adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Avqust 2017 23:15
11872
LAYİHƏ
A- A+

Laçın qartalları

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(Əvvəli ötən saylarımızda)

Qarabağ müharibəsinin başlandığı ilk günlərdən tam gizli şəkildə yaradılmış Xocalının müdafiə komitəsinin ilk 5 üzvündən biri olmuşdur. O, 1988-ci ilin fevral ayından müdafiə üçün gizli silahlı dəstələrin yaradılmasında və onların silahlandırılmasında böyük rol oynamışdır. Sentyabr ayının 18-də Xankəndidən minlərlə erməni qulduru Xocalıya hücum edərkən onlara qarşı silahlı müqavimət göstərən 30-40 nəfər igid Xocalı oğlanlarından biri də Ələsgər Novruzov olmuşdur. Mahir atıcı kimi hücuma keçən düşmənlərin sırasını pozmuşdur və onların geri çəkilməsinə məcbur etmişdir. 1989-cu ilin payızında Daşbulaq kəndindən erməni quldurlarının hücumu zamanı döyüş yoldaşı M.Şükürovla birlikdə ermənilərə arxadan hücum etmiş, basqın edən erməniləri məhv etmişdir. Daşbulaq kəndindən olan 300 nəfər əhalini sağ-salamat qurtarmışdılar.
1990-cu ildə Yerevandan Xankəndinə uçan təyyarələrin qarşısını almaq üçün Ələsgər Novruzov döyüş yoldaşlarından R.Həsənovla birlikdə uçuş zolağını parıldadaraq xeyli müddət təyyarələrin enməsinin qarşısını almışdılar.
1991-ci ildə keçirilən əməliyyatların əsas iştirakçılarından biri olmuşdur. Xankəndinə gedən dəmir yolunun bağlanmasında, Xankəndi-Norağuğ yolunda 20-yə qədər 2 maşın erməninin məhv edilməsində yaxından iştirak etmiş. Misilsiz qəhrəmanlıq göstərmişdir.
25 fevral 1992-ci il tarixində Ələsgər Novruzovun rəhbərlik etdiyi dəstə ilə birlikdə bildirdi ki, patrona qənaət olunsun, boş güllə atılmasın, ancaq hədəfə vurulsun. Gecə saat 11-ə qalmış başlanan döyüşdə onun dəstəsi misilsiz qəhrəmanlıqlar göstərdilər. Səhər saat 5-ə qədər öz mövqelərindən çəkilməyən döyüşçülər artıq ermənilərin cinahından çəkilməyə məcbur olurlar. Xocalıda olan yeganə 5 mərtəbəli binaya tərəf döyüşə-döyüşə arxaya çəkilməli olurlar. Bu zaman ağır güllə yarası alır.
O, son gülləsinə qədər döyüşür, sonra huşsuz halda özünü itirir. Ermənilər huşsuz halda olan Ələsgər Novruzova işgəncələr verərək qəddarcasına qətlə yetirirlər.
Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli, 533 saylı Fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Ölümündən sonra Məhəmməd Əsədov adına mükafata layiq görülmüşdür. Ələsgər Novruzovun meyiti 4 nəfər erməni əsiri ilə dəyişdirilib alınmışdır. Laçın rayonunda doğma kəndi Kürdhacı kəndində dəfn edilmişdir.
Qorxmaz Abış oğlu Eyvazov
01 aprel 1967-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1974-84-cü illərdə burada orta məktəbdə oxumuşdur. 1985-ci ildə SSRİ Silahlı Qüvvələrində Ukraynada hərbi xidmətdə olarkən serjantlıq kursunu bitirmişdir. Qorxmaz 1987-ci ildə xidməti başa vurub Vətənə dönür.
1988-ci ildə Laçın rayonunda yaradılmış partizan dəstəsinə qoşulur. 1992-ci ilin martında, Laçın rayon polis idarəsində işə qəbul edilir. Qorxmaz Eyvazovun ilk döyüşləri də elə doğma yurddan başlayır. Qızartı dağı uğrunda gedən döyüşlərdə onun fəaliyyəti nəticəsində düşmənin bir tankı ələ keçirilir. 4 avqust 1992-ci ildə erməni işğalçıları Üç Qızartı dağını ələ keçirmək üçün yenidən hücuma keçir. Qorxmaz bu döyüşdə qolundan yaralanır. Lakin silahı yerə qoymur, azacıq sağalan kimi yenidən cəbhəyə qayıdır.
10 fevral 1994-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini məhv edən Qorxmaz Eyvazov bu döyüşdə qəhrəmancasına həlak olur. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli, 262 saylı Fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.
***

Hər bir şəhidin, hər bir Milli Qəhrəmanın, hər bir laçınlının döyüş salnaməsi vardı, laçınlıların döyüş yolu haqqında əsərlər yazılır və yazılacaqdır. Ailə başçısı öz ailəsini döyüş bölgəsindən sağ-salamat çıxara bilirsə? bu özü də fədakarlıqdır.
Tanınmış şair, nasir Nazim Əhmədlinin Laçın hadisələri barədə çoxlu əsərləri vardır. Onların içində bir hekayədəki hadisələr məni bərk tutdu. Məlum səbəblərdən Laçın işğala məruz qalır. Adamların bu hadisələrə münasibəti, çıxış yolu axtarması, öz ailə və uşaqlarını döyüş bölgəsindən uzaqlaşdırmağa çalışırlar. Kamran bəy bütün el-obanı yola salır. Kənddə tənha qalır. Bir az olan azuqədən və aynalı tüfəngini götürüb mağaraya çəkilir. Bir müddət gecikənlərə, arxada qalanlara da kömək edir, yola salır. Ona nə qədər deyənlər olur ki, Kamran bəy, gəl ətəyindən daşı tök, bizə qoşul gedək. O isə inadından dönmür ki, dönmür. Deyir ki:
- Mən kişiyəm, kişi oğluyam, ata-babam da kişi olublar, Qara Murtuzanın şəcərəsi olan kişi toprağı, Vətəni, el-obasını sahibsiz qoyub getməz, mən burada anadan olmuşam, burada da ölüb qalmalıyam.

Nemət BƏXTİYAR

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ