adalet.az header logo
  • Bakı 20°C
15 Avqust 2017 22:50
22601
SİYASƏT
A- A+

“Anam elə bilir ki, Şahbaz Rusiyadadır” – Kəlbəcər girovunun bacısı

Erməni girovluğunda olan Şahbaz Quliyev uzun müddətdən sonra ailəsinə məktub göndərib.

Adalet.az xəbər verir ki, bu barədə AzVision.az-a girovun bacısı İradə Quliyeva bildirib. Onun sözlərinə görə, Şahbaz məktubda vəziyyətinin normal olduğunu yazıb.

"Nəhayət, bu həftə qardaşımdan məktub aldıq. O, vəziyyətinin yaxşı olduğunu yazıb. Dediyinə görə, guya səhhətində problem yoxdur. Qardaşım ailəsi, xüsusən də anamız üçün darıxdığını qeyd edib. Məktubda yazıb ki, "anama yaxşı baxın, onu tək qoymayın”. Anam hələ də Şahbazın Rusiyada olduğunu hesab edir. Biz ona Şahbazın girov götürüldüyünü deməmişik. Hərdən Şahbazın ailəsinə, balaca qızına baş çəkirik. Onlar Şahbaza görə çox narahatdırlar. Bizim tək dərdimiz odur. İnanırıq ki, yaxın vaxtlarda girovlar öz azadlıqlarına qovuşacaqlar”.

İ.Quliyevanın bildirdiyinə görə, bu yaxınlarda aidiyyatı təşkilat tərəfindən onlara Şahbazın girovluqda olan şəkili göstərilib: "Paltarı, saçı səliqəli idi. "Məhkəmə” zamanı onun vəziyyəti daha pis idi. İndi nisbətən dəyişilik var”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.