adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Avqust 2017 21:50
4008
GÜNDƏM
A- A+

Mahir musiqi ifaçısı

Zərb alətlərinin mahir ifaçısı Behzad Səmadani Əzim haqqında yazmağı özümə borc bilirəm. Çünki bu ifaçı zərb alətlərini elə ustalıqla ifa edir ki, bundan sanki böyük zövq alırsan. Mən dəfələrlə Bakıda el şənliklərində Behzadın ifalarını görüb çox bəyənmişəm. Behzad Səmadani Əzim oğlu 1979-cu ildə Tehran şəhərində anadan olub. Hələ uşaqlıqdan zərb alətlərinə meylini salmış, sonradan dayısının təklifi ilə nağara dərsi almağa başlamışdır. İlk müəllimi məşhur nağara ifaçısı, Respublikanın əməkdar artisti Almaz Quliyev olmuşdur.
Sonradan onun nağara müəllimləri Səlim Quliyev, Vəhid Əsədullahi olmuşdur. Vaxtilə onun dayısı da qarmon alətində çalmağı bacarırdı. O balaca Behzadı da nağara ifa etməyə həvəsləndirirdi. Nəhayət Behzad bu aləti mükəmməl öyrəndikdən sonra tez-tez el şənliklərinə dəvət almağa başlayır. Onun "Tamay", "Aysel", "Səhənd" qruplarındakı çıxışları dinləyicilər tərəfindən yüksək qiymətləndirilmiş və bu səbəbdən də o, "Səhənd" qrupu ilə Türkmənistanda, "Tamay" qrupu ilə Dubayda, "Aysel" qrupu ilə Antalyada qastrol səfərlərində uğurlu çıxışlar etmişdir. O Bakıdan Tehrana gələn tanınmış musiqiçilər ilə sıx əməkdaşlıq etmiş, hətta bu alətlə ansamblda çıxış edərək xalq artistləri Yaqub Məmmədov, Teymur Mustafayev, Baba Mahmudoğlu və başqalarını müşayiət etmişdi. O, tez-tez Bakıdakı musiqiçi dostlarının dəvəti ilə el şənliklərinə təklif alır. Onun musiqiçi dostlarından qarmon ifaçısı Elçin Dadaşov, klarnet ifaçısı Zamiq, Gülhüseyn və başqalarını göstərmək olar. Behzadın kiçik qardaşı Məhəmmədin də qarmon alətində ifası mən deyərdim ki, əsl professional ifalardan seçilmir. Behzad Səmadani tez-tez Tehran tele-kanallarında müğənnilərdən Vəli Qasımi, Daryus Dəhri, Cabir Əbdi, Kamran İfaəti və başqalarını müşayiət etmişdi. O, Tehranın "Səhər" və "Cami-Cəm" tele-kanallarında ifalar etmişdir. Onun tək soloda İran Beynəlxalq Musiqi festivalında II yerə layiq görülməsi və 1997-ci ildə Türkmənistanın paytaxtı Aşqabadda olan çıxışları ansamblla birlikdə mükafata layiq görülmüşdür. Onu da qeyd edim ki, nağara aləti 1931-ci ildə Üzeyir Hacıbəyov tərəfindən yaradılan xalq çalğı alətləri orkestrinin tərkibinə daxil edilib və orkestrdə zərb alətlərinin önündə gedir. Bu qrupda nağaradan aparıcı alət kimi istifadə edilir.
Behzadın Türkiyənin "TRT-Avaz" kanalındakı çıxışları və solo ifaları yaddaqalandır. Məhz bu ifalarına görə Behzad Səmadani "Azər KİVİHİ" tərəfindən yüksək qiymətləndirilərək ona "Ustad sənətkar" ali media mükafatı təqdim olunmuşdur. Bu münasibətlə el sənətkarını təbrik edir, musiqimizin çiçəklənməsində ona uğurlar diləyirik.
Elşad Dağlı,
AJB-nin üzvü,
"Cabir Novruz" Mədəniyyət Fondu
mətbuat xidmətinin rəhbəri