adalet.az header logo
  • Bakı 22°C
21 Avqust 2017 23:12
10448
LAYİHƏ
A- A+

Laçın qartalları

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(Əvvəli ötən sayımızda)

1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərin birində Kamil Nəsibov düşmən tərəfindən atılan snayper gülləsindən ağır yaralanmış, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də, cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməmiş dostlarını tək qoymadığına görə nəticədə çoxlu qan itkisindən həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 05 fevral 1993-cü il tarixli, 457 saylı Fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Şəhid Ağcabədi rayonunda dəfn edilmişdir. Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi Kamil Nəsibovun adını daşıyır.

Fazil Umud oğlu Mehdiyev

Fazil Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olmuşdur.
O, hələ körpə olarkən, ailəsi Ağdam rayonunun Abdal-Gülablı kəndinə köçmüşdülər. 1983-cü ildə orta məktəbi burada bitirmişdir.
1984-cü illərdə SSRİ Silahlı Qüvvələrində xidməti borcunu yerinə yetirmişdir. Qarabağda baş verən hadisələr Fazil Mehdiyevi də narahat etməyə bilməzdi. Ona görə də 1990-cu ildə o, Ağdam rayonu Daxili İşlər şöbəsində yaradılmış polis batalyonuna üzv yazıldı. Tezliklə onun səsi-sorağı ən qaynar döyüş meydanlarından gəlməyə başladı. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil azacıq sağlam kimi yenidən cəbhəyə dostlarının yanına qayıdır. Fazil 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus "Niva" markalı avtomobili ələ keçirərək polis idarəsinə təhvil vermişdir. 1991-ci ilin sentyabr ayının 23-dən 24-ə keçən gecə ermənilər Abdal-Gülablı kəndinə hücuma keçirlər. Fazil dostu Salehlə maşına minib döyüşə tələsir. Ağdama gələn yolda pusqu quran ermənilər onları atəşə tuturlar və Fazil bu döyüşdə faciəli şəkildə həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 08 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Ağdam rayonunun "Qarağacı" qəbiristanlığında dəfn edilmişdir.
Bakı şəhərində Nəsimi rayonunda büstü qoyulmuşdur. Səbail rayonunda isə adına küçə vardır.
Oqtay Güləli oğlu Güləliyev

10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində anadan olmuşdur. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağrılmışdır. 1984-cü ildə Poltava Kooperasiya İnstitutunun Bakı filialına qəbul olunmuşdur.
Laçın rayon polis şöbəsində işlədiyi müddətdə Ermənistan-Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir ərəfədə Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlarda iştirak etmiş, uğursuzluqla sona çatan "Daşaltı əməliyyatı" zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdur.
Daha sonra Pircahan kəndi yaxınlığında ağır yaralanmış, lakin müalicə olunaraq yenidən cəbhəyə qayıtmalı olmuşdur. Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq barədə əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatmış və beləliklə, Gorus-Şuşa magistral yolu nəzarətə alınmışdır. Lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olmuş və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşmüşdür. Döyüşçülərin təhlükəsiz yerə keçirə bilsə də, onun özü bu döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli, 599 saylı Fərmanı ilə Güləliyev Oqtay Güləli oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Laçın şəhərində və Piçənis kəndində fəaliyyət göstərən orta məktəblərə onun adı verilmişdir.

Ələsgər Xanlar oğlu Novruzov

Novruzov Ələsgər 01 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini (hal-hazırda həmin məktəb onun adını daşıyır) əla qiymətlərlə bitirmişdir. 1968-70-ci illərdə Ermənistanın Leninakan şəhərində hərbi xidmətdə olmuşdur.
1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuş və 1973-cü ildə oranı bitirərək bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnmişdir. Həmin ildə öz doğma kəndlərindəki orta məktəbində bədən tərbiyəsi müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə müəllim və şagird kollektivinin böyük hörmətini qazanmışdır.
Ələsgər müəllim kənd camaatı arasında da dərin nüfuz sahibi olmuş, yaxşı müəllim olmaqla yanaşı, kiçiklərə qayğı, böyüklərə hörmət göstərən nəcib bir insan kimi tanınmışdır.
1979-cu ildə Xocalıya köçmüş, orada da 1 saylı məktəbdə ixtisası üzrə bədən tərbiyəsi müəllimi kimi işini davam etdirmişdir. 1990-cu ildən şəhid olana qədər Xocalı RTŞ-nin təsərrüfat bürosunun müdiri işləmişdir. Ələsgər müəllim Qarabağ döyüşlərində də özünü qorxmaz döyüşçü, mahir atıcı, gözəl idmançı, qayğıkeş komandir və dostluqda əvəzedilməz bir insan kimi tanınmışdır.

(ardı gələn sayımızda)
Nemət BƏXTİYAR

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ