adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Avqust 2017 21:40
3582
GÜNDƏM
A- A+

SEVİNCİN SEVİNCƏ QARIŞDIĞI GÜN

Bu ailəni lap çoxdan tanıyıram. Çoxdan deyəndə ki, tələbəlik illərindən. Hələ universitetdə oxuyarkən bu elm ocağında hamının hörmət etdiyi, xətrini əziz tutduğu bir müəllim vardı - rəhmətlik Rəsul müəllimi deyirəm. Hüquq fakültəsində dərs verirdi. Qarayanız, suyuşirin, bir az cod saçları, ilk anda ilk sərt görünən görkəmi, amma çox səmimi bir insan idi Rəsul müəllim!..
İllər sonra, yəni "Ədalət" qəzeti nəşrə başladığı dönəmdən isə mən bu ailənin nümayəndələrindən biri olan Ariflə tanış oldum. Arifi mənə Aqil Abbas təqdim etdi və bircə kəlmə dedi:
-Universitetdəki Məmmədxan müəllim yadındadı?
- Bəli, - dedim.
- Arif də Məmmədxan müəllimin doğmasıdı, mənim də tələbə yoldaşım...
Bəli, beləcə başladı tanışlığımız. Qaynayıb-qarışdıq bir-birimizə. Arifin səmimiyyəti mənə imkan verdi ki, onun "ailə dəftəri"ylə də yaxınlaşım, doğmalaşım. Övladlarını tanıyım, nəvələrinin boyunu sevim, qardaşlarını salamlayım. Qardaşları demişkən, elə bu yazını da Arifin qardaşının ad günü ilə bağlı yazıram. Belə ki, Mübariz bəy bu gün 60 yaşını tamam edir. Şərəfli, vicdanlı yaşamış 60 yaş! Mübariz hüquq-mühafizə orqanlarında işləyib. Sıravi əməkdaşdan baş müstəntiqə qədər bir yol keçib. 2016-cı ilin dekabr ayında polis polkovniki kimi təqaüdə çıxıb. O da iki övlad sahibidi. Üstəlik, Mübariz bəy təkcə şəxsi nüfuzuna, insanlığına, səmimiyyətinə görə yox, həm də nəvəsiylə eyni gündə doğulduğuna görə xoşbəxtdir. Axı, onun nəvəsi Mahmud bəyin də bu gün dünyaya gəlib babasını, nənəsini, atasını, anasını və bütün doğmaları sevindirdiyi gündür. Necə deyərlər, baba, nəvə bir ailənin sevincidir bu gün.
Və Rəsulovlar hamısı toplaşıblar onların ətrafına. Ən gözəl sözlər, ən xoş arzular onların ünvanına deyilir. Bu xoş arzuları diləyənlər - Mübariz bəyin doğmaları, xüsusilə qardaşları Arif, Alim, İsmayıl, Cəlal, Rəsul bəydi. Mən də bu ailənin sevincinə şərik olmaqla baba və nəvəni ürəkdən təbrik edənlərə qoşuluram. Onlara can sağlığı, babaya və nəvəyə uzun ömür, babaya nəvələrin toyunu, nəvəyə babanın şərəfli ömür yolunu arzu edirəm. Allah qorusun!