adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 Avqust 2017 21:49
4265
GÜNDƏM
A- A+

Komitə ABŞ-ın hesabatına etiraz etdi

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Villiam Solley ilə görüşüb.

Komitənin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, qonağı salamlayan sədr müavini ölkəmizdəki dini durum barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınır. Respublikamızda islam və qeyri-islam dini icmalara fəaliyyətlərinin genişləndirilməsi, vicdan azadlığının təmin edilməsi məqsədilə dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərilir, maliyyə yardımı ayrılır.

S.Heydərov qeyd edib ki, ABŞ Dövlət Departamentinin son günlərdə Azərbaycanda din azadlığına dair açıqladığı illik hesabatda dini durumdakı pozitiv məqamları əks etdirən bəzi məlumatların yer almasından məmnunuq. Lakin bununla yanaşı, hesabatda həqiqəti əks etdirməyən bir sıra məlumatlar da yer alıb. Sədr müavini real faktlara əsaslanmayan həmin məlumatlar ətrafında Dövlət Komitəsinini rəhbərliyi ilə ABŞ səfirliyi arasında dəfələrlə müzakirələrin aparıldığı, bu hallara aydınlıq gətirilməsinə baxmayaraq, onların yenidən hesabatda yer almasından təəssüfləndiyini diqqətə çatdırıb.

Gürüşün sonunda səmimi qəbula görə təşəkkürünü bildirən V.Solley həll olunmuş bəzi məsələlərin yenidən hesabatda irad kimi qeyd olunmasından təəccübləndiyini bildirib, eyni zamanda, belə qeyri-obyektiv məlumatların yayılmasının qarşısının alınması üçün əməkdaşlığın və müzakirələrin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.