adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
13 Avqust 2017 22:31
8501
MƏMLƏKƏT
A- A+

Gədəbəydə külli miqdarda qumbara, raket və patron aşkarlandı - FOTO

Nazirlər Kabineti Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 12-13 tarixlərində Gədəbəy rayonu Söyüdlü kəndi ərazisində Agentlik tərəfindən keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə məlumat yayıb.
ANAMA-dan verilən məlumata görə, 12 avqust saat 16:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində çayın içərisində 3 ədəd mərminin aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin tarixdə Söyüdlü kəndi ərazisindəki su hövzəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində orada 100-lərlə müxtəlif tipli hərbi sursatın olması aşkar olunub. Hərbi sursatların sayının çox olmasını, günün sona çatmasını və havanın qaralmasını nəzərə alaraq əməliyyat 13 avqustda davam etdirilib. Nəticədə 895 ədəd müxtəlif tipli hərbi sursat (18 ədəd əl qumbarası (F-1), 6 ədəd tank əleyhinə raket (3 ədəd PQ-7L və 3 ədəd PQ-7S), 4 ədəd tratil şaşkası (3 ədəd 400 qramlıq və 1 ədəd 200 qramlıq), 10 ədəd partladıcı (UZRQM), 6 ədəd tank əleyhinə qumbara kapsulu, 1 ədəd tank əleyhinə qumbaranın tutacaq hissəsi, 1 ədəd tank əleyhinə raketin mühərrik hissəsi, 840 ədəd 5.45 mm-lik patron, 7 ədəd avtomat darağı və 2 ədəd RPK-74 darağı) aşkar edilib, daşınması mümkün olduğuna görə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.