adalet.az header logo
  • Bakı 18°C
17 Avqust 2017 22:55
13165
ƏDƏBİYYAT
A- A+

Əyyub Paşa

("Məmməd koxa" poemasından bir parça)

Bir yanı İrəvan, bir yanı Qazax,
İgidlər aradım, elədim soraq,
Xalqının yolunda yandıran çıraq,
İsrafil ağadı, Məmməd koxadı.

Ağılda, zəkada bənzəyən Nuha,
Kömək, dayaq olan hər qəlbə, ruha,
Vətənə, torpağa, elinə arxa,
İsrafil ağadı, Məmməd koxadı.

Düşmənlə üz-üzə, dostla baş-başa,
Ümid, çıraq oldu elə, qardaşa.
Adı, qeyrətilə yaşayan qoşa,
İsrafil ağadı, Məmməd koxadı.

Elində məktəbdə təhsili quran,
Ürəyi xalq ilə döyünən, vuran.
Düşmən qarşısında mərdanə duran,
İsrafil ağadı, Məmməd koxadı.

Paşa, haqqı mərdə verərsə zaman,
Xalqının gözündə ucalar insan.
Qaraxda mərd ağa, koxa, qəhrəman,
İsrafil ağadı, Məmməd koxadı.
Qalmayıb

Ömrümü yaşadan odlu ürəyin
Zirvəyə çatmağa halı qalmayıb,
Ağarıb saçlarım qəmdən, kədərdən,
Solub, yanağımın alı qalmayıb.

Şirini-şəkəri olan dilimin,
Əyilib şuxluğu, gücü belimin,
O daraq batmayan qıvrım telimin,
Rəngi ağarıbdı, çalı qalmayıb.

Dolub kövrəlirəm doğma elimdə,
Məni əzizləmir indi gülüm də,
Ruhları oxşayan şirin dilimdə
Nə şəkər, nə nabat, balı qalmayıb.

Bezmişəm yalançı işvədən, nazdan,
Mənə əzab verən ağlı dayazdan,
Bu sonsuz bəladan, yalan murazdan
Solubdu, lalənin xalı qalmayıb.

Gizləmək olmayır sonsuz heyrəti,
Kişidə kişilik qalmayıb qəti.
Harınlar bir günə salıb milləti,
"Dilboz"u çapmaqdan halı qalmayıb.

Barımı yeyiblər, lüt qalıb bədən,
Doymayır görməmiş o həris gödən,
Paşanın bağında bəslənib bitən,
Arzu meyvəsinin kalı qalmayıb.
Niyə qocaldım?!

Doğuldum arzutək, sonsuz diləktək,
Ömrümü Tanrımdan sanki borc aldım,
Ötdü gəncliyimin qayğılı çağı,
Necə də əlçatmaz xoşbəxt vüsaldım.

Arzular gül açdı ilk baharımda,
Qoşa izlər saldıq qışın qarında,
O alagözlümün dodaqlarında
Qəlbində, gözündə sanki xəyaldım.

Sığındı sinəmə od salan mələk,
Vulkantək alışdım mən püskürərək,
Yaşamaq eşqilə çağladı ürək,
Gileysiz yaşadım, ərşə ucaldım.

Tanrımın Paşaya payı azıymış,
Bəlkə də bu dünya oyunbazıymış,
Qismət ömrüm üçün sirli yazıymış,
Axı nə yaşadım, niyə qocaldım?!

Dağlara, dağlara

Sərin-sərin yağış yağır,
Yenə dağlara-dağlara,
Duyanları səslə, çağır,
Ünə dağlara-dağlara.

Gah güclənir, gah səngiyir,
Ürəyimi həsrət yeyir,
Şirin-şirin mahnı deyir,
Sinə dağlara-dağlara.
Nə şirindi pendir, lavaş,
Cığırları təkcə dolaş,
Bu yoxuşu çıxaydım kaş,
Binə, dağlara-dağlara.

Min ətir var hər gülündə,
Mahnılarım el dilində.
Uşaqlığım at belində,
Enə dağlara-dağlara.

Paşa, dostlar olsun agah,
Ümidlimi gələn sabah?
Ürəyimi kövrəldən ah,
Dinə dağlara-dağlara.

Gah yanırsan, gah yanmırsan

Qədrimi, qiymətimi
Gah anırsan, gah anmırsan,
Sənə olan hörmətimi,
Gah qanırsan, gah qanmırsan.

Gəncliyimin şirin balı,
Ay kamallı, ay zəkalı,
Sənə qovuşan vüsalı,
Gah danırsan, gah danmırsan.

Səcdə etmərəm adına,
Qaldın Tanrı umuduna,
Əyyub Paşanın oduna
Gah yanırsan, gah yanmırsan.