adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Avqust 2017 10:14
7530
MƏMLƏKƏT
A- A+

Cocuq Mərcanlıda tikinti 1 aya başa çatacaq

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində prezident İlham Əliyevin sərəncamına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi davam etdirilir.

Dövlət Komitəsindən verilən məlumata görə, inşaat işlərinə 30-a yaxın texnika, 350-dən çox işçi cəlb edilib. Bu mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılır. 17 hektar ərazidə inşa ediləcək evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı olacaq.

Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılacaq. Qəsəbədə 1,75 hektarda yaşıllıq salınacaq, həmçinin yollar, səkilər və arxlar çəkiləcək. Yaşayış qəsəbəsi elektrik enerjisi, su və qazla tam təchiz ediləcək. Hazırda qəsəbədə 25 evin dam örtüyü vurulub, digər evlər və ictimai binaların isə hörgü işləri başa çatıb. Aparılan tikinti işlərinin 1 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlər köçürüləcək.