adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Avqust 2017 13:34
29236
ƏDƏBİYYAT
A- A+

Uşaqlığı işğal olunmuş Adam

Bilmirəm, sizdə necədir, amma mən hərdən elə insanlarla qarşılaşıram ki, onların nə vaxtsa doğulduğunu yox, yarandığını düşünürəm. Mənə elə gəlir ki, o insanlar tarixin hansısa unudulmuş qatında, özü də elə bu boyda, bu biçimdə, bu xarakterdə, həm də bütün yaşadıqları ilə bərabər yaranıblar. Və o anı kimsə görməyib, o andan kimsənin xəbəri olmayıb. Bir səhər hardansa, özlərinin belə unutduqları hansısa ilkin məkandansa qopub yaşadığımız cəmiyyətə düşüblər. Ən diqqətçəkəni də budur ki, onlar heç vaxt özlərini tanıtmağa ehtiyac duymayıblar, ona görə ki, o insanları hamı lap əvvəldən çox yaxşı tanıyıb.

Mən o insanların haçansa danışmağı, yeriməyi bacarmayan, nəvazişə, qayğıya möhtac körpə olduqlarına da inana bilmirəm. Hər kəsin rəğbətlə, sevgiylə, bəzən də qorxu və çəkingənliklə yanaşdığı o insanlar, məncə, elə ətrafındakıları qorumaq üçün yaranıblar.

Çox zaman məndə bu təsəvvürlər gözlərinə baxmağa çəkindiyim, ehtiyat elədiyim insanlarla bağlı yaranır. Elə bu yazıda haqqında söhbət açacağım Adam kimi...

Bir müddətdir, öz içimdə o Adama "Uşaqlığı işğal olunmuş Adam” deyə səslənirəm. Təbii, o özü bunu bilmir. Sizin kimi o da bu yazı ilə xəbər tutacaq.

Bəs niyə uşaqlığı işğal olunmuş Adam?

Onunla dörd il öncə Azərbaycan Yazıçılar Birliyində tanış oldum. Ədəbiyyata ilk addımlarını atan hər bir gənc yazar kimi mənim də üz tutacağım ünvan bəlli idi - Birliyin Gənclərlə iş üzrə katibi Rəşad Məcid.

Sahil bağında dayanıb qarşımda ucalan binaya baxıram. Bir əsrlik tarixi özündə əks etdirən binanın əzəməti mənim içəri daxil olmadan geri dönməyimə bəs edərdi. Amma bir anlıq özümdə cəsarət tapıb binanın giriş qapısından içəri addım atdım. Məni Rəşad müəllimin yanına göndərən tanışım onun haqqında nə qədər "mülayim adamdır”, "istedadlı gənclərə hər zaman dayaq olur” desə də, adın və vəzifənin vahiməsi məni bürümüşdü. Qorxa-qorxa qapıçıdan Rəşad müəllimin otağını soruşdum. "İkinci mərtəbədədir” – dedi...

İkinci mərtəbəyə qalxar-qalxmaz otaqlardan birindən zəhmli kişi səsi eşitdim. Kiməsə tapşırıq verirdi. Ürəyimdə arzuladım ki, nolar, bu səsin sahibi Rəşad müəllim olmasın. Bir yandan da içimdən bir səs "onun səsidir” deyirdi. İçimdəki səslə istəyimin mübahisəsini dinləyə-dinləyə otağa yaxınlaşdım. Mübahisənin qalibi içimdəki o çoxbilmiş pıçıltı oldu: həmin zəhmli səs elə onun səsi idi. Söz vaxtına çəkər, yay ayı olduğundan otağın qapısı açıq idi. Dəhlizdə dayanıb otağa boylandım. Qarşısındakı vərəqə nəsə yazan adam bunu hiss edib başını qaldırdı. Bir neçə saniyə mənə baxıb yenə o zəhmli səsi ilə dilləndi:

- Gəl görüm, bala.

Qorxa-qorxa otağa girdim. Yer göstərdi. Oturdum. Mən nə qədər təcrübəsiz, cəsarətsiz idimsə, qarşısında oturduğum adam da bir o qədər rahat, nə edəcəyini, nə deyəcəyini bilən adam idi. O dəqiqə hiss olunurdu ki, bu otağa belə qorxa-qorxa girən nə birinci adamam, nə də sonuncu olacağam.

Bir neçə dəqiqəlik söhbətimiz əsnasında kim olduğumu, gəlişimin məqsədini dedim. Gözlədiyimin əksinə, səmimi və bir az da yumorlu sualları, danışığı ilə həyəcanımı nisbətən azaltmışdı.

O gündən bu insanın dəstəyini, köməyini, diqqətini hiss etdim.

Onu şair və jurnalist statusunda - Azərbaycan Yazıçılar Birliyinin katibi və "525-ci qəzet”in baş redaktoru kimi tanımışam. Düşünmüşəm ki, Rəşad Məcid elə bu statusunda, zəhmli səsi, şax duruşu ilə, özünün də dediyi kimi, xarakterindəki təzadlarla yaranıb. Onun nə zamansa uşaq olduğunu, həmyaşıdlarıyla birgə top qovub futbol oynadığını, kiminləsə əlbəyaxa dava elədiyini ağlıma da gətirməmişəm. Mən bilən, uşaqlıq illəri ilə bağlı heç o özü də nə vaxtsa mətbuata geniş danışmayıb, müsahibələrində həmişə bu mövzuya mümkün qədər az toxunmağa çalışıb.

Onun uşaqlıq illəri ilə bağlı fikirlərinə ilk dəfə Naxçıvan səfəri haqqında yazdığı "Naxçıvanın sirri” essesində rast gəlmişəm: "...Ağbulaqda olanda, o yerlərin sirli sükutuna dalanda məndə qəribə bir əminlik yarandı: bu qeyri-adi ovqat məni çox uzun müddət tərk etməyəcək!Orada yaşadığım duyğular mənə hər nə qədər rahatlıq gətirsə də, yaddaşım üçün sanki bir "həyəcan siqnalı" olmuşdu. Nələrisə xatırlamağa çalışır, bu hüznlü, ancaq son dərəcə munis, doğma auranın kökünü axtarırdım. Onun qaynağını üzə çıxarmaq üçün hafizəmin üstə-üstə qalanmış laylarını ələk-vələk edirdim.

Nəhayət, yaddaşım üzümə güldü, xatırladım və anladım ki...

Axı, mən özüm də oraların çox yaxınında doğulmuşam! Ağbulağın, Batabatın gündoğan səmtində, Laçın rayonunun Ağoğlan-Kosalar kəndində dünyaya gəlmişəm! Dünyayla birinci təmasım, təbiətlə ilk tanışlığım Ağbulağa, Batabata çox bənzəyən, hətta oralarla birəbir eyni olan səfalı yurd yerində gerçəkləşib! Bu da məlum həqiqətdir ki, insan yaşa dolduqca, doğulduğu yerlərin təbiəti, ab-havası onu daha çox çəkir. Deməli, Ağbulaq istirahət mərkəzində olarkən keçirdiyim xoş hisslərin, duyduğum əlçatmaz rahatlığın kökü bu həqiqətə bağlıymış”.

Bir dəfə də onun uşaqlıq illərinə bir televiziya verilişində ötəri toxunduğunu görmüşəm. Aparıcının "Uşaqlığınız necə keçib” sualına yığcam cavabında üç yerin adını çəkmişdi: doğulduğu Laçın rayonu, orta məktəbə getdiyi Ağdam və uşaqlıq çağının ən gözəl xatirələrinin ünvanı olan Şuşa! Adları çəkilən hər üç rayon, aşağı-yuxarı 25 ildir, işğal altındadır. Bu 25 ildə təkcə Qarabağ - Azərbaycan ərazilərinin 20 faizi yox, həm də Rəşad Məcid kimi minlərlə insanın uşaqlığı, xatirələri də işğal olunub. Bu acı, çox acı gerçəyə haqqında danışdığım o televiziya müsahibədə bir daha əmin oldum.

O müsahibəni dinləyəndə istər-istəməz utandım. Hamı kimi onun da nə zamansa uşaq olduğuna şübhə elədiyimə, inana bilmədiyimə gərə utandım. Mənə elə gəldi ki, bir insanın ömrünün ən gözəl zamanlarını, ən xoşbəxt günlərini zorla əlindən almışam. Özümü cinayət üstündə yaxalanmış oğru kimi hiss elədim. Mənim oğurladığım bir insanın xatirələri idi. Axı, mən necə bu qədər ədalətsizlik eləyə bilmişdim? Ta mənim o işğalçılardan nə fərqim vardı? Onlar torpaqları, mən bir insanın uşaq olmaq haqqını əlindən almışdım.

Ancaq onu dinlədikcə gördüm ki, ədalətsiz olan mən yox, ədalətsiz olan həyatdır - Rəşad Məcidi, onun kimi minlərlə insanın o qayğısız illərini əlindən alan, qəlbini bu qədər kövrək, simasını bu qədər sərt eləyən də elə odur. Rəşad Məcidin özünün də dediyi kimi, insan yaşa dolduqca, doğulduğu, dünyayla ilk dəfə tanış olduğu yerlərə can atır, oraların havasını, suyunu istəyir. Onunsa həmin o doğma yerlərdən uzaq düşməsinin yaşı çoxdur, lap çox – az qala, ömrünün yarısı qədər...

"Hərdən beynimin rahat, sakit olan ən nadir zamanlarında gözlərimi yuman kimi yay tətillərində getdiyim, nənəmgilin Laçındakı evini, uşaqlığımı, ağacların altında mütəkkələri düzüb uşaqlarla birgə oynamağımızı xatırlayıram”.

Adətən deyirlər ki, qarabağlıların yaxşı səsi, musiqi duyumu olur. Rəşad müəllimdə bunların heç biri yoxdur. Ağdamda beş il tar məktəbinə getsə də, özünün dediyinə görə, musiqi yaddaşının olmaması ucbatından musiqi təhsili yarımçıq qalıb. Müsahibələrindən birində bu barədə belə deyir: "Qarabağlı olsam da, səsim yoxdur. Bunun özü də qəribə bir haldır. Ancaq düşünürəm ki, qarabağlılıq məndə özünü ədəbiyyata sevgidə, şeir yaddaşımın itiliyində göstərib”. Bu fikirləri oxuya-oxuya düşünürəm, elə yaxşı ki, Rəşad müəllim ədəbiyyat, söz adamı olub.

Elə həmin söhbətindən öyrənirəm ki, sən demə, Rəşad müəllimin çap olunan ilk şeiri "Cıdır düzü” adlanırmış. 17 yaşında "Azərbaycan gəncləri” qəzetində Xalq şairi Hüseyn Arifin "Uğurlu yol”u ilə çap edilən bu şeir dostları, tanışları arasında səs-küyə səbəb olur. Qonum-qonşu, tay-tuşları əllərində qəzet "Rəşadın şeiri çıxıb” deyə-deyə məhləboyu gəzirmişlər...

Arzularının çoxuna çatdığını deyən Rəşad Məcidin ən böyük istəyi torpaqlarımızın işğaldan azad olunması, doğulduğu yerləri - Laçını, ən gözəl xatirələrinin ünvanı olan Şuşanı bir daha görməkdir. Özü belə deyir. Əslində, bu, hər bir azərbaycanlının arzusudur. Ancaq Rəşad Məcidin Laçın arzusu, Ağdam həsrəti, Şuşa sevgisi, Qarabağ nisgili təkcə bir azərbaycanlının vətəninə qovuşmaq arzusu yox, həm də uşaqlığı işğal olunmuş Adamın öz uşaqlığını işğaldan azad etmək istəyidir. Elə Rəşad müəllimin müsahibəsində dediyi bir fikrin alt qatında həm də bu arzu dayanır: "O qədər yuxumda Azərbaycanı bütöv, tam görmüşəm ki...”

Ürəyi ilə Allaha bağlı olan, onu sevən Rəşad Məcidin "cənnət” deyiləndə ilk ağlına gələn məkanın "nənəsigilin kənddəki bağı” olması da təsadüfi deyil, məncə. Bu, uşaqlığından qopa bilməyən sərt görünüşlü Adamın içində, qəlbinin ən dərin gizlinində saxladığı kövrək duyğuların səslənişi, hıçqırtısıdır.

Rəşad Məcidi uzaqdan tanıyanlar, ünsiyyətdə olmayanlar, bəlkə də, onun nə zamansa kövrəlib ağlaya biləcəyini heç ağıllarına da gətirməzlər. Mənə görəsə, bəlkə də, o, hamımızdan çox kövrəlir, hamımızdan çox qəhərlənir, hamımızdan çox ağlayır. Amma səssiz-səmirsiz, öz içində kövrəlib ağladığından o göz yaşlarını heç birimiz görə bilimirik. O, həm Yazıçılar Birliyini katibi, baş redaktor, həm dost-sirdaş, həm ata, həyat yoldaşı, baba, həm də bir nəslin ağsaqqalı, güvənc yeridir. Yağışa, fırtınaya, zəlzələyə, hər cür fəlakətə baxmadan dağlar öz yerində necə dimdik, əzəmətlə dayanırsa, Rəşad Məcid kimi adamlar da həyatın bütün zərbələrinə baxmayaraq, eləcə ayaqlarının üstündə möhkəm dayanmağı bacarırlar. Bəs, o fırtına dağı heçmi üşütməz, o fəlakət canını heçmi yandırmaz? Əlbəttə, üşüdər, hətta için-için dondurar, buz bağlayar, canı yanar, acıdan, ağrıdan qovrular, amma hər dəfə bir az da sərtləşər, hər dəfə bir az da öz dayandığı yerdən bərk-bərk yapışar – ona ümid yeri kimi baxanların, kürəyini ona söykəyənlərin xatirinə...

Yəqin kənardan ona baxıb, "Rəşad Məcidə bundan sonra nə lazımdır ki? Vəzifəsi var, adı-sanı var, hörmət-izzəti də öz yerində...” deyənlər də az deyil. Uzaqdan, əlbəttə, hər şey parıltılı, rahat, qayğısız görünə bilər. Amma bir mahnıda deyildiyi kimi: "Siz mənim nələr çəkdiyimihardan biləcəksiniz?” İlk baxışdan bir az sərt, bir az laqeyd çöhrəli bir insanın köksü altında gəzdirdiyi ipək kimi yumşaq, uşaq kimi kövrək qəlbindən keçənləri anlamaq, dərk eləmək üçün o duyğuları, heç olmasa, bircə kərə yaşamaq, yaşaya bilmək lazımdır. Bacarırsınızsa, "uşaqlığı işğal olunmuş Adam”ın uşaqlığını xilas edin, xatirələrini qaytarın. Əmin olun ki, ona bundan başqa heç nə lazım deyil!