adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Avqust 2017 20:41
18223
ƏDƏBİYYAT
A- A+

RƏHMAN MUSTAFAYEV DÜNYASI

Şöbəmizin işçisi Afaq xanım kövrək təbiəti, munis davranışı, etik-estetik gözəlliyi ilə otağımıza bir xoş aura gətirib. Ara-sıra şeirlər yazdığını da görmüşük. Soruşanda ki, bu təb səndə hardandır, rəhmətlik atasının da şeirlər yazdığını, bir neçə kitab müəllifi olduğunu dedi. Xahiş elədik ki, atasının kitablarından gətirsin, biz də bir baxaq.
Bir gün masasının üstündəki kitabları gördük: Rəhman Mustafayevin "Arzu" ("Nurlan", 2004), "Lal qranit" ("Nurlan", 2010) kitabları və bir də nəvəsi Züleyxa İsmixanlının "Babam" kitabı.
Düzü, bu kitabların, xüsusən də Züleyxanın kitabının və üstündə Rəhman Mustafayevin özünün başdaşının şəkli vurulmuş "Lal qranit" kitabının yəqin atasının xatirəsi işiğında ölümündən sonra çap olunduğunu soruşduq. - Yox, hamısı atamın sağlığında çıxan kitablardır, - dedi Afaq xanım. Atam hələ sağlığında özünə başdaşı düzəltdirib, ata-anasının yanında dəfn olunmaq üçün özünə qəbir yeri də götürmüşdü, - deyə əlavə izahat da verdi.
Kitabları gözdən keçirdikdə, özünün başdaşına rəğmən yazdığı "Lal qranit" şeirinə rast gəldik:

Ömrümə bir güzgü oldu əbədi
Bu qara qranit, bu lal qranit.
Əbədi olana güldü əbədi
Bu qara qranit, bu lal qranit.

Şəklini çəkmişəm daş yoldaşımın,
Tozunu silmişəm öz baş daşımın.
Həmyaşıdı oldu yetmiş yaşımın
Bu qara qranit, bu lal qranit.

Rəhman müəllim qara qranitdən yondurub-hazırlatdığı başdaşına "ömrümə bir güzgü oldu əbədi" deyə məna verir. Bu, nə deməkdir? Yəni hər kəsin başdaşında olum-ölüm tarixi və bir də başdaşından gəlib-keçənlərə boylanan əksi əbədiləşib qalır. Hər kəsin ömür güzgüsünü, ömür guşəsini bu mərmər başdaşı əks etdirir: "şəklini çəkmişəm daş yoldaşımın". "Daş yoldaşı" adlandırır, ona görə lal qranit deyir, çünki daş (qranit) sükut içində-lal baxışlarla dayanıb adama baxır, elə daş yoldaşı kimi. Hər halda insan özünə başdaşı qoydurmaqla özünü həm də qəbiristanlıq əhli kimi əbədiləşdirmək istəyində olur. Amma Rəhman Mustafayev buna da haqlı olaraq "əbədi olana güldü əbədi bu qara, lal qranit" deyir. Burdan həm də o məntiq boy göstərir ki, öz lal baxışı ilə bu qranit daş bu məzarı gəlib seyr edənlərə baxıb gülür ki, heç kim, heç nə əbədi deyil, elə bu gün canlı olan sizlər də bir gün öz daş yoldaşınızı gəlib tapacaqsınız, siz də bir gün olmayacaqsınız bu fani dünyada.

Bu necə yaşamaq, bu necə həyat
Əvvəli toy-büsat, sonu minacat.
Babamdı, atamdı, özümdü heyhat.
Bu qara qranit, bu lal qranit.

Başdaşı önündə düşüncələrə dalan şair öz əksini diqqətlə süzüb,"babamdı, atamdı, özümdü heyhat bu qara, lal qranit" qərarına gəlir. Çünki bir vaxtlar babası, sonra atası bu dünyada yaşayıb köçlərini sürüb getmiş, indisə növbə gəlib ona yetişmişdir. Bir də ki, bir vaxtlar atası babasının ömür yolunun davamçısı olmuş, indisə özü atasının yadigarı kimi ömür sürmüş, babası, atası gedən haqq yola-axirət dünyasına əbədilik səfər edəcəyi günü gözləyir. Bu səbəbdən də "babamdı, atamdı, özümdü "deyərək bu üçlük amilini bir müstəviyə gətirir. Üçbucağın həndəsi bucaq kimi ayrı-ayrı tərəfləri bir vahid müstəvi üzərində qərarlaşıb müəyyən həndəsi fiquru əmələ gətirib bütövləşdirdiyi kimi, özü də atası ilə babasının ömür pillələrini tamamlayib, özündən sonra da dünyaya övladlar, nəvələr qoyub getməklə üzərinə düşən missiyanı yerinə yetirdiyini söyləmək istəmişdir.

Rəhman, sadiq oldun verdiyin sözə,
Baş daşın dayandı sənlə göz-gözə.
Min il duracaqdır ellə üz-üzə
Bu qara qranit, bu lal qranit.

Verdiyi sözə sadiq qaldığını deməklə özü özünə söz verdiyi başdaşını özü hazırlatdıracağı vədinə əməl etdiyini bəyan edən Rəhman müəllim həm də ümümiyyətlə həyatda bir insan kimi verdiyi sözə doğru-dürüst əməl etdiyini demək istəmişdir. Yəni insan vədinə əməl etməli, üzərinə düşən məsuliyyəti bir borc kimi sədaqətlə yerinə yetirməlidir fikri buradan boy göstərir.
Bəs sual oluna bilər ki, Rəhman Mustafayevin özünə başdaşı hazırlatdırmaqdan məqsədi-məramı nə olmuşdur? Əvvəla, hamı kimi onun da içindən sövq ? təbii bir dünya duyğu kimi özündən sonra "yaşamaq"? başdaşından insanlara tamaşa etmək hissi gəlib keçmişdir. Bu, həm də insanın əbədi həyat arzusundan doğan keyfiyyətdir. Amma Rəhman müəllim başdaşı ilə üz-üzə qaldıqdan sonra istər-istəməz anidən beynində bir həqiqət də ildrım tək şaxıyıb keçmişdir: "Əbədi olana güldü əbədi bu qara qranit, bu lal qranit". Yəni baxıb gördü ki, insan əslində özü-özünü aldadırmış, əbədi heç nə yoxmuş...
İkincisi cavabımız Rəhman Mustafayevin özünün yaradıcılıq dünyasından və bir də nəvəsi Züleyxanın ona avtoqrafla bağışlanmış kitabların mətnlərini öz kitabında bir yerdə cəmləşdirib çap etməsindən aldığımız qənaətlərdən öz ifadəsini tapır. İstər onun yazdıqlarından görünən mənəvi dünyası, istərsə də ona dostlarının dilindən deyilmiş fikirlər bizə bir məntiqi diqtə edir: həddindən artıq insanlara qarşı qayğıkeş, səxavətli olan Rəhman müəllim həm də insanlara əzab-əziyyət verməyə qıymadığından, özündən sonra onun başdaşını hazırladaraq övladlarına, yaxınlarına bu əziyyəti çəkmələrini istəməyibmiş. Bilib ki, onsuz da eldən gələn bir ənənə kimi ona da başdaşı götürüləcək. Bu isə həm də maddi vəsait tələb edir. Deməli, o, belə bir zəhməti də heç kəsə, hətta özünün doğmalarına belə qıymayıbmış...
Bunlar hər halda bizim gəldiyimiz qənaətdir.
Bir məqamın üstündən keçmək istəməzdik. Bizə elə gəlir ki, Rəhman Mustafayev lal qranitdən düzəltdirdiyi başdaşına həm də öz sağlığında dil verib dilləndirə bildi. O, buna "Lal qranit" adlı şeirilə gərçəkləşdirməyə nail oldu. Bununla o, lal qranitə can verdi, nəfəs verdi, o qranit daşın insana daş yoldaşı olub, ömürə əbədi güzgü tutduğunu açıb göstərdi. Əgər mərmər başdaşı, qranit lal daş fiziki görünüşü ilə insanın özündən sonrakı izini əks etdirirsə, ona sözlə verilən qiymət, dəyər isə mənən bu daşın timsalında insanın-müəllifin ömrünə verilən əbədi yaşamın nümunəsidir. Sözdə, şeirdə insan öz ömrünün davamını yaşada bilir. Mənəvi olanlar ölmürlər, şeir də mənəvi dəyər ölçülərindən biridir. Rəhman Mustafayev ömrünü sadəcə fiziki şəkildə, lal başdaşında yox, həm də öz şeirində və ümumiyyətlə, yaratdığı əsərlərində mənəvi olaraq yaşatmağı bacardı.
Bəli, insan ömrü o ömür içində gördüyü əməlləri sayəsində yaşayır. Buraya qədərki yaşamında biz o ömrün səhifələrini az da olsa, vərəqləyə bildik. Amma bizə elə gəlir ki, Rəhman Bəhman oğlu Mustafayev ömrünün bir önəmli tərəfi də var ki, ondan danışmasaq, bu yazımız yarımçıq qalar, o ömür yolunu yarımçıq vərəqləmiş olarıq.
"Babamdı, atamdı, özümdü heyhat o qara qranit, o lal qranit" deyən Rəhman müəllim hər üçünün vəhdətini gördüyü bu başdaşında özünün bitdiyi sosial-ictimai mənşəyə işarə vurur. Başqa sözlə, babam kimdisə, atam da odur, atam kimdisə, mən də mahiyyətcə oyam məntiqi görünür burda. Müəllif yalnız özünü yaşatmadığını, öz ömrünü yaşamadığını, babasının da, atasının da ömrünü özündə yaşatdığını demək istəmişdir. Deməli, bir fərd kimi o özündən əvvəlkiləri yaşatmışdır öz fiziki və mənəvi varlığı ilə. Görəsən bəs onun özünü də ondan sonra yaşadan övladları necə, bu missiyanı qədərincə, layiqincə davam etdirə bilirlərmi? Bəli, Rəhman Mustafayev ömrü öz övladlarının da simasında bu gün davam etdirilib yaşadılır.
Bizim otaq yoldaşımız olan qızı Afaq 25 yaşında ikən ona ünvanladığı "Sonbeşiyim" şeirinə müraciət edək:

Əsrin iyirmi beşi qaldı arxada,
İllər nə tez keçdi? Bilə bilmədim.
Yuxuydu, fırlandı ömrün çarxı da,
Oyanıb özümə gələ bilmədim.

Göygölü, Ağgölü, o Maralgölü
Çiynimdə ziyarət etdi bir zaman.
Müqəddəs anadır - sevda könüllü!
Düşünə bilməzdim, aman, ay aman!

Sonbeşik kimi sevib-əzizlədiyi balası Afaqın 25 yaşının nə tez gəlib keçdiyinə inana bilmir, bu illəri sanki yuxu görürmüş kimi səciyyələndirir. Bir vaxtlar körpə uşaq kimi-ərköyün sonbeşik kimi çiyninə alıb gəzdirdiyi Afaqın hətta ailə qurub ana olduğuna da sevinib heyrətlənir: "düşünə bilməzdim, Allah, ay aman ki, o bu gün müqəddəs ana adının daşıyıcısıdır".

O mənim qızımdır, həm də ki oğlum,
Qeyrəti yüz igid oğula dəyər!
O həm Nigarımdır, həm də Koroğlum,
Sabiri, Ədişi noğula bənzər.

Bu misralardan isə onun Sabir, Ədiş (Ədilə) adlı noğul kimi yeməli-şirin-şəkər balalarının da olduğu bəlli olur. O mənim qızımdır, həm də ki oğlum deyə vəsf elədiyi Afaqı təkcə övladı, sonbeşiyi kimi yox, həm də xarakterindəki bütövlüyünə görə-qeyrətli, namuslu olduğuna görə çox istəyir. Babalarımız məhz belə misilsiz keyfiyyətləri nəzərdə tutub, "Aslanın erkəyi, dişisi olmaz" demişdir. Bu fikirlərə biz də tərəfdar olub təsdiqləyirik ki, doğrudan da, Afaq xanım qeyrəti yüz igid oğula deyən Azərbaycan qızıdır. Çünki o, bizim gözümüzün qarşısında belə bir mənəvi aləmin daşıyıcısı kimi özünü doğruldub.

Donub gözlərimdə min sevinc yaşım,
O mənim nəğməmdir, evim-eşiyim.
Qoy mübarək olsun 25 yaşın,
Afaqım, Afanım ? ay sonbeşiyim!

17 aprel 2005-ci ildə qələmə alınmış bu şeiri ilə Rəhman Mustafayev "Afanım" deyib əzizlədiyi sonbeşik qızı Afaq xanımı özünün evi-eşiyi adlandırmaqla yanaşı, həm də nəğməsi adlandırıb. Sözün həqiqi mənasında elə Afaq xanım Rəhman müəllimin yalnız övladı kimi deyil, həm də susmaz əbədiyyət nəğməsi kimi onun adına, əməllərinə layiq övladdır. Necə ki, Rəhman müəllim "babam, atam, özüm" deyərək bu triadanın mənəvi olaraq bir-birini qapayıb-tamamlamasını bəyan edirdi, eləcə də Afaq xanım da bir övlad olaraq öz saf arzu və diləkləri, pak əməlləri ilə atasının ləyaqətli varisidir. Deməli, buradan həm də o yekun nəticə çıxır ki, Rəhman Mustafayev bivaris deyil-yəni özündən sonra övladları qalıb, bədvaris də deyil-yəni bəd(pis), fərsiz, baş töhməti olan övladları da yoxdur, bunu ən azından onun bizim iş yoldaşımız olan sonbeşik övladı Afaq xanımın timsalında əyani olaraq gördük, bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, Rəhman Mustafayev xoşbəxt ata olub ki, onun cismani ömür yolunu layiqli vərəsələri-övladları və nəvə-nəticələri davam etdirib yaşadırlar. Bizcə, insanın əbədi yaşamaq arzusunun gərçəkləşməsi onun ləyaqətli övladlarının ömürlərində öz parlaq təcəssümünü tapır.
Özündən sonraya qoyub getdikləri əməlləri insanı yaşadır. Əgər bir tərəfdən kitabları yaşadırsa, digər tərəfdən də ləyaqətli övladları yaşadır onu-Rəhman Mustafayevdən qalan dünya budur!..

Seyfəddin Rzasoy,
AMEA Folklor İnstitutu
Mifologiya şöbəsinin müdiri,
Şakir Albalıyev, Mifologiya
şöbəsinin aparıcı elmi işçisi.