adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
12 Avqust 2017 22:06
4765
GÜNDƏM
A- A+

Azərbaycanda bir neçə növ məhsulun satışına icazə verilməyib

2017-ci ilin birinci yarım ili ərzində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Müfəttişliyinin laboratoriya şöbəsində sanitariya-kimyəvi göstəricilər üzrə 6381 müayinə, sanitar-bakterioloji - 4785 müayinə, toksiloji - isə 5550 müayinə aparılıb.

Trend-in məlumatına görə, onlardan 6 nümunə (quş əti farşı və dərisi) sanitar-kimyəvi müayinələrə, 1 nümunə süd məhsulu və 1 nümunə isə bioloji aktiv əlavə sanitar-bakterioloji müayinələrə görə sanitariya norma və qaydaların tələblərinə cavab verməyib və bu məhsullar gigiyena qeydiyyatına alınmayaraq realizasiyasına icazə verilməyib.

Qeyd edək ki, Azərbaycana idxal olunan məhsullar üzərində daim sanitariya nəzarəti həyata keçirilir. Belə ki, hüquqi və fiziki şəxslərin rəsmi müraciətləri əsasında təqdim olunmuş məhsulu müşayiət edən sənədlər araşdırılıdıqdan sonra laborator müayinələr üçün nümunələr götürülür. Nümunələr təhlükəsizlik göstəricilərinə görə müayinə edilir və nəticələrə əsasən məhsul dövlət gigiyena qeydiyyatına alınır və realizasiyasına icazə verilir.

Dövlət gigiyena qeydiyyatına alınan məhsullar Dövlət Gömrük Komitəsi ilə Respublika Sanitariya-Karantin Müfəttişliyi arasında elektron formada qarşılıqlı informasiya mübadiləsinin aparılması üçün yaradılmış Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) yerləşdirilir. Bununla da gömrük-sərhəd keçidlərində və gömrük rəsmiləşdirilməsi aparılan terminallarda dövlət gigiyena qeydiyyatına alınmış məhsullar barədə vaxt itirilmədən məlumat olur.