərin bir döyüşçü haqqı, bir Vətən daşı olan vətəndaşlıq haqqıdır.

Ruhun şad olsun, qardaş! Onsuz da həyat "ol!"umla başlayıb ölümlə bitir. Amma kişi kimi yaşayıb, kişi kimi ölmək həqiqi kişilərin boynuna biçilib. Sən qısa bir ömür yaşadın. Doğum tarixin 16 yanvar 1960-cı il, ölüm tarixin də ki, 25 avqust 2017-ci il. Budu keçdiyin ömür yolu, rəqəmlərin dilində. Amma sən axı ölümsüzlük qazandın. Deməli, axırıncı tarix sadəcə olaraq başdaşına yazılmaq üçündü. Sən indi Tanrı dərgahında şəhid dostlarınla bir yerdəsən. O yer cənnətdi. Sən də cənnəti haqq etdin...



TƏQVİM / ARXİV