adalet.az header logo
  • Bakı 13°C
18 Avqust 2017 20:06
8978
LAYİHƏ
A- A+

Laçın qartalları

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

İndi hər bir ana övladını hərbi xidmətə qorxa-qorxa yola salır, məcburiyyət qarşısında qalıb dilucu razılıq verir. Arxasınca su atmaq da yadından çıxır. Dərddən, kədərdən, Ayna ana ürəyindən keçənləri dilinə gətirir:
- Görəsən, mənim oğlum əsgərliyə gedəndə hansı millətçi komandirin əmri ilə, hansı günahsız anaya güllə atacaqdır?
Ayna ana qoltuq ağaclarının köməyi ilə yaralı Ana abidəsinin yanından keçəndə, yaralandığı yerdə, abidənin qarşısında ayaq saxlayır. Həmişə gözləri dolur, ürəyini yaralı Ana abidəsinə boşaldır. Heç olmasa onun daş dərdlərinə şərik çıxmaq istəyirdi. Pıçıltısını ancaq o eşitdi:
- Görəsən, biz anaların nə günahı vardı? Mən insanam, deyə bilərlər ki, haradasa səhv eləmişəm. Bəs bu dilsiz-ağızsız daşlar nə günahın sahibidirlər görəsən?!
Yaralı Ana abidəsinin daş gözlərindən yaş yanağı ilə dığırlanıb havadaca donub yoxa çıxdı. Daş dodaqları bir neçə dəfə sayrıdı. Ha çalışdı nə isə desin, bacarmadı. Sözləri eləcə ürəyindəcə qaldı.
Bayaqdan Günəş anaların söhbətinə qulaq verirmiş, birdən pıçıldadı:
- Sizin günahınız ancaq günahsızlıqdır. Bir çevrilin arxaya baxın, dövrün haqsızlığı, ədalətsizliyindən başımıza bu oyunlar gəlir, oyanın ətrafınıza baxın. Mən elə bilirəm bu güllələr Ayna anaya, Ana abidəsinə yox, bütün azərbaycanlı analara dəymişdir.
Səhərisi Moskvadan, "Vremya" xəbərlər proqramında elan olundu ki, Azərbaycanın Laçın şəhərində Ermənistan SSR-nin Gorus rayonundan Stepanakert şəhərində yaşayan ermənilər üçün humanitar yardım aparan maşın karvanına "basmacılar" hücum edərək yük maşınlarını yararsız hala salmışdır. Yük maşınını sürücüləri xəsarət almışlar, hərbçilər müdaxilə etdikdən sonra sabitlik yaranmışdı.
Aprel 1990-cu il tarixli, 4 saylı "Azərbaycan qadını" jurnalında "Yaralı ana abidəsi" başlığı altında bədii-publisistik yazı dərc olunmuşdur.
Tarixin zəif məqamlarından laçınlıların bir xəbəri yox idi. Moskvada, Bakıda hakimiyyətdə kimlərin qalıb-qalmasından asılı olmayaraq güclü və müstəqil, yaxşı siyasi bacarığı olan vətənpərvər rəhbərliyin olmaması idi. Bu isə işbazlara, uzağı görməyənlərə bir imkan verdi. Belə insanlar üçün torpaq, vətən, dövlət adi bir içim su kimi görünürdü.
Dağlıq Qarabağda yaşayan soydaşlarımız öz doğma kəndlərindən köçürülməyə başladı. Köçlər Laçından gəlib keçirdi. Bu günə kimi mərkəzə ümid bağladığımız məqamda, get-gedə donu açılaraq əriyib suya dönür, sonra isə buxarlanıb yoxa çıxırdı. 1988-ci ildə Qərbi azərbaycanlıların çox böyük əziyyətlərlə düçar olmaları doğma yurdlarını tərk etmələri ardı Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan olmalı idi.
Dağlıq Qarabağ məsələsini Bakıda oturan hakimiyyət hərisləri də cilovlamaq iqtidarında deyildilər. Onlar da olmayan başlarını itirmişdilər. 1992-ci ildə bir qrup Laçınlılardan ibarət ziyalılar görüşə getmişdilər. Qısa söhbətdən sonra tapşırıq verildi ki, Laçın üç günə boşalmalıdı, bütün təşkilatların yük avtomobilləri Şuşaya, Laçına göndərilməlidi, yuxarıdan göstəriş var. Bu göstərişi kim vermişdi, onu da bilən yox idi.
Dəlidağın, Qırxqızın, Sarıbabanın, Calbayırın, Kirs dağlarının qoynunda heç nədən xəbəri olmayan əliyalın sakinlər başsız, ağsaqqalsız qalmışdılar. Hərə öz başının hayına qalmışdı. İmkanı olanlar gələn maşınlara pul, xalça, palaz verirdilər ki, heç olmasa ailə-uşaqları, bir dəst yatacağı Qubadlı yolu ilə Arana tərəf apara bilsinlər. 60 min nəfərə yaxın əhali pərən-pərən düşdü, Bakı, Sumqayıt və 58-ə yaxın rayonlara səpələndilər.
Buna baxmayaraq, Laçında yaradılan özünümüdafiə batalyonunda qeyrətli, vətənpərvər oğullarımız plansız olsa da döyüşürdülər ki, Ermənistan SSR-nin sərhədlərindən hücum olmasın. Baş plan belə imiş ki, Dağlıq Qarabağdakı ermənilər Ermənistanla birləşmək üçün Laçın koridoru açılmalı, sərbəst gediş-gəliş üçün özləri bu işlərə nəzarət etsinlər.
Belə də oldu. 25 ildir ki, Laçın koridoru ilə Dağlıq Qarabağ Ermənistanla birləşdirilmişdir.
Biz, laçınlılar isə düz 25 ildir ki, yollara, uzaqdan görünən başı qarlı dağlara baxa-baxa qalmışıq. 25 il bir igidin ömrüdür, bu ömrü məcburi köçkün kimi yaşamaq hansı haqqa ədalətə sığar?
Yetim uşaqlar kimi üzümüzə güləndə bir az irəli soxuluruq, birdən də üzlərini turşudanda məyus halda utanaraq əlimizi arxaya çəkirik, qızarırıq, bozarırıq, haldan-hala düşürük. Belə getsə yetim uşaqlar kimi küncdə, bucaqda ömrümüzü başa vuracağıq. Torpaqları azad edib o yerlərə qayıtsaq, bəlkə 304 nəfər laçınlı şəhidlərin 6 nəfəri Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının ruhu bizi bəlkə də bağışladı.

İsrafil Şahverdi oğlu
Şahverdiyev

11 iyun 1952-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1959-69-cu illərdə Unannovu kənd orta məktəbində təhsil almışdır. 1971-74-cü illərdə hərbi xidmətdə olmuşdur.
1975-ci ildə Laçın rayonu Daxili İşlər şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır. Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir milis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdı. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçısını ələ keçirmişdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun böyük rolu olmuşdur.
1991-ci ildə Qaladərəsi kəndinin azad edilməsi üçün plan hazırlanırdı. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkilməyə məcbur oldular.
İsrafil 1992-ci il sentyabrın 19-dan noyabrın 17-nə qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak etdi və onlarla erməni silahlısı məhv edildi.
6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil Şahverdiyevin rotası ilə döyüşə atıldı. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edildi. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə başa çatdı.
Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar var idi. Döyüşçü dostlarını xilas edən İsrafil pulemyotunu başına təzəcə keçirmişdi ki, qarşı tərəfdən atılan güllə onun həyatına son qoydu.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli, 262 saylı Fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. O, Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Laçın rayonundakı məktəblərindən biri İsrafil Şahverdiyev adını daşıyır.
Kamil Balədə oğlu
Nəsibov

08 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur.
1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirmiş və ordu sıralarına çağrılmışdır. Üç ildən sonra ordudan tərxis edilərək vətənə qayıtmışdır. 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1992-ci ildə Laçın rayonuna erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman Kamil Nəsibov könüllülərdən ibarət özünümüdafiə bölüyü yaratmış və özünün komandiri olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəy, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdir.

(ardı gələn sayımızda)