adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Avqust 2017 21:34
14223
MARAQLI
A- A+

Şirlər haqqında bilmədiklərimiz

Bu yaxınlarda Ümumdünya Şirlərin Mühafizəsi Günü qeyd olunub.

Trend "heyvanların şahı" hesab edilən şirlər haqqında maraqlı faktları təqdim edir:

1. Şirlərin çəkisi 350 kq-dək ola bilər. Buna rəğmən Afrika yırtıcıları arasında ən kiçik (bədəninin ölçüsü və çəkisinə görə) ürək sahibləri də elə onlardır. Yeri gəlmişkən, beyinlərinin ölçüsü də çox kiçikdir.

2. 15 əsr bundan əvvəl şirlər Avropada da yaşayırdı. Amma əfsuslar olsun ki, güc və cəsarət rəmzi hesab olunmalarına baxmayaraq, insanların sayəsində nəsilləri tükəndi.

3. Şirlər Afrikanın ən tənbəl yırtıcıları sayılır. Tox vaxtlarında ov etməzlər. Yalnız qızmar günəş və ya hər hansı təhlükə tox şiri yerindən tərpənməyə vadar edə bilər.

4. Şir ailəsində (prayd) yaşama uğrunda mübarizənin bütün ağırlığı dişi fərdlərin üzərinə düşür. Uşaq dünyaya gətirir, qida ilə təmin edir və savanna yoldaşlarının tox qalmaları üçün ov da edirlər. Amma bəzən fors-major halları da olur. Məsələn, zürafə və kəlləri ovlayan zaman güclü erkəyə ehtiyac olduğu üçün ailə başçısı da ov zamanı dişilərinə qoşulur.

5. Cavan şirlər "ailə qurandan" sonra cütləşmək üçün praydı təqribən iki həftəlik tərk edirlər.

6. Erkək şirlər həddi-büluğa 2 yaşında çatırlar: saçları uzanır və nərildəməyi öyrənirlər.

7. Nəriltiləri 10 km məsafədən də eşidilir.

8. Ova, əsasən, gecə vaxtı çıxırlar. Görmə qabiliyyətləri insanlarınkından 6-7 dəfə daha güclüdür.

9. 30 dişdən ibarət çox güclü çənələri var. Amma bundan çox vaxt yalnız cəmdəyi parçalamaq üçün istifadə edirlər. Yeməyi çeynəmir, udurlar.

10. Balaca şirlər çox kiçik ölçüdə dünyaya gəlir, çəkiləri təqribən 1,5 kq olur. Adi küçə pişiklərindəki kimi görmə qabiliyyətləri də olmur. Lakin 7-10 gündən sonra artıq görməyə başlayır, daha sonra özləri sərbəst gəzib-dolana bilirlər.