adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Avqust 2017 22:43
9722
LAYİHƏ
A- A+

ŞƏKİ ƏHVALATLARI

(əvvəli ötən sayımızda)

Bu özü bir tarixi hadisədir. Yoldaş katib sizdən xahiş edirəm bu hadisəyə görə nə cəza versəniz, bizə verin. Burda nə teatrın direktorunun, nə mədəniyyət şöbəsi müdirinin günahı yoxdur. Bu baş rejissorla mənim aramızda olan fikir ayrılığının nəticəsində ortaya çıxıb, cəzanı da bizə verin.
Mirzənin bu açıqlamasından sonra kabinetdə pıqqıllaşma olur. Əslində hadisənin nə səbəbdən baş verdiyini hamı bilirdi. Amma heç kim bunu dəqiqliyi ilə açmamışdı. Elə birinci katib özü də hadisənin əsasını bilsə də ondan yan keçərək müzakirəni başqa istiqamətə yönəltmişdi. Çıxış edən büro üzvləri də birinci katiblə Mirzənin gizli dostluq münasibəti olduğunu bildikləri üçün teatrın direktoru ilə mədəniyyət şöbəsi müdirini hədəf seçmişdilər. Mirzə dolayısı ilə günahkar baş rejissorla mənəm deyəndə, büro üzvləri özlərini gülməkdən saxlaya bilmədilər.
Birinci katib yenə üzünü kənara tutub gülməmək üçün özünü bir az da ciddiləşdirib deyir:
-Teatrın direktoruna töhmət, baş rejissora şiddətli töhmət verilsin. Mirzə Abdulcabbar işdən azad edilsin!
Budan sonra Mirzə Abdulcabbar gedib Bakı şəhərində yaşayır və ömrünün sonuna kimi kinostudiyada işləyir. Böyük şəhərdə Mirzə Abdulcabbar tanınmış şəxsiyyətlər Xalq şairi Bəxtiyar Vahabzadə, Xalq artistləri Lütvəli Abdullayev, Əlövsət Sadıqov, yazıçı, dramaturq Sabit Rəhman, Azərbaycan Neft Sənayesi Naziri Bəxtiyar Məmmədov, akademiklər Əzəl Sultanov, Məcid Rəsulov, Mahmud İsmayılov, professorlar Teyyub Əfəndiyev, Məmmədsadıq Sadıqov və bir çox şəkili ziyalılarla dostluq edir. Onu həmişə, adətən, kişilər məclisinə dəvət edirdilər və Mirzə başına gələn əhvalatları, lətifələri özünə məxsus ustalıqla danışıb məclisi şənləndirərdi. Həmişə ağır iş şəraitində çalışan yüksək vəzifə adamları, elm xadimləri belə məclislərdə həm istirahət edir, həm də bir-biriləri ilə səmimi ünsiyyətdə olurdular. Mirzə Abdulcabbar hər dəfə belə məclislərə axtarıb yeni tapdığı, Bakıda yaşayıb işləyən şəkililəri dəvət edir, həmyerlilər arasında dostluq körpüsü rolunu oynayırdı.
Gözümdə qalıb

Mirzə xəstələnib ömrünün son günlərini yaşayanda, dostları onu görməyə gəlirlər. Onlardan biri sual verir:
- Mirzə, bu dünyada elə bir iş olub ki, sən o işi etmək istəmisən, amma qismət olmayıb, edə bilməmisən?
Onun yanında olan digər dostları yerbəyerdən cavab verirlər ki;
- Yox, dünyada elə bir şey ola bilməz ki, Mirzə o işi etməsin. Və hamısı gülüşürlər. Mirzə sakit dayanıb fikrə gedir. Dostları soruşurlar:
-Ay Mirzə, səsin çıxmır, yəni elə bir şey ola bilər ki, sən onu etməyəsən, gözündə qala?
Mirzə yenə susur və xeyli düşündükdən sonra cavb verir:
-Hə, bir iş var, onu etmək ömrüm boyu mənə qismət olmayıb.
Hamı maraqla Mirzəyə baxır. Doslarından biri deyir:
-Mirzə, sağlıq olsun, xəstəliyin ötüb gedər, ayağa qalxarsan, onu da eləyərsən, amma de görək o nə işdi elə ki, sən onu edə bilməmisən?
Mirzə sakit nəzərlərlə dostlarına baxıb, bic-bic gülümsəyir və deyir:
- Bilirsiniz o iş nədir? Mən yazıq ömrümdə bir dəfə də olsa ərizə yazıb işdən çıxmamışam, həmişə, hər yerdə məni işdən qovublar.
Nəsə bir şey olacaq

Mirzə Abdulcabbar işsiz qalan vaxtlarında bir müddət məscidə gedir, ibadətlə məşğul olur. Hərdənbir də yaxın kəndlərə gedir, evlənənlər üçün molla nikahı yazır, beş-on manat pul qazanır. Kənd mollaları bundan narazı olub cümə məscidinə gəlib, rəhbərliyə Mirzədən şikayət edirlər. Məscidin axundu Mirzə Abdulcabbarı cağırır yanına və ona öz etirazını bildirib deyir:
- Mirzə, eşitmişəm kəndlərə gedib molla nikahı kəsirsən?
Mirzə axudun sualına sualla cavab verir.
-Axund əmi, nikah kəsmək qadağan olub ki?
-Yox, qadağan olmayıb. Amma sənə olmaz!
Mirzə təəccüblə sual edir:
-Mənə niyə olmaz ki, axud əmi. Qaydasını bilirəm, hamı necə yazır mən də elə yazıram.
Axund kinayəli nəzərlərlə Mirzəyə baxıb deyir:
-Mən eşitdiyimə görə, sən araq-zad içirsən, qumar oynayırsan, nə bilim başqa pis-pis işlər görürsən, ona görə də sənə olmaz! Sən kəsən nikahdan əmələ gələn nə olar?
Mirzə axunda baxıb bir müddət gülür. Axund onun bu hərəkətindən bir qədər də qəzəblənir və deyir:
-Niyə gülürsən, mənim sualıma cavab ver, sən kəsən nikahdan əmələ gələn necə adam olacaq?
Mirzə axunda deyir:
-Axund əmi, sən kəsən nikahdan mən olmuşam, mən kəsən nikahdan da nəsə bir şey olacaq. Hər halda nəticəsi sən kəsən nikahdan pis olmayacaq!
İstəyirsən düş, istəyirsən düşmə

Bir gün Mirzə Abdulcabbar axşam evlərinə gələndə görür anası peçin yanında böyük yun şala bürünüb, qaranlıqda oturub. Mirzə içəri girməmiş anasından soruşur ki, bəs işığı niyə yandırmamısan?
Anası cavab verir ki, evimizə gələn elektrik xətti yolda şalmandan qırılıb, get şalmana çıxa bilən mantyor tap, qırılan məftili şalmandan calasın. Mirzə baş üstə, ay ana, bu saat etdirərəm, - deyib çıxır küçəyə. Qonşulardan soruşur və şalmana çıxa bilən mantyor tapıb gətirir. Ona göstərir ki, bax evimizə gələn elektrik xətti qırılıb, çıx şalmana onu calaşdır. Mantyor bir söz deməyib çıxır şalmana və necə lazımdır işini görür. Mirzə baxır ki, evlərinin işığı yandı, tez mantyordan soruşur:
-Qardaş oğlu, sənə borcum nə olacaq.
Mantyor məftilləri bir-birinə sarıya-sarıya deyir:
-Mirzə 3 manat.
Mirzə yenə sual verir ki;
-Niyə 3 manat?
Mantyor deyir:
-Mirzə, bir manat şalmana çıxmaq, bir manat məftili bağlamaq, bir manat da düşmək.
Mirzəyə də elə bu cavab lazım imiş. Deyir:
- Allah ölənlərinə rəhmət, qalanlarına can sağlığı qismət etsin. Şalmanın dibinə 2 manat qoyuram. Şalmana çıxmağın və məftili bağlamağın pulu. Mənə bura qədər lazım idi. İndi istəyirsən aşağı düş, istəyirsən düşmə özün bilərsən.
Çingiz Ənvəroğlu,
"Qızıl qələm"mükafatı laureatı

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ