adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
15 Avqust 2017 13:37
9216
GÜNDƏM
A- A+

SUSUZLUQDAN QURUYAN AĞACLAR

Yay vaxtı bir çox yeni əkilmiş ağacların suya daha çox ehtiyacı olur. Başqa sözlə demiş olsaq, yeni əkilmiş bu ağaclar isti yay günlərində bir neçə həftə vaxtında suvarılmasa o ağaclar susuzundan mütləq yanacaqdır. Təbii ki, ağaclar həm də ətrafa gözəllik gətirməklə yanaşı, bütün canlıları oksigenlə də təchiz edir. Yəni yaşıllıqlar həm də canlıların «ağ ciyəridir» desək yanılmarıq.

İstər Bakı şəhərində, istərsə də regionlarda hər il on minlərlə yeni ağaclar əkilir. Hansı yerdəki yeni əkilmiş ağaclara vaxtlı-vaxtında qulluq göstərilir, su verilir, o ağaclar qısa zaman kəsiyində inkişaf edir. Amma indi gəlin görək hər yerdə yeni əkilmiş ağaclara yayın istisində lazımi qədər su verilirmi? Aydındır ki, bu suala birmənalı cavab vermək çox çətindir. Ən azından ona görə ki, hərə bu məsələyə öz arşını ilə yanaşacaq.

Sirr deyil ki, avqust ayının ilk ongünlüyü də həddindən artıq isti keçib. Hətta Bakıda və bölgələrdə temperatur müsbət 43 dərəcəni ötüb. Bu isti günlərdə nəinki yeni əkilmiş ağaclar, hətta uzun müddətin ağacları belə susuzluqdan quruyublar. Çox uzağa getməyək, elə Bakı şəhərində bir neçə yerə baş çəksək yeni əkilmiş ağacların necə quruduğunun şahidi olarıq. Elə regionlarda da yeni əkilmiş ağaclar susuzluqdan yanıblar. Bu yaxınlarda televiziya kanallarının birində Quba rayonundan bir süjet göstərdilər. Həmin süjetdə Quba şəhərinin mərkəzi parkında küknar ağacının susuzluqdan necə quruduğu adamın ürəyini dağlayırdı. Hətta bu məsələ ilə əlaqədar müxbir həmin ağaclara qulluq göstərməli olan Mənzil Kommunal Təsərrüfatının rəisinin də fikrini öyrənməyə çalışmışdı. Nə yazıqlar ki, həmin rəis yerində olmamışdı və onun da fikrini tamaşaçılar eşitməmişdi.

Hər bir ağacın əkilməsi üçün dövlət nə qədər vəsait ödəyir və ona qulluq göstərən insanlara hər ay əmək haqqı verir. Səhv eləmiriksə, ağacların becərilməsinə və suvarılmasına Mənzil Kommunal Təsərrüfatının əməkdaşları və bir də Yaşıllaşdırma İdarəsinin işçiləri baxırlar. Əgər onlar da yayın istisində bu ağaclara vaxtlı-vaxtında su vermirlərsə, bəs onda həmin insanların vəzifəsi nədir?! Təəssüflə qeyd etməliyik ki, göydən «od yağan» zaman bu yaşıllıqlara aidiyyəti qurumlar yetərincə qulluq göstərmir. Və nəticədə də isti havalarda bir neçə həftə su verilmə yən ağaclar quruyaraq sıradan çıxırlar.

Bir rayonun yaşıl ağaclara olan qulluğunu diqqətə çatdırmaq istəyirik. Bu rayon Füzuli rayonudur. Orda da son 7 ildə on minlərlə çinar, şam və digər ağaclar əkilib. Amma heç kim deyə bilməz ki, o ağaclardan hansısa quruyub. Çünki bu ağaclara rayon icra hakimiyyətinin başçısı Alı Alıyev öz övladı kimi baxır və üstəlik də Mənzil Kommunal Təsərrüfatının əməkdaşları Horadiz şəhərindəki ağacları yayın istisində gündə iki dəfə suvarırlar. Adi günlərdə isə həmin ağaclara gündə bir dəfə su verilir. Ona görə də Füzuli rayonundakı bütün ağaclar böyüyərək qol-budaq atıb və hər tərəfə kölgə salıb.

Bizim fikrimizcə, Füzuli rayonunun təcrübəsi və qabaqcıl iş metodu respublikamızda geniş yayılmalıdır. Düzdür, ağac əkmək o qədər də asan iş deyil. Amma ondan da çətin iş bu əkilmiş ağacları becərmək və qurumağa qoymamaqdır. Yaxşı olardı ki, isti yay günlərində Bakıda Mənzil Kommunal Təsərrüfatının əməkdaşları bu işə ürəkdən yanaşaydılar. Eyni zamanda ağacların yaxınlığında olan və onun kölgəsindən və sərinliyindən istifadə edən ticarət obyektlərinin sahibləri və eləcə də digər insanlar isti yay günlərində ora çox yox, hərəsi bir vedrə su tökəydilər. İnanın, iki-üç gündən bir həmin ağaclara su verilsə, o ağacların biri də quruyub məhv olmaz.

Ona görə də yaşıllıqları qorumaq hər bir insanın əsas vəzifəsi olmalıdır. Çünki bu ağaclar və yaşıllıqlar isti yay günlərində bizə bol-bol təmiz hava bəxş edir və onun kölgəsində gündən daldalanırıq. Əgər belədirsə, niyə də biz hamımız bu ağacları qorumamalı və imkanımız düşəndə onun dibinə bir vedrə su tökməməliyik?! Bundan gözəl və bundan yaxşı savab iş ola bilməz...

FAİQ QİSMƏTOĞLU