adalet.az header logo
  • Bakı 21°C

AĞLAMA, ŞƏHİD QIZI...

FƏRİDƏ RƏHİMLİ
52130 | 2017-08-25 16:14
Ürəyim tamam nazilb, az qala suçəkənə çevrilib. Adi bir söz də, həzin bir musiqi də, əsən külək də, hətta gözümə sataşan hansısa qurumuş bir ləçək də kövrəldir ürəyimi. Deyəsən elə bu səbəbdəndir ki, hər gün özüm də bilmədən kirpiklərimin ucu nəmlənir. Nə vaxtdı anamın səhhəti ilə bağlı yerlə, göylə çarpışıram. Az qala iyirmi dörd saatın boyunu çəkib uzatmışam, hamısını da anbaan ona həsr edirəm – anamı ayağa qaldırmaq üçün, onun şuxluğunu geri qaytarmaq üçün, onun kölgəsini başımın üzərində görmək üçün. Bütün dualarım da anam üçündür, namazımı da, ibadətimi də onun üçün edirəm. Böyük Yaradan eşidir səsimi, bir iynə ucu boyda təbəssüm qayıdıb anamun üzünə - ümid təbəssümü...

Mən anamla həyat uğrunda birgə mübarizə apardığım bu günlərdə bir şeirlə qarşılaşdım. Şeirin adı cəlb elədi məni, gözlərimi yaşartdı, kövrələ-kövrələ təkrar oxudum. Oxuduqca da öz anamı da düşündüm, öz övladlarımı da. Sonra şeirin müəllifinin, şeirin qəhrəmanının həyatını gətirdim göz önünə yenə gözlərim yaşardı, çünki qəribə bir tale bənzərliyi vardı bu şeirdə mənim də yaşantılarımla. Dərdli dərdlini tapar, deyənlər yanılmayıblar. Sözgəlişi demirəm bunu, yaşaya-yaşaya, duya-duya deyirəm. Çünki şeirin müəllifini tanıyıram. Ona xanım kimi sayqım var. Və hər dəfə də onunla qarşılaşanda dünyanın bu qarışıq vaxtında çöhrəsində, davranışında, yazılarında o xanımlığı, o təbiiliyi necə saxladığını, buna necə nail olduğunu düşünürəm. Demək bu dünyada olduğun kimi qalmaq da mümkünmüş. Doğulduğun kimi özünü kökünə, ailənə, doğmalarına, ətrafına sevdirmək mümkünmüş.

Mən onunla "Azərbaycan” nəşriyatında tanış olmuşam, sonra tədbirlərdə görüşmüş, məclislərdə rastlaşmışıq. Həmin məqamlarda da ilk anda gördüyüm təəssüratım dəyişməyib. Amma heç vaxt onun uşaqlığı, gəncliyi haqda məlumatım olmayıb, bu şeiri oxuyana qədər. Şeiri "Ədalət” qəzetində Əbülfət Mədətoğlunun yazı masasının üstündə gördüm. Elə o da danışdı Nəzakət xanımın dilindən eşitdiyi bu şeirin yaranma səbəbini. Öyrəndim ki...

Nəzakət xanımın iş otağına Aprel döyüşlərində şəhid olmuş bir igidin həyat yoldaşı əl boyda qızcığazı ilə gəlibmiş. Yardım, təmənna üçün yox, sadəcə görüşmək üçün. Həmin görüşdə şəhidin xanımı canını torpaq üçün fəda etmiş ərindən danışıb. Ana danışdıqca qızcığaz ağlayırmış. Dözə bilməyib Nəzakət xanım, öncə içində ağlayıb, sonra qoşulub qızcığaza. Ağlaya-ağlaya da öz uşaqlığını xatırlayıb...

Ağlama, şəhid qızı,
Dərdin mənə tanışdı...
Ürəyim paramparça,
Dərdim naxış-naxışdı...

Elə bu misraların fonunda ağ donlu, qırmızı bantlı bir qız uzaqlardan boylanır. Öncə Nəzakətə baxır, sonra Xəzər dənizinə. Sanki, dalğaların pıçıltısını çatdırmaq istəyib Nəzakətə. Həmin pıçıltıları Nəzakət xanım misralayıb:

Ağlama şəhid qızı,
Mən də ata itirdim.
Elə sən yaşda idim,
Sanırdım ki, hamıdan
Güclüdü mənim atam
Bu körpə ürəyimdə atam idi qəhrəman...

Bu yerdə o qızcığaz elə bil ki, ovucladı Xəzəri. Ovcunun içində pəhləvan cüssəlı, üz-gözündə təbəssüm və dözüm əks olunmuş bir kişi xəfif-xəfif tərpətdi əlini və sakit-sakit sanki o ağ donlu, qırmızı bantlı qızdan ürəyindən keçənləri soruşdu və o qız da ancaq gülümsədi və:

Göydən ulduz istəsəm
Yığıb yerə tökərdi
Qarlı dağın başında
Mənə gül bitirərdi.
Sanırdım hər arzumun
Açarı atamdadır
O, mənim güvənc yerim,
O, mənim arxamdadır.

Məhz bu anda o, ağ donlu, qırmızı bantlı qızın ovucları birdən boşaldı. Ovcundakı su boşaldı Xəzərə. Elə o, pəhləvan cüssəli kişiylə birlikdə. Xəzər uddu o, pəhləvan cüssəli kişini. O qız da bir anda böyüdü və Nəzakət xanımın timsalında şəhid qızının başını sığalladı.

Ağlama, şəhid qızı,
Bax, mən necə böyüdüm!..
Atasızlıq göz yaşın,
Atamın üz qoyduğu
Məzarında gömürdüm.
Əvvəllər düşünürdüm
Bir gün insafa gələr,
Qalxar o, daşın altdan
Arzularım göyərər...
Böyüdüm şəhid qızı...
Atadan söz düşəndə
Ürəyim yaman əsdi
Sığındım bir küncə mən
O, əsən ürəyimə
Özüm oldum təsəlli

Görürsənmi, şəhid qızı mən necə böyüyürəm, atasızlığı ürəyimdə sevgiyə büküb, özümlə sabaha aparıram. Axı, anam mənə demişdi ki, yaxşı oxumalıyam, mütləq yaxşı oxumalıyam.

O vaxt anam deyərdi
Əgər yaxşı oxusan,
Atan mütləq biləcək
O da qalxıb gələcək.
Bu şirin yalanları
Ürəyimə bələyib,
Ümidlərə söykənib
Böyüdüm, şəhid qızı...

Üzümü sənə tuturam, şəhid balası, anam on altı yaşıma qədər atamın gəlməyəcəyini demədi bizə. On altı yaşıma qədər mən də gözümü yollardan yığmadım. Bacımla mən gözlədik atamızı. On altı yaşımızda, atamın doğum günündə anam apardı bizi onun məzarı üstünə. Onda bildik dəniz udub atamızı. Amma sən artıq bir qarış boyunla atanın şəhidlik zirvəsində, Allahın himayəsində olduğunu bilirsən. Mənim atam iş başnda, sənin atan səngərdə Haqqa qovuşdu. İndi sən çox şeyləri dərk etmirsən, bilmirsən ki, necə bir qəhrəmanın övladısan, necə bir kişinin qızısan. Ona görə də sənə deyirəm:

Sən də böyüyəcəksən
Gerçəyi yalan bilib,
Yalanı sevəcəksən...
Tutacaqsan ümidin,
Təsəllinin əlindən.
Sən də böyüyəcəksən
Sənin təsəllin böyük -
Sən şəhidin qızısan!
Atamı itirəndə mən də sən yaşda idim...

Budur günün reallığı, budur mehdən, şehdən nəm çəkən ürəyimin sızıltısı və buna öz taleyim də qarışıb. Uşaqlarım atalarını itirəndə elə o qızcığazdan da kiçik yaşda idilər. Dilləri təzəcə "ata-ana” sözünə alışmışdı. Təzəcə başlamışdılar ata yolu gözləməyə. 1993-cü ildən gözlədilər. Gözləyə-gözləyə də böyüdülər. İndi mən yaşlı anam üçün dua edə-edə sənə də deyirəm: Ağlama şəhid qızı, ağlama, sən də böyüyəcəksən...

TƏQVİM / ARXİV