adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
17 Avqust 2017 14:54
8764
İDMAN
A- A+

“Səhv etməyə haqqımız yoxdu”

"Çox yaxşı oyun keçirdik. Rəqibə təzyiq etməklə, qələbə qazanacağımızı bilirdik. Düzgün oynadıq”. 

Adalet.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.

Bosniyalı qolkiper ölkəsinin mətbuatına açıqlamasında Ağdam klubu haqda danışıb. O, "Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen”lə keçirdiyi ilk oyunu (1:0) dəyərləndirib.

Şehiç Danimarkadakı matçın daha çətin keçəcəyini qeyd edib: "Cavab qarşılaşması bizim üçün daha ağır olacaq. "Kopenhagen” öz meydanında əla oynayır. Bu mənada, səfərdəki görüşü də yaxşı keçirməliyik. Bilirik ki, danimarkalı azarkeşlər stadionu dolduracaqlar. Sözsüz ki, bu, "Kopenhagen”i daha da ruhlandıracaq”.

Təcrübəli qolkiper bildirib ki, Azərbaycanda avrokubok oyunları zamanı bütün ölkə sevinir: "Hazırda Azərbaycan klublarından avrokubokda yalnız "Qarabağ” mübarizə aparır. Buna görə də, hamı bizdən, o cümlədən məndən yazır. Mən isə komandamın uğurlu çıxışını davam etdirməsi üçün yalnız irəliyə baxıram. Səhv etməyə haqqımız yoxdu. Çempionlar Liqasının qrupuna düşmək üçün daha bir vacib oyundan yaxşı nəticə ilə ayrılmalıyıq. Əsas odu ki, hər bir futbolçu hazır olsun və matça köklənsin. Onda nəticə qazanmaq mümkün olur”.

Şehiç paralel olaraq, Azərbaycan Premyer Liqasına da ciddi yanaşdıqlarını vurğulayıb: "Avrokubokla yanaşı, çempionatda da mübarizə apardığımızdan, tez-tez fərqli heyətlə oynayırıq. Bu, növbəti çempionat görüşündə də belə olacaq. Nəticədə futbolçular gümrah qalacaqlar. "İnter”lə matçda da qələbəyə ümid edirik”.

Qeyd edək ki, "Qarabağ" və "Kopenhagen" arasındakı cavab oyunu avqustun 23-də keçiriləcək.