adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Avqust 2017 23:36
4227
GÜNDƏM
A- A+

Rəssam

(hekayə)
Allahverdi Eminov
(əvvəli ötən sayımızda)

Yarımçıq qalmış qızın yumşaq baxışları həmsöhbət axtarırdı, jaləli dodaqlarında hələ ehtiras cücərməmişdi. Bu qız may yasəməni kimi təravətli olmalıydı, yanaqları alma çöhrəli uşağı xatırlatmalıydı. Rəssam portretin görünüşünü dəyişmək istədi, ehtiyac duymadı: - Bütün yeniyetmə qızlar bir-birinə oxşayır, - deyib, bir də şəklə baxdı. - Növrəstə qızlar aşkar olmayan xəyaldılar, onlara sərt müdaxilə günahdır. Onlar o vaxt ağlayır - ümidləri boşa çıxır, qəlbləri qorxuya düşür, sonra bir həmyaşıd oğlanın təbəssümü, bir vərəq məktubu ümid işığı səpir könüllərinə, dodaqlarında təbəssüm cilvələnir, talelərinə inanırlar.
Rəssam bir həftə - tək günlər aşxanaya gəlir, köhnə müştəri hesab edib özünü - salamlaşır, adət etdiyi sifarişi təkrarlamır. Küncdəki yer isə boş qalır, elə bil cadu çəkiblər, orada oturmaq fəsad törədər. Rəssamın bu hiss ürəyində fırlandı və fəhminə inandı.
Bir gün aşxanaçı kişinin özü söz saldı:
- O biheybətəoxşar adamın ayağı kəsilib bizdən. - Bir qədər təəssüflə dilləndi. - Ürəyinə damıb yəqin ki, bura onun yeri deyil, burada şairlər, alimlər, sizin kimi ziyalılar nahar edir. Biz də canbaşla qulluq göstəririk. Şairləri anlayırıq, bu aylarda rayonlara gedirlər, görüşlərə çağırırlar, ürəyini boşaldırlar.
O, bu sözləri stəkana qazlı sudan süzərkən dedi və içəri girən nəfərin salamını aldı. - Şair deyil, ancaq arabir dəmlənəndə şeir deyir sinədən. Bəlkə özünündür? - İzahını verib rəssamdan aralandı.
Rəssam üç gün emalatxanada sərasər işlədi, gecə saat on birə qədər, qatilin cizgilərini ümumiləşdirməyi qərara almışdı. - Dünyanın hər yerində manyak - qatillər sifətcə də bir-birinə oxşayır, necə ki, xasiyyətləri eyni cürdür, - düşünür, xəyalında yaradır, amma bütün cizgilərini köçürmürdü. Sonra gəlib aşxanadakı naməlum müştərinin simasında dayanırdı. - O, adam ya qazamatdan təzə canını qurtarıb, ya da məşəqqətli həyatını yaşayır. Birinciyə daha çox bənzəyir, gözlərindən qığılcım çıxır, dişləri seyrəkdir, nəfəs alanda burun deşikləri balıq qulağı kimi genişlənir, qapanır. Girinə kim keçsə inanmıram canını salamat çıxara. İşıq düşən gözündə titə gördüm, bıçaq zədəsidir o, - yanılmaram.
Rəssam özündən soruşdu: - Bəs qətlə yetirilən qızı necə çəkim? On üç yaşlı qızlar. - Fırçanı malbertin üstünə qoydu, siqaret yandırmaq üçün pəncərəyə doğru getdi. - Qızın başını yumşaq saçlar haləsində çəkim? Manyakı isə. - Siqareti yarıyacan çəkdi, kötüyünü külqabıda əzdi. - Qatillər arıq olur. Onun qabırğaları dərisinin altından qəbirstanlıqda ot basmış uşaq qəbrinin daşları kimi görünür. Əllərində qızlara məxsus alabəzək çarqat tutmuşdur. Naməlum otaqda işıq çırpınır, tavandan su damır, milçəklər ləkə düşmüş pəncərədə sürüşürlər. Qızın dodaqları susuzluqdan gömgöy göyərmişdir, təhqirdən doğan göz yaşları yanaqlarını bal arısı kimi sorur.
Rəssam bu xəyali cizgiləri reallaşdırmaqdan vaz keçdi: - O qız tanınmamalıdır, nə günahın sahibidir, mənim nə haqqım. Amma o əclaf vampir - qatilin sir-sifəti, əlləri, çürüməkdə olan bədəni görünməlidir, yaddaşlara köçməlidir, gələcək qurbanlar kəsilməsin.
Beşinci gün - rəssam bir gün emalatxanaya gəlmədi, - ürəyinin sızıltısı başlamışdı - naməlum portret kətana həkk olunmuşdu. Belə sürətlə yaranmasını rəssam təbii saydı, ona görə ki, daxili qəzəbdən hasilə gəlmişdi, günahsız qızın nakam həyatına son qoyulmuşdu bir manyak tərəfindən. Heyif ki, polislərin çənginə keçməmişdir o heyvan - adam.
Sərgi dənizkənarında - sahil bulvarında açıldı, ən nüfuzlu rəssamların işlərindən ibarətdi, gənclərə də yer verilmişdi. Rəssam bir portretlə təmsil olunmuşdu, təhvilin səhərisi ürəyi ağrıdı, sızıltıları başladı.
Səhərisi rəssam sərgiyə gəldi, qələbəlik vardı, cari ilin ilk sərgisiydi. O, əsərinin hansı sırada qoyulduğundan xəbərsizdi. İlk eksponatdan başladı. Təxminən ortalarda bir şəklin qarşısında xeyli adamın toplaşdığını görəndə, sümüyü sızladı. Polislərdən diqqətini yayındırmadı. Və çatıb bulvarın üst qatındakı daş hasara söykəndi. Təxminən yarım saat keçmiş, şəklin qarşısındakılar çəkildilər, manyak - qatil apaydın göründü. Polis zabiti bir-iki addım eksponata yaxınlaşdı və qəzəbini boğmadı:
- Bu əclafı haçandan axtarırıq da! - Əlini uzatdı. - Rəssamını tapmaq gərək, necə var çəkib də!
- Şübhəli məsələdir. - Digər polis zabiti söz atdı və üçüncü həmfikrinə yaxınlaşdı. - Rəssam bu qatili haradansa tanıyır, - deyib burnunu ovuşdurdu. - Şübhələnirəm, yoldaş mayor.
Məsələ deyəsən böyüyəcəkdi, hələ də daş məhcərə söykənən rəssam susmağı üstün tuturdu. Yandırmaq istədiyi siqareti damağında hərlədirdi, polisləri də gözdən buraxmırdı. Amma qürurlanırdı, hədəfi düz tapmışdır, fantaziyası aldatmamışdır.
- Ciddi məsələdir. - Birinci zabit nəhayət fikrini çatdırdı. - Bu neçə aydır axtarırıq, bir şey çıxmır, manyakın şəkli də yoxdur ki...
- Şəkli olsaydı, daha nə qalırdı? Damlamaq, iri dişlərini bir-bir qoparmaq, təpəsinə çırpmaq! Deyirsən halva olsun?
- Rəisə zəng at. - Polis mayoru nəhayət qərar verdi. - İpin ucu tapılmışdır, yoxsa başı ağrıyacaq, bu şəhərdə bir manyakın əlində yüzlərlə polis girincdir.
İkinci polis zabitinin sözlər xoşuna gəlmədi, birbaşa onlara toxunurdu.
- Bir manyak olsa dərd yarıdır. - Əlini arxasına aparıb tapançasını yoxladı. - Şəhər bundan da betər manyaklarla doludur, - deyib dərhal ağzını əliylə qapadı, yan - yövrəsinə baxdı və bir nəfərin zənnindən ehtiyatlandı. - O mənada deməzdim. - Özünə haqq qazandırdı. - Kimdirsə bu rəssam şübhə doğurdu, dəqiq çəkib, manyakın siması, boy-buxunu, gözləri, dırnaqları belə olur. Şöbədə onların fotoları var. Hayıf bu istedada, manyaklarla əlaqəlidir. - Bir addım da irəli yeridi. - Baxmısız? Xahiş edirəm! Qızı öldürən o qatildir, rəssamı tapmaq lazımdır, rəis çata-çatdadır.
Rəis göründü, onlara yaxınlaşdı birbaşa. Əyilib şəkildə baxışlarını saxladı:
- Axır ki, ilişdin əclaf köpəkoğlu, - deyib naməlum adamın üzünə nəzərini saldı. - Halal olsun belə istedadlı rəssamlara, qurbanları ayıqlığa çağırır. - Susdu. - Hm. - Şübhələnirsən, ay yoldaş tamaşaçı. Bəlkə burada müəmmalı iş var. Bəlkə elə o rəssamın özü? Hm. Belə dedektiv hadisələr məgər azdır? - Mayor zabiti təbəssümlə süzdü. - Rəssamlar İttifaqına, onlar rəssamı tapıb şöbəyə gətizdirsinlər. Sabaha qoymayaq. Bəlkə heç şəhərdə yoxdur. Hm.
Rəssam siqaretini çəkmişdi. Kinayə ilə polis zabitlərinə baxır, nəsə sual vermək istəyirdi.
- Bəli, gəlsin sərgiyə həmin rəssam. Siz polislərə necə də kömək etmək istəmişdir. Siz öz müşahidələrinizi davam etdirin. - Əlini naməlum qızcığaza uzatdı. - Heyif o növrəstənin portretini rəssam cızmamışdır. Bu da müəmmalıdır. - Güldü və əlini rəisə uzatdı. - Vurun bura, - deyib əlavə elədi. - Yəqin tanıdığından utanıb portretini çəkməyə.
- Məni anladız. - Polis mayoru rəssama üzünü çevirdi. - Xoşbəxtlikdən o manyakı tanıyır. - Saatına baxdı və rəisə astadan dedi. - Vaxt keçir, rəssamdan bir xəbər yoxdur hələlik.
Bu ara araya qarışıq düşdü. Uzaqdan nimdaş plaşını belinə dolayan bir kişi onlara sarı qaçırdı, sanki vəzifəli adamın çağırışına gecikirdi. Polislər də heyrətləndi və əllərini yan arxalarına apardılar.
Qaçan adamın tövşüməsi eşidilir, arxasınca üç nəfərsə ona nəsə deyirdi, birinin aydın və nazik səsi eşidilirdi:
- Sənin portretini rəssam çəkib, bax, burdan asılıb. Bax odur, polislər də ona baxırlar. Əclaf heyvan, vampir, binamus. - Söyüşlər qəpiyə düşmüşdü.
Qaçan biheybət şəklin qabağında dayandı, ayaqlarını asfalta dirədi sürüşməsin, yoxsa portretə toxunacaqdı.
- Bu adamı görmüşəm. - Xırıltılı səslə polislərin hələ tanımadığı adama - rəssama baxdı. - Aşxanada, o aşxanada araq içirdi. - Sanki qiymətli hadisədən xəbər tutmuşdu. - Buraxın onu! - Əlini kostyumun sol döş cibinə atdı və özüaçılan düyməli fin bıçağını çıxartdı. Bıçağın gümüşü tiyəsi parladı. - Buraxın onu, onu aşxanada görmüşəm, araq içirdi!
Bıçaq əlində taxta çərçivəyə salınmış portretin qabağında ayaqüstə dayandı, bıçağı kətana çəkdi və qızın şəklinə qədər yeritdi. - Bu günahsız yeniyetməni bu əllərimlə öldürmüşəm, sonra boğmuşam. Yalvarırdı İlahiyə! İlahi eşitmirdi onun imdadını, məndim yalnız eşidən! O gündən yuxumdan qaçmır, hər gecə ruhu oyadır məni! - Birdən bıçağı ürək nahiyəsinə sancdı, dizini qızcığazın ayaqları altında qatladı. Bıçaq əlində qan qusurdu, özünü öskürək boğurdu, nəsə söz deməyə çalışırdı, seyrək dişləri arasından çıxmırdı, külək kimi vurnuxurdu.
Rəssam manyaka yaxınlaşdı, xırda gözlərinin işığı sönmüşdü.
Rəssam gözlərini yumdu: Meyidin başı üstündə çalağan qanad çalırdı, ölünün partlaşıq saçlı başını gözaltılamışdı.