adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
15 Avqust 2017 13:47
5056
İDMAN
A- A+

Elxan Abdullayevin söydüyü azarkeş danışdı

"Neftçi”nin baş məşqçisi Elxan Abdullayevin azarkeşlərlə çəkişmələri bitmək bilmir ki bilmir. Hər şeyin ötən mövsümdə qaldığını düşünürdük. Lakin belə deyilmiş. Premyer-liqanın startı ilə Abdullayev də fəaliyyətini bərpa etdi. Söhbət çempionatın açılış oyunu olan "Neftçi” – "Qarabağ” matçında (1:3) yaşanan hadisədən gedir. Ötən sayımızda xəbər verdiyimiz kimi, fasilədə Elxan bəy bir fanatı təqir edib. Həmin azarkeş Əlinağı Hüseynzadə olub. Hüseynzadə həm də "İctimai” Televiziyanın əməkdaşıdı. Lakin oyunlara sırf azarkeş kimi gəlir. O, "Neftçi”nin məğlub durumda olduğunu görüb, əsəblərini cilovlaya bilməyib. Komandalar fasilədə paltardəyişmə otağına yollanarkən Əlinağı baş məşqçiyə yaxınlaşaraq, "Neftçi” sənlik deyil, çıx get” deyib. Onun cavabı isə sərt olub – "get, s…” burdan! Üstəlik, Elxan bəy fanatın tribunadan uzaqlaşdırılmasını istəyib. Təhqir olunan Hüseynzadə ardınca PFL prezidenti Ramin Musayevə yaxınlaşıb və şikayət edib. O da vəziyyəti anladığını, söhbətin şişirdilməməsini istəyib. Buna baxmayaraq, polis və mühafizə xidmətinin əməkdaşları Əlinağını VİP lojadan kənarlaşdırıblar. Məsələ ilə bağlı özü ilə danışmağı lazım bildik. Çünki Abdullayevin azarkeşlərə münasibətdə belə hərəkətlərinin ardı-arası kəsilmir. Bir müddət əvvəl də o, "Forza Neftçi” üzvlərini xuliqan adlandırmışdı. Hüseynzadə hadisəni olduğu kimi danışdı. O heç nədən təhqir olunduğunu söylədi: "Mən stadiona azarkeş kimi getmişdim. Baxmayaraq ki, özüm də media işçisiyəm. "Neftçi” formasında fotolarım da var. Həmişə tribunada oluram. 1999-cu ildən "Neftçi” fanatıyam. Hətta səfər matçlarına belə gedirəm. Ramin Musayevdən tutmuş "Neftçi” əməkdaşlarına kimi hər kəs məni tanıyır. Onlar bilirlər ki, mən necə azarkeşəm. Bu klubu sevənlərdən biriyəm və belə də qalacam. Bu gün nəticələr pis ola bilər. Amma "Neftçi” adlı tarixi heç kim silə bilməz. "Qarabağ”la oyunu da VİP zonadan izləyirdim. Şirkətin vəsiqəsindən məhz VİP lojada əyləşmək üçün istifadə edirəm. İlk hissədə komanda bərbad futbol oynadı. Buna futbol demək olmazdı. Artıq əsəbdən yerimdə otura bilmirdim. Nə qədər vaxt keçib, amma heç bir dəyişiklik yoxdu. Gözləyirdik ki, fasilədə nəsə dəyişər. Abdullayev özü dəfələrlə söz vermişdi ki, yaxşı olacaq, komanda güclənəcək. Amma dəyişiklik yoxdu. Hər şey sıfırdı. Oktyabrda Elxan gələndə necə idisə, indi də elə qalıb. VİP lojanın önü polislərlə dolu idi. Komandalar tribuna altına gedəndə düşdüm aşağı, məhəccərə yaxınlaşdım, Abdullayevə dedim ki, "artıq bezmişik, "Neftçi” sənlik deyil, çıx get”. Aramızda cəmi 2 metrə məsafə var idi. Özü də mənə baxırdı. Sonra məni təhqir etdi. Mən cavab qaytarmamış getdi. Fasilədən sonra yenə aşağı düşüb dedim ki, sən məni niyə söyürsən? Dedi, yaxşı eləmişəm. Mən də eyni cür onu söydüm. Sonra polislər işə qarışdı. Göstəriş verdi ki, bunu aparın. Getdim oturdum yerimdə. Bu arada bir nəfər mülki geyimli şəxs yaxınlaşdı. Dedi ki, biz bilirik azarkeşsən, əsəbisən, sakitliyə riayət elə. Mən də olanı ona danışdım. O, məni ordan uzaqlaşdırmaq istəyirdi. Deyirdi ki, bura VİP yerdi, hörmətli adamlar oturub”.
Azarkeş deyir ki, özü Ramin Musayevə yaxınlaşıb, şikayət edib: "3-cü qoldan sonra əsəblərim tab gətirmədi. İndiyə kimi heç kim məni təhqir etməyib. Getdim Ramin müəllimin yanına. Olan hadisəni danışdım. O dedi ki, söhbətdən xəbərim var. Lakin xahiş etdi ki, şişirtməyim. Üstəlik, mən hərəkətimə görə Musayevdən üzr də istədim. O da başa düşdü, əsəbləri cilovlamağı məsləhət gördü. Bu arada xeyli polis gəldi. Məni ordan uzaqlaşdırdılar. Düşdüm aşağı. Sonra PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev yanıma gəldi. Onu Ramin müəllim göndərib ki, birdən bölməyə apararlar. Aslan polislərlə danışdı, sonra qalxdım yuxarı”.

Hüseynzadə Elxan Abdullayevin istefasını və ya üzr istəməsini tələb edir: "Xeyr, oyundan sönra mənə heç kəs zəng etmədi. Çoxunun söhbətdən xəbəri yox idi. Ən birinci istəyim Elxanın "Neftçi”dən getməsidi. Getməsə belə, çıxsın məndən üzr istəsin. İndiyə kimi atam mənə "qələt edirsən” deməyib. Elxan kimdi ki, məni təhqir etsin? Onun nəinki məni, heç bir azarkeşi söyməyə ixtiyarı yoxdu”.

Fanat Abdullayevi həm də komandanı qorxaq futbol oynatmaqda suçladı: "Neftçi”nin bu günə düşməsində əsas günahkar Çingiz Abdullayevdi. Üstəlik, məşqçi seçimində düzgün addım atmayıblar. Elxan gələn gündən deyirdi ki, bu heyət mənim deyil. Yanvarda komandanın 50 faizi dəyişdi. Yenə dedi ki, yeni heyət lazımdı. İndi isə həmin heyətdən bir nəfər qalıb – Məqsəd İsayev. Oktyabrda düz bir il olacaq ki, Abdullayev "Neftçi”dədi. Amma heç bir irəliləyiş görmürük. "Qarabağ”a uduzmaq olar. Burda qəbahət heç nə yoxdu. Biz İtaliya "İnter”inə də uduzmuşduq. Amma hansı oyunla? Bu gün həmin futbol varmı "Neftçi”də? Təbii ki, yoxdu. Hər şey sıfırdı indi. Komanda biabırçı haldadı. "Qarabağ”la oyunda qorxaq futbol, uşaq səhvləri gördük. Həmişə məni yandıran, gileyləndirən Abdullayevin oynatdığı qorxaq futboldu. İkinci hissədə Tərzin Cahangirovun yerinə Herreranı saldı. Amma Herrera ilk dəqiqələrdən oynamalıydı. Qorxaq olduğuna görə oynatmayıb. Oyundan sonrakı açıqlamasını oxudum. Deyir ki, əks-hücumlarda oynamağı düşünürdük. Niyə axı? Sən "Neftçi”nin baş məşqçisisən. Sən hücum elə, topu nəzarətdə saxla, qoy "Qarabağ” əks-hücumlara bel bağlasın. Özü də doğma meydanda müdafiədə oturmaq biabırçılıqdı. Oyun başlamamış Elxan rəqibdən qorxub, "Qarabağ”a təsilm olub”.