adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Avqust 2017 11:32
15176
ƏDƏBİYYAT
A- A+

Gənc yazarlar İstanbulda toplandılar

Məkkəni dünyanın mərkəzi hesab edənlər var. Bilmirəm, bu, coğrafi hesablamaların nəticəsidir, yoxsa elə islam təəssübkeşlərinin fikridir. Amma Pamukun "Qara kitab"da, "Məsumiyyət muzeyi"ndə bizi küçə-küçə gəzdirdiyi şəhəri - İstanbulu öz ayaqlarınız, öz gözlərinizlə tanıdıqca dünya xəritəsini gözdən keçirməyə bir də ehtiyac duyursan. Əlbəttə, dünyaya bir paytaxt axtarıb tapmaq vacibdirsə.

Bu zaman İstanbulda dodağında siqaret, çarşablı bir qadının yanından ötüb keçmək Məkkə və dünyayla bağlı teolojik fikirləri bulandırır. Bəlkə İstanbul haqda oxuduqların, eşitdiklərin səbəbiylə çox da təəccüblənmirsən. Amma gecənin qaranlığında Bosfor körpüsünün altından gəmiylə keçəndə sahildəki işıqlı yolların, evlərin mistikası anlamlı bir şeir kimi insanı təsirləndirir. Bu mənada, İstanbulu dünyanın olmasa belə, ən azından Avrasiyanın fokus nöqtəsi kimi düşünə bilərik.

14 avqustda Kozyatağında beşulduzlu oteldə təmtəraqlı açılış yeməyi oldu. Avrasiya Yazarlar Birliyi başqanı Yaqub Öməroğlu çıxış etdi. Türk dünyası gənc yazarlarının İstanbul görüşünün ilk günü düz 58 türk bir-birini salamladı. Krım, Qaqauziya, Kipr, Özbəkistan, Qazaxıstan, Başqırdıstan, Qaraçay-Malkar, İraq... Dağıstandan - 22 dövlət və topluluqdan onlarla fərqli simaya çıxış üçün söz verildi. İstanbula gəlişindən məmnunluğunu bildirən gənc yazarlar, şairlər şeirlərini oxudular, ürək sözlərini söylədilər.

Söz yox, ilk gündən bir doğmalıq hiss olunurdu. Həm İstanbulla, həm türk yoldaşlarla əzəldən aramızda bir bağlılıq var.

Ədəbiyyatsa bu yaxınlığa başqa bir rəng qatırdı. Açılış mərasimi bir-birini müşahidə, tanışlıq məqsədi güdürdü. Hələ bilmirdik dörd günlük görüşümüz necə keçəcək. Hansı dostluqlar, münasibətlər qurulacaq?

Artıq ikinci gün Alıbek Baibol adlı bir qazaxla dostlaşdıq. Məşhur dramaturq olmağı arzulayan Alıbeklə bizi oxuduğumuz kitablar birləşdirirdi. Ancaq o, Çexovun pyeslərini daha çox sevirdi, mənsə hekayələrini. Onunla doyunca yalnız bir dəfə danışa bildim. Tərcüməçisiz söhbətimiz mümkünsüz bir zəfər kimiydi. Zəif ingiliscəm və Alıbekin ana dili kimi bildiyi ruscası aramızda aşılmaz baryer yaradırdı. Sadə, qısa fikirlərdə o keçilməz baryeri də hərdən aşırdıq. Zamanının əsas hissəsini oxumaq və yazmağa ayıran (bu səbəbdən sosial şəbəkələrdən istifadə etməyən) Alıbeklə vidalaşanda telefon nömrəsini mənə verdi və dedi ki, arada zəng vur, anlaşmasaq da, ən azından səsini eşidərəm. Dostum Bakı haqda çox bilirdi və ölkəmizdən məhəbbətlə danışırdı. Bakıya gəlməyi böyük istəklə arzulayan Alıbeklə yenidən görüşəcəyim ümidi məni də sevindirir.

İkinci gün açılış törənindən sonra bizləri üç ayrı qrupa ayırdılar. Hekayə, şeir və roman "atölye"lərində ustad yazarlarla görüşdük. Bu görüşlər, məruzələr sonuncu (gəzinti) günümüzəcən davam etdi. Hekayə "atölye"lərində yazıçılar Anar və Osman Çeviksoyu dinlədik, onlara ədəbiyyat barədə bizi düşündürən suallar verdik. Bir tərəfdən də dostlarla birgə gələcək planlarımızdan danışdıq. Türkiyəli gənc yazarlar Oğuz Atahan Başaran və Binnur Karyağdı əlaqələrimizi necə davam etdirəcəyimizlə bağlı müzakirə açdılar. Belə qərara gəldik ki, sosial şəbəkələr vasitəsilə əlaqələrimizi sürdürək və yazılarımızı, fikirlərimizi bir-birimizlə paylaşaq. Ancaq şübhəsiz, bu, "böyük buluşma" və canlı söhbətlərin yerini heç nə verməyəcək.

Hekayə "atölyesi"ndəkilər roman "atölyesi"nə qatılanda Kiprdən qələm dostumuz Kamal Behcet Caymazın ilk və tək kitabı "Safir" haqda təqdimata qulaq asdıq. 1989 təvəllüdlü Kamalın mifoloji motivlərdən yararlanaraq yazdığı roman hamımızın diqqətini çəkdi. Kamal Behcet Caymaz sonda kitablarını bizə hədiyyə etdi.

Axırıncı gün İstanbul gəzintisi idi. Qapalı çarşı, Qız qülləsi, Sultan Əhməd məscidi, Ayasofyada olduq. Avropa mədəniyyəti ilə həm tarixi, həm də müasir həyat tərzi baxımından iç-içə olan bu müsəlman şəhərində Qərb-Şərq kültürünün çarpışmalarını duyursan. Ancaq İstanbul bu ziddiyyətlərdən yorğun düşməyib. Qədim, əzəmətli sükunətini, müdrik, ehtişamlı görüntüsünü hələ də qoruyur.

Mərmərə dənizində gecəyə qədər sürən boğaz gəzintisi isə ən hərəkətli, əyləncəli günlərimizdən idi. Dostlarımız şərqilər oxudular. Qaqauziyalı Kristinanın türküsündə qaqauzları, İraq türkməni Ammarın şeirlərində türkmənləri duyub hiss etmək, zəngin türk kültürünə nəfəs qədər yaxın olmaq böyük mənəvi qazanc idi. İstanbulun dəniz sahili mənzərəsi, hüznlü, poetik aurasını da əlavə etsək, ifadəsi çətin xüsusi bir xoşbəxtlik doğur. Ümid edirəm ki, Avrasya Yazarlar Birliyi, o cümlədən, Yaqub Öməroğlu sevincimizin, birliyimizin yaxın şahidi kimi yeni, uğurlu layihələrdə bizi təzədən qovuşdurar.

Müşfiq Şükürlü

525.az