adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Avqust 2017 09:43
11603
MƏMLƏKƏT
A- A+

ADAM OĞRUSU 10-CU TAĞIMIN POSTUNDA SAXLANILDI

Avqust ayının ilk ongünlüyündə havaların həddindən artıq isti keçməsi respublikanını avtomobil yollarında sürücülər üçün bu və ya digər dərəcədə müəyyən çətinliklər yaradıb. Çünki isti havalarda nəqliyyat vasitələrini idarə etmək sürücüdən bir qədər də çox məsuliyyət tələb edir. Belə ki, bu cür isti hava şəraitində sükan arxasında olan bir çox sürücülər diqqətsizlik edir və bir də görürsən ki, onlar yuxuluyaraq idarəetməni itirirlər.

Məhz bu cür halların aradan qaldırılması üçün Yol Patrul Xidməti Alayının bütün tağımları avqust ayının ilk ongünlüyündə gərgin iş rejimində çalışıblar. Başqa sözlə demiş olsaq, onlar sutkanın 24 saatını ayaqüstə olaraq xidmət aparıb və eyni zamanda sürücülərin bu cür vəziyyətlərə yol verməməsi üçün qabaqlayıcı tədbirlər görüblər. Əlbəttə, bu qabaqlayıcı tədbirlər nəticəsində baş verə biləcək qəzaların qarşısı xeyli alınmış olur.

İsti günlərdə Yol Patrul Xidməti Alayının 10-cu tağımının əməkdaşları da öz vəzifə borclarına məsuliyyətlə yanaşırlar. Onlar Ələt-Astara-İran sərhəd yolunun 0-cı kilometrindən 116,6 kilometrə qədər xidmət aparırlar. Əlbəttə, isti günlərdə bu istiqamətdə xidmət aparmaq hər bir yol polisindən yüksək məsuliyyət və fiziki aktivlik tələb edir. O yerdə ki, bütün tağım əməkdaşları qarşıya qoyulmuş vəzifələri məsuliyyətlə icra edirlər, yol hərəkəti qaydalarını pozanlara qarşı ciddi mübarizə aparırlar, bax onda da istər-istəməz baş verə biləcək qəzalar azalır.

Onuncu tağımın əməkdaşları isti havalarda mütəmadi olaraq hərəkətin təhlükəsizliyini təmin etmək üçün çox ciddi addımlar atıblar. İlk növbədə kobud qayda pozuntularına qarşı fəal mübarizə aparılır. Əlbəttə, hər bir mübarizə müsbət nəticə verəndə daha sevindirici olur. Məhz şənbə-bazar günləri də 10-cu tağım davamlı olaraq reydlər təşkil edir və kobud qayda pozuntularının qarşını almaq üçün səmərəli tədbirlər həyata keçirib. Bir qayda olaraq reydlər zamanı tağım əməkdaşları sükan arxasında sərxoş vəziyyətdə əyləşənlərə, sürücülük hüququ olmayanlara, ötmə əməliyyatını pozanlara, nəqliyyat vasitəsini vaxtında texniki baxışdan keçirməyənlərə, avtomobillərin konstruksiyasında dəyişiklik edənlərə qarşı sərt mübarizə aparıblar. Keçirilən reydlər zamanı onlarla kobud qayda pozuntusuna yol verən sürücü barəsində elektron protokol tərtib edilib.

Bir faktı da qeyd edək ki, 10-cu tağımın əməkdaşları cari ilin 7 ayı ərzində xidməti vəzifələrini yerinə yetirərkən yol hərəkti qaydalarını pozan sürücülər barəsində 7144 protokol tərtib ediblər. Bunlardan 37-si sərxoş, 251 sürücü isə balla nəticələnən qayda pozuntusuna yol verib. Təbii ki, barələrində qanunamüvafiq tədbirlər görülən sürücülər istər-istəməz təkrarən bir də nöqsanlara yol vermək istəmirlər. Amma gəlin onunla razılaşaq ki, elə sürücülər var ki, nəinki bir dəfə, hətta dəfələrlə qaydaları pozuduğuna görə məsuliyyətə cəlb edilirlər.

Tağımın əməkdaşları bir çox kobud qayda pozuntusuna yol vermiş və hətta cinayət törətmiş sürücüləri saxlayaraq adiyyəti üzrə şöbələrə təhvil veriblər. Məsələn, «Tofaş» markalı 10 RJ 452 qeydiyyat nişanlı avtomobil 728 saylı YPX postunda yoxlama nəzarət qaydasında saxlanıldıqdan sonra araşdırma vaxtı məlum olub ki, Qaradağ rayon, Lökbatan qəsəbə sakini Abışov Nicat Zakir oğlu Gülbəniz Mirzəyevanı oğurlayaraq Saatlı rayonuna aparır. Bu barədə Qaradağ rayon Polis İdarəsinə məlumat verilib və adam oğurluğu ilə məşğul olan Abışov Nicat Qaradağ rayon Polis İdarəsinin əməliyyatçılarına təhvil verilib. Bununla yanaşı, Xəzər rayon Polis İdarəsi tərəfindən verilmiş saxlanılması vacib olan «Renalut» markalı 99 LÇ 196 dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılaraq adiyyəti üzrə təhvil verilib. Eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi tərəfindən verilmiş, saxlanılması vacib olan «VAZ-21010» markalı 90 MU 210 qeydiyyat nişanlı avtomobil saxlanıldıqdan sonra məlum olmuşdu ki, sürücü avtomobilin nömrə nişanına düzəliş edərək 90 MJ 210 nömrə nişanından radarlardan yayınmaq məqsədilə 90 MU 210 qeydiyyat nişanı kimi düzəliş edərək saxta nömrə ilə idarə edir. Sürücü barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq tədbir görülməsi üçün Salyan rayon Məhkəməsinə göndərilib.


Onuncu tağımın komandiri, polis mayoru Qulu Quluyev bildirir ki, Ələt-Astara-İran sərhəd avtomobil yolu çox yüksək səviyyədə tikilərək istifadəyə verilib. Təəssüf ki, bir çox sürücülər yolun rahatlığından istifadə edərək nəqliyyat vasitəsini yüksək sürətlə idarə edir və tez-tez kobud qayda pozuntularına yol verirlər. Bu cür qayda pozuntularının qarşısını almaq üçün mütəbadi olaraq tərəfimizdən qabaqlayıcı tədbirlər həyata keçrilir. Bununla yanaşı, avqust ayının isti keçməsi ilə əlaqədar olaraq stasionar postumuzda sərnişindaşıyan avtobus sürücüləri və eləcə də yük maşınını idarə edənlərlə maarifləndirici söhbətlər aparılır. Onların nəzərinə çatdırılır ki, havaların çox isti keçdiyi günlərdə kondisionersiz avtomobillərin sükanı arxasında 16 saat istirahət etmədən əyləşmək olmaz. Düzdür, bizim bu söhbətlərimizdən maariflənən və nəticə çıxaranlar da var və onlar üçün bizim postumuzda əlverişli şərait yaradılıb. Yəni bu sürücülər avtomobili saxlayıb dincələ və əl-üzlərini soyuq suda yuya bilərlər. Amma elə sürücülər də var ki, öz bildikləri kimi hərəkət edirlər. Bu isə ağır qəzalar şərait yaradır. Ümumiyyətlə, həyata keçirdiyimiz proflaktik tədbirlər nəticəsində son vaxtlar ağır qəzalar azalıb, ölüm və xəsarətalma halları aşağı enib. Bundan sonra da çalışacağıq ki, hərəkətin təhlükəsizliyini yüksək səviyyədə təmin edək.

Reyd zamanı 10-cu tağımın əməkdaşlarından polis baş serjantları Elşad Həsənov, Fərid Abbaslı, polis serjantları Mansur Quliyev, Hikmət Abbasov, Emin Orucəliyev, kiçik serjant Cavid Musayev müxtəlif qayda pozuntusuna yol verən sürücüləri saxlayaraq onlar barəsində lazımi ölçü götürdülər.

Ümumiyyətlə, keçirilən reydlər göstərir ki, respublikanın avtomobil yollarında bu cür tədbirlərə çox böyük ehtiyac var. Ən azından ona görə ki, sürücülər və hərəkət iştirakçıları görür ki, yol polisi qaydaları pozan insanlara qarşı sərt mövqe turur. Və bu da istər-istəməz əksər sürücüləri diqqətli olamğa və intizama dəvət etməyə şərait yaradır.

Reyddə iştirak edirdilər: Qulu QULUYEV – Yol Patrul Xidməti Alayının 10-cu tağımının komandiri, polis mayoru; Elşad HƏSƏNOV – 10-cu tağımın inspektoru, polis baş serjantı; Fərid ABBASLI – 10-cu tağımın inspektoru, polis baş serjantı; Mansur QULİYEV – 10-cu tağımın inspektoru, polis serjantı; Hikmət ABBASOV – 10-cu tağımın əməkdaşı, polis serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı.